“İtaliyada Azərbaycan ədəbiyyatını
araşdıran tələbələr yetişdirirəm”
Məryəm
Mehdiyeva: “İşsizliklə mübarizə aparan italyan gənclər
üçün Azərbaycan perspektivli ölkədir”
“Palitra”nın xaricdə təhsil alan və ya burada uğurlu fəaliyyət göstərən istedadlı gənclərlə bağlı rubrikasının bu dəfəki qonağı gənc olmasına baxmayaraq, İtaliyada böyük uğurlara imza atan Məryəm Mehdiyevadır. Məryəm xanım haqqında təkcə bir maraqlı faktı qeyd etmək yerinə düşər ki, o italyan gənclərə azərbaycan dilini tədris edir. Bu bacarıqlı və savadlı gənclə olan müsahibəni oxuculara təqdim edirik.
- Öncə özünüz haqda ətraflı məlumat verərdiniz.
-Mən - Mehdiyeva Məryəm
1987-ci ildə anadan olmuşam. 1994-cü ildən 1999-cu ilə
kimi Eldar Məmmədov adına 189 saylı orta məktəbdə,
daha sonra Namiq Babayev adına 144 saylı orta məktəbdə
oxumuşam. 2005-ci ildə Azərbaycan Dillər Universitetinin Tərcümə
(italyan dili) fakültəsinə daxil olmuşam. Bu
universitetdə oxuduğum müddətdə dəfələrlə
İtaliyaya dil kurslarına getmişəm. Universiteti bitirən
kimi təhsilimi İtaliyada davam etdirməyə qərar verdim.
Hazırda da Perucada Beynəlxalq münasibətlər və
reklam fakültəsində təhsil alıram. Artıq iki ildir ki, Venesiyada
Ka Foskari Universitetində Azərbaycan dilini tədris edirəm.
-Yəqin
ki, sizdə Dillər Universitetində oxuduğunuz müddətdə
İtaliyaya dili kurslarına getdikdən sonra bu ölkədə
təhsil almaq marağı yarandı...
-Mənim
Azərbaycandakı ilk ali təhsilim də
italyan dili ilə bağlı idi. Yəni demək
istəyirəm ki, mən İtaliyanı 2005-ci ildən,
abituriyent olduğum zamanlardan seçmişəm. Təbii ki, o vaxtlar gələcəkdə
İtaliyaya gedə biləcəyim, hətta bu ölkədə
təhsil alacağım, daha sonra işləyəcəyim
ağlıma da gəlməzdi. Amma ingilis
dilini deyil, nadir, hamının bilmədiyi bir dili bilməkdə
bir fayda olduğunu anlamışdım. Dillər
Universitetində oxuduğum zaman bir neçə dəfə
İtaliyada olmuşam. O zaman burada təhsil imkanları
ilə maraqlanmışam. Çətin olsa da
burada təhsil almağın mümkünlüyünü
anlayıb cəhd etdim və alındı. Bir neçə ay ərzində əziyyətli bir
yol keçmişəm, sənəd yığmaq
üçün gah universitetə, gah tərcümə
üçün notariusa, gah da səfirliyə qaçdım.
İtaliyadan istənilən bəzi sənədləri
Azərbaycanda almaq asan deyil. Bir də sənəd
adi diqqətsizlik üzündən səhv olarsa, bir əziyyəti
iki dəfə çəkməli olursan. Dediklərim
şikayət kimi görünsə də, indi geriyə
baxıram, əziyyətlərim hər şeyə dəyərmiş.
-Bu
ölkənin təhsil sistemi necə, sizi qane edir?
Oxuduğunuz universitet barədə də ətraflı
danışardınız...
