“Həkim haqlarını qoruyan QHT-lərə
ehtiyac var”
Şəhriyar Fətullayev:
“Peşəkar həkim karyeramı Azərbaycanda davam etdirmək
və bitirmək niyyətindəyəm”
Ali təhsil almaq hər bir gəncin arzusu olsa da, 6 illik ali təhsili seçənlər bu istiqamətdə daha çox əziyyət çəkirlər desək, yanılmarıq. Təbii ki, söhbət tibb sahəsini seçən gənclərdən gedir. O ki, ola bu uzunmüddətli ali təhsili bir daha davam etdirib başqa ölkəni seçəsən. Belə çətin və maraqlı yolu seçən gənclərdən biri də Şəhriyar Fətullayevdir. Maraq üçün bildirək ki, Şəhriyar Türkiyədə həkim-rezident kimi də fəaliyyət göstərir. Bu savadlı və bacarıqlı gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik.
-Özünüz barədə məlumat verərdiniz.
-Mən Şəhriyar Bəxtiyar oğlu Fətullayev
1987-ci ildə Cəlilabad rayonunda anadan olmuşam. Orta məktəb
təhsilim bir qədər fərqli olub. Yəni 3 məktəbdə
təhsilimi almışam. Bunların ilk ikisini Cəlilabad
rayon Maşlıq kənd orta məktəbində, sonuncunu isə
Şah İsmayıl Xətai adına Cəlilabad şəhər
4 saylı orta məktəbdə oxuyaraq buradan məzun
olmuşam. Məktəb illərində humanitar fənlərə
həvəsim olub. Daha çox tarix – xüsusən qədim
Roma tarixi ilgimi çəkib. Fənn olimpiadalarında aktiv
iştirak etmişəm. Düzü, tarixçi olmağı
düşünürdüm. Bu arzu 9-cu sinfə qədər
davam etdi. Necə deyərlər, arzum ürəyimdə
qaldı. Atam daha çox həkim olmağımı istəyirdi.
Düzü, bununla bağlı fikirlərini deyəndə
etiraz da etmədi. Uşaqlıqdan yeniliyə açıq
xarakterə sahib olduğumdan, özümü sınamaq istədim.
Hətta biologiyadan olimpiadaya da qatılmışdım. Buna
görə hətta, tarix müəllimim məndən
çox incimişdi. 2004-cü ildə orta məktəbi
yüksək qiymətlərlə bitirdim. Elə həmin il
Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinə
daxil oldum. Beləcə, həkim olmaq yolunda ilk
addımımı atdım.
- Azərbaycanda kifayət qədər
prestijli olan bir universitetə qəbul oldunuz. Bəs necə
oldu ki, başqa bir ölkədə təhsilinizi davam etdirmək
qərarını verdiniz?
- Universitetdə ali təhsilimə çox böyük həvəslə
başladım. 1 və 2-ci kurslarda daha çox
təməl-baza fənləri olduğu üçün klinik
elmlərdən uzaq idik. Hər şey
3-cü kursdan sonra başladı. Azərbaycanda
yerli ədəbiyyatların olmaması, olanların da yetərsiz
olmasından dolayı dərsləri daha çox xarici tibbi ədəbiyyatlardan
hazırlaşırdım. Hər kəs
Türkiyə türkcəsinə tərcümə olunmuş
xarici kitablardan istifadə etməyə
başlamışdı. Belə bir deyim
var - bir insanın dəyəri oxuduğu kitablarla bəlli
olur. Xaricdə təhsilə həvəs də
ən çox buradan qaynaqlanırdı. Ölkədən
xaricə daha çox iki istiqamətdə fikir axını var
idi - Almaniya və Türkiyə.
İlk dövrlərdə mənə Almaniya daha
çox cəzbedici gəlirdi. Eyni zamanda tez-tez
Türkiyədə təhsil almış həkim mütəxəssislərin
də uğurlu xəbərlərini eşidirdik. Bu məsələlərlə bağlı hətta,
tələbələr olaraq qrup halında dərsdən sonra
oturub müzakirələr də aparardıq. Zənnimcə, Azərbaycanda tibb sahəsi ilə əlaqədar
xaricdə təhsil almaq istiqamətində olan
dönüş nöqtəsi (kütləvilik
baxımından) 2004-cü ildə ATU-ya qəbul olan tələbələrin
sayəsində olub. Bu, iddialı səslənə
bilər, bəziləri bununla razı olmaya da bilər. Amma araşdırsanız, bunun nə qədər
doğru olduğunu görərsiniz. Biz
özümüzlə yanaşı bizdən sonra gələn
nəsli də bilgiləndirirdik və bu, zəncirvari reaksiya
şəklində genişlənirdi. Bunun
nəticəsi olaraq da bu gün Türkiyədə universitetdən
sonrakı təhsildə, xarici vətəndaşların
böyük bir qismini azərbaycanlı tələbələr
təşkil edir. Təsəvvür edin,
bizim qrupda 12 tələbə var idi ki, bunun 6-sı indi xaricdə
təhsil almaqdadır. Bu böyük rəqəmdir.
