Kolumbiya Universitetinin Əməliyyatların Tədqiqatı Proqramında təhsil alan ilk azərbaycanlı

 

Vüqar Abdullayev: “18 yaşlı amerikalı təhsilini davam etdirmək üçün valideynlərindən borc alır”

ABŞ-da ali təhsil alan gənclərimizin sayı ilbəil artır. Bu ölkə həm də gənclərimiz üçün bir çox məqamlara görə cazib görünür. Ən əsası isə ABŞ-a üz tutan gənclərin burada təhsillərini uğurla davam etdirmələridir ki, belə gənclərdən biri də Vüqar Abdullayevdir. Vüqar Abdullayev haqqında danışanda təkcə bir diqqətçəkən məqamı qeyd etmək yerinə düşər ki, o, məşhur Kolumbiya Universitetinin Mühəndislik fakültəsində oxuyan yeganə azərbaycanlıdır. Fəxrimiz olan bu istedadlı gənclə müsahibəni oxuculara təqdim edirik.

- Öncə özünüz barədə məlumat verərdiniz.

-Mən, Abdullayev Vüqar Sabir oğlu 1991-ci ildə anadan olmuşam. 1997-ci ildə Bakıda 251 nömrəli məktəbdə ilk təhsilimə başlamışam. 2003-cü ildə Dədə Qorqud Özəl Türk liseyinə daxil oldum və orta təhsilimi orada başa vurdum. Orta təhsilimi Azərbaycanda almağıma çox şadam və bir şəxsiyyət olaraq formalaşmağımda orta məktəbin və xüsusilə liseyin çox böyük rolu olub. Məktəbdə təhsilimlə çox ciddi məşğul olurdum. Ancaq təhsildən kənar fəaliyyətləri də çox sevmişəm. 1-6-cı siniflərdə oxuyarkən, hələ də çox sevdiyim və həvəslə oynadığım şahmatla məşğul olmuşam. Artıq 5-ci sinifdən, yəni, 11 yaşımdan 1-ci dərəcəli şahmat oyunçusu idim. Bu sahədə bir neçə uğurum da olmuşdu: 2003-cü ildə, 5-ci sinifdə ikən ümummilli lider Heydər Əliyevin 80 illik yubileyi ilə əlaqədar gənc şahmatçılar arasında keçirilən yarışda 2-ci yerə layiq görülmüşəm. Daha sonra 2007 və 2008-ci ildə məktəbdaxili şahmat çempionatında 1-ci yeri tutmuşam. Liseyə daxil olandan sonra isə iki il fizika olimpiadası iştirakçısı oldum. Ancaq sonra təhsilimi sırf fizika üzrə deyil, mühəndislik üzrə davam etdirməyə qərar verdim.

- 2008-ci ildə ən çox bal toplayan savadlı abituriyentlərdən biri siz olmusunuz.

- Orta təhsilimi 2008-ci ildə əla qiymətlərlə başa çatdırdım. 11-ci sinfin sonundan xaricdə təhsil almağı alternativ olaraq dəyərləndirməyə qərar vermişdim. Azərbaycandakı TQDK imtahanında 1-ci qrup üzrə 680 bal yığaraq, bu qrup üzrə 5-ci nəticəni göstərmişdim və Azərbaycan Neft Akademiyasının İnformatika və Hesablama Texnikası əyani proqramına daxil oldum. Eyni zamanda Türkiyədə təhsil üçün YÖS imtahanından yüksək nəticə alaraq Orta Doğu Teknik Üniversitesi (ODTÜ) və İstanbul Teknik Üniversitesinə (İTÜ) qəbul olmuşdum. Təhsilimi Türkiyənin ən nüfuzlu texniki universiteti sayılan və ABŞ-ın qabaqcıl universitetləri tərəfindən 1959-cu ildə qurulan ODTÜ-də, Sənaye mühəndisliyi ixtisası üzrə davam etdirməyə qərar verdim. 2009-cu ildə İngiltərədə təhsil üçün TOEFL imtahanlarını müvəffəqiyyətlə verdim və Mançester, York və Kardiff universitetlərindən təklif alsam da təhsilimi sevdiyim sahə üzrə ODTÜ-də davam etdirməyə qərar verdim. Qeyd edim ki, 2009-cu ildə Sənaye mühəndisliyi ixtisası İngiltərədə bakalavr dərəcəsində tədris olunmurdu. Ancaq ODTÜ-də təhsilimi sahəcə texniki ixtisas olan Sənaye mühəndisliyi ilə məhdudlaşdırmaq istəmədim və ona görə Beynəlxalq İqtisadiyyat Proqramına müraciət etdim və qəbul oldum. 2013-cü ildə Sənaye mühəndisliyi ixtisası və Beynəlxalq İqtisadiyyat Proqramını ən yüksək nəticə ilə (High Honor) bitirdim.