-Təhsil
sistemi fərqlidir. Burada kredit sistemidir və
universiteti bitirmək üçün 180 kreditin
olmalıdır. Hər verdiyin imtahan sənə
müəyyən sayda kredit verir. Kreditin
sayı isə imtahanın çətinliyindən və dərs
sayından asılıdır. Məsələn,
həftədə 3 dəfə olan dərsin imtahanı sənə
9 kredit qazandırır, həftədə bir dəfə olan fənnin
imtahanı isə 3 kredit. 12 kreditlik əlavə
fənn də seçə bilərik. Xarici
dil seçimi də özümüzə məxsusdur. İngilis və ispan dilləri məcburidir. Seçəcəyimiz dillər isə onların
sözü ilə desək, “uzaq dillər”dir. Yəni, ərəb,
çin, yapon və s. Mən ərəb dilini
seçmişdim. İndi də bu dili
elementar səviyyədə bilirəm. Bu mənim
universitetimin tətbiq etdiyi sistemdir, qalan universitetlər də
demək olar ki, eynidir. Ümumilikdə təhsilin
səviyyəsini isə yüksək qiymətləndirirəm.
Bizə dərs deyən professorlar təkcə
müəllimlik etmir. Hər birinin akademik
fəaliyyətdən əlavə başqa peşəsi də
var. Xüsusi hüquq fənnini eyni zamanda vəkil olan bir
professor tədris edir. Marketinq və sosial
araşdırmalar fənlərini Londonda biznesi olan bir xanım
tədris edir. Musiqi müəllimimiz Azərbaycana
da konsertə dəvət olunmuşdu. Vizual
rabitə dərsini məşhur dizayner deyir. Sanki dərs keçməyə deyil, öz təcrübələrini
bizimlə bölüşməyə gəlirlər.
Bizim universiteti bitirən tələbələrin böyük
qismi iş həyatında rahatlıqla addım atır. Mənfi
xüsusiyyətlər bürokratiya ilə bağlı ola bilər. Bir şeyi anladım
ki, hansı ölkədə olursan ol, işini ehtiyatlı
tutmalısan, heç kimə güvənməməlisən.
Mən, məsələn, sənədləri
poçtla göndərdikdən bir neçə gün sonra
universitetə zəng edərək zərfi
alıb-almadıqlarını soruşuram.
-İtalyanlar da bizim kimi temperamentli olurlar. Ümumiyyətlə,
bu xalqın həyat tərzi haqqında
danışardınız.
-Mənim
üçün bütün insanlar eynidir. Fərq
qoymamağa çalışıram. Amma
italyanlar gülərüz, yeyib-içən, deyib-gülən
xalqdır. Düzdür, son zamanlar iqtisadi
böhranla əlaqədar çox dəyişiblər. Kasıb təbəqədə bir aqressivlik
müşahidə edirəm. Xüsusilə
də siyasətçilərə, məşhurlara və
varlılara qarşı. “Biz çətinlik
çəkirik, siz heç nə itirmirsiniz” deyirlər, “olan
kasıba olur” deyirlər. Xoşbəxtlikdən
mənim işim gənclərlədir, onlar da gələcəyə
ümidlə baxırlar.
-Azərbaycanlılar necə,
çoxdurlarmı, aktivdirlərmi?
-Çox
deməzdim. Az da olsaq, yüksək səviyyədə
təmsil etməyə çalışırıq ölkəmizi.
-İtaliyada təhsillə
yanaşı ictimai diaspor işləriniz olurmu? Qatılırsınızmı Azərbaycanla
bağlı tədbirlərə?
-Əlimdən gəldiyi qədər bu işlərə
də vaxt ayırıram. Burada Fərid Abbasovun
sədrlik etdiyi AİYA (Azerbaijani-İtalian Youth Association) təşkilatının
Venesiya və Peruca üzrə koordinatoruyam. Təşkilatın
fəaliyyəti, məqsədi İtaliyada təhsil alan azərbaycanlı tələbələrə
hər cəhətdən kömək etmək, italyan və azərbaycanlı
tələbələr arasındakı əlaqələri
möhkəmləndirmək və ən əsası, Azərbaycanı
layiqincə təmsil etməkdir. İtaliyada Azərbaycanla
bağlı konfranslarda və tədbirlərdə də
iştirak etməyə çalışıram. Yaxında Romada 28 May Respublika Gününə aid tədbir
olacaq. Həm unutmayın ki, mənim
Venesiyadakı işim Azərbaycan dilinin və mədəniyyətinin
ən effektiv şəkildə təbliğidir. Mən Azərbaycan dilində danışan, Dədə
Qorqudu oxuyub tərcümə edən, diplom işini Azərbaycan
ədəbiyyatı ilə bağlı yazan tələbələr
yetişdirirəm.
