Dnepropetrovskdakı diaspor
üzvünün Laçın həsrəti
Eldar Tağıyev: “Qarabağın azad edilməsi bizim fəaliyyətimizin
ana xətti olub və
olacaq”
Ukraynada məlum hadisələr baş versə də, Azərbaycan diasporu bu ölkədə öz aktivliyini saxlayır. Bu baxımdan Ukraynanın Dnepropetrovsk şəhərindəki soydaşlarımızın da fəaliyyəti diqqəti çəkir. Elə müsahibimiz Eldar Tağıyev də Dnepropetrovskdakı diasporumuzun pionerlərindəndir. Qeyd edək ki, E. Tağıyev 1955-ci ildə Laçın şəhərində anadan olub. 1972-ci ildə ADU-nun Tarix fakültəsinə daxil olub. Universitetdə o dövrdə baş verən siyasi hadisələrin iştirakçılarından olub. 1977-ci ildə ADU-nu bitirib. Qısa pedaqoji fəaliyyəti olub. 1983-cü ildə Laçında ailə qurub. 1985-ci ildən Ukraynanın Dnepropetrovsk şəhərində yaşayır. 3 oğlu var və hamısı təhsillidir.
- Laçını necə xatırlayırsınız? Ümumiyyətlə, Laçında sonuncu dəfə nə vaxt olubsunuz?
- Laçının işğalı günü. 1992-ci ildə mayın 8-də artıq radiostansiyalardan təzadlı məlumatlar gəlirdi. Şuşanın işğalı barədə xəbərlər yayıldı. Bu xəbəri həzm etməyə güc tapmaq insanın dözümlü, canlı olmamasına əyani sübutdur. O vaxtlar Dnepropetrovskdan Bakıya həftədə 3 dəfə təyyarə uçurdu. Növbəti reys 10 mayda idi. Həmin gün şəhərimizdə böyük nüfuza malik ziyalı Abdülrəhimovun dəfn mərasiminə toplaşmışdıq. Əslən Gəncədən olan bu nurani kişinin ailəsi yerli millətdən olduğu üçün burada dəfn etdilər. Onu bəhanə edib Şuşaya ağladıq. Dostlarım axşam Bakıya uçacağımı bildilər, mənə 2-3 gün gözləməyi təkid edirdilər. Evdəkilər bunu onlardan xahiş edibmişlər. Qalası oldum. Mayın 12-si Bakıya uçdum. Səhəri Sumqayıta getdim. Vəziyyət aydın oldu. Döyüşmək üçün Laçında qalanlardan başqa, əhali bölgəni tərk etmişdi. Təbii ki, mənim rayondakı evimin qapısı bağlı qalmışdı. 2 gün sonra dayımın işlədiyi müəssisənin yük maşını ilə Laçına yollandıq. Yol boyu iri maşınlar Bakıya doğru ev əşyaları üstündə oturmuş insanları daşıyırdı. Zəngilan ərazisində əhali tərəfindən qarşısı kəsilmiş hərbi texnika karvanı ilə rastlaşdıq. Onlar xüsusi tapşırıqla döyüş bölgəsini tərk etdiklərini söyləyirdilər. Qubadlı ərazisində də belə mənzərə ilə rastlaşdıq. Tankların üzərində oturanlar peşəkar döyüşçülər təsiri bağışlayırdılar. Geri çəkilmənin tapşırıq xarakterli olması ifadələrindən də görünürdü. Qorxub qaçana bənzəmirdilər. Laçının ilk kəndinə- Güləbirdə çatdıq. Çoxlu tanışıma rast gəldim. Dedilər ki, dinc əhali rayonu tərk edib. Yolumuza davam etdik. Gecəyə yaxın Laçının “Poçt” deyilən yerinə çatdıq. Şuşa yolu üstə dayanan tank, Yaqub bulağı üstündəki gənc əsgərlər, yüklü maşınlar, bir sözlə silah səsi gəlməsə də, döyüş bölgəsinə yaxınlıq hiss edilirdi. Şəhərdən işıq gəlmirdi. Hər yer qaranlıq idi. Maşından düşüb insanlara yanaşdıq. Ümumi məlumatları dinlədikdən sonra, maşına qayıdarkən yerimizdə 2 əsgərin əyləşdiyini gördük. Təcili sursat dalınca getmək üçün onlara maşın lazım olduğunu dedilər. Biz öz köməyimizi təklif edərək, onlarla birgə getməyimizi təklif etdik. Dedilər: “Yox, siz burada gözləyin”. Dayımla mən ordu qərargahı yerləşən internat məktəbə yollandıq. Hamı yorğun və əsəbi idi. “Maşınımız sursat dalınca getdi” - deyəndə, gülümsədilər. Demə, maşını ələ keçirib, boş evlərdəki əşyaları toplamaqla məşğul olanlara rast gəlibmişik.Təəssüf ki, belələri də var idi...
