Ümummilli liderə ithaf olunmuş konsert

 

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Fortepiano kafedrası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümüə həsr olunmuş konsert proqramı ilə çıxış etdi. Dahi öndərə ithaf olunmuş konsertdən öncə müəllimə Nazilə Qardaşbəyova kafedranın yaranma tarixi, fəaliyyəti barədə məlumat verdi. Qeyd olundu ki, İncəsənət fakültəsi universitet Elmi Şurasının qərarı ilə 1998-ci ildə,1996-cı ildən fəaliyyət göstərən İfaçılıq kafedrasının əsasında yaradılmış, burada müxtəlif yeni ixtisaslar açılmışdır. Fakültənin 2008-ci ildən etibarən müstəqil fəaliyyət göstərən Fortepiano kafedrasında Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, professor Səidə Məmmədova, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimləri Nərminə Qədimova və Solmaz Axundova, Əməkdar mədəniyyət işçisi Vidadi Heydərov və Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Rəna Cəfərova fəaliyyət göstərirlər. Kafedranın sənət uğurlarından danışan məruzəçi müəllim və tələbələrin Mədəniyyət və İncəsənət Universitetinin təşkil etdiyi I respublika elmi ifaçılıq müsabiqəsində iştirak edəcəyini də diqqətə çatdırdı. Konsert proqramı universitetin müəllimi, şair-publisist Vaqif Məmmədovun sözlərinə profeessor Səidə Məmmədovanın bəstələdiyi “Tələbələr” mahnısı ilə başladı. IV kurs tələbəsi Nərmin Əkbərli, II kurs tələbəsi Mohammad Sadoughi, III kurs tələbəsi Anıl Gürel və digərləri Vanhell, Vervik, Çaykovski, Ü.Hacıbəyov, F.Əmirov, V. Adıgözəlov kimi dünya və Azərbaycan bəstəkarlarının əsərlərini ifa etdilər. F. Əmirov və Elmira Nəzirovanın “Fortepianoorkestr üçün konserti müəllimə Fəridə Ağayeva və Nərminə Qədimovanın, II kurs tələbəsi Zinyət Məmmədovanın birgə professional ifasında alqışlarla qarşılandı.   Sonra İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Mubariz Əsgərov, professor Səidə Məmmədova, Yaşar Xəlilov çxış edərək hesabat konsertlərinin tələbələlərin peşəkar kimi yetişmələrində, sənətkarlıq baxımından formalaşmalarında əhəmiyyətli rol oynadığını xatırlatdılar, tələbələrə tövsiyə və iradlarını çatdırdılar. Yekunda universitetin rektoru, Əməkdar elm xadimi, professor Saleh Məhərrəmov çıxış edərək konsertin Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında əvəzsiz xidmətləri olan ümummilli liderin doğum gününə, “Muxtariyyət ili”nə sənət töhfəsi, eyni zamanda muxtar respublikada ali musiqi təhsilinin səviyyəsinin yüksək göstərici olduğunu bildirdi. Rektor, muxtar respublikda incəsənətin inkişafından, incəsənət xadimlərinə dövlət qayğısından bəhs etdi.

 

Mehriban SULTAN

NDU-nun Mətbuat şöbəsinin müdiri

Palitra.-2014.-1 may.-S.13.