- Türkiyə universitetləri
özəllikləri ilə seçilirlər. Oxuduğunuz ali məktəbin səviyyəsi sizi qane edirmi?
-Ankara
Universiteti birbaşa Mustafa Kamal Atatürk tərəfindən
qurulan, cümhuriyyət tarixini və missiyasını milləti
ilə bütünləşdirmiş, Türkiyə
universitetlərinə müəllimlər yetişdirən
köklü bir ali məktəbdir.
Universitetin iki böyük xəstəxanası var - 1200
çarpayılıq Cebeci xəstəxanalar kompleksi və
adını məşhur türk təbibi İbn Sinadan alan
1286 çarpayısı, 26 əməliyyatxanası ilə səhiyyə
xidməti göstərən universitet xəstəxanası.
Rezident-həkim kimi çalışdığım Ortopediya
və Travmatologiya El cərrahiyyəsi kafedrası, İbni Sina
xəstəxanasında yerləşir və 5 əməliyyatxanası
ilə (Türkiyədə sayına görə ən
çox) dünyanın ən son texnologiyalarının istifadə
edildiyi, mikrocərrahiyyə, rekonstruksiya, kiçik və
böyük oynaq artroplastiyası, bütün növ oynaq
artroskopiyası, sümük və yumşaq toxuma şişlərində
ətraf qoruyucu cərrahiyyələrin, minimal invaziv
müdaxilələrin olunduğu, öz dəsti-xətti olan
köklü bir klinikadır. Burada təhsil
almanın qürurunu və sevincini yaşayıram. Fürsətdən istifadə edib ortopedist olmaq istəyən
tələbələrə də buraya təhsil almağa gəlmələrini
məsləhət görərdim. İnşallah,
öyrəndiyimiz bu yeni bilgiləri Azərbaycanda tətbiq
edib, yeni nəsillərə öyrədib,
xalqımızın haqq etdiyi gözəl səhiyyə xidmətini,
digər həkim yoldaşlarımızla birgə inkişaf
etdirmək üçün əlimizdən gələni hər
zaman etməyə hazırıq.
-Xaricdə təhsil alan
gənclərimizin böyük əksəri ictimai işlərdə
də aktivdirlər. Siz necə, ictimai-diaspor işlərinə
də vaxt ayıra bilirsinizmi?
- Burada təhsil
alan digər həkimlər kimi istər səfirlik,
istərsə də özümüz təşkil etdiyimiz tədbirlərə,
ictimai işlərə qatılmağa
çalışıram. Amma işimizin verdiyi
yorğunluq, daha aktiv iştiraka izin vermir.
-Azərbaycan səhiyyə sistemində
olan yenilikləri izləyirsinizmi? Ümumiyyətlə,
tibb sahəsinin hazırkı durumu sizi qane edirmi?
-Azərbaycan
sovet tibb ənənələrindən ayrılmış, hətta
imtina etmiş, deyərdim, modern tibbə yeni-yeni inteqrasiya
olunmağa başlayan, inkişaf edən səhiyyəyə
sahibdir. İndiki səviyyəsi bizi tam qane etməsə
də, irəlidə beynəlxalq səhiyyə
standartlarına tam cavab verən sağlıq xidməti verəcək.
Buna heç bir şübhəmiz yoxdur. Öz ixtisasıma uyğun olaraq onu deyə bilərəm
ki, ortopediya və travmatologiya sahəsində artıq xaricdə
təhsil alıb gəlmiş mütəxəssislərin sayəsində
dünyada istifadə olunan əməliyyatlar Azərbaycan vətəndaşlarına
tətbiq olunmağa başlayıb. Bu, daha
çox sporadik xarakter daşıyır və kütləviliyi
artırmaq üçün isə səhiyyə
qanunvericiliyini yenidən gözdən keçirilməsi gərəkdiyini
düşünürəm. İndiki səhiyyə
qanunları ilə nə elmi nə də faktiki olaraq praktiki cəhətdən
çox da irəli getmək qeyri-mümkündür. Səhiyyənin maddi texniki bazası dövlətimizin
xüsusi diqqəti sayəsində yenidən qurulur,
çalışacaq insan qaynaqlarının yetişməsinə
pullar ayrılır. Bu təqdirəlayiq,
alqışlanan addımlar olsa da, çalışma şərtləri
olaraq, istər həkim maaşlarının yetərli qədər
olmaması, istərsə bir çox əməliyyatların
bahalı olması onların tətbiqini çətinləşdirir.
Nəticədə maddi imkanı çox olan
insanlar son dövrlərdə xaricə üz tutur, sərmayə
ölkədən xaricə axır. Məsələn,
Türkiyə sağlıq turizmində, xarici vətəndaşlardan
öz vətəndaşlarına çəkilən xərclərin
iki mislini alır. Halbuki Azərbaycan bu
müalicələri çox müvəffəqiyyətlə
tətbiq etməyi bacaran mütəxəssislərə
sahibdir.
