“Rusiyalı dostlarım bizə həsəd aparırlar”

 

Rusiyada yaşayan Nicat İbrahimov: <b>“Bakıda turnirlərin keçirilməsi bizə, xaricdə yaşayan gənc idmançılarımıza imkan yaradır ki, doğma ölkəmizdə idman turnirlərində iştirak edək”

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın mühüm rolu var. Ölkə başçısı da öz çıxışında bildirib ki, idman hər bir cəmiyyətin ümumi inkişafını göstərir: “İdman arenalarında ən böyük uğurları inkişaf etmiş ölkələr qazanır. Bu da təbiidir. Çünki bu ölkələrdə idmana diqqət daha da yüksək səviyyədədir, həm maddi-texniki baza möhkəmdir, həm investisiyalar qoyulur. Baxmayaraq ki, Azərbaycan gənc müstəqil dövlətdir, idmana olan dövlət dəstəyi hesab edirəm ki, bu uğurların əldə edilməsində öz rolunu oynayıb. Gələcəkdə Azərbaycanın idman şöhrətini daim yüksəklərdə saxlamaq üçün idmanın kütləviliyi daha da geniş şəkildə təmin edilməlidir. Uşaqlar, yeniyetmələr uşaqlıq yaşlarından idmana cəlb olunsunlar, idman ilə məşğul olsunlar, fiziki cəhətdən sağlam olsunlar və peşəkar idmançı olsunlar”. Müsahibimiz hazırda Rusiyada yaşayan azərbaycanlı gənc, idmanın tennis növü ilə məşğul olan Nicat İbrahimov xaricdə yaşamasına baxmayaraq, Azərbaycanda idmanın inkişafının gənclərin fiziki inkişafında mühüm rol oynadığını deyir.

 

-Mənim hazırda 14 yaşım var, Moskva şəhəri 1980 nömrəli orta məktəbdə təhsil alıram. Hazırda Bakıdayam. Bugünlərdə Bakıda keçirilən turnirdə iştirak etmək üçün Bakıya gəldim. Heydər Əliyevin xatirəsinə həsr edilmiş 14, 16 və daha aşağı yaş qrupları üzrə Avropa Tennis Turniri təşkil olunmuşdu. Azərbaycan dilindən başqa rus və ingilis dillərini bilirəm. Dərslərimi yaxşı oxuyuram. Mən 7 yaşından tennis oynayıram. Professional məşğul oluram. Tennis məktəbinə gedirəm və eyni zamanda treyner müəllim mənə öz bildiklərini öyrədir. Kipr, Malta, Moskva, Almaniya, Finlandiyada, Türkiyə və digər ölkələrdə beynəlxalq və yerli turnirlərdə iştirak etmişəm. Larnaca, Kiprdə Herodot turniri, Maltada keçirilən turnirdə təkbətək oyunda 2-ci yer, cüt oyunlarda isə 2-ci yer, Finlandiyada Kaleva Tennis turnirində 3-cü yer, Rusiyada Kremlin Kuboku turniri və digər turnirlərdə iştirak etmişəm. Sonuncu turnirdə Bakıda cüt oyunlarda birinci yer, ondan əvvəl təkbətək 3-cü yer olub. İlk öncə uşaq ikən, qardaşım başladı tennis oynamağa, onun oyunlarına həvəslə baxaraq məndə həvəsə gəldim. Böyük həvəslə və istəklə məndə tennis oynamağa həvəs yarandı qeyd etdiyim kimi, 7 yaşdan başlayaraq. Hazırda Rusiyanı təmsil edirəm, amma hər zaman öz milliyətimi və milli kimliyimi qoruyub saxlayıram. Çox istərdim ki, yarışlarda Azərbaycan adına oynayım.

-Xaricdə yaşayan azərbaycanlı uşaqlarda vətənpərvərlik ruhunu, onların Vətənə olan sevgisini necə qiymətləndirirsən?

- Əlbəttə ki, Azərbaycana olan sevgimiz böyükdür. Hər şeydən əvvəl Vətən sevgisi və dostlarım arasında Azərbaycan sevgisi çox böyükdür. Hər bir iştirak etdiyim turnirdə məndən milliyyətimi soruşanda azərbaycanlı olduğumu qeyd edirəm. Yəni ki, hər bir xaricdə yaşayan Azərbaycan gənci kimi, mənim də qəlbim Azərbaycanla döyünür. Bakıda turnirlərin keçirilməsi bizə xaricdə yaşayan gənc idmançılarımıza imkan yaradır ki, doğma ölkəmizdə idman turnirlərində iştirak edək. Mənim ətrafımda olan hər bir Azərbaycanlı dostum kimi mən də Azərbaycanı öz mədəniyyətimizlə və bacarıqlarımızla hər zaman təbliğ etmişik və inşallah gələcəkdə də bu yolla yolumuza davam edəcəyik. Axırıncı dəfə Bakıda keçirilən Heydər Əliyev adına turnirdə qalib olmağım məni həqiqətən çox qürurlandırdı. Mənim fikrimcə, xaricdə yaşayan hər bir azərbaycanlı ilk öncə milli mənsubiyyətini unutmamalıdır. Əgər bunu unutmasalar mən inanıram ki, özlərini doğruldacaqlar.

- İdmanın gənclərin fiziki inkişafında rolu ilə bağlı nə deyərdiniz?