-Yəqin əvvəlcədən ABŞ-da oxuyub, yaşamağa güclü marağınız olub. Bu ölkədə təhsil almağın hansı üstünlükləri var?

-ABŞ-da təhsil almaq istəyi, zənnimcə hazırda ən keyfiyyətli təhsil almaq istəyən hər bir gəncin arzusudur. Bu, ancaq Azərbaycan gəncinin deyil, dünyadakı hər bir ölkədə yaşayan və ən qabaqcıl biliklərə sahib olmaq istəyən şagird və tələbələrin istəyidir. Onların hamısı ABŞ-dakı nüfuzlu ali məktəblərə can atırlar. Mən də ODTÜ-də təhsil aldığım müddətdə magistratura pilləsi haqqında düşünməyə başlamışdım və heç şübhəsiz ABŞ-dakı universitetlər ən çox istədiyim ali təhsil ocaqları idi. Magistratura təhsilimi sənaye mühəndisliyində deyil, Operations Research (Əməliyyatların Tədqiqatı) sahəsində davam etdirməyə qərar verdim. Çox təəssüf ki, bu sahə nə Azərbaycanda, nə də heç bir postsovet ölkəsində tədris olunmur. Operations Research özündə hər hansı sistemin və ya biznesin riyazi modellərlə analiz edilməsi və həmin sistemin optimallaşdırılması sahəsidir. Bakalavrda təhsil aldığım müddətdə Operations Reseach sahəsinə marağım olduqca yüksək idi və ona görə də magistraturanı bu sahə üzrə davam etdirməyə qərar verdim. Xüsusilə məni riyazi analizlərin, Operations Research metodlarının maliyyə sektorunda tətbiqi maraqlandırırdı. Sırf bu sahə üzrə detallı araşdırma etdikdən sonra ABŞ və İngiltərənin Operations Research sahəsində ən nüfuzlu universitetlərinə müraciət etdim və Kolumbiya, Michigan universitetləri, London School of Economics və University College London və s. kimi nüfuzlu universitetlərdən təklif aldım. Bu universitetlər arasında seçim etmək heç də çətin deyildi, çünki ən çox istədiyim universitetə - Kolumbiya Universitetinə qəbul olmuşdum. Kolumbiya Universiteti həm dünyanın ən məşhur professorlarının olduğu universitet olması, həm Nyu York şəhərində, yəni dünyanın maliyyə mərkəzi olan “Wall Street”ə yaxın olması ilə məni həmişə cəlb edib. Hazırda Kolumbiyadakı 2-ci semestrimi başa çatdırdım. Mən Kolumbiyada Operations Research proqramında təhsil alan ilk azərbaycanlıyam və bununla fəxr edirəm. Eyni zamanda hazırda Kolumbiyanın Mühəndislik fakültəsində oxuyan yeganə azərbaycanlıyam və ona görə də böyük məsuliyyət hiss edirəm. Kolumbiyadakı təhsilimin hazırkı nəticələri əladır. Maksimal 4 ballıq sistem üzrə ortalama qiymətim 4-dür.

