“Milli vəzifəmiz həmişə
dövlətin yanında olmaqdır”
Aysel Vəlizadə: “Azərbaycan
dövlətini qorumaq, dövlətə sahib çıxmaq hər bir
Azərbaycan vətəndaşının ilkin
vəzifəsidir”
Layihə çərçivəsində
Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin baş katibi Aysel Vəlizadə ilə müsahibəni təqdim
edirik.
-Gənclərimizin mənəvi inkişafı istiqamətində hansı işlərin görülməsinə ehtiyac var?
- Savadlı, geniş dünyagörüşlü, modern, vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq gənclik millətin ümidli gələcəyini təmin edən təbəqədir. Cəmiyyətdə müxtəliflik amili olduğundan gənclər heç də hamısı yuxarıda sadaladığım nümunəvi, görmək istədiyimiz kimi deyillər. Məlumdur ki, gənclər arasında narkomaniya, alkoqolizmə mübtəla olmuş, cinayətkarlığa, əxlaqsızlığa, terrorizmə sürüklənmiş, hətta meyilli olan gənclik də var. Bu neqativ hallar son onilliklərdə xeyli artıb və bu hallar istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan bütün ölkələrdə artıb, yəni sırf milli problem deyil. Mənəvi, psixi boşluq belə neqativ halların sığındığı yerdir. Bunu xüsusi qeyd edim ki, Mənəvi boşluq problemi adətən gözdən yayınır. Xüsusi narahatçılıq mütəmadi olaraq gənclərin intihar etmələri xəbərlərinin gəlməsidir. Bu xəbərlər az qala gündəmi zəbt edib. İntiharların baş verməsində insanları ağlına görə deyil, hisslərinə, hirslərinə görə yaşamağa sürükləyən və həyatın bir-birindən çox fərqli sahələrində, çox fərqli şəraitdə qarşıya çıxa bilən romantizmin xüsusi çəkisi var. Amma çox maraqlıdır ki, insanların böyük əksəriyyəti bunu bir təhlükə olaraq görmür və sanki qabardılmamaqda maraqlı görünürlər. Hətta romantizm təhlükəsi bir təhlükə və səhv olaraq deyil, təqdir edilməsi və yaşanması lazım olan bir üstünlük kimi qələmə verməyə çalışılır. Bunun da nəticəsində gənclər düşdüyü sıxıntıdan heç olmasa müvəqqəti azad olmaq üçün radikal və öldürücü üsullara əl atırlar. Ölümlə nəticələnən, ən yaxşı halda sağlamlığa ağır zərbə vuran bu tip neqativ halların qarşısının alınmasında, gənclərimizin bu istiqamətdə maarifləndirilməsində öz töhfəmizi vermək üçün gələcək tədbirlərimizdə bu mövzulara-romantizm təhlükəsinə, gəncliyi mənəvi boşluğa düşürən səbəblərə də toxunulmasını nəzərdə tutmuşuq. Bu məsələlərdə biz də daim dövlətin yanında olmalıyıq, hər bir şəxs, ümumiyyətlə, cəmiyyətimiz də laqeyd qalmamalıdır, hər birimiz məsuliyyət daşımalıyıq.
Dövlətimizin gənclər siyasətinin aparıcı istiqaməti əhalimizin aparıcı təbəqəsini təşkil edən gəncliyin vətəndaş cəmiyyətinin qurulmasında, onun inkişafında, bir sözlə, dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Hər zaman dövlətin yanında olmağa çalışan təşkilatımız da bu istiqamətdə potensialından maksimum istifadə etməyi qarşısına məqsəd qoyub.
Təşkilatımızın timsalında deyərdim ki, gəncliyimiz bütün sahələrdə təmsil olunur, cəmiyyətin inkişafında özünəməxsus və əvəzedilməz rol oynayır. Ümumi qənaətim budur ki, yalnız milli-mənəvi dəyərlərə malik gəncliyə daha çox güvənmək, etibar etmək olar.
-QHT olaraq gənclərin təhsilə, elmə marağının artmasına nə kimi kömək edirsiniz?
- Statistik məlumatlara görə, müasir Azərbaycan gəncliyində ali təhsillilərin payı 60 faizdən çoxdur. Təbii ki, biz bununla qane ola bilmərik. Buna görə də təşkilatımızın təşkil etdiyi seminarlar, dəyirmi masalar, konfranslarda gəncliyin milli-mənəvi dəyərlərə sadiq qalması ilə yanaşı, yüksək təhsilə, elmə, müasirliyə yönəlməsi daim vurğulanır. Yuxarıda qeyd etdiyim təhsil sahəsindəki bir sıra layihələrdəki iştirakımızı gənclərin təhsilə, elmə marağının artmasına yönəlmiş fəaliyyət kimi də qiymətləndirərdim. Bununla kifayətlənməyərək bu istiqamətdə internet imkanlarından da yararlanmağa çalışırıq. Məhz bu məqsədlə də elmi təşviq edən bir sıra internet saytları qurmuşuq.
- Milli-mənəvi dəyərlərin qorunması istiqamətində hansı layihələr həyata keçiribsiniz?
- Yarandığı 2007-ci ildən indiyədək Vətəninə, dövlətinə, millətinə, bayrağına sadiq, dövlətimizin unitar, dünyəvi quruluşunu və milli-mənəvi dəyərlərini qoruyan, elmli, müasir və inanclı gəncliyin yetişməsində dövlətimizə yaxından dəstək olmağa çalışan könüllülərdən ibarət təşkilatımız bir çox tədbirlər təşkil edib.
