Beynəlxalq turnirlər gənc nəslin idmana yönəlməsində böyük
rol oynayır
Layihə çərçivəsində yazımız ölkəmizdə keçirilən beynəlxalq turnirlər və onların gənc nəslin idmana yönəlməsində oynadığı rolla bağlıdır. Qeyd edək ki, idman sağlam nəslin formalaşması, fiziki və mənəvi sağlamlıq baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, ölkənin inkişaf göstəricisi kimi də qəbul edilir.
Məsələ ondadır ki, idmanın geniş yayılması, kütləviləşməsi, ətrafına daha çox insanı cəlb etməsi üçün maddi-texniki bazanın olması şərtdir. Bu həm də idmançıların hazırlıq keçməsi və beynəlxalq miqyasda ölkəni layiqincə təmsil etməsi üçün əsas şərtdir. Maddi-texniki baza olmadan idmanı inkişaf etdirmək sadəcə olaraq mümkün deyil. Müasir idman qurğularının, müasir infrastrukturun yaradılması üçün dövlətin maliyyə-iqtisadi durumunun yüksək səviyyədə olması lazımdır.
Bu baxımdan Azərbaycanda idmanın inkişaf göstəricisi ilə dövlətin ümumi inkişaf göstəricisi arasında paralellik var. İqtisadi cəhətdən inkişaf etmiş Azərbaycan dövləti möhkəm iqtisadi təməllərə malikdir. İqtisadi cəhətdən kifayət qədər güclü və inkişaf etmiş dövlət olan Azərbaycanda bu inkişafdan bütün sahələrə, o cümlədən idman sektoruna da xüsusi pay düşür. Azərbaycan dövləti idmanın inkişafını xüsusi diqqətdə saxlayaraq bu sahədə böyük dəyişikliklərin əldə edilməsinə nail olub. Azərbaycan Prezidenti İlham Əliyev həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi idmanın inkişafını yüksək səviyyədə dəstəkləyərək bu sahədə böyük və möhkəm maddi-texniki bazanın yaradılmasına nail olub. Dövlət başçısının idman sahəsində həyata keçirdiyi siyasətin ana xəttini müasir idman bazasının yaradılması təşkil edib ki, ötən illər ərzində bu sahədə ciddi uğurlar əldə edilib. Respublikamızın demək olar ki, hər bir bölgəsinin idman qurğuları, müasir idman infrastrukturu, o cümlədən Olimpiya İdman Kompleksləri ilə əhatə olunması idmanın inkişafı üçün möhkəm təməl yaradıb. Ötən illər ərzində dövlət başçısının rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət və planlı şəkildə həyata keçirilən işlər Azərbaycanı dünyanın inkişaf etmiş idman ölkələrindən birinə çevirib. «İdman ölkəsi» sözlərinin arxasında inkişaf etmiş dövlət, idman ətrafında birləşən böyük potensiala malik olan fiziki və mənəvi cəhətdən sağlam yeniyetmə və gənclər ordusu və müasir idman infrastrukturu dayanır. Azərbaycan bu şərtlərin hər birinə cavab verdiyi üçün dünyanın və Avropanın ən nüfuzlu idman ölkələrindən biri sayılır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bu məsələni belə dəyərləndirib: «Adətən iqtisadi tərəfdən güclü, siyasi sabitliyə malik olan ölkələrdə idman da sürətlə inkişaf edir. İdmanın inkişafı üçün dövlət vəsaiti, dövlət dəstəyi lazımdır, təlim-məşq prosesi yüksək səviyyədə keçirilməlidir, infrastruktur layihələri lazımdır”.
İdmanın inkişafı dövlət tərəfindən dəstəklənir
Azərbaycanda idmanın inkişafı dövlət tərəfindən dəstəklənir və məhz dövlət tərəfindən həyata keçirilən siyasət nəticəsində belə müasir baza yaradıla bilib. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən bu siyasət təkcə idman qurğularının inşa edilməsi ilə məhdudlaşmayıb. Belə ki, istər paytaxt Bakıda, istərsə də regionlarda inşa edilən müasir idman bazaları ilə yanaşı, digər infrastrukturlar da müasirləşdirilir. Buraya yol-nəqliyyat, hava limanı, otel infrastrukturu da daxildir. Dövlət başçısının bu sahədəki siyasəti elə hesablanıb ki, regionlarda yaradılan müasir idman bazaları elə müasir səviyyədə inşa edilir ki, onların fəaliyyəti təkcə bölgə gənclərinə xidmətlə məhdudlaşmayaraq istənilən beynəlxalq yarışı qəbul etmək gücündə olur. Buna misal olaraq Quba Olimpiya Kompleksində voleybol üzrə nüfuzlu beynəlxalq yarışların keçirilməsini qeyd edə bilərik. İsmayıllı və Zaqataladakı idman bazalarında bir çox dövlətin idmançılarının təlim-məşq toplanışı keçməsi də bu sahədə həyata keçirilən doğru siyasətin məntiqi nəticəsidir. Yəni, bu şərtləri ödəmək üçün təkcə idman qurğusunun olması kifayət deyil, digər infrastruktur da müasir standartlar səviyyəsində olmalıdır. Bu faktlar Bakının dünyada idman paytaxtı kimi, ölkəmizin isə idman ölkəsi kimi tanınmasını şərtləndirən ən mühüm faktlardır. Bu gün ölkədə geniş infrastruktur layihələri həyata keçirilir və bunun nəticəsi olaraq beynəlxalq idman qurumları dünya və Avropa birinciliklərinə ev sahibliyini Azərbaycana verəndə heç bir tərəddüd keçirmir, əksinə Bakının bu işin öhdəsindən layiqincə gələcəyinə əmin olduqlarını açıqlayırlar.
