Uşaq və gənclərin muzeylərə səfərləri müntəzəm şəkildə təşkil edilməlidir

 

Uşaq və gənclərin mənəvi inkişafında muzeylərin də rolu var. Belə ki, onlar muzeyləri ziyarət etməklə tariximiz, mədəniyyətimizlə bağlı eksponatlarla daha yaxından tanış olmaq imkanı əldə edir ki, bu da onların mənəvi inkişafında böyük rol oynayır. Gənclərimizin tariximizə daha yaxından yiyələnməli, ənənələrimizə sadiq olmalı olduğunu deyən ölkə başçısı bildirib ki, gənc nəsil milli ruhda böyüməlidir: “Vətənpərvər, Vətənə sadiq olsun, Vətən üçün işləsin, çalışsın. Bunu etmək üçün güclü vətənpərvərlik hissimilli ruh lazımdır. Milli ruhun da təməlində milli ənənələr, musiqi, ədəbiyyat, ana dili dayanır”. Bu gün orta təhsil müəssisələrində təhsil alan şagirdlərlə yanaşı, tələbələr də muzeylərə ekskursiya edirlər. Hətta bəzi dərslər canlı materiallar əsasında təşkil olunur. Qeyd edək ki, hazırda ölkəmizdə 200-dən artıq muzey fəaliyyət göstərir. Bu gün gənclərimiz Dövlət Tarix Muzeyinə səfər etməklə qədim dövrdən bu günə kimi ölkəmizin tarixi keçmişini izləmək imkanı qazanır. Eləcə də Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Muzeyini ziyarət edənlər daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini görə bilirlər. Azərbaycan Milli İncəsənət Muzeyində isə gənclər XVIII, XIX, XX əsr Azərbaycan sənətkarlarının işləri ilə yanaşı, orta əsrlərin müxtəlif dövrlərinə aid xalq tətbiqi sənət nümunələri, xüsusilə Azərbaycan xalçalarının müxtəlif qruplarına aid olan nadir növləri, həmçinin arxeoloji qazıntılar zamanı əldə edilmiş unikal sənət əsərləri, orta əsr geyimləri, məişət əşyalarını görmək imkanı əldə edirlər.

 

“Tələbələrlə dialoq zamanı gördüm ki, onların muzeyin fondunda əyani gördüyü daha çox yadında qalır, nəinki kitabdan oxuduğu nəzəriyyə”

 

Azərbaycan Turizm İnstitutunun (ATİ) İctimai fənlər kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Minaxanım Əsədovanın sözlərinə görə, bu gün bizim mədəniyyətin, mənəviyyatımızın, bütövlükdə millət olaraq varlığımızın taleyi muzeydə yaşayır. Məhz bu baxımdan da uşaq və gənclərin muzeylərə səfərləri mühüm əhəmiyyət daşıyır: “Muzeyin tədqiqat və təbliğat istiqamətlərini bu gün tələbələrə öyrədirik. Mən muzeyşünaslıqla bağlı ixtisas fənlərini, muzey fondu, ekspozisiyanın təşkili və dizaynı, abidələrin bərpası və konservasiyasını tədris edirəm. Elə dərslərim var ki, muzeylərdə keçirəm. Doğrudur, slaydlar vasitəsilə, müxtəlif texniki üsullarla dərs keçirik, amma muzeylə bağlı elə mövzular var ki, tələbə onu bilavasitə muzeyin özündə görməlidir. Dövlət İncəsənət Muzeyi, Dövlət Tarix Muzeyi, A.Şaiqin, C.Məmmədquluzadənin mənzil muzeyləri bizə çox kömək edirlər. Muzeylərdə dərs keçərkən əyani vəsaitləri təqdim edirik. Məsələn, mənzil muzeylərdəki fondun böyük muzeylərdəki fondlardan fərqi ilə bağlı mövzuda dərs vardı. Mən tələbələri A.Şaiqin mənzil muzeyinə apardım. Əslində fond hər bir tamaşaçıya açıq olmur, ancaq ekspozisiya açıq olur. Fondun şöbələri, kortotekanın aparılması, sənədləşmə kimi işləri tələbələr əyani olaraq gördülər. Sonra dərsdə tələbələrlə dialoq zamanı gördüm ki, onun muzeyin fondunda, ekspozisiyasında əyani gördüyü daha çox yadında qalır, nəinki kitabdan oxuduğu nəzəriyyə. Bu, tələbəni daha çox cəlb edir”. M.Əsədova deyir ki, tələbəni iki üsulla muzeyə aparırlar: “Birinci olaraq kursun tələbəsini ziyarətçi olaraq muzeylərlə tanış edirik. Artıq 2-3-cü kurslarda spesifik muzeyşünaslıqla bağlı fənlərin dərslərini muzeydə keçirəm. Məsələn, muzeyin ekspoziyası və təşkili fənnindən elə mövzular var ki, sırf muzeyin ekspozisiyasında keçirikquruluşunu birbaşa tələbəyə göstəririk. Bundan başqa tələbələrlə açıq qoruq muzeylərinə maraqlı səfərlər təşkil olunur. ATİ-nin tələbələri ilə Qobustan qoruğuna, rayonlara səfərlər olur. Hər bölgədə tarix-diyarşünaslıq muzeyləri var. Bu gün Bakıətrafı, Qala qoruğu çox yüksək səviyyədədir, həmçinin “Atəşgah” kimi abidəmiz var”. Onun sözlərinə görə, muzeylər eyni zamanda dövləti təbliğ edirlər. Sovet dövründə həmin psixologiyanın təbliğatı üçün muzeylər şəbəkəsi yaradılıb ki, bunun müsbət tərəfləri də olub: “Keçmiş muzeylərlə müasir muzeylərin fərqi odur ki, sözə az yer verilməlidir. Həmin eksponat elə formada olmalıdır ki, tamaşaçını cəlb etsin və tamaşaçı iştirakçıya çevrilə bilsin. Muzeyin içində özünü qonaq kimi deyil, ev sahibi kimi hiss etsin. Müasir muzeylərdə artıq buna əməl olunur. Amma köhnə muzeylərdə hələ də ekskursiya mətninə ehtiyac var. Tələbə auditoriyada da, burada da mühazirə dinləyir, o qədər maraqlı olmur. Bu gün Müasir İncəsənət Muzeyi çox böyük maraq doğurur. Eləcə də Ədəbiyyat Muzeyi yüksək səviyyədədir. Eyni zamanda bu gün muzeylər elm sahəsilə, təbliğatla məşğul olurlar. Beynəlxalq konfranslar, simpoziumlar keçirilir. Dövlət Tarix Muzeyində Azərbaycan milli mədəniyyətinin sahələri ilə bağlı beynəlxalq konfrans keçirildi. Bu gün muzeylər çox böyük mədəni təbliğatla məşğuldurlar. Gənclərimiz isə bundan bəhrələnmək imkanı əldə edir”.

