Günel Nəsirova: “Məqsədimiz
Yunanıstanla sıx və çoxşaxəli münasibətlərin
inkişaf etdirilməsi və diaspor işinin gücləndirilməsidir”
Yunanıstan Avropanın ən qədim ölkələrindən hesab olur. Qədim dünya tarixindən, xüsusən qədim olimpiya oyunlarından danışanda Yunanıstan yada düşür. Lakin belə bir tarixi ölkənin bu gün “borca düşməsi”ni heç cürə qəbul etmək olmur. Hərçənd Avropa Birliyi öz sinəsini irəli verib Yunanıstanı bu iqtisadi sıxıntıdan çıxarmaq istəyir, amma deyəsən, bunun heç bir faydası yoxdur. Yunanıstan hələ də Avropanın “Somalisi” olaraq can çəkir. Amma buna baxmayaraq bu ölkəyə gedib işləyən azərbaycanlılar da yox deyil. Əslində belə bir kasıb ölkədə hər hansı əcnəbinin fəaliyyət göstərməsi təqdirəlayiq haldır. Müsahibimiz Günel Nəsirova da belə həmvətənlərimizdəndir. Xatırladaq ki, G. Nəsirova Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. Tələbəlik illərindən ictimai fəaliyyətlə məşğuldur-həm dövlət, həm özəl, həm QHT sektorunda kifayət qədər təcrübə bazası var. Hazırda müvəqqəti olaraq Yunanıstanın paytaxtı Afina şəhərində yaşayır.
-Hazırda
Yunanıstanda hansı sahədə
çalışırsınız?
- Özəl şirkətdə çalışıram. Eyni zamanda ictimai fəaliyyətimi regional səviyyədə davam etdirirəm.
- Hər hansı
plan və layihə həyata keçirmək
üçün Yunanıstan nə dərəcədə
rahat ölkədir?
- Bu sualı hər hansı yunan vətəndaşına versəydiniz, əminəm ki, “Yunanıstan istənilən layihə və təşəbbüsün reallaşdırılması üçün Avropa Birliyi ölkələri arasında ən uğursuz seçimdir” cavabı alacaqdınız. İqtisadi böhran buradakı insanların həyatının hər sahəsində özünü büruzə verir. Bəzən mənə elə gəlir ki, bu məmləkətdə hətta azyaşlı uşaqların da üzündə qayğı, nigarançılıq hiss olunur və Yunanıstan mənə sözün əsl mənasında “sivilizasiyanın beşiyi” ni xatırladır. Amma təbii ki, mən yunanların nöqteyi-nəzərini bölüşmürəm. Çünki biz bu qitəyə Qafqazdan baxırıq, bizim üçün Avropa imkanların xəyallarla uzlaşdığı uzaq Qərbdir.
- Azərbaycan diasporunun fəaliyyəti Yunanıstanda özünü necə büruzə verir?
- Açıq etiraf etsək, Yunanıstanda, Azərbaycan diasporu mifik anlayışdır. Yəni nə lobbiçilik fəaliyyəti ilə məşğul olan real bir qurum mövcud deyil, nə də həmyerlilərimiz arasında şəbəkəli əlaqə yoxdur. Dostlarıma gileylənərək deyirəm ki, “qürbət” anlayışının ikinci adı Yunanıstan olmalı imiş. Fakt odur ki, bu ölkədə yaşayan azərbaycanlılar say etibarilə (rəsmi qeydiyyatda olanlar) 100 nəfərə yaxındır. Hətta bir neçə yunan adasına səyahətim zamanı haralı olduğumu biləndə mənə dəfələrlə “Siz adada yeganə, bəlkə də ilk azərbaycanlısınız” deyiblər.
- Bəs, siz Yunanıstanda diaspor sahəsində aktivlik göstərə bilirsinizmi?
- Bilmirəm, hazırkı fəaliyyətimi birbaşa diaspor ilə əlaqələndirmək nə dərəcədə doğrudur, amma 2013-cü ilin noyabrında ilk Yunan-Azərbaycan Gənclər Mərkəzi təsis edildi və hazırda mən adı çəkilən qurumun İdarə Heyətində fəaliyyət göstərirəm. Təşkilatın yaradılmasında məqsəd Yunanıstan və Azərbaycan gəncləri arasında ictimai, elmi və mədəni əlaqələr qurmaq, iki dövlət arasında daha sıx və çoxşaxəli münasibətləri inkişaf etdirmək və diaspor işinin gücləndirilməsidir. Hazırda Strateji Fəaliyyət Planı üzərində işləyirik. İrəlidə reallaşacaq layihələr haqda kütləvi informasiya vasitələrinə məlumat veriləcəkdir.
