“Həm tədris ocaqları, həm valideynlər uşaqların təhsillə yanaşı, mənəvi inkişafında maraqlı olmalıdırlar”

 

Gülnar Nəzərova:“Gənclərin mənəvi inkişafı ilə bağlı dərsliklərdə maarifləndirici informasiyalar olmalıdır”

 

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında sosiallaşmanın, cəmiyyətə inteqrasiya olunmasında düzgün istiqamətləndirmənin mühüm rolu var. Bu gün həm orta, həm də ali təhsil müəssisələrində onlara düzgün dəyərlərin aşılanması gələcəkdə problemlərdən uzaq olmasına imkan verir. Müsahibimiz Azərbaycan Turizm İnstitutunun müəllimi Gülnar Nəzərova bildirdi ki, müasir dövrdə gənclərin sosiallaşmasına bilavasitə yeni texnologiyalar daha böyük təsir göstərir.

- Bu baxımdan internet, xüsusilə sosial şəbəkələrin rolu ilk sıradadır. Düzdür, internet bizim üçün vaxt itkisinin qarşısını almaqda böyük rol oynayır. Amma qeyd etməliyik ki, insanlara internetin psixoloji təsiri bəzən sadəcə vaxt itkisinə gətirib çıxarır. Belə ki, gənclərin bir çoxları internetdən, sosial şəbəkələrdən faydalı məlumatlar əldə etmək yerinə, vaxtlarının böyük hissəsini oyunlar, əyləncə kimi mövzulara sərf edir. Belə olduqda isə həmin gənclərin sosiallaşmasında müəyyən problemlər təzahür edir. Bəzi insanlar var ki, ictimai mühitdə insanlarla münasibətdə olmağa çətinlik çəkir. Bu baxımdan sosial şəbəkələr onlara imkan yaradır ki, onlar insanlarla ünsiyyət qursun, yeni insanlarla tanış olsunlar, problemlərini dilə gətirsinlər. Lakin sosial şəbəkələrin məqsədi insanların sosiallaşması olsa da, bəzən bu cür ünsiyyətə meyilli olan şəxslər ictimai mühitdə adekvat davrana bilmir və əslində asosial olurlar. Bu baxımdan insanlar bu cür vasitələrdən istifadə edərkən olduqca diqqətli olmalıdırlar. Əks təqdirdə insanların asosiallaşması qaçılmaz olur.

-Uşaqların cəmiyyətdən kənarlaşmasını, məsələn, uşaq oyunlarından kənar qalması, ancaq evdə, kompyuterdən istifadəsi onların fiziki və mənəvi inkişafında hansı rolu oynayır?

-Bəzi fiziki hərəkətləri təkrar-təkrar etdikdə, sinirlər, əzələlər və digər yumşaq toxumaların zədələnməsi müşahidə olunur. Musiqiçilər və uzun müddət kompüter başında çalışanların bu cür problemlərlə qarşılaşma ehtimalı daha böyükdür. Klaviatura üzərindəki hərflərə minlərlə dəfə basmaq, “mausu dəfələrlə basmaq toxumalarda zədələrə səbəb ola bilir. Zədələrin ən əhəmiyyətli səbəbi, kompüter qarşısındakı oturma mövqeyiyazma texnikasıdır. Təkrarlanan hərəkətlərdən qaynaqlanan sağlamlıq problemləri ciddi və qalıcı məhdudiyyətlər yaradır. Bundan əlavə, saatlarla oturaq vəziyyətdə işləmək onurğa sisteminin xəstəlikləri -skolioz, osteoxondroz kimi ciddi problemlərlə yanaşı, piylənmə, yaddaşın zəifləməsi, yuxusuzluq, üz dərisində problemlər və gözlərin zəifləməsinə gətirib çıxarır. Mənəvi zərərlərə gəldikdə isə insanlar ictimai münasibətlərə daha az maraq göstərir. Məsələn, internetin olmadığı dövrlərdə gənclər, uşaqlar bir araya gələr, müəyyən oyunlar oynar, insanlar bir-birlərinə qonaq gedərdi. Hazırda isə istənilən məsələni, hətta işlə bağlı problemləri də telekonfranslar, videochat kimi vasitələrlə həll edirlər. Bundan əlavə internet qloballaşmaya, sərhədlərin aşılmasına gətirib çıxarır ki, bu da bəzən milli-mənəvi dəyərlərin itirilməsi ilə nəticələnir.

- Gənclər arasında maarifləndirici tədbirlər təşkil etmisiniz. Bu tədbir hansı istiqamətdə təşkil olunmuşdu?

