Vətənə sevgi nümunəsi

 

XX əsr çox böyük şəxsiyyətlər yetirmişdir. Heydər Əliyevin bu şəxsiyyətlər içərisində xüsusi yeri vardır. Heydər Əliyev millətini, Vətənini dərin məhəbbətlə sevən lider kimi onu böyük dövlətlərin cərgəsinə çıxaran şəxsiyyətdir. Bu, onun böyüklüyü, dahiliyi idi. Azərbaycan xalqı öz böyük oğlu ilə fəxr edir. Çünki onun Azərbaycanda gördüyü bütün işlər, millətin firavanlığı naminə edilib. Belə işlərin sayı-hesabı yoxdur. Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri təkcə qurub-yaratdıqları ilə qurtarmır. Önun fəaliyyəti hər an bizim elmimizin, təhsilimizin, mədəniyyətimizin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunmasında, dilimizin, ədəbiyyatımızın inkişafında, ordumuzun möhkəmləndirilməsində özünü göstərir.

Heydər Əliyevin adı Azərbaycan tarixinə əbədi həkk olunmuşdur. İllər, on illər keçəcək, qədirbilən xalqımız Heydər Əliyevin adını nəsillərdən-nəsillərə ötürəcək və əbədi yaşadacaq.

Məlum olduğu kimi, 60-cı illərin ortalarında Azərbaycan keçmiş ittifaq respublikaları içərisində bütün göstəricilər üzrə çox geridə qalır və axırıncı yerdə dururdu. Ona görə də, respublikamız daim məzəmmət olunurdu. Bu isə xalqın şərəfinə, ləyaqətinə mənfi təsir göstərirdi. Belə bir anda, 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbəri seçilməsi ilə vəziyyət dəyişdi. 14 il ərzində Heydər Əliyev Azərbaycanın şöhrətini göylərə qaldırdı. Xalqımıza, Azərbaycana olan münasibət dəyişdi. Azərbaycan yüksək tərəqqi yoluna qədəm qoydu. Cəmiyyət həyatının bütün sahələrində əsaslı dəyişikliklər baş verdi. Xalqı ilə yanaşı o, özü də yüksəldi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk növbədə qarşıda duran vəzifələr respublikanın suverenliyinin möhkəmləndirilməsi, daxildə ictimai-siyasi sabitliyin yaradılması idi. Lakin müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan "başbilənlər" bütün məsələlərdə öz mənafeləri baxımından çıxış edir, kreslo, vəzifə üstündə mübarizə aparırdılar. Ölkənin taleyi haqqında, demək olar ki, düşünən belə yox idi. 1993-cü ildə Azərbaycanın xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəni bürümüş xaosa, özbaşınalığa, siyasi qalma- qallara qarşı mübarizə dövrü başlandı. İlk növbədə Heydər Əliyevin siyasi uzaq görənliyinin köməyi ilə ciddi tədbirlər görüldü, müstəqilliyimizə mane olan təhlükələr dəf olundu. Qısa müddətdə siyasi qalmaqallar aradan qaldırıldı. Ölkədə xalqın gecə-gündüz arzuladığı siyasi sabitlik böyük çətinliklərlə bərqərar olundu. Yüksək dövlətçilik təcrübəsi olan Heydər Əliyev bütün çətinlikləri, ağırlıqları çiyinlərinə götürərək ölkəni məhv olmaq təhlükəsindən xilas etdi və Azərbaycanı böyük gələcəyin yoluna çıxartdı.

Artıq bugünkü Azərbaycan yeni Azərbaycandır. Azərbaycanda son illər ərzində həyatın bütün sahələrində aparılan islahatların, görülən böyük işlərin uğurlu nəticələri respublikanın tərəqqisinin stimullaşdırılması üçün kifayət qədər güclü potensialın yaranmasına səbəb olub. İndi bütün sahələrdə nəzərə çarpacaq irəliləyişlər müşahidə edilməkdədir və şübhəsiz ki, qazanılmış nailiyyətlərin əsasında ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi müdrik siyasət və bu siyasətin möhtərəm dövlət başçımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.

Bu gün Azərbaycan Reşpublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin bir istiqaməti də azərbaycançılıq ideyalarının inkişafı, milli-mənəvi dəyərlərin yüksək səviyyədə həmişə sadiq qaldığı prinsiplərdən biri olmuşdur. Heydər Əliyevin həyatı boyunca tutduğu azərbaycançılıq ideologiyasının başlıca məqsədi müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsindən və xalqın mənlik şüurunun yüksəldilməsindən ibarət olmuşdur.

Milli ideologiya milli şüur kimi təcəssüm etdiyi üçün onun sosial bazasının formalaşması birbaşa iqtisadi dirçəlişlə bağlıdır. Odur ki, iqtisadi potensialın zəif olduğu ictimai mühitdə cəmiyyətin əqidə birliyi və mütəşəkkilliyini yaratmaq çətinləşir, şəxsi maraqlar milli mənafeləri üstələyir. Bu isə cəmiyyətin bütövləşməsi qarşısında çox ciddi maneəyə çevrilir.