- Yunanıstandakı səfirliyimizlə əlaqələriniz varmı?
- Hazırda burada azərbaycanlılar və onların məsələləri ilə məşğul olan yeganə rəsmi qurum kimi Azərbaycan Respublikasının Yunanıstandakı Səfirliyi və Konsulluğu fəaliyyət göstərir və eyni zamanda AR-ın Albaniya Respublikasındakı Səfirliyi funksiyasını da daşıyır. Səfirliklə çox gözəl münasibətlərimiz var, təşkil etdikləri tədbirlərdə yaxından iştirak etməyə və öz töhfəmizi verməyə çalışırıq.
-Yunanıstanın
yerli əhalisi Azərbaycanı necə
tanıyır?
- “Avroviziya” mahnı müsabiqəsindən sonra Azərbaycanı demək olar ki, 7-dən 77-yə hər kəs tanıyır. İşgüzar insanlar bizi zəngin resursları və sürətlə çiçəklənən iqtisadiyyatı olan bir ölkə kimi bilirlər. Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin reallaşmasından gözləntilər çoxdur.
-
Yunanıstanı tarixdən qədim ölkə kimi tanıyırıq. Müasir Yunanıstanda
o qədimlik hiss olunurmu?
- Yerli əhali bizi çox zəngin, qayğısız,
qlamur həyat sürən, sülh və xoşbəxtliyin hökm sürdüyü
Dolce Vita sakinləri kimi
təsəvvür edir.
Hətta
çalışdığım şirkətin nümayəndələri
Bakını ilk ziyarətlərindən
sonra, paytaxtımıza
valeh olduqları haqda işçi heyəti ilə təəssüratlarını bölüşmüşdülər. Həmkarlarım mənə “Sən
niyə o cür lüks həyat tərzini buraxıb Balkanlara köçübsən”
sualını verəndə
cavab verirəm ki, lüks, ehtiyac deyil, seçimdir.
Afinada səki boyunca gəzərkən yolda ağaclardan başına tökülən mandarinlər,
asfaltı deşib boylanan lalələr, ilin üç fəslinin bahar əhval-ruhiyyəsi, qışda
Bakıda dostların sosial şəbəkələrdə
ilk qarda fotolarını
paylaşdığını yüngül geyimdə kompyuter qarşısında
oturaraq müşahidə
etmək də başqa cür lüksdür. Bu ölkənin
bəzi məhəllələri
mənə İtaliyanın
və İspaniyanın
əyalətlərini xatırladır.
Türkiyədə də yunan mədəniyyətinə yaxın
olan bir çox vilayətlərə-
Kapadokya, İzmir, Manisa, Qaziantepə yolum düşüb.
Amma yenə də Yunanıstan hər halı ilə unikaldır. Beqonvil çiçəklərinin
yaratdığı mənzərə
məncə, yaponların
sakura bayramından daha möhtəşəm
görüntü yaradır.
Zarafat kimi görünsə də, Azərbaycana dönəndə bu çiçəklərin calaqlarından
yığıb Bakı
Şəhər İcra
Hakimiyyətinin Yaşıllaşdırma
Təsərrüfatı Birliyinə
hədiyyə etməyi
düşünürəm.
Əslində, müasir Yunanıstan,
xüsusilə paytaxt Afina şəhəri, bizim tarix kitablarından
təsirləndiyimiz Zevs,
Apollon kimi “tanrılar”ın qərar tutduğu o macəralı
məkandan çox uzaqdır. Yunanıstana təşrif buyurmaq istəyən dostlarıma
tarixi gözləntilərdən
daha çox ekzotik yay tətili
məqsədilə ilə
bu torpaqlara səfər etməsini və tətil planlarına bir neçə turistik adanı, məsələn,
Santroini, İos, Krit və s. əlavə etməyi tövsiyə edirəm.
Fuad Hüseynzadə
Palitra.-2014.-16 may.-S.7.