Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq konfrans

 

Bakı Slavyan Universitetində AMEA Rəyasət Heyəti və BSU-nun birgə təşkil etdiyi ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda V Beynəlxalq Elmi Konfransın açılış mərasimi keçirilib.

Konfransda 12 ölkədən 30-dan çox qonaq (Rusiya, Ukrayna, Belarus, Bolqarıstan, Polşa, Almanya, Türkiyə, Yaponiya, Gürcüstan, İngiltərə, Litva, İtaliya, Qırğızıstan), eləcə də AMEA-nın müxtəlif institutlarından, respublikamızın bir sıra alı təhsil ocaqlarından, o cümlədən Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Saatlı, Cəlilabad və Şamaxıdan nümayəndələr iştirak edirlər. Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının millətlərarası, multikultiralizmdini məsələlər üzrə dövlət müşaviri, konfransın təşkilat komitəsinin sədri prof. Kamal Abdullayev Bakı Slavyan Universitetinin ulu öndərimizin sənət əsəri olduğunu deyib.

Professor K.Abdullayev Azərbaycanın son illər qazandığı uğurlardan danışıb. K.Abdullayev konfransın “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, “Heydər Əliyev irsi və Azərbaycanın inkişaf strategiyası”, “Müasir Azərbaycanda multikultural cəmiyyət və millətlərarası münasibətlər”, “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində”, “Azərbaycan tarixi və mədəniyyəti”, “Azərbaycan dili və ədədbiyyatı” adlı bölmələrdə davam edəcəyini nərəzə çatdırıb. AMEA-nın vitse- prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli azərbaycanşünaslıq ideologiyasının yaranmasında ulu öndərin misilsiz xidmətlərindən danışıb: “Azərbaycanşünaslıq - Azərbaycançılığın milli məfkurəyə çevrildiyi, dövlət ideologiyası səviyyəsinə çatdığı vaxtdan yaranıb”. BSU-nun rektoru, prof. Asif Hacıyev bu beynəlxalq konfransın yeni elmi istiqamətə, yeni əməkdaşlıqlara təkan verəcəyini vurğulayıb. Artıq ənənə halını almış “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində Rusiya, Belarus, Bolqarıstan və Polşa universitetləri ilə müqavilələrin imzalanacağını bildirib: “Bu konfransın bölmə iclaslarında iştirak bizim tələbələrə, müəllimlərə və doktorantlara yeni informasiyalarla zənginləşməkdə, yeni elmi istiqamətləri araşdırmaqda böyük kömək olacaq”.

Ural Federal Universitetinin kafedra müdiri, Azərbaycan tədris-mədəniyyət mərkəzinin direktoru professor A.G.Nesterov hər gəlişində Azərbaycanın necə dəyişdiyinin, Azərbaycan elminin necə inkişaf etdiyinin şahidi olduğunu, konfransın ildən-ilə daha da möhtəşəm keçirildiyini vurğulayıb. Daha sonra çıxış edənlər konfransın elmi mübadilələr sahəsində böyük uğurlara imza atacağına əminliklərini ifadə ediblər. Konfrans çərçivəsində BSU-nun Polyak Dili və Mədəniyyəti Mərkəzi nəzdində Polyak Dili Bazar Günü məktəbinin açılışı da olub. Bazar günü məktəbində etnik polyaklara, eyni zamanda bütün arzu edənlərə polyak dili tədris ediləcək. Qonaqların Qubaya səfəri, orada yerli ziyalıların nümayəndələri ilə dəyirmi masanın keçirilməsi və Quba soyqırımı memorial kompleksi ilə tanışlığı nəzərdə tutulur.

 

Palitra.-2014.-6 may.-S.4.