“Cəfər Cabbarlının hələ
də işıq üzü görməyən
əsərləri var”
Müsahibimiz Cəfər Cabbarlının ev muzeyinin direktoru
Qəmər Seyfəddinqızıdır:
- Qəmər xanım, Cəfər Cabbarlının ev muzeyinin bugünkü fəaliyyəti və Cəfər Cabbarlının 115 illiyi ilə əlaqədar hansı tədbirlər görülür?
- İlk öncə onu qeyd etmək istəyirəm ki, Cəfər Cabbarlının ev muzeyi artıq 35 ildir ki, fəaliyyətdədir. 1979-cu ildən ümummilli lider Heydər Əliyevin sərəncamına əsasən, muzey fəaliyyətə başladı. 1982-ci il martın 22-də Heydər Əliyevin şəxsən iştirakı ilə muzeyin rəsmi açılışı oldu. Çünki həmin il Cəfər Cabbarlının 80 illik yubileyi ilə bağlı sərəncam verildi. Bu tədbirlər çərçivəsində həm ev muzeyi açıldı, həm də heykəltəraş, Xalq rəssamı Mirəli Mirqasımovun işlədiyi möhtəşəm abidənin 28 May meydanında açılışı oldu.
Biz 35 il ərzində Cəfər Cabbarlının adına layiq iş görməyə çalışdıq. Bu işlərin arasında bir çox layihələri həyata keçirdik. Bizim çox uğurlu layihələrimiz də olub. Bunlardan bir neçəsini qeyd etmək istəyirəm.
Cəfər Cabbarlının ev muzeyi olaraq əsas işimiz muzeydə Cabbarlının həyat və yaradıcılığını təbliğ etməkdir. Bizim ekspozisiya otaqlarında Cəfər Cabbarlının həm özünə, həm ailəsinə, həm də yaradıcılığına həsr olunan bir çox eksponatlar var. Muzey açılanda burada 57 eksponat var idi. Artıq bizim 10 mindən çox eksponatımız var. Yəni bu 35 ildə eksponatlarımızın sayını artırdıq. Mən fəxrlə deyə bilərəm ki, muzeyimiz respublikamızda artıq bir sənət ocağına çevrilib. Həm ziyalılar, həm də məktəblilər bizə müraciət edirlər. Təkcə ekspozisiyaları ziyarət etmək üçün deyil, biz onlara həm də materiallarla kömək edirik.
Layihələrə gəldikdə isə Cəfər Cabbarlının bir neçə kitabı bizim layihələrimiz əsasında işıq üzü görüb. Düzdür, bizim əməkdaşlarımız vaxtaşırı mətbuatda və televiziyada çıxış ediblər. Amma bundan əlavə biz böyük ədibin kitablarını oxuculara çatdırmağı özümüzə borc bildik. “Mənim tanrım gözəllik” adlı kitab 2000-ci ildə nəşr olunub. Bu kitabda Cabbarlının həm oxucularımıza məlum olan, həm də bizim bilmədiyimiz əsərləri çap edilib . Bildiyiniz kimi, uzun illər sovet hakimiyyəti dövründə Cəfər Cabbarlı yaradıcılığının bir sıra məqamları qaranlıq idi. Onun bir sıra əsərlərini nəşr olunmasına icazə verilmirdi. Təbii ki, xalqımız bu əsərlərdən xəbərsiz idi. Bu əsərlərin arasında “Ədirnə fəthi”nin, “Trablis müharibəsi”nin adını çəkə bilərəm. Bu əsərlər türk tarixindən bəhs etdiyinə görə sovet hakimiyyəti illərində demək olar ki, əsərlər həm repertuardan çıxarıldı, həm də ümumiyyətlə qadağan edildi. Müstəqilliyimizi əldə etdikdən sonra tədqiqatçı alimlərimiz Cabbarlı yaradıcılığı ilə bağlı bir sıra tədqiqatlar apardılar və bu əsərləri oxucularımızın ixtiyarına verdilər. Biz çalışdıq ki, bu əsərlər latın əlifbası ilə çap olunsun.