Çiskinli havada rayon mərkəzindəki evimizə yollandıq. Yol kənarları ölmüş heyvan cəsədləri ilə dolu idi. Zənciri açılmış itlər bizi sakit müşahidə edirdilər. Laçın can verirdi. Evlərindən işıq gəlməyən, bəzi binaları mərmi dəyib uçan şəhərimiz... Yaşlı dayım çətinliklə yerisə də, gəlib evimizə çatdıq. Açarla evimin qapısını açdım. Hər şey yerində idi. Kitablarım da. O zamana görə, qiymətli kitabxanam var idi. Qayıtdıq şəhərin çıxacağına. Xarab bir yük maşınında Zəngilana tərəf yollandıq. Səhərə yaxın sürücü bizi öz evlərinə gətirdi. Bir neçə saat yatdıq. Yenidən başqa bir maşınla Laçına qayıtmaq istədik. Qubadlı ilə sərhədimizdəki qərargaha çatdıq. Artıq hərbiçilər də burada idi. Dedilər ki, rayonu tərk ediblər. Laçın ermənilərdədir. Geriyə, Bakıya qayıtmalı olduq. Yaxşı ki, doğma yurdumun ölüm ayağında oranı ziyarət edə bildim. Amma heç özünə yaraşan tərzdə ölmədi Laçın... Yiyəsiz, tənha öldü Laçın.
- Siz
nə vaxtdan diaspor fəaliyyətinə
qoşulubsunuz?
-1988-ci ildən diaspor fəaliyyətinə
qoşulmuşam. Doğrusu, Dnepropetrovskda onu yaradanlardan biri olmuşam. Səhvlərlə dolu uzun bir yol keçmişik.
Amma heç də az
iş görməmişik.
Ən əsası, bizdən əvvəl gedilməmiş
yolda cığırlar
salmışıq. Qarabağ müharibəsi
dövründə yaşadığım
şəhərin azərbaycanlılarının
fəaliyyəti diaspor
tarixinə qızıl
həriflərlə yazılacaq.
Kifayət qədər
ziyalı gücünə
malik olmağımız
və hakimiyyət çəkişmələrindən kənarlığımız, lazım
olan an bizi
mütəşəkkil qüvvəyə
çevirməyə imkan
yaradır. Əsas mübarizə hədəfi-Qarabağın
azad edilməsi bizim fəaliyyətimizin ana xətti olub və olacaq.
- Azərbaycanlılar Ukraynanın dövlət orqanlarında yetərincə
təmsil olunurmu?
- Ermənilərin ali məclislərdə
və hakimiyyət orqanlarında bizə nisbətən çox təmsil olunmasını qabartmaq oxucuda bir növ azərbaycanlıların
zəifliyi təsəvvürü
yaradır. Səbəb başqadır. Özlərini ateist sanan (az da
olsa, rast gəlinir )
azərbaycanlı belə,
məişətindəki islami
qaydalar ilə seçilir. Qadını da azərbaycanlı olan ailələr heç vaxt yerlilərlə ermənilər
qədər ünsiyyətdə
ola bilmir.
Hakimiyyət pillələrinə aparan yollar isə
şəxsi münasibət
formalaşdıran ünsiyyətdən
asılı olduğundan,
birinci nəsil köçənlər siyasi
həyata tam atıla bilmir. Eyni zamanda bizlər
sıfırdan başlayan
məişət problemlərinin
həllinə xeyli zaman və güc
sərf etmək məcburiyyətində idik.
2-ci nəsil ölkənin
siyasi həyatında millətimizə layiq yer tutmaq məsələsinin
öhdəsindən asanlıqla
gələcək. Bizlər buralarda
ata və anasız (valideynləri də Azərbaycanı tərk edənlər istisnalıq təşkil edir), erməni isə bütün nəsli ilə köçüb gələrək
yaşayır. Əvəzində biz Azərbaycanın üzünü
qara etməyən övladlar, erməni isə bazara lazım məhsul (heç nədən utanmayan) istehsal edir.
