Sınaq Qiymətləndirməsinin məqsədi keyfiyyətli kadrları üzə çıxarmaqdır

 

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev:

“Stimullaşdırıcı tədbir kimi ən yaxşı müəllimin əmək haqqı

daha yüksək səviyyədə olacaq

Prezidentin sərəncamı ilə təsdiq olunan "Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil alanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsil verənin formalaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Bu hədəfə nail olmaq üçün müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini, müəllim peşəsinin nüfuzunun artırılmasını, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılmasını təmin edən yeni sistemin yaradılması nəzərdə tutulub. Təhsil naziri Mikayıl Cabbarov Dövlət Strategiyasının icrası istiqamətində ümumtəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə əmr imzalayıb. Əmrə əsasən 2014-cü ilin iyun ayında Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi aparılacaq.

Sınaq Qiymətləndirilməsi diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir. Qeyd edək ki, Sınaq Qiymətləndirilməsi 3 istiqamətdə - fənn, metodika, kommunikativ qabiliyyətə dair sorğu əsasında aparılacaq. Qiymətləndirmədə məktəb direktorları, direktor müavinləri, psixoloqlar, laborantlar, uşaq birliyi rəhbərləri, sosial məzuniyyətdə olan və müvəqqəti əmək qabiliyyətini itirən müəllimlər iştirak etməyəcək. Müəllimlərin peşəkarlıq səviyyəsi ixtisas bilikləri, metodiki bacarıqlar və kommunikativ qiymətləndirmənin nəticələrinə uyğun olaraq müəyyən ediləcək.

Qiymətləndirmə yazılı test vasitəsilə aparılacaq. Suallar tədris proqramına uyğun tərtib ediləcək ki, müəllimlərin şagirdlərə dərs dedikləri mövzulardandır. Qiymətləndirmə 19 ixtisas üzrə və 80 sualdan (40 ixtisas, 20 metodika, 20 kommunikativ sual) ibarət olacaq.

Mütəxəssislər də Sınaq Qiymətləndirilməsinin əhəmiyyətli olduğunu deyirlər.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev bildirdi ki, Təhsil Nazirliyi bir sıra məsələlərlə bağlı tədbirlər həyata keçirir: “Lakin bu da bir faktdır ki, müəllimlərin də bir qisminin müasir tələblərə cavab vermədiyi, yəni müasir texnologiyalardan xəbərsiz olduğu, hətta bir qrupunun diplomunun real olmadığı kimi amillər var. Nazirliyin həyata keçirəcəyi bu tədbir diaqnostik qiymətləndirmədir. Mənə elə gəlir ki, ümumilikdə pis deyil. Bu qiymətləndirmədə suallar pedaqoji, ümumi dünyagörüşü, metodika ilə bağlı olan suallardısa pis bir şey deyil. Müəllimlərin hazırlığını üzə çıxarırlar, bəlli olur ki, hansı müəllimin məlumatlılıq dərəcəsi nə qədərdir. Ola bilər ki, müəllim olsun ki, onun məlumatlılığı sıfıra bərabər olsun. Çünki müəllim olmadan hansısa diplomla işləyən adamlar mövcuddur. Yaxud , müəllim deyil, aqronom, kimya, zootexnik ixtisası üzrə təhsil alıblar, sonra əmək təlimi dərsinə, müəllimliyə keçib, amma müəllimliyi bilmir, məlumatı yoxdur. Mən bu baxımdan Sınaq Qiymətləndirmənin tərəfdarıyam, ancaq nəticələr düzgün müəyyənləşdirilsin”. Ə.Ağayevin sözlərinə görə, bu, bütün keyfiyyətləri üzə çıxara bilməz. Səbəblərinə gəldikdə isə professorun fikrincə, müəllimliyin elə keyfiyyətləri var ki, o biliklə meydana çıxmır, təlim, öyrətmə prosesində meydana çıxır: “Şagirdə yanaşma, ədalətli, humanizm, dərs dediyi uşaqları sevmək, qayğı göstərmək kimi keyfiyyətlər müəllimə xasdır. Bu yazıda həmin keyfiyyətlərin müəyyənləşdirilməsi necə olacaq? Biliklər yoxlanılsın, amma əsas müəllimliyin üzə çıxarılması şərti tədris prosesinin izlənilməsidir. Həmin müəllimlərin dərsləri mütəxəssislər tərəfindən izlənilməlidir, yarım saat kifayətdir ki, həmin müəllimlərin hansı keyfiyyətlərə malik olduğunu müşahidə edəsən. Bu Sınaq Qiymətləndirməsini də üstünə gəldikdə keyfiyyətli kadrları üzə çıxarmaq olar. Hazırda ilk başlanğıc, təcrübə olaraq tətbiq etmək olar”.

