“Həm qədim alətlər, həm də
qədim musiqilərimiz yaşasın”
“Ansamblın
repertuarına orta əsrlərin bu günə qədər eşidilməyən
əsərlərini araşdırıb daxil
edəcəyik”
Müsahibimiz Qədim Musiqi
Alətləri Dövlət Ansamblının bədii rəhbəri,
Azərbaycan Milli Konservatoriyasının dosenti, Əməkdar artist,
Prezident mükafatçısı Munis Şərifovdur:
- Munis
müəllim, bu gün
Azərbaycan incəsənətində qədim musiqi alətlərinin tədrisi hansı mərhələdədir?
- Qədim musiqi alətlərinin tədrisi musiqi məktəblərində, kollecdə və konservatoriyada bu gün yoxdur. Amma kim ansambla müraciət edib öyrənmək istəsə, biz ona şifahi şəkildə öyrədirik. Bu alətlər, məsələn, çoğur, rud, bərbət, tənbur, rübab, qanun - qanundan başqa mizrabla çalınan alətləri adətən tar ifaçıları ifa edirlər. Çünki bizdə bu alətlərin tədrisi yoxdur. Bir də kamanla çalınan musiqi aləti var ki, onu da mən ifa edirəm. Amma çox yaxşı olar ki, bu alətlər musiqi məktəblərində, respublikadakı musiqi kolleclərində və ali təhsil müəssisələrində tədris olunsun. Çünki məktəbdə nizamlı şəkildə tədris etmək mümkündür. Hələ ki, bu dərəcədə təhsil yoxdur. Ümid edirəm gələcəkdə olar. Çünki bu alətlər tarixdə olub və tarixdən itib. Məcnun Kərimovun çox böyük zəhməti nəticəsində bu alətlər bərpa olundu. Mən deyərdim ki, o, bütün ömrünü bu işə sərf etdi. Bildiyiniz kimi bu alətlər Azərbaycan miniatürlərində var idi. Bir də bizim klassik şairlərimizin əsərlərində - Nizami Gəncəvi, Qətran Təbrizi, Nəsimi və s. şairlərin əsərlərində bu alətlər vəsf olunub. Amma bir neçə yüz il bu alətlər yox olmuşdu və sadəcə adı var idi. Məcnun Kərimov miniatürlərə, klassik şairlərin əsərlərinə və dahi musiqiçi alimlər olan Səfiyyəddin Urməvi, Əbdülqadir Marağayi, Fərabinin əsərlərinə baxaraq, bu alətlərlə dərindən maraqlandı. Qeyd edim ki, Sovet dövründə Əbdülqadir Marağayi, Səfiyyəddin Urməvinin əsərləri tədris olunmurdu. Bilirsiniz ki, Səfiyyəddin Urməvi dünyada ilk not yazısını tərtib edib. Səfiyyəddin Urməvi bunu etməklə dünya mədəniyyətinə əbədi bir töhfə bəxş etdi.
Buna əsasən, Məcnun Kərimov tarixi əsərlərə əsaslanmaqla tərəfindən qədim musiqi alətləri hazırlanıb, dövlət muzeyinə təqdim olundu. Daha sonra Məcnun müəllim qərara aldı ki, qədim musiqi alətləri muzeydə eksponat kimi qalmasın deyə, musiqi alətlərinin canlı şəkildə də sərgilənməsinə təşəbbüs göstərdi. Qədim musiqi alətlərinin canlı şəkildə sərgilənməsi üçün isə ansambl lazım idi. Beləliklə, Qədim Musiqi Alətləri Dövlət Ansamblı yaratdı. Ansambl yaranan gündən biz Məcnun müəllimlə çiyin-çiyinə məşğul olurduq. Məcnun müəllim həmçinin, qədim musiqi alətlərimiz haqqında kitablar yazdı. Alətşünaslıq üzrə dünyada keçirilən simpoziumlarda, konfranslarda iştirak etdi. Çalışdığı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Qədim alətlərin təkmilləşdirilməsi və bərpası elmi laboratoriyasını” yaratdı və ömrünün son günlərinə qədər rəhbəri oldu.
Qədim musiqi alətlərimiz yarandığı dövrdən əldə olunan budur ki, Məcnun müəllim tərəfindən kitablar yazıldı, ansambl yarandı və hazırda ansamblla qədim musiqiləri, musiqi sənətimizi bütün dünyaya təbliğ edirik. Ancaq çox yaxşı olardı ki, bu alətlərin xüsusi tədrisi olsun. Çünki tədris olunmasa, bu sənətimiz yenidən unudular. Sizin sualınıza cavab olaraq onu deyə deyirəm ki, arzu edirəm bir daha bu sualı mənə ünvanlayanda cavabımda “Bəli! Artıq qədim musiqi alətlərimiz xüsusi fənlə tədris olunur” deyərdim. Düzdür, “qanun” alətinin bu gün tədrisi var. Digər musiqi alətlər - rud, çoğur, tənbur, bərbət, rübab, nüzhə ancaq bizim ansamblda təbliğ olunur. Mənim və mərhum Məcnun müəllimin böyük arzusu idi ki, qədim musiqi alətləri tədris olunsun. Məcnun müəllimə qismət olmadı. İnşallah biz görərik. Çünki tədris olunmasa, ola bilsin yeni nəsil bu işə maraq göstərməsin. Ancaq tədris olsa, qədim ənənələrimiz gələcək nəsillərə qüsursuz çatar.
