Gənc nəslin mənəvi inkişafında musiqi məktəbləri mühüm rol oynayır

 

Layihə çərçivəsində təqdim edəcəyimiz yazı Səbail rayonunda yerləşən Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbi ilə bağlıdır. Məktəbdən verilən məlumatda qeyd edilir ki, musiqi məktəbinin müdiri, Əməkdar mədəniyyət işçisi Qəmər Quliyevadır. Qeyd edək ki, uşaqları musiqi aləminə cəlb etmək, onları bu dünyanın bütün gözəlliklərini, nəcibliyini, zərifliyini dərk etməyə alışdırmaq çox vacib və məsuliyyətli bir vəzifədir. Uşaqlara musiqi öyrətmək onların daxili aləmini zənginləşdirməyə və ümumbəşəri mədəniyyətə qovuşmağa xidmət edir.

Bu gün 2 saylı musiqi məktəbində təhsil alan şagirdlər sabah ölkəmizin gələcəyidir. Musiqi məktəbinin əsas məqsədlərindən biri uşaqları real həyatda öz yaradıcı potensialını aşkar etməkdə yardım etməkdir. Məktəb yeni nəslin mənəvi inkişafında mühüm rol oynayır. Məktəbdə çalışan müəllim kollektivi bu məqsədləri həyata keçirmək üçün bütün imkanlara malikdir. Məktəbin kollektivi uşaqları öz Vətənini, xalqını və milli dəyərlərini qiymətləndirən şəxsiyyətlər kimi yetişdirməyi özlərinə borc bilirlər. Respublikada musiqi təhsilinin ön sıralarında gedən qocaman sənət ocağı olan Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbi yetişən nəslin musiqi tərbiyəsində mühüm rol oynayır. Qeyd edək ki, 1931-ci ildən Bakıda 1 və 2 nömrəli musiqi məktəbi açılıb. 2 nömrəli musiqi məktəbi fəaliyyətə başladığı illərdə burada bir çox məşhur müəllimlər dərs deyib. L.Yeqerova, R.Siroviç, R.Gelman, M.Rudolf və digərlərini qeyd etmək olar. Məktəbdə fortepiano fənnini tədris edən YeqerovaSiroviç sonradan respublikada gözəl və bacarıqlı metodist kimi də tanınıblar. Onların tərtib etdiyi «Fortepianoda çalmaq üçün ibtidai tədris kitabı» dəfələrlə yenidən nəşr olunaraq bu günə kimi pedaqoji təcrübədə aparıcı dərslik kimi işlənir. Arxiv sənədləri göstərir ki, 1 sentyabr 1940-cı ildən etibarən 2 nömrəli musiqi məktəbi müstəqil vahidə çevrilib. Geridə qalan illər ərzində 2 nömrəli musiqi məktəbi Azərbaycan mədəniyyətinin inkişafına öz töhfələrin verməyə çalışıb. Bu illər ərzində məktəbdə bir çox musiqiçi nəsli yetişib. Xalq artistləri Musa Mirzəyev, Zöhrab Adıgözəlzadə, Şəfiqə Eyvazova, Əməkdar incəsənət xadimləri İmruz Əfəndiyeva, Zemfira Qafarova, Həcər Babayeva, Azər Dadaşov, Gövhər Həsənzadə, musiqişünas Nərminə Əliyeva, Əməkdar artist Adil Gəray musiqi oğacının yetirmələridir. Gənc tarzən və dirijor Əyyub Quliyev, Əməkdar artist, kamançaçalan Elnur Əhmədov, Əməkdar artist, xanəndə Fərqanə Qasımova, pianoçu Nigar Məlikova skripkaçı Vadim Sandlermusiqi məktəbinin yetişdirmələri sırasındadırlar. İtaliyada keçirilən beynəlxalq müsabiqənin qalibi, skripkaçı Ümidə Abbasova, MDB ölkələrinin simfonik orkestrinin və TÜRKSOY kamera orkestrinin üzvü alt ifaçısı Üzeyir Mahmudbəyli məktəbin yetişdirdiyi istedadlardandır. Məktəbdə təhsil almış Firuzə Xanlarova hazırda Çaykovski adına Moskva Dövlət Konservatoriyasında, Əzizə Salahova isə Rusiyanın Kazan şəhərində konservatoriyada təhsil alır. 1990-cı ildə məktəbə dünya şöhrətli Rəşid Behbudovun adı verilib. Son illərdə məktəbdə musiqi təhsilinin təkmilləşməsi sayəsində yeni işlər aparılır. Zəngin təcrübəyə malik olan müəllimlər bu istiqamətdə çox fəal aparırlar. 