Seyran Quliyev: “Gənclərin fiziki-mənəvi inkişafında erkən nikahlarla bağlı maariflənmə önəmlidir”

 

Gənclərin və yeniyetmələrin fiziki və mənəvi inkişafında onların ailə ilə bağlı bilgilərinin artırılması və maarifləndirilməsi də ən önəmli yerlərdən birini tutur. Bu barədə orta məktəb dərsliklərindən və tədrisindən müəyyən məlumatlar əldə edilsə də, görünən budur ki, bəzi regionlarda bu barədə müəyyən problemlər qalmaqdadır.

Məsələn, erkən nikahlarla bağlı bildirməyə dəyər. Məhz bunu nəzərə alaraq gənclərin, yeniyetmələrin və onların valideynlərinin erkən nikahlarla bağlı məlumatlandırılması və maarifləndirilməsi məqsədilə son vaxtlar ardıcıl layihələr, aksiyalar həyata keçirilməyə başlanılıb. Bu layihələrdə erkən nikahların gənclər, yeniyetmələr, həddi-buluğa çatmayanlar üçün hansı fiziki və mənəvi problemlərə gətirib çıxardığı barədə məlumatlar verilir, onların zərərləri açılıb göstərilir. Bu məsələ ilə bağlı Gənclər Fondunun dəstəyi ilə layihə həyata keçirən gənc fəallardan biriPrezident yanında Dövlət İdarəçilik Akademiyasının magistri Seyran Quliyevdir. Yeniyetmə və gənclərin fiziki-mənəvi inkişafı baxımından bu layihənin çox önəmli olduğunu qeyd edən S.Quliyev belə bildirdi: “Yaxın zaman kəsiyində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun birbaşa dəstəyi ilə Masallı və Lənkəran rayonlarında “Erkən nikahlanma, erkən maariflən” adlı layihənin icrasına başlayacağıq. Hazırlıq işləri demək olarki, başa çatıb, sənədləşmə işlərinin yekunlaşmasını gözləyirik. Layihə çərçivəsində erkən nikahların sosioloji, psixoloji, tibbi və digər aspektlərini ələ alacağıq. Təlimlərimizdə erkən nikahlar, onun fəsadları haqqında yeniyetmələr, gənclər maaifləndiriləcək, həmçinin onlara sağlam gələcək üçün təhsilin önəmi çatdırılacaq. Fürsətdən istifadə edib Prezidentimiz cənab İlham Əliyevə gənclərin öz layihələrini həyata keçirməyə imkan yaradan belə bir fondu təşkil etdiyinə görə və eyni zamanda fond rəhbərliyinə mövzunun aktuallığını dəyərləndirib dəstək olduğuna görə təşəkkürlərimi bildirirəm.

“Erkən nikah” deyərkən, çox vaxt yeniyetmə yaşda qızların evləndirilmələri nəzərdə tutulur. Əslində isə erkən nikah 18 yaşından kiçik oğlanların və qızların ailə qurması və birgə yaşamasıdır. Oğlanların erkən yaşda ailə həyatı qurmasına çox da rast gəlinməməsi bu anlayışın qızlarımıza aid olmasına səbəb olub”.

Hansı səbəblərdən erkən nikahlar yaranır? S.Quliyev deyir: “Bu məsələ ilə bağlı bağlı maraqlı tərəfləri ortaya çıxarmışıq. Onları aşağıdakı kimi qruplaşdırmaq olar :

Yaşı 18-i keçmiş gənc qızlar bəzi regionlarda artıq “qarımış” hesab olunur. Buna görə valideynlər qızlarını erkən yaşda ərə verməyə can atırlar.

Güzəranla bağlılığı. Valideynlər hesab edirlər ki, uşaqları tez evlənsə, övladları daha yaxşı həyat şəraiti qura bilərlər.

Ehtiyaclardan qurtulma istəyi. Bəzi valideynlərin qızlarını erkən yaşda ərə verməsinə səbəb onların sosial-maddi yükü azaltmaq istəməsədir. “Qız yükü, duz yükükimi deyimlərin ortaya çıxması bu amilin heç də əbəs yerə ortaya atılmadığını göstərmirmi?

Bəzən yalnız bir aidiyyət axtarışı. Elə ailələr var ki, onlar özlərini hansısa sosial zümrənin (orta və yuxarı təbəqənin) tərkibində görmək istəyirlər. Belə zümrədən gələn qohumluq təklifi onlar üçün şansa bərabərdir və bu şansı əldən buraxmaq istəməzlər. Hər iki tərəf bu məsələdə maraqlarından çıxış edə bilər.

