Azərbaycanlı rəssamın İstanbul uğuru

 

Dünya rəssamlarının Türkiyənin İstanbul şəhərində baş tutan Beynəlxalq simpoziumu başa çatıb. Respublikamızı bu mötəbər toplantıda rəngkar-qrafik Yusif Mirzə və bu sətirlərin müəllifi təmsil etmişdir. Planetimizin otuza yaxın ölkəsindən (Hindistan, Almaniya, Monteneqro, Türkiyə, Misir, Fransa, Belorus, Qırğızıstan, Bosniya, Danimarka, Azərbaycan, Dağıstan, Yunanıstan, Hollandiya, Fələstin, Avstraliyas.) İstanbula gələn 60-a yaxın fırça ustası on gün ərzində özlərinin sənətdə qazandıqları yaradıcı mövqeyi təsdiqləməyə və Türkiyə torpağının bəzəyi olan qədim İstanbul şəhəri ilə təmaslarını bədii vasitələrlə ifadə etməyə çalışıblar.

İstanbulun məşhur Özyegin Universitetinin təşəbbüsü ilə keçirilən bu sənət toplantısı həm də özünün bənzərsiz təşkili ilə fərqlənmişdir. Belə ki, burada rəssamlar bir çox hallarda olduğu kimi bir-birindən təcrid olunmuş emalatxanalarda yox, elə təhsil ocağının interyerində-bir-birinin qonşuluğunda yaradıcılıqlarını nümayiş etdirmişlər. Ən maraqlısı, tədbirin təşkilatçıları olan Özyegin Universiteti tələbələrinin təhsil ocağının iki mərtəbəsində gerçəkləşən bu yaradıcılıq prosesinə maneəsiz göz qoya bilməsi, rəssamlarla təmas qura bilmələri olub, desək, yanılmarıq. Yeri gəlmişkən deyək ki, simpoziumun yaradıcılıq proqramına start verməzdən əvvəl təşkilatçılar onun iştirakçılarını İstanbulla yaxından tanış etmişlər. Bu da səbəbsiz olmayıb. Belə ki, onların ərsəyə gətirəcəkləri iki əsərdən biri bilavasitə bu qədim şəhərlə bağlı olmalı idi. Odur ki, rəssamlar ilk iki gün ərzində gəmi ilə Bosfor boğazını səyahətə çıxmış, qədim şəhərin çoxsaylı məşhur memarlıq abidələrinə baxmış, bununla da özlərini bir-neçə gün davam edəcək yaradıcılıq prosesinə hazırlamışlar. Elə həmin rəssamların simpozium sonu olaraq təşkil olunan sərgisində nümayiş olunan müxtəlif ovqatlı əsərlər də göstərdi ki, İstanbul onların yaddaşında çox dərin iz salıb. Bu mənada qırğız Janbek Berdikeyevin, türk Birsen Çekenin, monteneqriyalı Mustafa Arapinin, belorus Oksana Yevdokimenko, holland Nail Celoviçin və digərlərinin ərsəyə gətirdikləri əsərlərdə İstanbuldan alınan təəssüratın bədii görüntüsü kifayət qədər cəlbedici və özünəməxsus olub. Rəssamların özündə sərbəst mövzunu hifz edən əsərləri də kifayət qədər duyğulandırıcı idi. Belə ki, onlarda dünyamızın bizi əhatə edən gözəllikləri ilə yanaşı, hələ ki, azalmaq bilməyən problemləri öz əksini tapmışdı. Sevgi can Sarginin (Türkiyə) haqsızlığın qurbanı olanların xatirəsinə, Əkbər Behkəlamın (Almaniya) haqq uğrunda küçə mübarizəsinə, Zakarya Zakaryayevin (Dağıstan) çörəyi “daşdan” çıxanların yaşamaq ümidlərinə, Mişo Vemiçin (Monteneqriya) xalqının azadlıq arzusuna, Violeta Cvetkovska Osokoliçin (Serbiya) kainatı kəşf etməyə çalışanların, Orxan