Ümumiyyətlə, bir daha qeyd edim ki, Amerikaya maraq əsasən akademik səbəblə yaranıb. Kolumbiya Universiteti dünyanın ən güclü Operations Research proqramına malikdir. Burada ən məşhur professorlar dünyanın ən böyük şirkətləri ilə bərabər araşdırma edirlər və buranın məzunları öz sahələrində ən hörmətli mütəxəssislər olurlar.

- ABŞ-da ermənilər də çox fəaldırlar və bu da bizim əleyhimizə işləyən amildir. Sizcə, azərbaycanlılar onları daha çox üstələmək üçün necə təşkilatlanmalıdırlar?

-Bəli, ermənilər ABŞ-da, xüsusilə də sıx məskunlaşdıqları Kaliforniya ştatında çox aktivdirlər. Düzünü desəm, mən şəxsən antitəbliğat və ya onun qarşısını almağa çalışmağın tərəfdarı deyiləm. Zənnimcə antitəbliğat bir özünümüdafiə strategiyasıdır və şüuraltı özünüsəhf qəbul edən tərəfin seçəcəyi yoldur, onun qarşısını almaq isə boşuna imkanları tükətməkdir. Azərbaycanlıların ABŞ-da etməli olduğu ən vacib iş mədəniyyətimizi ABŞ-a tanıtmaq və sevdirməkdir. Mən ABŞ-ın ən inkişaf etmiş şəhərində, Nyu-Yorkda yaşayıram. Ancaq burda belə, amerikalıların 10%-dən daha azı Azərbaycanı tanıyır. Ancaq Ermənistanı tanımayan yoxdur. Əlbəttə ki, bizlərin ən böyük arzusu Qarabağ probleminin həlli və bu həll yolunda ABŞ kimi nəhəngin bizə dəstəyidir. Ancaq bunun üçün ABŞ əhalisi öncəliklə Azərbaycanı, gözəl mədəniyyətimizi və zəngin tariximizi bilməlidir. Bu istiqamətdə hazırda azərbaycanlıların gördüyü işlər çox olsa da, yetərli deyil. Mənim burada olduğum müddətdə azərbaycanlıların Amerikadakı bir neçə təşkilatı ilə əlaqəm yaranıb. Bunlardan biri Azerbaijan Society in Americadır (ASA). ASA-nın Azərbaycanın ABŞ-da, xüsusilə də Nyu-York və Nyu Jersey ştatlarında tanıdılmasında böyük rolu var. ASA eyni zamanda burada yaşayan azərbaycanlıların milli bayramlarımızda birgə görüşməsini təşkil edir və burada oxuyan tələbələrə, Azərbaycandan ABŞ-a yeni gələn həmyerlilərimizə əlindən gəldikləri qədər kömək edirlər. Eyni zamanda artıq bir neçə ildir ki, ABŞ-ın ən böyük şəhərlərində genişmiqyaslı Xocalı soyqırımı aksiyası keçirilir, ABŞ konqresmenləri ilə görüşlər olur və onlara Azərbaycan, Qarabağ problemi, Xocalı soyqırımı haqqında geniş məlumat verilir. Bu işdə Azərbaycan Amerika Alyansının böyük rolu var.

-Bəs amerikalı gənc ilə azərbaycanlı gənc arasında müqayisələr aparsanız, hansı fərqləri ortaya qoymuş olarsınız?

