“Qara turizm
vasitəsilə ölkə reallıqların daha
yaxşı təbliğ edə bilərik”
Səbuhi Aslanov: “Quba, Xocalı,
Bakı qətliamlarının səhnələrini attraksionlarla maketləşdirmək, daha da cəlbedici hala gətirmək olar. Bu mənada bir sıra Avropa ölkələrinin təcrübəsindən
faydalanmaq olar”
Bu gün dünyada bir çox turizm növlərinin olması müxtəlif ölkələrə turist səfərlərinin daha da artmasına imkan verir. Hətta bəzi ölkələrdə adi turizm növlərindən fərqli, cəlbedici, maraq doğuran sahələr yaratmaqla turist cəlbini daha da artırmağa nail olurlar. Ölkəmizdə də prioritet olan turizmin müxtəlif növlərinin tətbiqi bu sektorun daha da inkişafına təkan verir. Lakin bəzi turizm növləri var ki, onların ölkəmizdə daha geniş tətbiqi turistlərdə maraq doğura bilər. Belə turizm növlərindən biri Qara turizmdir. Bu turizm növü ilə bağlı suallarımızı Azərbaycan Turizm İnstitutunun müəllimi Səbuhi Aslanov cavablandırdı:
-Turizmin bir qolu olaraq Qara turizm ingilis dilli ədəbiyyatlarda “dark tourism” olaraq tərcümə olunur. Araşdırmalarda əslində Qara turizm və tutqun turizm bir-birindən fərqli, amma mahiyyət etibarilə yaxın istiqamətlərdir. Qara turizm hüzn, kədər yerlərinə edilən turistik səfərlər olaraq şərh etmək olar. Qara turizmə aid Belçikada Vaterlu kimi savaş meydanları, Etna kimi vulkan püskürməsi əraziləri, atom bombasının atıldığı Xirosima (Yaponiya), Auschwitz ölüm kampları (Nasist kampları) kimi işgəncə mərkəzləri, Çanaqqala müharibələrinin baş verdiyi meydanlar, Dolmabaxça (M. K. Atatürkün vəfat etdiyi yer) və başqa nümunələr çəkilə bilər. Digər tərəfdən Qara turizmə aid çəkilən nümunələrin daha real olması və turistlərin daha çox cəlbi üçün yaxın dövrü əhatə etməsi gərəkdir. Məsələn, 1572-ci ildə katolik fransızlar, protestantlara qarşı törətdiyi qətliamın keçdiyi yer Qara turizm məqsədi ilə ziyarət edilmədiyi halda, II Dünya müharibəsində yəhudilərin kütləvi soyqırıma məruz qaldığı “Auschwitz Birkenau”, hər il milyonlarla insan tərəfindən ziyarət edilməkdədir.
-Azərbaycanda bu turizm növü
ilə bağlı müvafiq məkanlarla
bağlı nə deyərdiniz?
- Azərbaycanda müxtəlif bölgələrdə ermənilər tərəfindən çoxsaylı soyqırımlar həyata keçirilib. Ölkəmizdə 1905-1907, 1918, 1988-1992-ci illərdə ermənilər tərəfindən törədilən soyqırımı ölkə səviyyəsində əbədiləşdirilərək xatirə abidələri ucaldılıb. Nümunə olaraq 1918-ci il Qubada ermənilər tərəfindən kütləvi sürətdə qətl edilən soydaşlarımızın tapılan kütləvi məzarlığı- Quba soyqırımı memorialı, 1990-cı il 20 Yanvar tarixində şəhid düşmüş soydaşlarımızı yad etmək üçün Şəhidlər xiyabanı və müxtəlif bölgələrdə, ermənilər tərəfindən törədilən qətliamların xatirəsinə ucaldılmış abidələr qeyd oluna bilər. Bundan əlavə I Dünya müharibəsi dövründə Osmanlı Türkiyəsinə yardımları üçün ruslar tərəfindən soydaşlarımızın həbs olunaraq işgəncələr gördüyü Nargin həbsxanası, II Dünya müharibəsində qəhrəmancasına mübarizə və qələbə xatirəsinə azərbaycanlı hərbçilərin şərəfinə ucaldılan abidələr, ölkə daxilində Qara turizm üçün real resurslar sayılır.
