Diaspor nümayəndəsi olmaq məsuliyyətli işdir

 

Toğrul Allahverdili: “Biz Azərbaycan xalqının adını uca tutmağa borcluyuq

Diasporumuzun nümayəndələri olan gənclərin aktivliyi Azərbaycan həqiqətlərinin xaricdə yayılması işinə yeni nəfəs verib. Bu, xaricdəki gənclərimizin diaspor işində tam səfərbər olduqlarını bir daha göstərir. Müsahibimiz Toğrul Allahverdilininbu baxımdan fəallığı diqqət çəkir. Qeyd edək ki, T. Allahverdili 1989-cu ildə Bakıda anadan olub. 2006-cı ildə ali məktəbə daxil olub və elə həmin ildən də Yeni Azərbaycan Partiyasının üzvüdür. Hal-hazırda Moskva şəhərində yaşayır. Yeni Nəfəs hərəkatının Moskva nümayəndəliyinin sədridir.

 

-Rusiyadakı azərbaycanlı gənclər azərbaycançılıq ideologiyası ətrafında sıx birləşiblərmi?

- İndiki zamandadiaspor” dedikdə ilk olaraq gənclər yada düşür. Bu gün Azərbaycan dövlətinin güclənməsi, inkişaf etməsi hər bir Azərbaycan gəncinə dünyaya inteqrasiya etmək üçün böyük şanslar yaradır. Şükürlər olsun ki, bu gün Azərbaycan gənci öz seçimində azaddır və istədiyi ölkədə təhsil almaq hüququna malikdir. Həmin gənclər təhsil aldıqları ölkələrdə diaspor quruculuğunda yaxından iştirak edir, təhsil aldıqları ali məktəblərdə Azərbaycan klubları təsis edir və həmin ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları ilə əməkdaşlıq edirlər. Eyni zamanda tədbirlər keçirir və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırlar. Bu işdə Azərbaycanın səfirlikləri və həmin ölkədəki ictimaisiyasi həyata inteqrasiya etmiş diaspor təşkilatları gənclərə kömək edirlər.

- Gənclər diaspor quruculuğu prosesində yaxından iştirak edirlərmi?

- Ümumi götürdükdə deyə bilərəm ki, gənclər Azərbaycan xalqının, dövlətinin və Ali Baş Komandanın ümidlərini gördükləri işlərlə, etdikləri əməllərlə doğruldur. Qeyd edim ki, diaspor nümayəndələri olmaq özü bir məsuliyyətli işdir. Biz yaşadığımız ölkənin mədəniyyətini, dilini, tarixini öyrənməli, eyni zamanda öz mədəniyyətimizi, tariximizi Azərbaycan həqiqətlərini xaricdəkilərə çatdırmalıyıq. Əsasən də, Rusiyada yaşayan Azərbaycan gənci bizdən gözlənilən etimadı doğrultmağa borcludur. Çünki bizimlə bərabər burada mənfur düşmənlərimiz də böyük lobbiçilik fəaliyyəti ilə məşğuldurlar. Ona görə də biz Azərbaycan xalqının və Ali Baş Komandanın etimadını doğrultmağa, Azərbaycan adını uca tutmağa borcluyuq.

-Ümumiyyətlə, gənclər onlardan gözlənilən etimadı doğrulda bilirlərmi?

- Yeni Nəfəs hərəkatının Moskva nümayəndəliyi yaranan gündən təşkilatlanma prosesinə başlamışıq. 21-ci əsrin qanlı faciəsi olan Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyi önünə toplaşıb həmrəyliyimizi ifadə etmişik. Səfirlik önünə qərənfillər düzmüşük. Sonra Moskvanın mərkəzində Xocalı soyqırımını tanıdan kitablar, broşürlər paylamışıq və aksiya təşkil etmişik. Mart ayının 18-də 300 nəfərin iştirakı ilə möhtəşəm Novruz tədbiri təşkil etmişik. 31 Mart Azərbaycanlıların soyqırımı ilə əlaqədar tədbir keçirmişik. Yeni Nəfəs hərəkatının Moskva nümayəndəliyi olaraq soyqırımı pisləyən və dünya ictimaiyyətini ədalətli olmağa səsləyən bəyanat vermişik.