Bakı Avropanın idman mərkəzi statusunu dünyanın idman mərkəzi statusuna dəyişir
Artıq Bakı Olimpiada kimi planetin ən nüfuzlu idman yarışına ev sahibliyi etməyə hazırdır. Gələn il Avropanın ilk Olimpiya Oyunları Bakıda baş tutacaq. Bakı böyük idman bayramına addım-addım yaxınlaşır. Ölkəmizdə bir-birinin ardınca sıralanan beynəlxalq idman yarışları da bunu təsdiqləyir. Artıq ölkəmizin inkişafı elə səviyyədədir ki, bir neçə beynəlxalq yarış eyni vaxtda yüksək səviyyədə keçirilir. Son bir neçə gün ərzində keçirilən yarışların statistikasına diqqət etmək bu fikrimizi təsdiqləyir.
Belə ki, Naxçıvan
şəhərindəki Şahmat Mərkəzində
ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə
həsr olunmuş “Naxçıvan
Open-2014” beynəlxalq şahmat festivalı
keçirilir. Eyni vaxtda Bakıda qayayadırmanma idmanı üzrə
Dünya Kuboku turnirinin mərhələ yarışı baş tutub. Beynəlxalq
turnirdə dünyanın 22 ölkəsindən 150-dən çox idmançı birincilik
uğrunda mübarizə aparıb.
Naxçıvan şəhərindəki Olimpiya-İdman
Kompleksində isə 1994-1996-cı il təvəllüdlü
gənclər arasında sərbəst güləş üzrə
“Naxçıvan kuboku” uğrunda
beynəlxalq yarış keçirilir. Turnirin reqlamentinə əsasən, 2
yarımqrupda 8 komanda öz
qüvvəsini sınayır. Yarışda Azərbaycan
Respublikasının və onun ayrılmaz
tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının güləşçiləri
ilə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan,
Rusiya, Gürcüstan
və Ukrayna güləşçiləri
mübarizə aparır. “Sərhədçi” İdman
Olimpiya Mərkəzində isə taekvondo üzrə Avropa
çempionatı keçirilib. Çempionatda Avropanın 46 ölkəsindən
400-dək taekvondoçu birincilik
uğrunda mübarizə aparıb. Avropa Taekvondo
Federasiyasının prezidenti Atanasios Praqalos bildirib ki, Azərbaycanda
ardıcıl olaraq taekvondo
üzrə yarışlar keçiriləcək: «Gələn
il isə birinci Avropa Oyunları çərçivəsində
idmanın bu növü
üzrə yarışlar təşkil olunacaq.
Taekvondo Azərbaycanda çox
sevilir”. Cari ildə
ölkəmizdə cüdo, gimnastika, atletika və
idmanın digər növləri üzrə irimiqyaslı tədbirlər
keçiriləcək. Azərbaycan ev sahibliyi etdiyi idman yarışlarını yüksək səviyyədə
keçirir və bu da beynəlxalq qurumlar tərəfindən
yüksək qiymətləndirilir. Nüfuzlu
beynəlxalq turnirlərin ölkəmizdə keçirilməsi
gənclərin idmana axınını
artırır. Eyni vaxtda
bu qədər beynəlxalq turnirin ölkəmizdə keçirilməsi
Azərbaycanın idman tarixində çox mühüm hadisədir.
Azərbaycan idmançıları dünya
arenalarında uğur qazanıb ölkəmizin
adını ucaltdıqları kimi, paytaxt Bakı da
Avropanın idman mərkəzi statusunu dünyanın idman
mərkəzlərindən biri statusuna dəyişməyə başlayıb.
Beynəlxalq yarışların
respublikamızda keçirilməsi son illər
ənənə halını alıb. Ölkəmizdəki geniş iqtisadi inkişaf və sabitlik amili Bakının idman sahəsindəki
uğurlarında mühüm rol oynayır. Ölkəmizdə bədən
tərbiyəsinin və idmanın inkişafına göstərilən
diqqət və qayğı da bu inkişafın tərkib hissəsi kimi dəyərləndirilə bilər.
Ölkəmizdə olimpiya hərəkatı
ildən-ilə geniş vüsət
alır. Dünya, Avropa
çempionatlarında, Olimpiya
oyunlarında idmançılarımızın parlaq qələbələri buna
əyani sübutdur.
Anar Miriyev
Palitra.-2014.-6 may.-S.11.