Gəncin zehni
baxımdan inkişafı və mütəxəssis kimi formalaşması üçün
müəllimdən həm də alimlik tələb
olunur
Müəllim tələbələrə
həm də yeni bilik axtarılması yollarını öyrətməli,
tədqiqat vərdişləri aşılamalıdır
Yeniyetmə və gənclərin zehni baxımdan inkişafında, bir şəxsiyyət kimi formalaşmasında təhsilin rolunun əvəzsiz olduğu aksiomdur. Ümumiyyətlə, indiki zamanda adamın sosial varlığa çevrilməsi prosesində təhsil, savad, bilik həlledici rol oynayır. Bu məsələ ilə bağlı bizə fikirlərini bildirən filosof, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov da dedi ki, bu məsələdə təhsil və elmin mahiyyəti, həmçinin inkişaf etmiş ölkələrdə bu sahədə yüz illər boyu əldə olunmuş təcrübə nəzərə alınmalıdır:
“İstər yaradıcı təfəkkür
aşılayan tədris prosesi, istərsə
də həqiqətin üzə çıxarılmasına, yeni biliklər əldə edilməsinə
yönəldilmiş tədqiqat prosesi, yəni
fundamental elmlər eyni
idraki mexanizmə və eyni
bilik bazasına əsaslanır. Deməli,
bu sahələrin ən optimal
təşkilati strukturu yalnız
onların vahid prosesə çevrilməsi
şəraitində təmin edilə bilər. Tarixən təhsil
sistemi və elmi tədqiqat
sistemi nisbi müstəqilliyə
malik olsa da, həmişə əlaqəli olub. Bu əlaqə, ilk növbədə, hər iki
sahədə yüksək intellektual səviyyə
və geniş məlumat dairəsi olan adamların çalışması ilə
bağlıdır. Elm və təhsilin sosial sistem kimi
təşkil olunmadığı vaxtlarda ilk müəllimlər məhz ilk
alimlər arasından çıxıblar. Az-çox
dərəcədə təşkil olunmuş
ilk təhsil ocaqlarından biri
olan Platon
Akademiyası timsalında bu tarixi qoşalıq çox
gözəl görünür. Bir çox elm klassikləri öz əsərləri
ilə bərabər, həm də davamçı-şagirdlər
qoyub gediblər və elm
tarixinə müəyyən bir məktəbin
banisi kimi daxil olmuşlar. N.Borun məşhurlaşmasında onun yaratdığı məktəb elmi kəşflərindən az
rol oynamır. Lakin bu,
heç də bütün
alimlərə müyəssər olmayıb. Ən böyük alimlərdə də öz biliyini başqalarına
öyrətmək ustalığı və həvəsi olmaya bilər. Öz şəxsi
elmi yaradıcılığı ilə
elmə böyük töhfələr vermiş A.Eynşteyn buna ən yaxşı misaldır”.
Əqli və zehni baxımdan yaxşı
inkişaf etmiş
şagirdlər və davamçılar olmadıqda alimin yalnız bitkin tədqiqatları
elm xəzinəsinə daxil
olur: neçə-neçə
yarımçıq tədqiqatlar, ideyalar
isə üzə çıxmır, itib gedir. Alimin məktəbi, laboratoriyası və sair
başlanmış axtarışların davam
etdirilməsinə, ideyaların və tədqiqat vərdişlərinin
yeni nəslə ötürülməsinə
xidmət etməklə, əslində təhsil sisteminin funksiyalarını yerinə yetirmiş olur. Özü də bu,
artıq formal yox,
yaradıcı təhsil nümunəsidir. Lakin təhsil
sisteminin tarixən müstəqil təşkilati
struktur kəsb etməsi alimlikdən uzaq olan, elmi
tədqiqat vərdişlərinə və bəzən
ümumən yaradıcı təfəkkürə malik olmayan adamlar
içərisindən müəllimlər
hazırlanmasını adi bir
hala çevirib:
“Xüsusən icbari təhsil
şəraitində, qısa vaxtda bütün ölkəni başdanbaşa
maarifləndirmək planı həyata keçirilərkən,
müəllimlər ordusu lazım idi və yaradıcı şəxsiyyətdən
icraçı əsgərlərə keçid
də müəllim nüfuzunun
aşağı düşməsi də ən çox
bununla bağlı idi.
