Müasir vergi sisteminin
banisi - Heydər Əliyev
Azərbaycanın özünün müstəqil vergi
sistemi yalnız müstəqillik əldə etdikdən sonra
yaranıb. 90-cı illərin əvvəllərindən problemlərlə
dolu çətin müstəqillik yollarında irəliləyən
ölkəmiz bütün sahələrdə olduğu kimi
vergi sahəsində də islahatlar həyata keçirmək,
iqtisadiyyatın əsas dayaqlarından sayılan bu sistemi
gücləndirmək zərurəti ilə üz-üzə
qalmışdı. Bu vəzifənin
öhdəsindən ümummilli lider Heydər Əliyev
uğurla gələ bildi və o, bir sıra önəmli
islahatlar, tədbirlərlə bugünkü vergi sisteminin əsasını
qoymuş oldu. Büdcə-vergi sistemində
əsaslı islahatlara başlayan ulu öndər iqtisadi
sabitlik yaratmaqla özündən əvvəlki hakimiyyətin
qoyub getdiyi problemlərin də öhdəsindən uğurla gəldi.
Azərbaycan tezliklə təlatümlərdən,
sarsıntılardan uğurla çıxaraq gələcəyə
inamla baxan bir dövlətə çevrildi. Təbii ki, uzun illərə söykənən siyasi
təcrübə Heydər Əliyevə onu deyirdi ki, müstəqillik
əldə etmiş bir ölkənin iqtisadi inkişafı əsas
amildir və burada da ilk yerlərdən birini vergi sisteminin
güclü, mükəmməl təşkil olunması tutur.
Məhz vergi sahəsində uğurlu
islahatların nəticəsi oldu ki, sahibkarlıqda uğurlar və
ümumilikdə iqtisadi inkişaf tempi tez bir zamanda yüksələn
xətt üzrə qalxmağa başladı.
Əsası Heydər Əliyev tərəfindən
qoyulan vergi strategiyası bu gün də uğurla
reallaşdırılaraq Azərbaycannı regionda ən dinamik
inkişaf edən bir dövlətə çevrilməsində
böyük rol oynayır. Bu gün Heydər Əliyevin siyasi
kursuna əsaslanaraq Prezident İlham Əliyevin
yürütdüyü siyasət ölkədə sosial
iqtisadi inkişafın və sahibkarlığa dövlət
qayğısının artırılması,
iş adamları üçün əlverişli şəraitin
yaradılması kimi mühüm həlqələri əhatə
edir. Bu amillərin uğurlu olmasında isə
heç şübhəsiz ki təməli düzgün
qoyulmuş vergi strategiyasının da böyük rolu oldu.
Hazırda ölkəmiz daha yüksək sosial
iqtisadi dirçəliş mərhələsinə qədəm
qoyub. Təbii ki, iqtisadiyyatda nəzərdə
tutulan daha yüksək dirçəlişlər də vergi
orqanları qarşısında yeni vəzifələr qoyur.
Çünki yuxarıda da qeyd etdiyimiz kimi
ölkənin sosial iqtisadi inkişafında səmərəli
vergi mühitinin rolu inkar edilməzdir.
Müstəqilliyin ilk illərində vergi qanunvericiliyində
olan bir sıra boşluqlar istər vergi ödəyicilərində,
istərsə də vergi xidməti orqanlarında haqlı
narazılıqlar doğururdu. Məhz belə bir
şəraitdə ümummilli lider vergi sistemini yenidən təşkil
etdi və vergi münasibətlərinin təkmilləşdirilməsi
məqsədilə dövlət başçısının
bilavasitə tapşırığı ilə Nazirlər
Kabineti bir sıra qərarlar qəbul etdi. Bunlara misal
olaraq “Azərbaycan Respublikası ərazisində əhali ilə
nağd pul hesablaşmalarının aparılmasında nəzarət
kassa aparatlarının tətbiq olunması haqqında” 18 iyul
1995-ci il, 168 nömrəli vergi “Vergi ödəyicilərinin
uçotunun təkmilləşdirilməsi barədə” 19
dekabr 1996-cı il, 182 nömrəli “Mənfəət
vergisinin ödənilməsini mərkəzləşdirilmiş
qaydada həyata keçirən subyektlər haqqında” 31 mart
1997-ci il, 28 nömrəli “Azərbaycan Respublikası ərazisinə
gətirilən minik avtomobillərinin aksiz vergisinə cəlb
edilməsi haqqında” 16 aprel 1997-ci il “Müəssisə və
təşkilatların avans vergi məbləğlərinin
hesablanması və ödənilməsi haqqında” 1 may
1997-ci il 71 nömrəli “Məhsulun(işin, xidmətin) maya dəyərinə
daxil edilən bəzi xərclərin tənzimlənməsi
haqqında” 3 iyul 1997-ci il tarixli qərarları göstərmək
olar. Vergi sisteminin təkmilləşdirilməsi
və bu sahədə aparılan köklü islahatların
daha da sürətləndirilməsi məqsədilə Heydər
Əliyevin tapşırığı əsasında 1997-ci ildən
başlayaraq vergi münasibətlərinin tənzimlənməsi
sahəsində vahid və təkmil qanunvericilik
bazasının yaradılması üçün Vergi Məcəlləsinin
layihəsinin hazırlanmasına başlanıldı. Beləcə
bu istiqamətdə atılan addımlar ölkədə beynəlxalq
normalara uyğun vergi administrasiyasının
formalaşdırılmasına, vergi sisteminin mərkəzləşdirilmiş
formada idarə edilməsinə, bütün vergi sisteminin vahid
qanunvericilik bazası əsasında tənzimlənməsinə
imkan verdi. 2001-ci ilin
yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsi
müstəqil Azərbaycanın həyatında yeni tarixi bir
hadisə olaraq vergi sisteminin təkmilləşdirilməsi və
onun beynəlxalq standartlara uyğunlaşdırılması
sahəsində atılmış mühüm addımlardan
biri kimi çıxış etdi.