-Ölkəmizdə
Qara turizm növünün inkişaf
səviyyəsini necə qiymətləndirirsiniz?
- Bu turizm istiqamətiylə bağlı ilk öncə qeyd edim ki, bəzi səbəblərdən irəli gələrək bir çox ölkələrdə məlumatlılıq təşkil olunmur. Yəni, Qara turizm, psixoloji motivlərə və radikal millətçiliyə əsaslandığı və turizmin sülh fəlsəfəsi ilə təzad yaratdığı kimi tənqidlər də mövcuddur. Əslində bu doğru yanaşma deyil. Çünki Qara turizm indivudial motivasiyanı artırmaq, cəmiyyətin siyasi proseslərdə aktivliyini qorumaq, daxili turizm imkanlarını genişləndirmək üçün effektiv vasitədir.
“Çanaqqala zəfərini yad etmək üçün hər il anım günündə reallaşdırılan yerli və xarici turist səfərləri vasitəsilə İstanbul Bələdiyyəsi büdcəsinə kifayət qədər gəlir əlavə olunur”
Qeyd edim ki, ölkəmizdə Qara turizm növünün inkişafı ilə bağlı yetərli sayda resurslar mövcuddur ki, bunu az öncə qeyd etdim. Dövlət səviyyəsində də bu sahənin inkişaf etdirilməsi və ictimai məlumatlılığın təşkili üçün edilən təşəbbüslərdən biri kimi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutan "Qara Turizmin inkişafı və təbliği" layihəsi əhəmiyyətli nümunədir.
- Sizə elə
gəlmirmi ki, ölkəmizdə bu turizm növünü
inkişaf etdirməklə həm də xarici vətəndaşlara ölkəmizlə
bağlı reallıqları daha
yaxından çatdıra bilərik?
- Əlbəttə, ölkəmizdən kənarda 30 milyondan çox Azərbaycan milli mənsubiyyəti daşıyan soydaşımız bu turizm qolu ilə bağlı məlumatlı olması çox önəmlidir. Bundan əlavə məlumdur ki, Avropanın, Asiyanın bir çox inkişaf etmiş dövlətlərində Qara turizm sahəsi üzrə təhsil tədrisi həyata keçirilməkdə və bir çox azərbaycanlı vətəndaşlar da bundan faydalanmaqdadır. Əgər xaricdə təhsil alan, yaxud iş fəaliyyətinə cəlb olunan soydaşlarımız Azərbaycanda Qara turizm nümunələri ilə bağlı PR və reklam fəaliyyətlərini genişləndirsələr, ciddi mənada adıkeçən sahənin inkişafına zəmin yaranar. Qeyd edim ki, turizmin bu qolu yalnız siyasi deyil, həm də iqtisadi əhəmiyyətə sahibdir. Belə ki, Çanaqqala zəfərini yad etmək üçün hər il anım günündə reallaşdırılan yerli və xarici turist səfərləri vasitəsilə İstanbul Bələdiyyəsi büdcəsinə kifayət qədər gəlir əlavə olunur. Bu baxımdan qara turizmin inkişafı və təbliği üçün bu sahəyə xas real resursların cəmləşdiyi bölgələrdə yerli icra orqanları və bələdiyyələrin üzərinə böyük məsuliyyət düşür.
- Bu
mövzunun tədris səviyyəsi məsələn,
hazırda ölkəmizdə bəzi turizm
növü ilə bağlı tələbələrə
məlumat verilsə də, Qara turizm növü ilə
bağlı o qədər geniş
məlumat verilmir. Sizin
buna münasibətiniz
necədir?
- Bunun səbəblərdən biri olaraq ilk növbədə ölkəmizdə turizm təhsili prosesinin yeni başlanması olaraq qeyd etmək olar. Belə ki, son bir neçə il ərzində turizm üzrə gəlir göstəricilərinin artması müşahidə olunur. Buna mütənasib olaraq kadr çatışmazlığı məsələləri üzrə turizm tədrisi müəssisələrinin üzərinə ciddi məsuliyyət düşüb. Qara turizmlə bağlı Azərbaycan Turizm İnstitutunda tədris olunan dərslər çərçivəsində geniş məlumatlar verilir. Yaxın zamanlarda bu mövzunun turizm müəssisələrində ayrılıqda fənn olaraq tədrisi də mümkündür. Bunun üçün ilk növbədə mövzu ətrafında müzakirələrin aparılması, Təhsil Nazirliyi təsdiqli tədris proqramının hazırlanması və kurikuluma salınması gərəklidir.