“Mənim tanrım gözəllik” adlı kitabda Cabbarlının demək olar ki, müxtəlif janrlarda yazdığı əsərləri toplanıb. Kitabda Cabbarlının həm şeirləri, məktubları, hekayələri, həm də bir sıra dram əsərlərini dərc etdik. Bunların içində “Ədirnə fəthi”ni və “Trablis müharibəsi”ni də nəşr elədik. Çox təəssüf hissi ilə bildirmək istəyirəm ki, Cabbarlının bir sıra əsərləri var ki, onlar hələ də işıq üzü görməyib.
Son illərdə aparılan tədqiqat işləri ilə bağlı professor Asif Rüstəmlinin adını xüsusilə çəkə bilərəm. Asif müəllim uzun illərdir ki, Cabbarlı yaradıcılığının tədqiqatçısı kimi dəyərli işləri ilə tanınır. Son illərdə apardığı tədqiqatlar arasında Cabbarlının şəxsi həyatı və fəaliyyəti ilə bağlı bir sıra maraqlı faktları üzə çıxarıb. Onu da qeyd etmək istəyirəm ki, Cəfər Cabbarlının əsərlərindən əldə etdiyimiz materiallardan müəyyənləşdirdik ki, 1923-cü ildə Cəfər Cabbarlı bir istiqlalçı kimi öz dostları ilə birlikdə həbs olunub. Həbs olunduğu dövrdə onun evində axtarışlar aparılarkən onun bir sıra əsərləri müsadirə olundu. Bu əsərlər arasında Cabbarlının “Bakı müharibəsi” əsəri də var. Cəfər Cabbarlı bu əsəri 1918-ci ildə baş verən Bakı soyqırımına həsr edib. Bu əsər həm də səhnələşdirildi. Çox təəssüf ki, bu əsəri də müsadirə olunan əsərlər arasında yox etdilər. Bu günə qədər də bu əsər haqqında heç bir məlumat yoxdur. Amma əsərin proqramı qalıb və proqramdakı obrazlardan məlum olur ki, Cabbarlı hansı fikirləri söyləmək istəyib.
Həmin ildə bu mövzuya bir çox əsərlər həsr olunub. Hətta Cəfər Cabbarlının ən yaxın silahdaşlarından olan Mirzə Bala Məhəmmədzadənin də “Bakı uğrunda müharibə” adlı əsəri var idi. Amma Cabbarlının əsəri haqqında oxuduğumuza görə əsər çox dəyərli və maraqlıdır. Həm də digər əsərlərdən seçildiyinə görə çox böyük nüfuz qazanmışdı.
Bundan başqa “Araz çayı” əsəri də əlimizdə yoxdur. Sadəcə ondan olan bəzi nümunələr əlimizdə var. Onlar da əlyazılarıdır. Yaxşı olar ki, yeni tədqiqatlar nəticəsində bu əsərlər də üzə çıxardı.
Biz “XX əsr Azərbaycan İncəsənətinin inkişafında Cəfər Cabbarlının rolu” adlı monoqrafiyanı kitab şəklində nəşr etdik ki, oxucularımız Cabbarlının incəsənətin müxtəlif sahələrindəki fəaliyyəti ilə də tanış olsunlar. Çünki hər kəs elə bilir ki, Cabbarlı ancaq dramaturgiya ilə məşğul olub. Cəfər Cabbarlı incəsənətin bütün sahələrində çalışıb. Amma dramaturq kimi daha gözəl əsərlər yazdığına görə, digər sahələrdəki işi diqqətdən kənarda qaldı. 1920-1927-ci illərdə sovet hakimiyyəti qurulduqdan sonra tərcüməçi kimi çalışdı. Bu kitabda Cabbarlının həm tərcüməçilik fəaliyyətindən, həm də bir sıra əsərlərinə bəstələdiyi mahnılardan və kinodakı fəaliyyətindən məlumat verdik.
Daha sonra isə Cəfər Cabbarlının ev muzeyi və “Kitab evi” ictimai birliyinin birgə nəşri olan “Turan ellərinə salam” kitabı işıq üzü gördü. Bu kitaba da Cabbarlının müxtəlif janrlarda yazdığı əsərlərdən nümunələr daxil etdik.