- Bəxtiniz
bir də ona görə gətirib ki, dünyanın ən
gözəl şəhərlərindən olan Venesiyada
yaşayırsınız.
-Bəli,
həqiqətən də bu, mənə müsbət enerji
verir. Venesiya dünyanın ən gözəl, ən
fərqli şəhərlərindəndir. 400-dən çox körpü əlaqələndirir
bu şəhəri. Venesiya avtomobil sürə
bilməyəcəyin bir yerdir. Amma buna rəğmən
yolun məşhur körpülərdən birinin üstündən
keçirsə, turistlərin əlindən tıxacda
ilişib qalırsan. Möcüzəli bir
yerdir, günün hər saatında fərqli rənglərə
boyanır. Başdan başa tarixdir, bir incəsənət
əsəridir. Məşhur San Marko
meydanı isə axşamları canlı orkestrə qulaq
asıb rəqs edə biləcəyin nağıllar aləmidir.
-Venesiyanın
ən prestijli universitetində dərs deyən ilk azərbaycanlı
müəlliməsiniz. Bu fəaliyyətiniz barədə
də geniş danışardınız.
-Öncə
deyim ki, bu, Azərbaycanın İtaliyadakı səfirliyinin təşəbbüsüdür.
Ümid edirəm ki, onların Ka Foskari
Universiteti ilə əməkdaşlıqları uzun sürər.
Venesiyadakı işim həftədə iki dəfə
Azərbaycan dilini tədris etməkdir. Bundan
başqa həftədə bir dəfə Ural-altay
filologiyası fənni çərçivəsində seminar
keçirəm. Azərbaycan dilini və ədəbiyyatını
çox sevən və hər zaman yüksək qiymətləndirən
bir professorun məsləhəti ilə bu seminarı Dədə
Qorqud dastanına həsr etməyi qərara aldıq. Qeyd edim ki, bu əsər tələbələrin
böyük marağına səbəb oldu. Mən də
fürsətdən istifadə edib qəhrəmanlıq
dastanı ilə yanaşı uşaqları oğuz elinin adət-ənənəsi
ilə də tanış etməyə
çalışıram. Çoxları
“italyanlar azərbaycanca niyə öyrənsin?” deyirlər.
Bilmirlər ki, o universitetdə bizimlə sərhəd
olan bütün ölkələrin dili öyrənilir. Türkcə, rusca, farsca, hətta gürcü və
ermənicə. Bizim dilimizi niyə öyrənməsinlər
ki? Biz onlar üçün inkişaf
imkanları geniş olan bir neft ölkəsiyik. İşsizliklə mübarizə aparan gənclər
üçün Azərbaycan perspektivli bir ölkədir.
-Belə
başa düşdüm ki, sayənizdə Venesiyada Azərbaycanı
yetərincə tanıyırlar...
-Bəli.
Özü də təkcə universitet
mühitində deyil. Ümumiyyətlə, Azərbaycan
keçən il Venesiyada bir çox ilklərə
imza atdı. Bir il bundan qabaq Biennale adlanan
incəsənət tədbirində ölkəmiz ilk dəfə
iştirak etdi və çox böyük uğur qazandı. Azərbaycanın reklamı Venesiyadakı nəqliyyat
vasitələrində də yerləşdirildi. Tələbələr hələ də Azərbaycan
pavilyonunun gözəlliyindən danışır, tədbirdə
paylanan Azərbaycan yazılı çantalarla dərsə gəlirlər.
- Bildiyim qədərilə tərcüməçi
olduğunuzu da unutmursunuz. Bu sahədə də
fəaliyyət göstərirsinizmi?
-Bəli.
Tərcüməçiliyi də sevirəm.
İnsan fərqli mühitlərə
düşür. Turistlərlə turist
olub gəzir, alimlərlə, tədqiqatçılarla məlumatlanır,
fabrikdə fəhlə olur, futbolda stadiona enir, qalibiyyət və
ya məğlubiyyət həyəcanı yaşayır,
konsertlərdə də həm işləyir, həm də əylənir.