Qeyd edək ki, Sınaq Qiymətləndirməsi ilk olaraq Bakıda keçiriləcək ki, professorun sözlərinə görə, birdən-birə onu bölgələrdə keçirmək mümkün deyil, sınaqdan çıxmamış bir işdir: “Bütün bir ərazini o əhatə edir ki, nəticələr göz qabağında olur. Bu hələ ki, sınaqdır. Sonra onu genişləndirə bilərlər”.

O da vurğulandı ki, qiymətləndirmədə müəyyən qrup nəzərdə tutulur ki, buraya sırf müəllim işləyən adamlar, təcrübəsi az olan adamlar daxildir. Təhsil Nazirliyi tərəfindən aşağı nəticə göstərənlərə təlim kursları təşkil olunacaq. Praktiki bacarığı aşılayan kurslar, ixtisasartırma kursları, müstəqil tapşırıqlar veriləcək. Ə.Ağayevin sözlərinə görə, problem ordadır ki, bu gün müəllimlər heç biri öz üzərində müstəqil işləmək planı tutmur: “Müəyyən bacarıqlı müəllimlər ehtiyacını ödəmək üçün oxuyur, öyrənir. Hər gün müəllim oxumalı, öyrənməlidir. Böyük pedaqoqların fikri də belədir ki, əgər o, hər gün oxuyub, öyrənmirsə müəllimliyini sona çatdırır. Hətta oxumayan müəllim müəllimliyini öldürməyə aparır. Buna görə də artıq ehtiyac məcbur edəcək ki, müəllimlər öz üzərində işləsin. Belə stimul yaranacaq. Nazirliyin təşkil etdiyi kurslar, müəllimlərin öyrənmək ehtiyacı onları inkişaf etdirəcək. Bacarıqsız adam yoxdur. Sadəcə olaraq tənbəllik var. Stimullaşdırıcı tədbir kimi ən yaxşı müəllimin əmək haqqı daha yüksək səviyyədə olacaq. Belə bir rəqabət yarandıqda aşağıda olan çalışacaq ki, həmin meyarlara çatsın”. Belə qiymətləndirmənin gəncləri bu peşəyə daha da də həvəsləndirməsinə gəldikdə isə professor deyir ki, ali məktəbə, pedaqoji peşələrə qəbul prosesində bal səviyyəsi yüksəldilsə, yəni 180-250 balla qəbul olmasa bunun stimullaşdırıcı təsiri ola bilər: “İstərdim ki, bu tədbirlər şəffaf və obyektiv olsun. Hamıya qarşı eyni ədalətli münasibət olsun”.

Onu da qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Sınaq Qiymətləndirilməsi ilə əlaqədar paytaxtda fəaliyyət göstərən müəllimlərlə görüşlər keçirməyə başlayıb. BŞTİ-nin məlumatına görə, Bakı şəhəri üzrə 12 rayonda müəllimlərlə görüşlər keçirilməsi nəzərdə tutulub. Görüşlərdə müəllimlərin sualları cavablandırılacaq və bu mövzuda çıxan problemlərə fərdi yanaşılacaq. Artıq Səbail və Yasamal rayonunun bəzi məktəblərinin müəllimləri üçün görüş keçirilib, müəllimlər yenidən məlumatlandırılıb və sualları cavablandırılıb.

 

Nigar Abdullayeva

Palitra.-2014.-21 may.-S.6.