- Dünya azərbaycanlı gənclərinin birliyi üçün hansı addımların atılmasına ehtiyac var?

- Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan ölkədir. Bütün qonşu ölkələrlə faydalı və qarşılıqlı hörmət əsasında qurulmuş münasibətlər mövcuddur. Azərbaycan bütün başqa ölkələrlə öz fəaliyyətini ancaq dostluq, əməkdaşlıq şəraitində qurur. Dünyanın əksər bölgələrində güclü Azərbaycan təşkilatları formalaşıb, fəaliyyət göstərir. Xaricdəki soydaşlarımız müxtəlif vəzifələrdə çalışırlar, hətta bir çoxları qanunvericilik orqanlarına seçilirlər. Xaricdə yaşayan, təhsil alan gənclərimiz hər zaman öz ölkələrini layiqincə təmsil edir. Belə mütəşəkkil milli icmalarımız Azərbaycanı gücləndirirlər və yaşadıqları ölkələrdə onların həyat səviyyəsi daha da artır. Dünyada yaşayan azərbaycanlıların sayı çoxdurbizim fəallığımız, mütəşəkkil qaydada fəaliyyətimiz bizi gücləndirir. Bunun üçün bütün azərbaycanlıları yaşından, yerindən asılı olmayaraq hər zaman həmrəy olmağa və Vətənimizin rifahı, güclənməsi üçün daha böyük uğurlara səsləyirəm! Bu işlərdə bizə kömək edən Moskvada təhsil alan tələbələr hər zaman öz fəallıqları və vətənsevərlikləri ilə seçilir. Moskvada təhsil alanyaşayan azərbaycanlı gənclər təhsil aldıqları ölkələrdə müxtəlif dərnəklər və ictimai birliklər yaradır, Vətənimizin problemləri barəsində dünya ictimaiyyətində obyektiv fikirlərin formalaşdırılması prosesində fəal iştirak edirlər. Azərbaycan diaspor təşkilatlarının 40-dan çoxunu məhz gənclər təsis edib. 2009-cu ilin aprelində Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) təsis edilməsi Azərbaycan diasporunun və xaricdə yaşayan azərbaycanlı gənclərin həyatında mühüm bir hadisə olub. Leyla xanım Əliyevanın sədrliyi ilə bu təşkilat qısa müddət ərzində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənclərin milli diaspor quruculuğu işinə cəlb olunması və birliyi istiqamətində çox önəmli addımlar atıb. Yeni Nəfəs hərəkatı olaraq biz də sədrimiz Seymur Həsənlinin dəstəyi ilə Rusiyada fəaliyyət göstərən diaspor təşkilatları ilə birgə fəaliyyət göstərməyə və əməkdaşlıq etməyə çalışırıq. Fürsətdən istifadə edib ayrı-ayrılıqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına müraciət etmək istəyirəm. Bir olmağın, yumruq kimi Ali Baş Komandanın ətrafına birləşməyin vaxtıdır. Gəlin bir olaq, bütün problemləri kənara qoyub sırf Azərbaycan və azərbaycançılıq ideyası ətrafında birləşək.

- Diaspor təşkilatlarımızla əməkdaşlıq edirsinizmi?

- Yeni təsis olunmağımıza baxmayaraq, artıq Moskvada fəaliyyət göstərən diaspor təşkilatları ilə əməkdaşlığa meyilliyik. Artıq, qeyd etdiyim kimi Rusiyada böyük nüfuza sahib olan AMOR və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkil etdiyi Xocalı soyqırımının anım tədbirlərində iştirak etmişik. Bu yaxınlarda Rusiyadakı bütün xarici diaspor təşkilatlarının iştirakı ilə dünya şöhrətli şahmat ustası, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq açıq şahmat turniri keçirdik. Turniri Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunun nümunəvi üzvü Şamil Tağıyevin prezidenti olduğu Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi Fondu ilə birgə təşkil etmişdik.

 

Fuad Hüseynzadə

Palitra.-2014.-1 may.-S.7.