Bu arada qeyd edim ki, “Neftçi” komandası
İtaliyanın məşhur “İnter” komandası ilə
oynayarkən stadionda tərcüməçi mən
olmuşdum.
- İtalyan gənci ilə
azərbaycanlı gənci arasında necə müqayisə
aparmaq olar?
- İnsanlar hər yerdə eynidir. Hər şey gəncin aldığı ailə tərbiyəsindən və qarşısına qoyduğu məqsədlərdən asılıdır. Təbii ki, yaşadığın ölkə, aldığın təhsil, ümumiyyətlə, cəmiyyət müəyyən təsir göstərir, amma hər şeydən əvvəl insanın öz prinsipləridir. İsti evi, işığı, normal qidası, müəllimlərlə fərdi məşğələyə verəcək pulu olmayan o qədər gənc istədiyinə nail olur ki. Nə qədər insan da əlində olan bütün imkanları puç edir. Azərbaycan ya İtaliya, fərqi yoxdur, gənc və güclü olmağından istifadə etməlisən! Bütün işləri görüb təcrübə toplamalısan. Bu gün italyan gənci də, azərbaycanlı bir gənc də mübarizələrlə dolu bir cəmiyyətdə yaşayır. Ona görə hər kəs özünə bir yol seçib arzularına doğru hərəkət etməlidir.
- Gələcək
planlarınız nələrdən ibarətdir? Ümumiyyətlə,
Vətənə qayıdıb biliklərinizi burda da tətbiq
etmək fikriniz varmı?
-Mən də gənc olduğuma görə planlarım da çox olmalıdır, deyilmi? Hamısını da sıra ilə həyata keçirirəm. İlk iş universiteti bitirməkdir. İşlə üst-üstə düşdüyü üçün bəzən oxumağı təxirə salıram. Azərbaycana gəlmək məsələsinə qayıtdıqda isə, mən Azərbaycandan getməmişəm ki. İlin ən azı yarısını Bakıda keçirirəm artıq. Burada da boş durmuram, həmişə işim olur. İtaliyada yaşadığım müddətdə də Azərbaycanla bağlı işlər görürəm. Ona görə də özümü sizdən çox uzaq hiss etmirəm.
- İtaliyada təhsil
almaq, bura üz tutmaq istəyən gənclərə hansı
məsləhətləri verərdiniz?
-Əsas səbirli olsunlar. Sənəd işi və həvəsdən salmaq üçün verilən məsləhətlər sizi yora bilər. Mən İtaliyaya getdiyim vaxt tək idim, bu qədər imkanlar yox idi. Bəlkə də mən kifayət qədər məlumatlı deyildim. Hər şeyi özüm həll etməli idim. İndi dövlət özü xaricdə təhsilə daha çox diqqət və vəsait ayırır. Məlumatlanmaq üçün də daha çox vasitə var. Məhz İtaliyaya gəlmək istəyənlər AİYA-a üzv olub lazım olan məlumatı artıq burada təhsil alan gənclərdən də ala bilərlər. Amma harada və hansı fakültədə oxumaq istədiklərinə qərar verib sonra kimdənsə kömək istəsinlər. Bəzi adamlar “mən İtaliyaya necə gələ bilərəm” soruşub hər şeyi sənin onların əvəzinə etməyini gözləyirlər. Soruşanda ki, sən gəlib hansı fakültədə oxumaq istəyirsən, deyirlər bilmirəm, nə olursa olsun. Bax, burada nə mən, nə də başqa biri sizə kömək edə bilər. Hər universitetin öz qəbul qaydası var, hər biri də fərqli sənədlər və rekvizitlər tələb edir.
-Sonda bizə
arzu, təklif və istəyiniz?
-Sizə tək arzum, daim oxucularınıza sadiq, cəmiyyətə isə xeyirli olmağınızdır. Təşəkkür edirəm diqqət ayırdığınız üçün və təklifim odur ki, həmişə gənclərə geniş yer ayırasınız.
Tural
Tağıyev
Palitra.-2014.-7 may.-S.7.