- Ukrayna Azərbaycanlıları
Konqresinin Ukraynadakı
azərbaycanlıların birləşməsində
hansı rolu var?
- Bu gün UAK adlandırılan
qurum fəaliyyət göstərmir. Formal olaraq 2 yerə parçalanan Ukrayna azərbaycanlılar icması,
ölkədə baş
verən məlum hadisələrlə əlaqədar
vahid mərkəzləşməyə
doğru atdığı
uğurlu addımları
dayandırmağa məcbur
oldu. Bununla belə, ölkənin
bütün vilayətlərində
yaşayan fəal həmyerlilərimiz milli maraqlarımızın sadiq
keşikçisi rolunun
öhdəsindən ləyaqətlə
gəlirlər. Son illərdə təhsil almaq üçün Ukraynanı seçən azərbaycanlı gənclər
də, ümumi işimizə layiqli töhfələr verdilər.
Bugünkü fəaliyyət kütləvilikdən
çox, fərdilik üzərində qurulub.
İllərcə kifayət qədər
təcrübə toplamış
icmamız, hələlik
üzərinə götürdüyü
məsuliyyətin öhdəsindən
gələ bilir.
Dövlət orqanlarındakı
vaxtaşırı dəyişikliklər
siyasi çevrilişlərə
marağı az olan və
sabitliyə meyilli azərbaycanlıları vəzifə
tutmaq həvəsindən
uzaq salıb. Ölkədəki siyasi qütbləşmə
və korrupsiya, əhalidə dövlət
məmurlarına qarşı
etimadsızlıq yaradıb
və şükürlər
ki, siyasət meydanında bizimkilər yoxdur. Sadə xalqla yaxın
təmas boşluğu
doldurmaqla bərabər,
bizlərə qarşı
olan dostluq münasibətlərinə daha
güclü dayaqlar verir. Bir sözlə, Ukraynada
bizlər istismarçılar
yox, istismar olunanlar təbəqəsindənik.
Bu isə azlıqda
olan xalqın çoxluqla münasibətinin
sağlam təməlini
qoyur. Övladlar böyüdükləri mühitdə özlərinə
qarşı ayrı-seçkilik
görmədən, buranı
Vətən kimi qəbul edə bilirlər. Lakin idarəetmənin 2-3-cü eşelonunda kifayət qədər gücə malikliyimiz, istənilən
siyasətçini azərbaycanlıları
qüvvə kimi qəbul etməyə məcbur edir.
-Bəs, diaspor qurumları arasında koordinasiya varmı?
- Unutmayaq ki, insanların
vahid komanda və nizamnaməyə tabe olması, ordudan başqa heç bir halda mümkün deyil. 1988-ci ildən
başlayaraq Ukraynanın
müxtəlif şəhərlərində
yaranan Azərbaycan cəmiyyətləri ermənilərə
qarşı fəaliyyətdə
vahid ideoloji əsasa söykəndiklərindən
fikir ayrılıqları
nəzərə çarpmırdı.
Əsrin
axırlarında real qüvvəyə
malik olmayan kağız üzərindəki
cəmiyyətlərin də
iştirakı ilə
UAK yaradıldı. Dövlət
dəstəyi görən
icma sədrlərində
"ulduz xəstəliyi"
nin mikrobları
görünməyə başladı.
Bir sözlə, kütləvilikdən
fərdiləşməyə dönüş başladı.
Bu təbii prosesi
faciə kimi qəbul edən bizlər, uzun zaman "birliyi qorumaq" adı ilə yeniliyə qarşı çıxdıq.
Gəmisini bütün heyət
tərk edən və yeni komanda
yığmaqda aciz qalan kapitanlar, yəni uzun illər sədrlik iddiasından əl çəkmək istəməyənlər
belə, islahatların
vaxtı çatdığını
başa düşdü.
Artıq,
bizim fəaliyyətdə
olan təşkilatlarımız
konkret layihələrlə
çalışır. Peşəkarlıq ön plana keçir və gənc nəsil idarəetməni öz əlinə alır.
Bacarıqlı insanlar
isə lazım gələndə mübahisə
etməyi də bacarırlar və ümumi iş naminə şəxsi anlaşılmazlıqları kənarlaşdıra
bilirlər.
Fuad Hüseynzadə
Palitra.-2014.-17 may.-S.6.