 

Beynəlxalq Muzeylər Günü

 

Onu da qeyd edək ki, “18 may-Beynəlxalq Muzeylər Günükimi qeyd edilir. Bu münasibətilə ölkəmizdə silsilə tədbirlər keçiriləcək. İnkişaf tarixi ərzində Azərbaycan muzeyləri unikal muzey fondu formalaşdırıb və milli mədəni və təbii irsin mühafizəsi və populyarlaşdırılması sahəsində əvəzsiz təcrübə toplayıb. Mövcud ənənələri qoruyaraq muzey işində müasir innovasiyalardan istifadə edən Azərbaycan muzeyləri yüksək beynəlxalq nüfuz qazanıb. Hər il olduğu kimi, bu il də 18 may Beynəlxalq Muzeylər Günü ərəfəsində Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə respublika muzeylərində müxtəlif tədbirlərin təşkili və Fransanın Mədəniyyət və Komunikasiya Nazirliyinin çağırışına qoşularaq "Muzeylər Gecəsi" aksiyasında iştirak nəzərdə tutulub. Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində Bakı şəhərinin, yaxın rayon muzeyqoruq muzeylərinin və əlaqəli təşkilatların iştirakı ilə təntənəli bayram tədbiri keçirilib. İlk dəfə olaraq Azərbaycan Muzeyləri İnformasiya bülleteninin birinci nömrəsi təqdim olunub. Muzey fondlarında qorunub saxlanılan eksponatların köynək və hel şarları üzərində hazırlanmış reproduksiyaları iştirakçılara paylanılıb. Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblı çıxış edib. "British petrolium" neft şirkətinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən elan edilmiş "Azərbaycan incəsənəti fotoqrafların gözü ilə" adlı müsabiqənin nəticələrinə görə mükafatların təqdimatı və müsabiqə iştirakçılarının fotolardan ibarət sərgisi nümayiş olunacaq. 17 may saat 10.00-dan gecə saat 01.00-dək Qala Qoruğu Arxeoloji Etnoqrafik Muzey Kompleksində "Muzeylər Gecəsi" aksiyasında Bakı və digər region muzeylərinin iştirakı ilə geniş bədii, musiqili, əyləncəli tədbirin keçirilməsi, qoruğun sahəsi üzrə müxtəlif muzeylərin səyyar sərgilərinin təqdimatı nəzərdə tutulub. Aksiya çərçivəsində bütün respublika muzeylərində "Açıq qapı" günü elan ediləcək. Muzeylərin vaxtı gecə saat 01.00-dək uzadılacaq.

18 may 2014-cü Respublikanın bütün muzeylərində "Açıq qapı" günü elan ediləcək.

 

Nigar Abdullayeva

Palitra.-2014.-17 may.-S.11.