2006-cı ildən etibarən 2 nömrəli musiqi məktəbi onbirillik tədris müəssisəsinə çevrilib. Bununla əlaqədar dövrün qarşıya qoyduğu müasir tələblər, təhsilin təkmilləşməsi işində bir sıra geniş perspektivlər açılıb. Belə ki, musiqi məktəbimizin Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyası ilə birbaşa sıx əlaqələri yaranıb. Məktəbin şagirdləri möhtəşəm konsert salonlarında, M.Maqomayev adına Dövlət Filarmoniyasında, KameraOrqan musiqisi zalında və Kapellhauzda müntəzəm olaran konsertlər verirlər. Vaxtaşırı keçirilən «Qönçə» respublika festivalında, respublika musiqi məktəbləri üzrə ifaçılıq müsabiqələrində 2 nömrəli musiqi məktəbi uğurla çıxış edərək müxtəlif mükafatlar qazanır. Respublikanın hüdudlarından kənarda keçirilən bir sıra müsabiqələrdə çıxış edən məktəbin şagirdləri də həmişə mükafat əldə edirlər. Məktəbdə təhsil alan şagirdlər təkcə müxtəlif musiqi alətində ifa etmək vərdişinə yiyələnməklə kifayətlənmir. Burada ixtisasbir sıra nəzəri fənlər öyrədilməklə yanaşı, həm də uşaqların yaradıcılıqla ünsiyyətinə şərait yaradılır. Məktəbdə şagirdlərdən ibarət xalq çalğı alətləri orkestri, xor kollektivi və skripkaçılar ansamblı fəaliyyət göstərir. Şagirdlər bu kollektivlərdə fəal və böyük həvəslə çıxış edilər. Hələ ötən əsrin 50-ci illərindən başlayaraq məktəbdə skripkaçılar ansamblı fəaliyyət göstərir. İlk yarandığı günlərdə bu ansambla məktəbin müəllimi, sonralar folklorşünas, sənətşünaslıq üzrə elmlər doktoru olan Ə.İsazadə rəhbərlik edib. Ansambl bir müddət Xalq artisti, dirijor T.Göyçayevin rəhbərliyi altında fəaliyyət göstərib. 2007-ci ildə V.Şpikavokun beynəlxalq xeyriyyə fondunun keçirdiyi «Moskva dostlarını qarşılayır» 4-cü beynəlxalq festivalında məktəbin Y.Rzaquliyevanın rəhbərlik etdiyi skripkaçılar ansamblı uğurla təmsil olunub. Məktəbin birləşmiş xor kollektivi daim öz nailiyyətləri ilə hamını sevindirir. S.Göyçayskayanın rəhbərlik etdiyi xor kollektivi respublikada keçirilən bir çox festival və müsabiqələrin iştirakçısı və laureatıdır. Kollektiv respublika miqyasında hər növbəti müsabiqədə maraqlı və nadir hallarda ifa olunan əsərlərdən ibarət proqramla çıxış edir. Məktəbdə xalq çalğı alətləri orkestri də çıxış edir. K.Hüseynovun rəhbərlik etdiyi kollektivdə şagirdlər həvəslə yeni-yeni repertuarlar üzərində işləyirlər. Məktəbdə təhsilin ayrılmaz bir hissəsi olan sinifdənkənar işlərə də həmişə böyük diqqət ayrılır. Dünya sənətkarlarının, Azərbaycan musiqiçilərinin yubiley tarixlərinə həsr edilmiş tematik gecələdə şagirdlər zəngin konsert proqramı ilə çıxış edirlər. Nəzəri fənlər üzrə keçirilən ümumşəhər olimpiadalarında şagirdlər həvəslə iştirak edirlər. Musiqi məktəbimizdə tətbiq edilən sinifdənkənar işin bir forması da şagirdlərin muzeylərə, incəsənət əsərləri sərgilərinə baxışının təşkilidir. Muzeylərlə əməkdaşlıq sayəsində məktəbdə müxtəlif bəstəkar və ifaçıların yubiley tarixlərinə həsr olunmuş stend-sərgilər təşkil olunur. Müxtəlif tarixi, əlamətdar günlərdə məktəbdə konsert proqramı təşkil edilir. Eyni zamanda respublikanın mədəni həyatındakı əlamətdar tarixlər məktəbin yarıdıcı mühitində də əksini tapır. Belə tədbirlərdə tanınmış sənətkarlarımızla yanaşı, digər peşə sahibləri, eləcə də xarici qonaqlar da iştirak edir. Onlar Azərbaycan bəstəkarlarının, ifaçıların, musiqiçilərin sənəti ilə yaxından tanış olurlar. Belə yaradıcılıq gecələri mili musiqi sənətimizin təbliğində böyük rol oynayır. Məktəb mədəni-maarifçilik fəaliyyəti ilə bağlı üzərinə düşən işi layiqincə yerinə yetirir. Yarandığı illərdən məktəb təkcə Bakıda deyil, ölkənin digər bölgələrində himayəçilik işi aparır. Şagirdlərin dünyagörüşü, bədii zövqünün inkişafında bütün bunlar mühüm rol oynayır. Uşaqlarda yaradıcı başlanğıcı gücləndirən tədbirlərdən biri də məktəbdə şagirdlərin ifasında musiqili tamaşaların hazırlanmasıdır. Bir sözlə, musiqi məktəbi mədəniyyətimizin təbliği, yetişən yeni nəslin tərbiyəsində öz missiyasını məsuliyyətlə yerinə yetirir.

 

Anar Miriyev

Palitra.-2014.-15 may.-S.11.