Böyük həyəcanla çalışdığımız layihələrimizdən biri də Cabbarlının tərcümə etdiyi əsərlərin toplusundan ibarət bir kitab nəşr etməkdir. Bu layihəmizdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi dəstək oldu. Yaxın günlərdə bu kitab ictimaiyyətə təqdim olunacaq.
2001-ci ildə isə Cabbarlının sözlərinə bəstələnən mahnılar toplusunu “Azad bir quşdum” adı ilə audio-disk şəklində hazırladıq. Mahnılar Vüqar Camaflzadə tərəfindən aranjeman olundu.
Muzeyin ən böyük layihələrindən biri də 2001-ci ildə Cəfər Cabbarlı mükafatının təsis olunmasıdır. Cabbarlının 100 illiyi ilə əlaqədar BP şirkətinin sponsorluğu ilə bu mükafatı təsis etdik. Mükafatın ilk təqdimatını da 2001-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirdik. Cabbarlı mükafatının ilk I yerə C. Cabbarlının “Aydın” tamaşasının rejissor işinə görə Mikayıl Mirzə layiq görüldü. II yerə isə “Sevil” operasında ən yaxşı kişi obrazına görə Azər Zeynalov, ən yaxşı qadın obrazına görə Zemfira İsmayılova layiq görüldü. Bu mükafata bir müddət ara verildi. Daha sonra qərara aldıq ki, hər il bu ənənəni davam etdirək və Cəfər Cabbarlını doğum günü ərəfəsində yad edək. Çünki bu mükafat ictimaiyyət tərəfindən böyük maraq doğurdu. Cəfər Cabbarlı adına Mədəniyyət Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri Gülarə Cabbarlı və Cəfər Cabbarlının ev muzeyi bu mükafatları təqdim etməyi qərara aldı. Bildiyiniz kimi Cabbarlı teatr və kino xadimi olub. Biz də qərara gəldik ki, müxtəlif nominasiyalar üzrə mükafatı yenidən təqdim edək. Onu da qeyd edim ki, biz 2012-ci ildə Cəfər Cabbarlı mükafatını Türkiyədə təqdim etdik. Çünki professor Asif Rüstəmlinin “Cəfər Cabbarlının həyatı və mühiti” adlı böyük bir əsəri çap olundu. Bu əsər Türkiyə türkcəsinə tərcümə olundu və “Manas” nəşriyyatında işıq üzü gördü. Bildiyiniz kimi Cəfər Cabbarlı çox böyük bir türkçü olub. O, bütün əsərlərində türkçülüyü təbliğ edib. Çox təəssüf doğuran bir haldır ki, Türkiyədə Cabbarlının əsərləri nə çap olunub, nə də tamaşaya qoyulub. Cabbarlı haqqında ilk kitab Türkiyədə “Manas” nəşriyyatında tərcümə olundu və oxuculara təqdim edildi. Həm bu əsərin tərcüməçisinə, həm də “Manas” nəşriyyatının direktoruna və ön sözü yazan professor Əhməd Buraka bu mükafat təqdim olundu. Bu təqdimat həqiqətən də çox yaxşı keçirildi. Keçən il Azərbaycan teatrının 140 illik yubileyi ilə əlaqədar bu mükafatı teatr və kino xadimlərinə təqdim etdik.
Bu il Cəfər
Cabbarlının 115 illiyidir.
Bu yubiley münasibətilə
inşallah, bu mükafatı təqdim edəcəyik. Bu işdə bizə Bakı Şəhər Mədəniyyət və
Turizm İdarəsi də çox böyük köməklik
göstərir.
- Cəfər Cabbarlının ev
muzeyində yeni eksponatların tapılacağına
ümid varmı?
- Əlbəttə. Biz həmişə axtarışdayıq. Cəfər Cabbarlının yaradıcılığı o qədər zəngindir ki, hər dəfə bir yenilik görürsən. Cəfər Cabbarlının Azərbaycan bayrağına həsr etdiyi bir neçə şeiri var. Bunlardan biri “Azərbaycan bayrağına”, biri də “Sevdiyim” adlanır. Cəfər Cabbarlının bir neçə şeirinə mahnı bəstələnib. Bu şeirə də Vüqar Camalzadə gözəl bir mahnı bəstələyib. Mahnını Fidan Hacıyeva ilə Fərid Əliyev ifa etdi. Hətta mahnıya klip də çəkildi. Bizim Vüqar Camalzadə ilə çox gözəl layihələrimiz olub.
