“Dövlətinə sadiq
olmaq üçün
hər bir gənc mənəvi keyfiyyətlərə
malik olmalıdır”
Nurəddin Mehdiyev: “Bu mənəvi keyfiyyətlər strateji cəhətdən düşünülmüş təhsil siyasəti ilə gənclərimizə aşılana bilər”
Dövlət gənclər siyasətinin prioritetlərindən biri də gənclərin mənəvi inkişafının yüksəldilməsidir. Artıq, bu istiqamətdə görülən işlər öz müsbət nəticəsini verməkdədir. Bu gün istənilən sahədə gənclərin aktivlik göstərməsi bunu bir daha sübut edir. Lakin gənclərin mənəvi inkişafı məsələsi daim diqqət mərkəzində saxlanılmalıdır. Elə, Gənclər və İdman Nazirliyi yanında fəaliyyət göstərən Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyevlə də söhbətimiz bu mövzuda oldu. Qeyd edək ki, müsahibimiz eyni zamanda “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının rəhbəridir.
-Gənclərinin mənəvi inkişafının əsasında nə dayanır?
-Dünyanın qədim xalqlarından biri kimi Azərbaycan xalqı da tarixən formalaşmış zəngin milli-mənəvi və əxlaqi dəyərlərə malik olmaqla, dünya mədəniyyətinə tövhələr verib, özünəməxsusluğunu da qoruyub. Hazırda ən vacib məsələ qloballaşma meyillərinin gücləndiyi dövrdə dünyada mövcud olan müsbət meyilləri öyrənməklə, özünəməxsus mənəvi - əxlaqi dəyərləri də qorumaqdır. Bu ana xətt ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının da əsas qayələrindən birini təşkil edir. Fikirimizcə, Azərbaycan gənclərinin mənəvi inkişafının əsasında da bu ideya dayanır. Azərbaycan Respublikası müstəqillik yolu ilə inamla irəlilədiyi, demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurduğu bir vaxtda milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə aşılanması xüsusilə aktuallıq kəsb edir. Ümummilli liderimiz Heydər Əliyevin təbirincə desək, “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmalıdır”.
Gənclərin ədalət və düzgünlük, humanizm, vətənpərvərlik, xeyirxahlıq, mərhəmət, xeyriyyəçilik, cəsarət və mərdlik, təmizlik, milli-mənəvi dəyərlərə bağlılıq, böyüklərə hörmət, əməksevərlik ruhunda tərbiyə edilməsi, ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin, folklorumuzun gənclər tərəfindən öyrənilməsi, onlarda dövlətçilik təfəkkürünün, millətə, Vətənə bağlılıq hisslərinin gücləndirilməsi, dövlət atributlarına - Azərbaycanın bayrağına, himninə, gerbinə ehtiram və hörmətin gücləndirilməsi də mənəvi inkişafın vacib istiqamətləridir. Tarixi ənənələrimizə uyğun olaraq islam əxlaqı və fəlsəfəsinin də gənclər arasında təbliğ olunması mənəvi inkişafda önəmli rola malikdir. Əlbəttə, burada söhbət yalnız babalarımızdan miras qalan islami dəyərlərdən gedir. Qeyri-ənənəvi dini cərəyanlar gənclərimizə və cəmiyyətimizə ziyan verər.
-Gənclərin öz dövlətlərinə sadiq olmaları üçün hansı mənəvi keyfiyyətlərə sahib olmalıdırlar?
