Dövlət gənclərin fiziki və mənəvi inkişafı üçün geniş imkanlar yaradıb
Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Respublikada dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirərək bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Əgər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsi diqqət mərkəzində idisə, Azərbaycan müstəqillik qazandıqdan, daha dəqiq desək, 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra onların dövlət idarəçiliyində irəli çəkilməsi prioritet məsələ oldu.
Belə ki, Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında ümummilli liderin təşəbbüsü və iştirakı ilə keçirilən gənclərin I Forumunun xüsusi rolu oldu. 1996-cı il fevralın 2-də keçirilən bu forum ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi. 1997-ci ildə Heydər Əliyevin sərəncamı əsasında I Forumun keçirildiyi tarix-yəni 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Sonrakı illərdə- 1999, 2003, 2005, 2008 və 2011-ci illərdə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərimizin fəaliyyət istiqamətlərinin genişləndirilməsində əhəmiyyətli rol oynadı. 1996-cı il fevralın 2-də keçirilən I Forumda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoyub: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir. Azərbaycan gənclər ölkəsidir! Belə olan halda gənclərə daha da geniş imkanlar yaratmaq, geniş yollar açmaq lazımdır. Xalqın dəstəyi, etimadı, gənclərin Azərbaycanın dövlət siyasətinə verdiyi dəstək və bu siyasətin həyata keçirilməsində fəal iştirakı bizim bugünkü və gələcək nailiyyətimizin əsasını təşkil edir". Ulu öndər gənclərə milli-mənəvi dəyərlərimizin aşılanmasını həmişə diqqət mərkəzində saxlayırdı. O, öz çıxışlarında və görüşlərində bu sahəyə xüsusi fikir verməyin önəmli olduğunu dəfələrlə vurğulayırdı: "Gənclərin tərbiyəsində milli, dini adət və ənənələrimizdən istifadə etmək lazımdır. Əsrlərin dərinliyindən bu günə gəlib çatan adət-ənənələrimiz həmişə adamları saflığa, təmizliyə dəvət etmişdir. Milli və dini adət-ənənələrimiz məhz bu prinsiplərə əsaslanır. Bu gün biz də gəncləri paklıq, saflıq, yüksək əxlaq, yüksək mənəviyyat ruhunda tərbiyə etməliyik".
Gənclərimiz də Heydər Əliyevin onların qarşısında qoyduğu vəzifəni yerinə yetirməyə çalışırlar. Bu gün gənclər dövlət tərəfindən təşkil olunan və onların fiziki və mənəvi inkişafına yardım edən şəraitdən faydalanırlar. Hazırda gənclərimiz dünyanın bir çox ölkələrində təhsil alır, müxtəlif beynəlxalq idman yarışlarında iştirak edir, həmçinin mədəniyyət sahəsində beynəlxalq müsabiqələrə qatılırlar. Gənclər hər zaman Heydər Əliyevin ideyalarını yaşatmağa çalışırlar. Onlar ulu öndərə olan sevgisini nümayiş etdirmək üçün müxtəlif inşa yazı müsabiqələrində iştirak edir, yaxud onun doğum günü ilə əlaqədar rəsm sərgiləri təşkil edir, müxtəlif idman yarışlarına qatılırlar və s.