Bir başqa şeirə isə Emin Sabitoğlu mahnı bəstələyib. Gülarə xanım Emin Sabitoğlu ilə ailəvi dost idilər. Gülarə xanım Emin müəllimdən Cəfər Cabbarlının Sona xanıma yazdığı “Olmasın” adlı şeirinə mahnı bəstələməyini xahiş etdi. Cabbarlı bu şeiri həbsdə olarkən yazıb. Emin müəllim bu şeirə çox gözəl bir mahnı bəstələdi. Bu mahnını Azər Zeynalov ifa etdi. Nə yaxşı ki, biz bu layihəni gerçəkləşdirdik. Bu mahnı bizə Emin Sabitoğludan yadigar qaldı. Bu muzey üçün maraqlı layihə oldu.
Cabbarlı hələ 12-13 yaşında
olarkən, bir romanı var idi. Roman ərəb əlifbası ilə yazıldığı üçün
biz onu oxuya bilmədik. Asif müəllim bu
barədə bizə məlumat verib. Amma əsər tamamlanmayıb.
Əsərdə o vaxtkı Bakının
həyatı, mühiti,
Bakı camaatını,
diqqətindən yayınmayan
bütün hadisələri
göstərməyə çalışıb.
Bu əsər hazırda Teatr Muzeyindədir. Ona aid olan
bir çox eksponatlar Azərbaycanda olan ayrı-ayrı muzeylərdə qorunur.
Məsələn, Nizami
adına Ədəbiyyat Muzeyində,
Əlyazmalar İnstitutunda
onun bir çox əlyazmaları
var. Çünki o vaxt
Cəfər Cabbarlının
ev muzeyi yox idi. Bildiyiniz kimi
Teatr Muzeyi Cəfər Cabbarlının
adını daşıyır.
Teatr Muzeyinin yaradılmasında
Cəfər Cabbarlının
böyük rolu olub. Daha sonra Teatr Muzeyində
Sona xanım 25 il direktor
vəzifəsində çalışıb.
Gülarə xanım da Teatr Muzeyində çalışıb. Kiminsə arxivində
Cabbarlının hansısa
bir əsəri olanda bu bizim
üçün böyük
bir hadisəyə çevrilir. Bildiyiniz kimi,
1937-ci ildə Azərbaycanın
bir çox görkəmli şəxsiyyətləri
həbs olundu və güllələndi.
Onların arasında Cabbarlının
yaxın dostları da var idi
və onların da arxivlərini məhv edirdilər. Bəzən başqa arxivlərdən də Cabbarlıya aid nəsə tapıla bilər. Yəni Cabbarlıya aid nəsə
oldu, biz onu fondumuza daxil edib ev muzeyində qoruyuruq.
- Muzeyin gələcək fəaliyyəti
ilə əlaqədar
hansı layihələri
düşünürsünüz?
- Muzeydə aparılan təmir işləri ilə bağlı ekspozisiyanı saxladıq.
Bədii
tərtibat işlərini
quranda çalışacağıq
ki, həm muzeyə gələn tamaşaçılar, həm
də Cabbarlının
yaradıcılığı ilə maraqlananlar üçün maraqlı
olsun. Cabbarlının yaradıcılığı zəngin olduğu üçün bizim eksponatlarımız da çoxdur. Ekspozisiya açıq olanda
biz eksponatları vaxtaşırı
olaraq dəyişib yeniləyirik.
Biz müstəqillik əldə
etdikdən sonra Cabbarlının Cümhuriyyət
dönəmindəki fəaliyyətini
əks etdirən bir sıra yeni
materialları ekspozisiyamıza
daxil etdik.
Cabbarlının 1918-1920-ci illərdəki fəaliyyəti
ilə bağlı olan bir
sıra əsərlərindən materialları nümayiş etdirdik. Orada Azərbaycan bayrağına olan şeir haqqında məlumat
və şeirdən nümunələr var
idi. Yəni biz
çalışırıq ki, yeni çıxan faktlar
haqqında məlumat verək.
Xəyalə
GÜNƏŞ
Palitra.-2014.-8 may.-S.12.