Ölkə başçısının vergi
orqanları qarşısında qoyduğu mühüm vəzifələri
əldə rəhbər tutaraq 1999-cu ilin iyun ayından
başlayaraq vergi xidmətinin kompleks islahatlarının
müfəssəl strateji planı və bu islahatların həyata
keçirilməsinin optimal müddətlərinin işlənib
hazırlanması da xüsusi qeyd olunmalıdır. Bu plan
dünya standartlarına cavab verən yeni qanunvericilik
bazasının yaradılması və təkmilləşdirilməsi,
vergi administrasiyasının müasirləşdirilməsi,
vergilərin dövlət büdcəsinə tam və
vaxtında səfərbər edilməsinin tədbirlər
proqramının həyata keçirilməsini nəzərdə
tuturdu. Heydər Əliyevin rəhbərliyi altında
ölkədə vergi sisteminin strukturu və vergi sahəsində
milli qanunvericilik bazası formalaşdırıldı, Vergi Məcəlləsi
qəbul edildi və 2000-ci il 11 fevral tarixli fərmanı ilə
Baş Dövlət Vergi Müfəttişliyi ləğv
edildi onun bazasında ölkədə dövlətin vergi siyasətinin
həyata keçirilməsini, dövlət büdcəsinə
vergilərin və digər daxilolmaların vaxtında və
tam yığılmasını təmin edən və bu sahədə
dövlət nəzarətini həyata keçirən mərkəzi
icra hakimiyyəti orqanı-Vergilər Nazirliyi yaradıldı. Ulu öndərin təşəbbüsü və rəhbərliyi
ilə vergi siyasətinin əsas istiqamətləri, vergilərin
sayı və dərəcələrinin optimal səviyyəsi
müəyyənləşdirildi, ölkədə vergi
yükünün aşağı salınması, vergi
menecmentinin müasirləşdirilməsi istiqamətində
bir sıra uğurlar əldə olundu.
Bu gün Prezident İlham Əliyev ulu öndərin
ideyalarını vergi sahəsində uğurla davam etdirir. Ölkə
başçısının bilavasitə
tapşırıqlarına əsasən vergi sistemində
islahatlar həyata keçirilir, aparılan islahatların tərkib
hissəsi kimi qabaqcıl dünya təcrübəsinə əsaslanan
vergi quruculuğu xidməti davam edir, xidmətin müasir Avropa
standartlarına uyğunlaşması istiqamətində əməli
addımlar atılır. Artıq əminliklə
demək olar ki, bu gün vergi sistemi ən müasir standartlara
uyğunlaşdırılıb.
Ümumiyyətlə, Heydər Əliyev tərəfindən
təməli qoyulan sosial-iqtisadi inkişaf kursunun Prezident
İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməsi
ölkəmizin iqtisadi sahədə böyük uğurlara
imza atmasına zəmin yaradır. Bu fakt beynəlxalq
reytinq agentliklərinin hesabatlarında da əksini tapıb.