İctimai şüurun bazasında milli şüurun yaradılması cəmiyyətin müstəqil, sərbəst və azad bir subyekt kimi formalaşmasında aparıcı amil olduğu üçün Heydər Əliyev Azərbaycan Respublikasının rəhbəri olduğu 1969-cu ildən başlayaraq ölkənin iqtisadi dirçəlişinə çox mühüm diqqət yetirdi. Sovet dövründə milli şüurun formalaşdırılmasının çox çətin problem olmasına baxmayaraq ümummilli liderimiz buna nail oldu. Müstəqillik dövründə isə milli şüurun formalaşdırılması üçün münbit şərait yarandı.

Heydər Əliyev hər bir azərbaycanlıya azərbaycançılıq təlqin etdi, ölkədə azərbaycançılıq iradəsinin bərqərar olmasına səbəb oldu. Məncə, bu, dahi şəxsiyyətin heç zaman unudulmayacaq tarixi xidmətlərindən biridir.

Otuz beş ildən artıq müddətdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət, bir millət kimi tarixin sınaqlarından çıxaran və dünya dövlətləri birliyinə qovuşduran ümummilli liderimiz Heydər Əliyev özünün güclü şəxsi keyfiyyətlərini geniş məkanda bir daha təsdiq edərək adını dünyanın məşhur dövlət xadimlərinin sırasına yazdı. Hələ sağ ikən xalqı qarşısında misilsiz xidmətləri ilə canlı əfsanəyə çevrilmiş və millətin mənəvi atası səviyyəsinə yüksəlmiş Heydər Əliyev fenomeninə maraq və hörmət günbəgün daha da artır,onun mahir idarəçilik istedadı bəşər mədəniyyətinin tərkib hissəsinə çevrilir.

Müasir Azərbaycanın tarixinin böyük bir hissəsi dünya şöhrətli siyasi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, respublikamıza başqaları kimi rəhbərlik etməyib. Ölkəsinin inkişafı, problemlərinin qayğısına qalıb. Xalqın şərəfini uca tutub. Ziyalılarımızı imperiya maşınının caynağından qoruyub. Elmi, təhsili inkişaf etdirib. Bütün sahələrdə milli kadrlarımızın hazırlanması işinə xüsusi diqqət və qayğı göstərib. İkinci dəfə Azərbaycana rəhbərlik etdiyi on ildə elə böyük problemləri həll edib ki, onu yarım əsrə güclə həll etmək olardı. Bunlar müdrikliyin, xalqa, Vətənə sevgisinin bəhəridir.

Heydər Əliyev müdrik şəxsiyyət idi. Onun şəxsi nüfuzu sayəsində ölkəmizin dünya dövlətləri arasında nüfuzu da yüksəldi. Heydər Əliyevin nadir siyasi zəkası və təcrübəsi sayəsində Azərbaycan Respublikası güclü iqtisadiyyata, güclü orduya malik, qanunların aliliyi təmin olunan bir dövlətə çevrildi.

Ümummilli liderimiz həmişə xalqın istək və arzularını ifadə edib, onların həyatda əksini tapmasına çalışıb. Bütün şüurlu həyatını buna həsr edib. Azadlıq, müstəqillik, demokratik cəmiyyət, hüquq bərabərliyi daim xalqımızın amalı olub. Bu amalı böyük azərbaycanlı Heydər Əliyev həyatda gerçəkləşdirdi və dünyaya sübut etdi ki, Azərbaycan xalqı qədim, zəngin mədəniyyətə malik, demokratik ruhlu, müdrik xalqdır. Bu xalq dünyanın inkişafına həmişə böyük töhfələr verib, bundan sonra da verəcək.

Beş ildən çoxdur ki, böyük öndərimizin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev bu ideyaları uzaqgörənliklə, peşəkarlıqla genişləndirir, xalqına,Vətəninə xidmətə yönəldir. Çünki xalqın da, rəhbərinin də amalı birdir. Xalq Heydər Əliyev ideyalarına tapınıb, ölkənin gələcəyinin bu ideyalarda olduğuna əmindir. Azərbaycan Prezidenti İlham Əliyev xalqın bu ideyalara Heydər Əliyev strategiyasına necə bağlı olduğunu çox gözəl qeyd edib: “Azərbaycan xalqı Heydər Əliyevə yalnız bir prezident kimi deyil, Azərbaycanın müasir inkişafına güclü təsiri olan bir şəxsiyyət, bütün həyatını xalqın inkişafına sərf etmiş bir insan kimi münasibət bəsləyir".

Aradan çox-çox zamanlar ötəcək, lakin Azərbaycan xalqının böyük öndər Heydər Əliyevə məhəbbət və ehtiramı bir damla belə əskilməyəcək, əksinə, onun ruhu daim böyük minnətdarlıq hissi ilə yad ediləcəkdir.

Kəmaləddin Həsənov

Gəncə regional ədliyyə

şöbəsinin rəisi

kaspi.-2014.-7 may.-S.10.