Cəbrayıloğlunun (Türkiyə) həyatın qayğılar burulğanından xilas ola bilməyənlərə, Lətifə Yusifin (Fələstin) ölkəsinin əmin-amanlıq istəyinə, Şenol Tilkinin (Türkiyə) azalmaq bilməyən aclıq probleminə, İzzət Aleckoviçin (Bosniya) işğalçılığa etiraza, Çandrika Tyaginin (Hindistan) qədim Şərq əfsanələrinə tutduqları “bədii güzgü” duyulası dərəcədə cəlbedici və düşündürücü idi. Ölkəmizi İstanbul-Özyegin simpoziumunda təmsil edən Yusif Mirzə onun iştirakçıları arasında həm də məhsuldarlığı ilə yadda qalmışdır. Bundan əvvəl də dünyanın bir şox ölkələrində təşkil olunan sənət toplantılarında iştirakı və milli təsviri sənət ənənələrimizə müasir bədii tutum verməsi ilə həmkarlarının diqqətini cəlb etməyi bacaran Yusif Mirzə qardaş Türkiyə torpağında baş tutan simpoziumda da özünün yaradıcılıq potensialının nəhayətsizliyini sərgiləyə bilib. Bunu onun Özyegin toplantısında yaratdığı üç tablonun (şərtə görə hər bir iştirakçı iki əsər təqdim etməli idi) hər biri fərqli mövzusuçeşidli ovqat yükünə malik olması da təsdiqləyir. Rəssamın “Şərq motivi”, Milli naxışlar mövzusunda improvizələr” və “İstanbulda görüş” tablolarındakı bədii şərhdə həm ənənəyə tapınma, həm də bu zəngin irsə müasir-yaradıcı münasibət duyulur. Odur ki, mavi-zümrüdü rəngə bələnmiş atlının, “dağıdılmış” xalça naxışlarının yaratdığı ecazkar “qurama”nın, İstabul görüşünün təsirindən qurtara bilməyən cütlüyün yaşantıları tamaşaçı duyğularına emosional təsir etmək, onu düşündürmək gücündə idilər. İnanmaq olar ki, bilavasitə simpoziumda yaradılan bu əsərlər şərtlərə görə Özyegin Universitetinin mülkiyyətinə verildiyindən davamlı olaraq bu təhsil ocağında təhsil alan gənclərə Azərbaycan təsviri sənəti haqqında əyani təsavvür yaradılmasında önəmli rol oynayacaq. Yeri gəlmişkən qeyd edək ki, Özyegin Universitetində Azərbaycandan otuza qədər tələbə təhsil alır. Azərbaycanlı nümayəndə heyətinin həmin tələbələrlə görüşünün onların yaddaşında dərin iz salacağı danılmazdır. Çoxunun turizm ixtisası üzrə təhsil almasının qarşılığında onlara Azərbaycan incəsənəti ilə bağlı kitabların hədiyyə olunmasının ən azı universitet daxilində milli dəyərlərimizin təbliğində önəmli rol oynayacağı da birmənalıdır. Sonda İstanbul-Özyegin simpoziumunun yüksək səviyyədə təşkilini xüsusi vurğulamaq istərdik. Belə ki, bu yöndə toplantının təşkilatçısı Sinan Yasdımanın və simpoziumun kuratoru Orxan Cəbrayıloğlunun zəhməti duyulan idi. Bu cür tədbirlərin keçirilməsində böyük təcrübəyə malik olan Orxan bəyin iştirakçılarla ictimaiyyət arasında maraqlı ünsiyyət vasitələri tapmasının nəticəsidir ki,qardaş Türkiyə torpağında baş tutan bu simpozium onun iştirakçılarının yaddaşına həm də beynəlxalq dostluq bayramı kimi həkk oldu...

Ziyadxan Əliyev,

Əməkdar incəsənət xadimi

Bakı-İstanbul-Bakı

Palitra.-2014.-3 may.-S.15.