İlk baxışda belə görünə
bilər ki, orta məktəb
səviyyəsi üçün müəllimdən
tədqiqatçılıq tələb olunmaya
da bilər. Lakin
müəllim üçün elmdə doğrudan da nə isə
yeni bir şey kəşf etmək vacib
olmadığı halda, heç
olmazsa, məlum olanları şagirdlərin
iştirakı ilə hər dəfə yenidən kəşf
etmək qabiliyyəti olmalıdır. Ali
məktəbdə isə müəllim həm də alim olduğu kimi, tələbələr də tədqiqatın
nəinki şahidi, həm də
iştirakçısı olmalıdırlar. Tədqiqat
institutları ali məktəbdən
ayrı salındıqda professor-müəllim heyətinin elmi potensialından və elmi
işçilərin müəllimlik imkanlarından kifayət
dərəcədə istifadə olunmur. Məsələn, respublikamızda akademiklərin və
elmlər doktorlarının böyük bir qismi elmi
tədqiqat institutlarında çalışır, ali məktəblərdə müvafiq
fənləri isə tələbələrə çox vaxt kvalifikasiya dərəcəsi xeyli
aşağı olan adamlar
tədris edirlər. Ali məktəblərə
bəzən elmi tədqiqat sahəsində
xüsusi uğur qazana bilməyən adamlar
cəlb olunur ki, bu da tədrisin elmi səviyyəsini aşağı salır.
Bu baxımdan respublikamızda geniş yayılmış olan
və hətta yaxşı hal kimi «əsaslandırılan» özü
üçün kadr
hazırlamaq praktikası ali məktəblərdə
elmi atmosferə böyük
ziyan vurur. Ali məktəblər
bu ənənəyə sadiq
qalaraq elmi tədqiqat
institutlarında çalışan görkəmli mütəxəssislər
əvəzinə öz kadrlarını -
kafedralarda uzun müddət
köməkçi heyət kimi fəaliyyət
göstərən adamları müəllim götürürlər.
Və bunu çox vaxt ali məktəbin
spesifikası ilə təhsil sisteminin elmi müəssisədən fərqi ilə izah etməyə çalışırlar”. Akademiya, ali məktəb və
sahə elmlərindən danışarkən, bir
qayda olaraq, elə bil ki, eyni
hüquqlu, eyni
imkanlı adamların müxtəlif idarələrdəki fəaliyyətindən
söhbət gedir: “Müqayisə adətən
statistik göstəricilər əsasında
aparılır: hansı sahədə neçə elmlər doktoru, neçə elmlər namizədi və
sair var. Halbuki həmin sahələrin öz
spesifikasından asılı olaraq orada çalışan elm
adamlarının fəaliyyəti də müəyyən spesifikaya malik
olmalıdır. Məsələn, sahə elmində
çalışan adamların əsas funksiyası məlum elmi müddəaları istehsal
sahəsinin tələblərinə uyğunlaşdırmaq, yeni tətbiq yolları tapmaqdırsa, akademiya işçilərinin funksiyası tətbiqdən
asılı olmadan yeni
elmi biliklər almaq,
gerçəklik haqqında həqiqəti üzə
çıxarmaqdır. Bəs ali məktəb?
Burada çalışan müəllimlər
həm də elm adamlarıdır, elmi tədqiqat vərdişlərinə
malikdirlər. Əlbəttə, müəllimin ilk əsas vəzifəsi tədris etmək, məlum
bilikləri öyrətməkdir. Lakin necə
etmək olar ki, müəllimlik
və alimlik tam
müstəqil fəaliyyət sahələri kimi
bir-birinə qarşı dayanmasın, əksinə, eyni məqsəd ətrafında birləşərək
bir-birini tamamlasın. Axı müəllim
heç də yalnız hazır biliklərin
mənimsənilməsi ilə kifayətlənməməli, tələbələrə
həm də yeni bilik
axtarılması yollarını öyrətməli, tədqiqat
vərdişləri aşılamalıdır. Yaradıcı
təfəkkür əldə etmədən, tələbə
aldığı bilikləri uğurla tətbiq
edə bilməz və yeni standartdan
kənar qeyri-normal vəziyyətlərdə
çıxış yolu tapa
bilmədiyindən durğunluğun, ətalətin,
ehkamçılığın daşıyıcısı olar. Bu baxımdan,
ölkəmizdə ətalət və
ehkamçılığın qalıqları təhsil sistemi də böyük neqativ rol oynayıb.