-Bəs gələcək peşəkar
həkim kimi sizi hansı məsələlər daha çox
maraqlandırır?
-İlk olaraq ictimai məsələlər. Ölkədən
uzaqda yaşasaq da mətbuatda, sosial şəbəkələrdə
baş verən son hadisələrlə bağlı həkimlərə
qarşı insanlarda aqressiyanı, inamsızlığı təşviq
edən məlumatlar oxuyuram və çox təəssüflənirəm.
İnsanların səhiyyə maarifini
artırmaq üçün mətbuat ən vacib halqanı təşkil
edir. Əlbəttə ki,
günahlandırmaq asandır. Əsas olan
təkliflər vermək, həll yolları göstərməkdir.
Bundan dolayı səhiyyə mütəxəssislərinin
fikirlərini öyrənmək, insanlarla interaktiv debatlar təşkil
etmək, ortadakı problemin birlikdə,
qarşılıqlı hörmət əsasında həll
edilə bilməsinin gərək olduğunu
düşünürəm. Təsir əks-təsirə
bərabərdir.
İkincisi isə təhsil və elmi konfranslar məsələsidir. Azərbaycan
kiçik ölkədir, bundan dolayı peşəkarlığı
artırmaq üçün, ixtisaslar üzrə konqreslərin,
elmi toplantı saylarını artırmaq lazımdır.
Məsələn, Ankara əhalisi 5 milyona
yaxındır, amma eyni gündə ayrı-ayrı mərkəzlərdə
3-4 ortopedik toplantılar təşkil edilir. Təsəvvür edirsinizmi, bu, nə deməkdir?
İnsanlar bir-birini öyrədir.
Hazırda rezidentura təhsili alan rezident həkimlərə,
ixtisasına görə peşəkar müəllimlərin təcrübələrini
bölüşdüyü kurslar təşkil etmək (sadəcə
xəstəxanada tədris bəs etmir), onları gərəkdirsə,
ölkədən xaricə göndərib, tibbi
dünyagörüşlərinin artırılması yolunda
işlər görmək lazımdır. Bunlar
üçün də dərnəklər qurmaq
lazımdır.
Üçüncü amil isə hüquqi məsələlərdir. Azərbaycan Səhiyyə
Nazirliyinin rəsmi internet səhifəsində ayrı-ayrı
ixtisaslar üzrə həkimlərin vəzifələri,
müdaxilə edəcəkləri vəziyyətlər, məsuliyyətləri
haqqında məlumatlar yerləşdirilib. Gəlin baxaq, bunu hansı həkim bilir? Bunun tətbiqini daha praktik etmək üçün
baş həkimlik səviyyəsində, xəstəxanalarda
hüquqi bilgiləndirmələr aparılmalıdır.
Medikollegial proseslərdə həkim
haqlarını qoruyan QHT-lərə ehtiyac var. Məsələn,
Həkimlər Birliyi niyə də olmasın? Tibbi sığorta sisteminin tətbiq olunmağa
başlanması kimi aktual məsələlər həll
olunmalıdır. Önümüzdə
aşılması gərək olan əngəllər
çoxdur. İnşallah, dövlətimizin
də dəstəyi ilə bunların da öhdəsindən gələcəyik.
-Bəlkə elə siz də bu
problemlərin aradan qaldırılmasında öz töhfənizi
verəsiniz? Türkiyədə işlərinizi
bitirdikdən sonra vətənə dönmək haqda
düşünürsünüzmü?
- 2 il sonra həkim olmaq yolunda 12 illik təhsilimi
basa vuracağam. Bu kifayət qədər uzun bir
təhsil olsa da, yenə də bəzi məsələləri
həll etmək üçün yetərli deyil. Akademik karyera haqqında düşünmək
lazımdır. Ortopediya çox geniş
sahədir, yüzlərlə müalicə-əməliyyat
texnikaları var. Əlbəttə ki, bunların
hamısını öyrənmək və tətbiq etmək
qeyri-mümkündür. İnşallah, fikrimdə daha
çox həvəs göstərdiyim artroplastiya, artroskopiya,
sümük və yumşaq toxuma şişlərinin cərrahi
müalicəsinə yönəlik öyrəndiyim biliklərin
daha da təkmilləşdirilməsi üçün təhsilimin
artırılması var. Qarşımda duran bu kimi məsələləri
həll etdikdən, özümü yetərli hiss etdikdən
sonra, professional həkim karyeramı Azərbaycanda davam etdirmək
və bitirmək niyyətindəyəm. Təbii ki, hər şey
heç də hər zaman, plan üzrə getmir, şərtlər
dəyişilə bilər.
Tural
Tağıyev
Palitra.-2014.-2 may.-S.5.