Azərbaycanda strateji valyuta ehtiyatları
artır və bütün bunlar ölkədə sabit iqtisadi
bazanı daha da möhkəmləndirir. Təbii ki, burada
düzgün vergi strategiyasının qurulmasının
böyük rolu var. Təsadüfi deyil ki, bu yaxınlarda
Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin
birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında vergilərlə bağlı
hesabatda büdcə gəlirlərində vergilərin rolu və
ümumilikdə iqtisadiyyatın yüksələn xətt
üzrə inkişaf etməsində vergilərin əhəmiyyəti
xüsusi olaraq vurğulanıb. Nazir Fazil Məmmədov
çıxışı zamanı bildirib ki, hesabat
dövründə dövlət büdcəsinin mədaxili
106,1 faiz yerinə yetirilməklə büdcəyə səfərbər
edilmiş 4 milyard 482,7 milyon manat vəsaitin 1 milyard 762,9 milyon
manatı Vergilər Nazirliyinin, 330,4 milyon manatı Dövlət
Gömrük Komitəsinin, 2 milyard 342,6 milyon manatı isə
Dövlət Neft Fondunun hesabına təmin edilib. Buradakı rəqəmlərdən
belə nəticə çıxarmaq olar ki, həqiqətən
də hər il olduğu kimi bu gün
büdcə ilə bağlı məsələlərdə
Vergilər Nazirliyinin üzərinə böyük yük
düşür və bu qurum öz işini düzgün qura
bilib. Dünya ölkələri arasında
iqtisadi inkişaf templərinə görə lider mövqedə
qərar tutan Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən
biri də mövcud tərəqqinin yalnız ölkə
paytaxtını deyil, bütün regionları, hər bir
bölgəni əhatə etməsidir. Regionların
sosial-iqtisadi inkişafına dair əvvəlki iki dövlət
proqramının icra olunduğu 10 il ərzində regionlarda
qeydiyyata alınan sahibkarlıq subyektlərinin sayı 7,2 dəfə, vergi daxilolmaları 12,7 dəfədən
çox artıb. Respublikanın şəhər
və rayonları üzrə vergi gəlirlərinin
artımı artıq Sumqayıt, Şirvan, Mingəçevir
şəhərlərinə, eləcə də Abşeron və
İmişli rayonlarına öz xərclərini tamamilə
yerli gəlirlər hesabına təmin etməyə imkan
yaradıb. Bir diqqətçəkən məqamı da
qeyd etmək olar ki, Prezident İlham Əliyev tərəfindən
həyata keçirilən təhsil və inkişaf
strategiyasının davamı olaraq cari ilin yanvarın 1-dən
məktəbəqədər təhsil müəssisələri,
uşaq bağçaları və körpələr evləri
10 il müddətinə bütün vergilərdən
azad edilib. Bu isə təbii ki vergilər siyasətində
həyata keçirilən tədbirlərdən ən təqdirə
layiq hal kimi qiymətləndirilə bilər.
Həmçinin cari ilin fevral ayında Avropa Parlamentində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Vergilər, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin birgə təşkilatçılığı ilə “İnnovasiya və Mobil imza-Avropa ilə yeni rəqəmsal inteqrasiya vasitəsi kimi” mövzusunda keçirilən konfransda ilk dəfə olaraq elektron imzalar vasitəsilə Vergilər Nazirliyinin və Estoniyanın Sertifikat Mərkəzləri arasında Anlaşma Memorandumu imzalandı ki, bu da 2013-cü ilin may ayından etibarən Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən verilən müasir tipli Mobil imzanın “Asan İmza”nın beynəlxalq əməliyyatlarda tanınmasına və ölkələr arasında sərhədsiz rəqəmsal inteqrasiyaya nail olmağa imkan verdi. Ən vacib məqamlardan biri kimi Prezidentin elektron xidmətlərin dairəsinin daha da genişləndirilməsi və mütərəqqi ödəniş sistemlərinin tətbiqi məqsədilə imzaladığı fərmanla “Asan ödəniş” sisteminin yaradılması barədə müvafiq tapşırıqların verilməsini də qeyd edə bilərik. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Vergilər Nazirliyinin birgə həyata keçirdiyi bu layihənin nəticəsi olaraq inzibati cərimələrin və məhkəmə qərarı ilə ödənilməli olan vəsaitlərin onlayn rejimdə ödənilməsi vətəndaş-məmur münasibətlərini minimuma endirəcək, ölkə vətəndaşlarının bütün sahələrdə Prezidentin diqqət və qayğısı ilə əhatə olunmasının daha bir bariz nümunəsi olacaq.
Ölkəmizin qüdrətli olmasında iqtisadi amillərin rolu barədə qeyd etdik və burada vergi sisteminin böyük rol oynamasını da vurğuladıq. Nəzərə alsaq ki, sənaye də iqtisadiyyatımızda mühüm əhəmiyyət kəsb edir və bu il Prezident ölkədə “Sənaye ili” elan edib, bu mənada Vergilər Nazirliyinin bu məsələdə hansı töhfələr verəcəyi də maraq doğurur. “Sənaye ili” çərçivəsində vergi güzəştlərinin tətbiq olunacağını və bunun da sənayenin inkişafına töhfə verəcəyini demək olar.
Beləliklə, bir zamanlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən müasir vergi sisteminin Azərbaycan iqtisadiyyatının möhkəmlənməsində böyük rolu olduğunu əminliklə deyə bilərik və bu strategiya hətta bir model olaraq keçid iqtisadiyyatlı ölkələrin iqtisadi inkişafı baxımından nümunə kimi qəbul edilə bilər.
Yazı Vergilər Nazirliyinin “Vergilər” qəzetinin və Azərbaycan Mətbuat Şurasının keçirdiyi “Heydər Əliyev və Azərbaycanda vergi siyasəti” mövzusunda müsabiqəyə təqdim edilir
Palitra.-2014.-3 may.-S.10.