Savadsızlıq da bu məsələdə qeyd edilə bilər. Yaxud mövcud vəziyyətdən xilas olub daha yaxşı günə qovuşmaq. Bu istəkdən həm valideyn, həm də nikaha daxil olan subyekt ( qız və ya oğlan ) çıxış edə bilər. Maddi, sosial problemlər, bəzən münaqişələr, ailə daxilində insan sayının çox olması və nəticədə mənzilin kiçiklik təşkil etməsi və s. məlum addımın atılmasına rəvac verə bilər.

Yaxud "evdə qalarsan, yaşın keçsə, kimsə səni almaz", “ evdə oturacağına get ailə uşaq sahibi olkimi ətrafdakıların təzyiqləri.

Bəzən bir eşqbuna səbəb ola bilir. “Erkən nikahların bağlanmasında müəyyən paya yeniyetmələrin bir-birilərinə olan sevgisisahibdir” desək, məncə heç yanılmarıq.

Bəzən də özünü ifadə etmə istəyi. Elə yeniyetmələr olur ki, onlar yaşadıqları çevrədə özlərini ifadə edə bilmirlər. Buna səbəb adətlər, müəyyən normalars. ola bilər. Məlumdur ki, insan məhdudiyyətlərlə qarşılaşdıqca onları aşmaq istəyir. Bu zamanyeni ailə onlara bu işdə köməklik edəcəkdir düşüncəsi” də öz təsirini göstərir .

Mühit qorxusu. Onlar düşünürlər ki, mühit indi çox pisdir. Övladları mühitin mənfi təsirlərinə məruz qala bilər. Nə qədər tez uşaqlarını evləndirsələr, mühit onları öz pisliklərinin ağuşuna ala bilməz.

Qızların öz istəyi (Rəfiqəm getdi, mən qaldım və s. ) ilə.

1)           Qarşı tərəfin bəzən özünün yeniyetmə (Onu daha rahat idarə edə bilsin, istədiyi kimi yönləndirə bilsin deyə və s. ) ilə nikaha meyilli olması.

Qaçırılma hallarının mövcudluğu. Belə hallar hər iki (Oğlan və qız ) tərəfin razılığı ilə və ya razılığı olmadan da ola bilir. İstər zorla qaçırılma halı olsun, istərsə də razılıq əsasında olanı, hər iki halda da valideynlər məcburiyyətdən erkən nikahın baş tutmasına razılıq verə bilirlər.

“Göbək kəsdi” kimi adətlərin olmasını da fikrimcə erkən nikahların baş vermə səbəbləri sırasına daxil etmək lazımdır”.

S.Quliyev daha sonra qeyd edir ki, mentalitetbu məsələdə rol oynayır: “Bizim mental düşüncəmizin bəzi çalarlarına görə, qız daha çox evdə oturmalıdır. İş həyatı, karyera onun üçün vacib deyil. Maddi durumu təmin etmək əsasən kişinin vəzifəsidir. Yəqin ki, bu məsələyə baxış fərqli olsaydı, xanımlarımız da özlərinə normal gəlir mənbəyi, maddi durum, evliliyə müəyyən hazırlıq işləri gördükdən sonra ailə haqqında düşünməli olardılar”.

Qeyd edildiyi kimi, erkən nikahlara bais olan səbəblər çoxdur. S.Quliyevin dediyinə görə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, BMT- nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin madditexniki dəstəyi ilə birgə 2010-cu ilin 11-29 -da ölkənin regionlarının şəhər və kənd yerlərində “Qızların erkən nikaha daxil olması və rəsmi və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dairstatistik müayinəyə əsasən 18 yaşadək erkən nikaha daxil olan qadınların 38,9 %-i şəhər, 61,1%-i isə kənd yerlərində qeydə alınıb: “Bu fakt üzərində düşünmək lazımdır. Son vaxtlar nikaha girmə yaşının qaldırılması ətrafında müzakirələr aparılır. Nikah yaşı qaldırılır, dövlət strukturları bu məsələ ilə bağlı daha ciddi işlər görməyə çalışır. Amma bununla belə erkən nikahların sayı azalmır ki, azalmır. Diqqət etsək, belə halların kökündə savadsızlıq, adət və inanclar, sosialmaddi problem, mentalitet, oturuşmuş ənənə və s. dayanır. Dini institutların erkən nikah məsələsinə öz mövqelərini orta qoyması problemi bir qədər asanlaşdırardı”. Aidiyyəti dövlət orqanları tərəfindən erkən yaşda qıyılan nikahların qeydə alınmayıb, mollalar ( kəbin kəsənlər ) tərəfindən rəsmiləşdirilməsi bu məsələ ilə bağlı mübarizədə ciddi nəticələrin alınmamasına səbəb olan tərəflərdəndir”.

 

İlkin Ağayev

Palitra.-2014.-20 may.-s.11.