Bugünlərdə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ölkəmizin müxtəlif bölgələrində gənc rəssamların sərgisi keçirilir ki, bu da gənclərin məhz ulu öndərə olan böyük sevgisini təzahürüdür. Belə tədbirlərdən biri kimi Xəzər rayonunun Gənclər Evində gənc rəssamların sərgisi təşkil olundu ki, Xəzər rayonunun Gənclər Evində gənc rəssamların sərgisi təşkil olunub. YAP Xəzər rayon təşkilatının, Xəzər Rayon İcra Hakimiyyətinin və Xəzər İnkişaf Fondunun birgə təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimləri, rayon ictimaiyyətinin nümayəndələri, gənc fəallar iştirak ediblər. Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinin, ölkədə dinamik sosial-iqtisadi inkişafın təmin edilməsinin, demokratik-hüquqi, vətəndaş cəmiyyətinin yaradılmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd olunub ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi qiymətli xəzinədir. Ona görə də, bu zəngin irs daim öyrənilməlidir. Bildirilib ki, Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə Quba rayonunda gənclər üçün elmi seminarın, internat və uşaq evlərindəki valideyn himayəsindən məhrum olan şagirdlər üçün müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Daha sonra Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək ulu öndər Heydər Əliyevin gənclərin hər zaman himayədarı olduğunu, onların problemlərini daim diqqət mərkəzində saxladığını, gənc nəslin sağlam ruhda tərbiyə olunması, onların zamanın tələbinə uyğun hərtərəfli inkişaf etməsi üçün bir sıra mühüm işləri həyata keçirdiyini diqqətə çatdırıb. Qeyd olunmuşdur ki, əsası ümummilli lider tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Respublikamızda gənclərin yüksək səviyyədə yetişməsi, onların müasir tələblərə uyğun təhsil almaları, həmçinin ölkəmizi beynəlxalq aləmdə layiqli təmsil edə bilmələri üçün münbit şərait yaradılıb. Bütün bunların nəticəsidir ki, artıq Azərbaycan gənclərinin nümayəndələri dövlət idarəçiliyi sistemində təmsil olunurlar. Sonra iştirakçılar gənc rəssamların sərgisi ilə tanış olublar. Sərgi iştirakçılarına Xəzər İnkişaf Fondu tərəfindən hədiyyələr təqdim olunub. Sərgi mayın 10-dək davam edəcək.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə 5 may 2014-cü il tarixində Heydər Əliyevin doğum günü münasibətilə “Azərbaycan və azərbaycanlılar” adlı sərgi keçirilib. Sərginin açılış mərasimində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəhbər heyəti, bir sıra rəsmi şəxslər, Azərbaycanın tanınmış rəssamları ilə yanaşı, tələbə və gənc rəssamların da əsərləri nümayiş olunur. Nümayiş olunan əsərlər müxtəlif texnika və üslubları əhatə edir. Sərgilənən əsərlər rəngkarlıq, qrafika, qobelen və digər üslublarda nümayiş olunur. Süjet xətti olaraq, ümummilli lider Heydər Əliyevin portretlərini əks etdirən rəsmlərlə yanaşı, Azərbaycanın ən görkəmli məkanları, zəngin təbiəti, tarixi abidələri, dünəni və bugününü tərənnüm edən sənət nümunələri sərgilənməkdədir. Sərgi bir həftə davam edəcək.
Azərbaycanın Macarıstandakı səfirliyi “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi ilə birgə mayın 13-dən 16-dək Budapeşt şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Azərbaycanın gənc rəssamları Macarıstanda” adlı sərgi keçirəcək. “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin məlumatına görə, məqsəd Azərbaycanın gənc rəssamlarının istedadını bir daha nümayiş etdirmək, onların yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaratmaq, mədəniyyətlər arası dialoqun inteqrasiyasının vacibliyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, eyni zamanda Prezident İlham Əliyevin öz çıxışlarında daim vurğuladığı azərbaycanlılar arasında həmrəyliyin Azərbaycan dövlətinin qüdrətlənməsində və inkişafında əsas şərt kimi irəli sürülməsinə bir daha diqqəti cəlb etməkdir.
Mədəniyyət və Turizm Nazirliyi və KOQART qalereyasının təşkilati dəstəyi ilə reallaşacaq sərgidə iştirak etmək üçün Azərbaycandan geniş nümayəndə heyəti mayın 13-dən 19-dək Macarıstanda səfərdə olacaq. Sərgidə 29 rəssamın 120 əsəri nümayiş etdiriləcək. Mərkəzdən onu da bildiriblər ki, bu ilin əvvəlindən Heydər Əliyev Fondu tərəfindən Budapeştdə görmə qabiliyyəti zəif olan uşaqlar üçün yeni layihənin icrasına başlanılıb. Ona görə də sərginin aksiya şəklində keçirilməsi planlaşdırılıb. Sərgidə satışa çıxarılacaq əsərlərdən əldə olunacaq gəlirin 25 faizi səfirliyin xətti ilə görmə qabiliyyəti zəif olan uşaqların hesabına köçürüləcək.
Azərbaycanın gənc rəssamları Macarıstanın görməli yerlərini ziyarət edəcək, Avropanın mədəniyyət mərkəzi sayılan Vyana şəhərinə bir günlük səfər edəcəklər.
Sərginin açılışı mayın 14-də KOQART qalereyasında olacaq və 3 gün davam edəcək. Sonda iştirakçı rəssamlara və KOQART qalereyasının rəhbərliyinə sertifikatlar təqdim olunacaq.
Gənc rəssamlar Heydər Əliyevə həsr
etdikləri əsərlərini təqdim etməklə bir daha öz
istedadlarını nümayiş etdirirlər.
Bu imkanlar isə
onların mənəvi inkişafında mühüm
rol oynayır.
Nigar Abdullayeva
Palitra.-2014.-8 may.-S.11.