-Bu gün dünyada gedən prosesləri izləyərkən görmək olur ki, müxtəlif qlobal və lokal münaqişələrin meydana gəlməsində müxtəlif maraqlı qüvvələrin, dövlətlərin rolu vardır. Əksər hallarda gənclər belə qüvvələrin əlində alətə çevrilir, özləri də təsəvvür etmədən istifadə olunur. Çünki gənclər cəmiyyətin aktiv hissəsidir və bu aktivlikdən maraqlı qüvvələr öz qara məqsədləri üçün istifadə edirlər. Gənclərin müxtəlif baxışları ola bilər, amma bu baxışlar dövlətin inkişafı, onun təhlükəsizliyi üçün yönəlməlidir. Hər bir gənc dövlətinə, dövlətçilik ənənələrinə sadiq olmalıdr. Dövlətinə sadiq olmaq üçün sualınızda qeyd olunduğu kimi hər bir gənc mənəvi keyfiyyətlərə malik olmalıdır. Azərbaycan gənci öz tarixinə hörmətlə yanaşmalı, öz vətəninə, xalqına, öz dövlətinə, dövlətçilik tarixinə, öz bayrağına, himninə, gerbinə, milli dəyərlərinə, adət-ənənələrinə, dövlət rəhbərinə ehtiramla yanaşmalı, milli dəyərlərini, milli maraqlarımızı hər şeydən uca tutmalıdır. Bir sözlə, hər bir gənc sözdə deyil, əməldə vətənpərvər olmalıdır. Dövlətimizin Prezidenti İlham Əliyevin dediyi kimi “biz öz milli-mənəvi dəyərlərimizə sadiqik, bu dəyərləri qoruyuruq, saxlayırıq, ənənələri yaşadırıq və bizim gücümüz də bundadır.”
Burada ən vacib amil təhsildir. Bu mənəvi keyfiyyətlər
strateji cəhətdən
düşünülmüş təhsil siyasəti ilə gənclərimizə
aşılana bilər.
Yəni bu işə məktəblərdən başlamaq
lazımdır. Gənclərimizə yalnız tarixi ənənələrimizə uyğun
mənəvi keyfiyyətlər
aşılanmalıdır. Bu ruhu həmişə
yüksək tutmaq lazımdır.
-Azərbaycan gəncləri
nə dərəcə
bu keyfiyyətlərə
malikdirlər?
-Mən gənclər sahəsində çalışan
insan kimi deyə bilərəm ki, Azərbaycan gənclərinin əksəriyyəti
mənəvi cəhətdən
Vətəninə, dövlətinə
bağlıdır. Bunun səbəbi
bizdə digər ölkələrdən fərqli
olaraq müqəddəs
ailə institutunun hələ də möhkəm olmasıdır.
Başqa
xalqlar buna həsəd aparırlar.
Azərbaycanda gənc nəslin
mənəvi zəngin,
vətənpərvər olmasında
təhsil müəssisləri
ilə yanaşı, ailələr də mühüm rol oynayır. Belə olmasa idi, cəmiyyətimiz Mübariz
İbrahimov, neçə
- neçə digər
vətənpərvər və
nümunə olacaq gənclərdən məhrum
olardı.
Əlbəttə, bu sahədə “problem yoxdur” demirik. Xüsusilə
vurğulamaq istərdim
ki, gənclərin mənəvi keyfiyyətlərinin,
Vətənə, dövlətinə
ehtiram hisslərinin gücləndirilməsi istiqamətində
daha çox iş görülməlidir.
Bu sahədə daha çox ədəbi əsərlər
yazılmalı, filmlər
çəkilməli, keyfiyyətli
radio - televiziya verlişləri
hazırlanmalıdır. Mediyanın, gənclər təşkilatlarının,
qeyri - hökumət təşkilatlarının da
üzərinə mühüm
işlər düşür.
Gənclərin dünyagörüşünun formalaşması üçün
daha çox müasir kitabxanalar yaradılmalıdır.
Azərbaycan gəncininin vətənpərvər
ruhunun yüksəlməsində
Azərbaycan rəhbərliyinin
apardığı siyasət
çox əhəmiyyətli
rol oynayır. Cənab Prezidentin
müxtəlif xarici ölkələrə səfərləri
zamanı, Ermənistan
- Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı danışıqlar zamanı
nümayiş etdirdiyi
prinsipial mövqe cəmiyyətimizə və
gənclərimizə mənəvi
ruh verir. Fikrimcə, bu, gənclərimiz üçün ən mükəmməl nümunədir.