- İdmançı olmaq hər şeydən əvvəl sağlam həyat deməkdir. Fiziki və eyni zamanda əqli inkişafda isə idmanın böyük rolu var. İdman sözün hər bir mənasında mənim inkişafımda və turnirlərdə müsbət nəticələr göstərməyimə böyük təsir göstərib. Bu səbəbdən də məndə idmana uşaqlıqdan böyük həvəs yaranıb.

-Rusiyada yaşayan dostlarına Azərbaycanı necə tanıdırsan?

- Rusiyada həm oxuduğum məktəbdə və yaşadığım cəmiyyətdə Azərbaycanla bağlı həmişə doğru olanları çatdırmağa çalışıram, bunu həm tərbiyəmlə və eyni zamanda qazandığım uğurlarla sübut edirəm. Artıq, Azərbaycan həqiqətlərini bilən dostlarımda ölkəmizə böyük bir maraq var. Onlarda müsbət maraq yarada bildiyimə görə sevinirəm. Bakıda turnirlərdə iştirakdan sonra, Bakı şəhərində gəzintimiz zamanı onlar gördükləri gözəllik və inkişafla Azərbaycanın uğurlarına, millətimizin tolerantlığına, ən əsası isə qonaqpərvərliyinə həsəd aparırlar. Qız qalası, İçərişəhər, Milli Park, Şəhidlər xiyabanı və Dağüstü parkı ziyarət etdilər.

-Tennislə məşğul olmaq dərslərinlə bağlı problem yaradırmı?

- Səhərdən günortaya qədər adətən məktəbdə, daha sonra isə axşam saatlarına qədər idmanla, tennislə məşğul oluram. Həftə sonları isə yalnız tennislə məşğul oluram. Dərslərimlə bağlı heç bir problem olmur. Müəllimlərimə məlumdur ki, tennislə məşğulam, ona görə də problemlər çox az olur. Müəllimlərim mənə hər zaman dəstək olublar, qalib olanda da məğlub olanda da yanımda olublar. Müəllimlərimin mən barədə fikirləri müsbətdir.

-Bu gün Azərbaycanın müxtəlif beynəlxalq yarışlarda qalib gələn idmançıları var. Gənc bir idmançı kimi sənin buna münasibətin

necədir?

- Prezidentin, dövlətimizin idmana göstərdiyi qayğı göz qabağındadır. Adi bir misal, Bakıdakı Tennis Akademiyasının tikilişi tennisə Azərbaycanda göstərilən qayğının ən layiqli sübutudur. Beynəlxalq yarışlarda yarışçılarımız qalib gəlirlər, Azərbaycanı təmsil edirlər və neçə illik əməklərinin mükafatını hörmətli Prezidentimiz tərəfindən müxtəlif diplomlarla, mükafatlarla, fəxri adlarla alırlar. Həqiqətən, dünyanın heç bir yerində idmana bizim ölkədə olan qayğı heç bir yerdə yoxdur. Azərbaycanda yaşayan idmançılarımız bunu nəzərə almalıdırlar. Hər zaman Azərbaycanın bayrağının qaldırılmasına çalışmalıdırlar. Bakıda keçirilən yarışlar çox yüksək səviyyədə keçir, məsələn, hazırda davam etməkdə olan 14-16 yaş üzrə Heydər Əliyev turniri çox yüksək səviyyədə davam edir. Baku 2015 İlk Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi isə Azərbaycan idmanının və dövlətimizin dünya birliyində hörmətinin ən bariz nümunəsidir.

- Gələcəkdə təhsilini hansı sahədə davam etdirmək niyyətindəsən?

- Hazırda tennislə məşğul olduğuma görə böyük ehtimal ki, elə idman sahəsində də davam etdirəcəm. İspaniyada Barselonada Tennis Akademiyası var, çox istəyirəm ki, orada təhsil alım. Məşhur tennisçilərdən Rafael Nadal və Rocer Federerə pərəstiş edirəm. Hər ikisi də Tennis sahəsində böyük uğurlara imza atıblar və ən əsası Nadaı Rafael solaxay olduğu üçün onun pərəstişkarıyam, çünki mən də solaxayam. Sağ əlli oynayanlarla solaxay arasında üstünlük bizlərdə - solaxaylardadır. Çünki bizim oyun üslubumuz və atışlarımız onlara rahat deyil. Belə demək mümkünsə, solaxaylar tarixdə də həmişə bir addım irəlidədirlər.

Gələcək yarışlara gəldikdə isə qarşıda əsas iki yarışım var, birincisi Rusiya Çempionatı, daha sonra isə Gürcüstan Kuboku üzrə turnirdir. Azərbaycanlı tennisçilərdən bəzilərini tanıyıram, izləyirəm. Çox istərdim ki, Azərbaycan tennisi daha yüksəklərə qalxsın. Əsas güc gənclərə verilməlidir. Gənc qabiliyyətli idmançılara dəstək və onlara kömək etmək lazımdır ki, gələcəkdə ölkəmiz adına uğurlar qazansınlar. Tennis Akademiyası bu sahədə ilk nailiyyətdir və əsas kompleksdir. Bu kompleksin imkanları həqiqətən çox böyükdür. Gəncləri bu imkanlardan istifadə etməyə çağırıram və tennisin Azərbaycanda inkişafına öz töhfələrini verməyə dəvət edirəm. Müsahibə üçün biz gənc idmançılara diqqət ayırdığına görə “Palitra” qəzetinə öz minnətdarlığımı bildirirəm.

 

Nigar Abdullayeva

Palitra.-2014.-14 may.-S.11.