- Yerli
icra orqanları və bələdiyyələrin
üzərinə böyük məsuliyyət
düşdüyünü deyirsiniz. Bu istiqamətdə
hansı tədbirlər həyata keçirilə bilər?
- İlk növbədə yerlərdəki icra orqanları, əsasən də bələdiyyələr yerli, beynəlxalq tədbirlər keçirməli, yaxud bu tip tədbirlərə dəstək verməlidir. Bundan əlavə, mövcud resursları inkişaf etdirmək də lazımdır. Quba, Xocalı, Bakı qətliamlarının səhnələrini attraksionlarla maketləşdirmək, daha da cəlbedici hala gətirmək olar. Bu mənada bir sıra Avropa ölkələrinin (Polşa, Rumıniya və s.) təcrübəsindən faydalanmaq olar.
-Bir çox dünya ölkələri turizmdən böyük gəlir əldə edir. Amma bəzən bu kimi turizm növündən gəlir əldə edilməsinə başqa cür yanaşılır. Sizin buna münasibətiniz necədir?
-Əsas məqsəd əlbəttə ki, gəlir əldə etməkdən ibarət deyil, əldə olunan gəlirlərin Qara turizmin inkişafına və təbliğinə düzgün xərclənməsindədir. Xüsusilə qeyd etmək lazımdır ki, azərbaycanlılara qarşı erməni təcavüzkarlığı ən az dırnaqarası erməni dövlətçilik tarixi qədər qədimdir. Millətimiz xoş niyyətdən irəli gələrək ermənilərlə hər zaman dostluq münasibətlərini qorumağa çalışmışsa da, Ermənistan ikiüzlülüyü öz davamlılığını qoruyub. Yaxın keçmişin unudulması bir müddət sonra bəlkə də mümkündür, amma Qara turizmə aid bu abidələr bizi "öz"ümüzə qaytarmaq üçün həmişə real resurs olaraq qalacaq.
- Bu
turizm növünün
təbliği, tətbiqi istiqamətdə müvafiq
qurumlar, o cümlədən
QHT-lər tərəfindən hansı tədbirlərin həyata
keçirilməsini vacib hesab
edirsiniz?
-Qara turizm növünün təbliği çərçivəsində Azərbaycanda müxtəlif bölgələrdə, ilk növbədə məlumatlandırma tədbirləri keçirilməlidir. Azərbaycan polietnik kimliyə sahib olduğu üçün fərqli etnik mənsubiyyəti olan vətəndaşlarımızın yaşadıqları regionlarda bu istiqamətdə fəaliyyətlər çox faydalı olar. Məlumdur ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyasının qorunması və inkişaf etdirilməsi istiqamətində bu tip fəaliyyətlərə dəstək həmişə dövlətimiz üçün əsas prioritet istiqamətlərdən biri hesab olunub. Çox yaxşı olar ki, QHT-lər də əməkdaşıq etdikləri xarici təşkilatlarla bu mövzu ətrafında birgə fəaliyyətlər həyata keçirsinlər.
Bu mövzu
ilə bağlı KİV-də çox az diqqət göstərilir. Nəzərə almaq lazımdır ki, bu sahə İslam və türk dünyası üçün
çox yenidir. Bu sahənin inkişafı eyni
zamanda gənclərimizi dövlətçiliyimiz
ətrafında daha sıx birləşdirəcək.
“Palitra” qəzetinin mövzu
ətrafında məlumatlılığı genişləndirmək
səyi təqdirəlayiq haldır. Ümid
edirəm ki, mövzu
digər KİV nümayəndələrinin də diqqətini
cəlb edəcək.
Nigar Abdullayeva
Palitra.-2014.-6 may.-S.5.