- Mütəmadi olaraq paytaxtregionlarda müxtəlif mövzularda təlimlər təşkil edirik. Təlimlərin məqsədi gənclərin məlumatlandırılması ilə yanaşı, onların ictimai proseslərdə aktiv iştirakını təşkil etməkdən ibarətdir. Qeyd edim ki, biz bu cür fəaliyyətləri digər təşkilatlarla tərəfdaşlıq şəraitində həyata keçiririk. Son təlimimiz isə Mingəçevir şəhərində təşkil olunmuşdu. Tədbirin məqsədi əhali arasında insan alveri ilə bağlı məlumatlılığın artırılması və bu mübarizədə regionda yaşayan sosial işçilərin aktivliyini təmin etmək idi. Tədbir zamanı 30-a yaxın sosial işçi təlimatlandırıldı və onlara üzərində insan alveri ilə mübarizəni əks etdirən yazılar olan köynəklər paylanıldı. Sosial işçilər şəhər sakinlərinə insan alveri ilə bağlı informasiya verərək bukletlər payladılar. Geniş kütləni hədəf alan maarifləndirmə tədbiri 1000 nəfərdən çox region sakininin insan alveri ilə bağlı məlumatlandırılmasını təmin etdi. Tədbir “Ailə Dünyası” ailələrə hüquqi yardım İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “İnsan alveri ilə mübarizədə qiymətləndirmə amilionun əhəmiyyəti” layihəsi çərçivəsində həyata keçirildi.

-Gənclər siyasətinin əsas istiqamətlərindən biri gənclərin sağlamlığının qorunması və fiziki inkişafıdır. Əlilliyi olan gənclərin cəmiyyətdə rolunu artırmaq, inteqrasiya olunmaq istiqamətində hansı addımların atılmasını vacib hesab edirsiniz?

-Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin hüquqları “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” qanun və digər milli və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq qanunlarla tənzimlənir. Bu qanun əlillər barəsində dövlət siyasətini müəyyən edir, əlilliyi doğuran səbəblərin aradan qaldırmasına, əlillərin reabilitasiyasına, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir: əlillər barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Uşaqların, gənclərin digər tipik uşaqlarla bərabər şəkildə təhsildən yararlanmaları üçün 2001-ci ilin iyulunda "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanunun icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli 20 nömrəli qərarı ilə "Azərbaycan Respublikasının xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı" (2005-2009-cu illər) təsdiq edilib, təhsil nazirinin 25 mart 2005-ci il tarixli, 192 nömrəli əmrinə əsasən İnkişaf Proqramının icrası ilə əlaqədar fəaliyyət planı işlənib hazırlanıb. Lakin qeyd etməliyik ki, tək təhsil sistemində qazanılmış nailiyyətlər problemin həllini təmin etmir. Bu məqsədlə cəmiyyətdə əlilliyin sosial modeli yaradılmalıdır. Əlilliyin sosial modelində əsas xüsusiyyəti ondan ibarətdir ki, cəmiyyət əlilliyi olan şəxsə uyğunlaşdırılır. Yəni əlilliyi olan şəxslərin cəmiyyətdəki proseslərdə aktiv iştirakı məqsədilə onlar müvafiq binalar, keçidlər, ictimai nəqliyyatla təchiz olunur. Əslində “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” qanun da bu modelin tələblərinə uyğun tərtib edilib. Lakin qeyd edək ki, əlilliyi olan şəxslər hələ də müəyyən praktik maneələr ucbatından hələ də sosial proseslərdə aktiv iştirak edə bilmir. Bu da onların sosiallaşmasına birbaşa neqativ təsir göstərir. Əlilliyin sosial modelinə uyğun olaraq Böyük Britaniyada zəif görən insanlar əlil hesab edilmirlər. Görmə problemləri olan insanlar üçün münasib qiymətə və ya pulsuz olan görmə testləri və görmə avadanlığı verilir. Halbuki, onlar hər hansı bir üçüncü dünya ölkəsində bu cür avadanlığın olmadığı yerlərdə yaşasalar, özlərini çox ciddi şəkildə əlil hesab edəcəklər. Oxuya bilməmək və bunun nəticəsi olaraq öyrənmək və məlumat ala bilməmək hər hansı bir cəmiyyətdə olursa-olsun, əlillik hesab ediləcək.

-Sizcə uşaq və gənclərin mənəvi inkişafı istiqamətində tədris ocaqlarında hansı tədbirlər həyata keçirilməlidir?

- İlk öncə gənclərin mənəvi inkişafını təmin edən maarifləndirici informasiyalar dərsliklərdə də öz əksini tapmalıdır. Bu proses orta məktəbdən, uşaqların lap kiçik yaş dövründən başlamalıdır. Valideynlərin bu prosesdə aktiv iştirakı məqsədilə tədris ocaqları onları da maarifləndirməyə maraqlı olmalıdır. Məqsəd həm valideynlərin, həm də müəllimlərin uşaqların mənəvi inkişafında aktiv iştirakını təmin etməkdir. Bu baxımdan azyaşlıların məlumatlandırılması ilə yanaşı, həm də onların müxtəlif tarixi abidələr, muzeylər və s. ziyarət etməsində onları valideyn və müəllimlər müşayiət etməlidirlər. Bu proses erkən yaş dövrlərində həyata keçirilməzsə, sonrakı dövrdə bu cür dəyərlərin mənimsədilməsi daha qəliz, bəzən isə mümkünsüz olacaq. Bu baxımdan həm tədris ocaqları, həm valideynlər uşaqların təhsillə yanaşı, mənəvi inkişafında maraqlı olmalıdırlar.

 

Nigar Abdullayeva

Palitra.-2014.-2 may.-S.11.