-Gənclərin asudə vaxtlarının təmin edilməsi üçün
hansı tədbirlər
görmək olar?
-İlk növbədə qeyd edim ki, gənclərin asudə vaxtının səmərəli keçirilməsi məsələsi hər zaman aktuallıq kəsb edib. Bu istiqamətdə uyğun gənclər siyasəti həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2011- ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011 - 2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərində gənclərimizin asudə vaxtının səmərəli təşkili ilə bağlı müxtəlif tədbirlər nəzərdə tutulub və həyata keçirilməkdədir. Bura ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ olunması üzrə müxtəlif layihələrin həyata keçirilməsi, düşərgələrin təşkili, vətənpərvərlik klublarının yaradılması, hərbi xidmətdə olan gənclərimizin asudə vaxtının keçirilməsi ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi, vətənpərvərlik mövzusunda müxtəlif yarışların, müsabiqələrin keçirilməsi, Milli qəhrəmanlarımızın tanıdılması üzrə tədbirlərin keçirilməsi, vətənpərvərlik mövzusunda yerli və beynəlxalq musiqi festivalların, oyunların, olimpiadaların, hərbi - idman oyunlarının keçirilməsi tədbirlərini aid etmək olar. Burada yazılı və elektron mətbuatın da üzərinə məsuliyyət düşür. Mənəvi mövzularda teatr tamaşalarının da sayı artırılmalıdır. Əlbəttə, bütün bunlar dövrün texnoloji tələbatlarına da cavab verməlidir. Çünki indiki gənc nəsil mən deyərdim ki, texnoloji nəsildir. Yeni texnoloji imkanlarla animasiya formatında, bədii formatda filmlərin çəkilməsi də aktualdır.
Son vaxtlar Azərbaycanın müxtəlif bölgələrində inşa edilən gənclər evlərinin də gənclərin asudə vaxtının səmərəli təşkilindəki rolu gün gündən artmaqdadır.
-Tələbələr və gənclərin intellektual səviyyəsinin yüksəldilməsi üçün nələr edilməlidir?
-Hazırda bu istiqamətdə müvafiq dövlət qurumları və müxtəlif QHT - lər, gənclər təşkilatları tərəfindən layihələr həyata keçirilir. Bu sahədə ixtisaslaşmış gənclər təşkilatları vardır ki, onlar da tələbə və gənclərin intellektual səviyyəsinin artırılması istiqamətində layihələr icra edir, intellektual klublar vasitəsi ilə intellektual yarışlar və oyunlar təşkil edirlər. Respublika çempiaonatları həyata keçirilir. İntellektual yarışların keçirildiyi maraqlı televiziya verlişləri də çəkilir. Lakin bunlar əlbəttə ki, kifayət deyil. Hesab edirəm ki, bu istiqamətdə orta və ali təhsil ocaqlarının imkanlarından tam istifadə olunmur. Daha maraqlı layihələr icra olunmalıdır. Regionlara diqqət artırılmalı və intellektual klublar yaradılmalıdır. Tələbə və gənclər üçün texnologiyaya marağın artırılması istiqamətində texnoparklar da yaradıla bilər. Çünki Azərbaycanın yüksək texnoloji biliklərə sahib olan gənclərə ehtiyacı vardır. Peşə məktəbləri müasir texnoloji standartlara cavab verməlidir. Müasir texnoloji standartlara cavab verən kitabxanaların sayı artırılmalıdır.
Tələbələr və gənclərə daha dolğun məlumatların çatdırılması üçün müasir tele-radio verlişlərin və internet resussrların sayı artırılmalıdır. Burada qeyri - formal təhsil metodlarından da geniş istifadə olunmalıdır.
Fuad Hüseynzadə
Palitra.-2014.-3 may.-S.11.