Həmin tədbirlərdən dövlət və dövlətçilik konsepsiyasından, dövlətçiliyin mühafizəsində mənəvi dəyərlərin müstəsna rolundan bəhs olunduğu, Heydər Əliyevin dövlətçilik prinsiplərinin vurğulandığı “Heydər Əliyev irsi və dövlətçiliyin qorunmasında mənəvi dəyərlərin rolu ”, gənclərimizin radikal axınların və təlqinlərin təsiri altına düşməsinin qarşısının alınması məqsədilə “İslam terroru lənətləyir”, problemlərin effektli həlli üçün dövlətə bağlılığın əhəmiyyətindən, dövlətə və dövlətçiliyə qarşı çıxan, onun nüfuzunun zəiflədilməsinə yönələn bir sıra zərərli ideologiyaların gizli tərəflərinin göstərildiyi “Sosial problemlərin həlli yolları ”, dini istismar edərək insanları xurafata sürükləyən zehniyyətlərin gənclərə təsirinin qarşısının alınmasını hədəfləyən, İslam dininin xurafata qarşı olduğunu və bu dinin insanları elmə təşviq etdiyini diqqətə çatdıran “Quran” elmə yol göstərir” mövzusunda keçirilmiş konfransları qeyd edə bilərəm. Ən son tədbirimiz bu il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunub. 300-400 nəfərin iştirak etdiyi konfranslar müxtəlif kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb.
Bunlarla yanaşı, dövlətə bağlılığın əhəmiyyətini cəmiyyətə daha da qabarıq göstərmək üçün “dovletebagliliq.org” saytını qurmuşuq.
- Sizcə, insan dövlətə necə bağlı olmalıdır?
- Bir millətin varlığı və davamlılığı üçün güclü dövlətə sahib olmaq lazımdır. Azərbaycan Respublikası vətəndaşlarının mənafeyini güdən, millətin rifahının, təhlükəsizliyinin və gələcəyinin yeganə təminatı olan dövlətdir.
Azərbaycan dövlətini qorumaq, dövlətə sahib çıxmaq hər bir Azərbaycan vətəndaşının ilkin vəzifəsidir. Heç bir vətəndaşımız dövlət qurumlarına zərər verən, bu qurumların fəaliyyətini ləngidən və ya dövlətin əsas dəyərlərinə ziyan vuran heç bir fəaliyyətə qətiyyən yol verməməlidir. Milli vəzifəmiz həmişə dövlətin yanında olmaqdır. Buna zidd fəaliyyət göstərən insan öz oturduğu evin bünövrəsini qazan şəxs kimi öz varlığına və gələcəyinə zərər vermiş olar
- Gənclər milli-mənəvi dəyərlərə nə dərəcədə bağlıdır?
- Cəmiyyətin monolit olmamağı səbəbindən gənclik hər yerdədir-siyasətdə, elmdə, incəsənətdə, idmanda, biznesdə, dövlət qulluğunda, güc strukturlarında, bir sözlə, cəmiyyətin bütün təbəqələrində təmsil olunur. Təşkilatımız bunu nəzərə alaraq tədbirlərində hər dəfə fərqli mövzulara toxunur, müxtəlif sahələri təmsil edən gəncliyi maraqlandıran məqamları dilə gətirməyə səy göstərir.
Qeyd edim ki, milli-mənəvi dəyərlərin qorunmasını, müasir və bilikli gəncliyin yetişdirilməsini hədəfləyən təşkilatımızın gənc üzvləri gənc nəslə daim örnək olmağa çalışır. Bunun üçün nümayəndələrimiz həyata keçirilən tədbirlərin yüksək səviyyədə keçirilməsini və iştirakçılar tərəfindən mövzuların daha dərindən mənimsənilməsini təmin etmək məqsədilə ən son texnologiyalardan, əyani vəsaitlərdən istifadə edilməsini daim diqqətdə saxlamaqla hər bir tədbirə xüsusi yanaşırlar. Bu da gənc nəslin xüsusi marağına səbəb olur, layihələrimizin uğurla və keyfiyyətlə həyata keçirilməsini təmin edir.
-Bu istiqamətdə maarifləndirmə əsasən hansı kütlə arasında aparılmalıdır?
- Quruluş məqsədi gənclərimizin mənəvi inkişafı və maarifləndirilməsi istiqamətində fəaliyyət göstərmək olan bütün ictimai təşkilatlar gənclərin maarifləndirilməsi işində dövlətimizə yaxından dəstək verməlidir.
Maarifləndirmə işi xüsusilə təhsil müəssislərində tələbə və şagirdlər arasında aparılmalıdır. Ali, peşə-ixtisas, orta ixtisas və ümumi təhsil müəssisələrində müvafiq fənlər daxilində də (məsələn, ümumtəhsil məktəblərində tədris olunan "Həyat bilgisi" fənnində) tədris zamanı tolerantlıq, dinimizin elmi və müasirliyi təşviq etdiyi, həmçinin terroru, şiddəti, məcburiyyəti, zorakılığı rədd etdiyi tələbə və şagirdlərə xüsusi vurğulanmalıdır.
Dövlətimizin aidiyyəti qurumları ilə yanaşı, ictimai fəaliyyətlə məşğul olan bütün təşkilatlar da konfranslar, seminarlar, söhbətlər təşkil edərək dinimizin sülhü, sevgini, mərhəməti təşviq etdiyi gənclərimizə aşılamalıdırlar.
Xüsusilə radio-televiziya, qəzet, jurnal və digər kütləvi informasiya vasitələrinin bu mövzularda maarifləndirici layihələr hazırlaması qısa müddətdə çox gözəl nəticə alınmasına səbəb olacaq vasitələrdir.
Gənclərin Mənəvi İnkişafı İB digər mövzularda olduğu kimi, bu mövzuda da xalqımıza və dövlətimizə yaxından dəstək verməyi davam edir.
Fuad Hüseynzadə
Palitra.-2014.-29 mart.-S.10.