- Rəhbərlik
etdiyiniz ansambl fəaliyyətində
hansı qədim musiqilərimizə müraciət edir və repertuarına əlavə edir?
- Bu ansamblın yaradıcısı və ilk rəhbəri Məcnun müəllim olub. Onun vəfatından sonra həm konsertmeyster, həm də rəhbər oldum. Qədim Musiqi Alətləri Dövlət Ansamblı dünyanın bir çox ölkələrinin böyük səhnələrində çıxış edib. Dəfələrlə UNESCO-nun səhnələrində çıxışlarımız olub. Respublikada keçirilən dövlət tədbirlərinə dəvət alırıq. Televiziyanın radio fondunda lent yazılarımız saxlanılır. Beynəlxalq Muğam Mərkəzində də tez-tez ansamblımızın konsertləri olur.
Bu günə qədər repertuarımızda Səfiyyəddin Urməvinin, Əbdülqadir Marağayidən, Fərabidənin əsərlərini işləyib hazırlamışıq. Bundan sonra da ansamblın repertuarına orta əsrlərin bu günə qədər eşidilməyən əsərlərini araşdırıb daxil edəcəyik. Burada Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi laboratoriyası kömək edir. İstəyirik ki, həm qədim alətlər, həm də qədim musiqilərimiz yaşasın. Arzu edirəm ki, gənclərimiz də bu işə laqeyd olmasınlar. Çünki, bu bizim tariximizdir. Musiqi tariximizi itirmək, gələcək nəsillər üçün yox deməkdir.
- Milli
klassik musiqilərimizi qədim musiqi alətlərimizdə ifa
edirsinizmi?
- Bu alətlər primitiv alətlər sayılmır.
Biz ansamblda musiqinin
hər bir janrına müraciət edirik və çox gözəl alınır. Belə düşünürəm
ki, bu alətlərlə
dünya musiqilərini
də ifa etmək olar. Sizin söylədiyiniz kimi milli klassik janrlara
da müraciət edirik.
Ümumiyyətlə, biz çalışırıq ki,
qədim alətlərdə
o dövrdə bəstələnən
musiqilərimizi ifa edərək, o dövrü
canlandıraq. Mən belə hesab
edirəm ki, repertuarımızda elə
yanaşma tərzi seçək ki, hər yaş dövründə olan insanların bu qədim musiqi alətlərini sevmələri
üçün onların
zövqünə uyğun
musiqiləri ifa edək. Başlıca olaraq, orta əsrlərin musiqi mədəniyyəti nəzərdə
tutulur.
Bu alətlərin ən
gözəl tarixi isə saray alətləri olmasıdır. O dövrdə
şah saraylarının
ən yüksək tədbirlərində bu alətlərdə ifa edilirdi. Bu elə
bir tarixdir ki, mütləq tədqiqat zəruridir.
- Sənətinizi
həyatınızda necə
tərənnüm edərdiniz?
- Çox zaman cəmiyyətdə musiqiyə
əyləncə kimi
yanaşırlar. Ancaq musiqi
bir əyləncə deyil, bir elmdir.
Necə ki, təbabət elmi insan həyatına
bir dəvadır, eləcə də musiqi insan üçün
lazım olan həyatdır.
Musiqi elminin dərinliklərinə varmaq
üçün, mütaliə
təhsil şərtdir. Çünki təhsil olmasa, heç bir elmin qapısını açmaq mümkün deyil. Musiqi elminin də
başqa elmlərlə
bağlılığı var. Musiqiçiyə təhsil
Azərbaycan musiqisinin
həm folklor, həm də xalq musiqilərinin dünya musiqisinə inteqrasiyasını edə
bilmək üçün
vacibdir.
Mənim də həyatımda musiqi bir elmdir. Mən də
bu elmin dərinliklərinə varmağa
çalışıram. Düşünürəm, yaxşı ki,
musiqiçi oldum.
Xalqımıza xidmət etməkdən
belə zövq alıram. Allah qismət etsin ki, biz böyük bir konsertlə Cıdır düzündə
çıxış edək.
Xəyalə GÜNƏŞ
Palitra.-2014.-20 may.-S.13.