-Əslində akademik səbəb mənim Amerikaya olan marağımın yeganə səbəbi deyildi. Amerikaya olan maraq həm də buradakı həyat tərzi ilə bağlıdır. Buradakı insanların düşüncə tərzi azərbaycanlılara görə çox fərqlidir. Burada insanlar kiçik yaşdan bir individium, bir fərd, yəni yetişkin kimi böyüdülürlər. Bu fərq ən çox elə gənclər arasında özünü büruzə verir. 18 yaşında olan və universitetdə oxuyan amerikalı gənc ilə 18 yaşlı Azərbaycan gənci arasında çox fərq var. Amerikalı gənc çox müstəqildir, öz valideynlərindən borc və ya özəl şirkətdən aşağı faizli kredit alır və təhsilini yaşadığı ştatdan kənardakı universitetdə davam etdirir. Bu insan universitet illərini özünü inkişaf etdirməklə keçirir, dərsdən əlavə 3-4 hobbisi ilə məşğul olur və bəlkə də 2-ci kursdan sonra ixtisasını dəyişir, artıq əminliklə hansı işlə məşğul olmaq istədiyini bilir. Azərbaycan gəncinin hekayəsi isə çox təəssüf eyni deyil. 18 yaşında universitetə qəbul olan gənc ancaq diplomu almaq haqqında düşünür, dostları ilə əyləncədən başqa, dərsdən kənar heç nə ilə məşğul olmur. Onun ixtisas seçimi hansı sahəni sevdiyinə görə deyil, valideynlərinin nə istədiyi və ya hansı sahədə daha çox gəlir əldə edəcəyinə görə olur.

-Fərqin böyük olduğunu dediniz. Elə isə ABŞ-da yaşamaq və ya ali təhsil almaq istəyən gənclərə hansı məsləhətləri verərdiniz?

-Əvvəla demək istərdim ki, ABŞ-da yaşamaq və ya oxumaq asan deyil. ABŞ-da yaşayan və ya oxuyan gənclərə ABŞ-ın Azərbaycandan fərqli müsbət və mənfi tərəflərini qiymətləndirib, elə qərar vermələrini tövsiyə edərdim. ABŞ-da təhsil almaq istətəyən hər kəs öncəliklə ingilis dilini mükəmmələşdirməyə çalışmalıdır. Dil faktoru burada çox vacibdir, çünki insanlar ünsiyyətə burada hər şeydən daha çox dəyər verilir. Buradakı insanların işlərinə çox professional yanaşması və insanlarla demək olar ki, ancaq işə görə, Azərbaycan gənci üçün çox soyuqqanlı gələ bilər. Odur ki, bu cür münasibətə hazır olmalıdırlar. İnsanlararası münasibətdə səmimiyyətin bizim mədəniyyətdəki qədər olmaması mənə də əvvəl də çox təsir eləmişdi. Yuxarıda da qeyd etdiyim kimi, burada universitetə qəbul olan uşağa valideynləri təhsilini tamamlandırması üçün borc verirlər və o borcu uşaqları işlədiyi zaman da geri qaytarmasını tələb edirlər. ABŞ-da yaşamaq istəyən hər kəs Azərbaycan və ABŞ arasında bu cür mədəniyyət fərqlərini dəyərləndirib, bunlara hazır olmalıdır.

-Siz artıq bu fərqliliklərə alışmısınız və yəqin ki, gələcəkdə bu ölkədə qalıb- qalmamaqla bağlı bir sıra planlarınız da var...

-Ən yaxın gələcək üçün planım Kolumbiya Universitetini əla qiymətlərlə başa çatdırmaqdır. Bu mənim üçün, Kolumbiyada Mühəndislik fakültəsində oxuyan yeganə azərbaycanlı olaraq, ölkəmi təmsil etmək adına çox vacibdir. Mən 2010-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) xarici təqaüd proqramının təqaüdçüsüyəm. Türkiyədə təhsil aldığım müddətdə ARDNŞ-in Azərbaycanda və Türkiyədəki ən böyük şirkətlərində təcrübə keçmişəm və şirkətlə yaxından tanışam. Buradakı təhsilim başa çatdıqdan sonra Vətənə dönüb, ABŞ-da yiyələndiyim bilikləri ARDNŞ-də, Azərbaycanın iqtisadiyyatının döyünən ürəyində, Azərbaycanın gələcəyi üçün istifadə etmək niyyətindəyəm.

 

Tural

Palitra.-2014.-14 may.-S.6.