Hazır biliklərin öyrədilməsi ilə kifayətlənməmək
və tələbələrdə tədqiqatçılıq
vərdişləri, yaradıcı təfəkkür
formalaşdırmaq üçün isə
tədris prosesinin özü
real tədqiqat laboratoriyasına
çevrilməlidir. Alimlik və müəllimlik
müəyyən spesifik cəhətlərlə
şərtlənsə də, bir sıra ümumi cəhətlərə də malikdir. Təsadüfi deyil
ki, respublikamızda elmi
kadrların üçdə birindən çoxu
ali məktəblərdə cəmlənib.
Xüsusən elmi dərəcəsi olan kadrların nisbi
sayına görə ali məktəb akademiya və sahə elmini
xeyli qabaqlayır. Belə bir
şəraitdə fundamental elmi tədqiqat işinin əsasən
akademiya institutlarında aparılması, ali məktəblərin isə bu
işə ancaq qismən qoşulması
yolverilməz haldır. Respublikanın məhdud imkanları
müqabilində bütün elmi avadanlıq və təchizat mərkəzləşdirilməli
olduğu halda, tam bir pərakəndəlik
hökm sürür. Ali məktəbdə çalışan
yüksək ixtisaslı elmi kadrlar elmi tədqiqat işi üçün
lazımi şərait əldə edə bilmirlər. Ali məktəblərin
elmi tədqiqat bölmələrində əsasən
tədris fəaliyyətinə cəlb olunmamış, bu və ya digər səbəbdən
müəllim kimi ixtisara
düşmüş və ya «ehtiyat qüvvəyə»
daxil olan adamlar çalışırlar ki, bu da
ən böyük elmi
potensiala malik olan professor-müəllim heyətinin yenə
də fəal elmi tədqiqatdan kənarda
qaldığına dəlalət edir. Nəticədə nəinki professor-müəllim heyətinin
(respublikanın yüksək ixtisaslı elmi
kadrlarının az qala
yarısının) elmi tədqiqat
imkanları reallaşmır, həm də bu
imkanları tədricən itirməklə onlar
yaradıcı müəllim kimi də çox şey itirmiş olurlar”.
Əslində bir gəncin zehni
baxımdan inkişafı və bir şəxsiyyət, mütəxəssis kimi formalaşması üçün
müəllimdən həm də alimlik tələb
olunur və bu cəhət
yalnız tədris prosesindən kənarda, başqa
şəraitdə və başqa bir sistemin (elm
sistemi) daxilində yox,
məhz tədris prosesində nümayiş
etdirilməli, daha doğrusu,
elmi tədqiqatla tədris işi
birləşdirilməlidir: “Bundan
əlavə təhsillə bağlı hissədə
respublikamızda ali məktəbin elmi potensialından daha səmərəli
istifadə etmək üçün həyata
keçirilməsi zəruri olan
aşağıdakı islahatlar xüsusi qeyd olunur: ali məktəblərin
elmi bazasının möhkəmləndirilməsi
və burada alimlərin elmi tədqiqat
işinin iqtisadi cəhətdən
stimullaşdırılması, akademiya, ali məktəb və sahə elmlərinin
qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi,
müəllim-alimlərin akademiya və
sahə elminin bazasından istifadə etməsi
üçün şərait
yaradılması. Birgə elmi tədqiqat
işlərinin genişləndirilməsi, aspirant və
tələbələrin eyni hüquqlu kadr kimi birgə elmi tədqiqatlara
cəlb edilməsi, bir sıra elmi tədqiqat institutlarının universitet tabeliyinə keçirilməsi və
ya ali məktəblə
tədqiqat institutlarının inteqrasiyası, ali
məktəbin istehsalla bilavasitə əlaqəsinin
gücləndirilməsi, bu məqsədlə
yeni təşkilati formalardan,
xüsusən təsərrüfat hesablı müqavilələrdən
geniş istifadə olunması, tədris-elm-istehsal
birliklərinin yaradılması və istehsal
müəssisələrinin təcrübə bazası kimi ali məktəblərin
sərəncamına verilməsi.
İlkin AĞAYEV
Palitra.-2014.-13 may.-S.10.