Dan ulduzuunudulmuş bəstəkar mahnıları və klassik musiqilərimizi təbliğ edir

 

Tariyel Abbasov: “Bu günə qədər yazılan bütün milli musiqilərimiz bizim xalqımız üçün əbədi, zəngin xəzinədir”

 

Müsahibimiz Gülarə Əliyeva adına “Dan ulduzuİnstrumental Ansamblının bədii rəhbəri, Əməkdar artisti Tariyel

Abbasovdur.

- Tariyel müəllim, Gülarə Əliyeva adına “Dan ulduzuinstrumental ansamblının fəaliyyəti hansı mərhələdədir?

- Ansamblın fəaliyyəti mübaliğəsiz çox yüksək səviyyədədir. Ansamblın məşq fəaliyyəti davamlı olaraq həftədə 4-5 gün aparılır. Dövlət tədbirlərində iştirak edirik. Özəl və dövlət kanallarında musiqi verilişlərinə dəvət alırıq. Bu il ulu öndər Heydər Əliyevin 91 illik yubileyi ilə əlaqədar olaraq, Qaradağ rayonunda və Heydər Əliyev Fondunun rəhbərliyi ilə Heydər Əliyev Mərkəzində keçirilən konsertlərdə iştirak etdik. Necə ifa etmişik deyə, qiymət verə bilmərəm. Ancaq çalışırıq ki, Gülarə xanımın qoyduğu izlə ansamblı qoruyaq. Ansamblı hansı səviyyədə yaradıbsa, bizo şəkildə fəaliyyətimizi davam etdiririk. Bu ansambl bizə miras qalmış bir əmanətdir. Əmanətə də xəyanət olmaz. Düzdür, biz bu ansamblı Gülarə xanımın qoyduğu kimi davam etdirə bilmərik. Ancaq çalışırıq ona yaxın şəkildə fəaliyyətimizi davam etdirək. Mən 34 ilə yaxındır ki, bu ansamblda fəaliyyətdəyəm. Mənim borcumdur ki, bu ansamblı Gülarə xanımın qoyduğu kimi gələcək nəsillərə çatdırım.

-Ansamblın repertuarına daxil olan musiqilərə xüsusi nəzarət olunurmu?

- Bəli. Bu ansambl yaranan gündən hər zaman qədim musiqilərimizi, xalq mahnılarımızı, peşəkar bəstəkar musiqilərini təbliğ edib. Mən də çalışıram ki, bu gün unudulmuş professional bəstəkar mahnılarını və klassik musiqilərimizi yeni nəslə çatdırım. Əsasən də ifalarımızı yeni aranjemanda dinləyicilərimizə çatdıraq. Çünki bu mahnılar ölməz musiqilərdir. Zaman keçsə belə, bu mahnıları dinlədiyin zaman sanki yeni bir nəfəs duyursan. Təəssüf ki, yeni nəsil bu mahnıları bilmir.

İfaçı seçiminə gəlincə isə, professional şəkildə yanaşırıq. İfaçılarımız arasında gənclər olsa da, yalnız istedadı və gözəl səsə malik olan gəncləri qəbul edirik. Gülarə xanımın vaxtında ansambl laboratoriya kimi olub. Səhnəmizin əksər müğənniləri bu ansamblda yetişib. Düşünürəm ki, sadalamağa ehtiyac yoxdur. Ansamblımızın ilk ifaçısı respublikanın Xalq artisti Leyla Şərifova idi. Ansamblla sıx əlaqədə olan respublikanın Xalq artisti Yalçın Rzazadə olub. Bu gün də Yalçın müəllim öz köməyini ansambldan əsirgəmir. Mən çalışıram ki, gənclərə daha çox diqqət ayırım və ansamblın məşq prosesində gənclərə xüsusi nəzarət edim. Bəstəkar musiqilərini ifa etdiyimiz zaman professionallığa xüsusi diqqət yetiririk. Çünki burada musiqi savadının olması əsas şərtdir.

- Bu günə kimi ansamblın repertuarında hansı bəstəkarlara daha çox müraciət edilib?

- Ansamblın repertuarında ən çox Səid Rüstəmov, Tofiq Quliyev, Rauf Hacıyev, Oktay Kazımov, Ramiz Mirişli, Emin Sabitoğlu, Vasif Adıgözəlov, Arif Məlikov, Tahir Əkbər, Hacı Xanməmmədov, Süleyman Ələsgərov kimi professional bəstəkarların mahnılarına müraciət edirik. Çünki bu bəstəkarların yazıb-yaratdıqları mahnılar ölməzdir. Mən düşünürəm ki, bu mahnılar bizim xalqımız üçün 200 il belə, bəs edər. Əgər bir dövr gəlsə və bəstəkar yetişməsə bizim xalqımızın musiqi mədəniyyətinə dahi bəstəkarlarımızın töhfələri kifayət edər. Bu günə qədər yazılan bütün milli musiqilərimiz bizim xalqlımız üçün əbədi, zəngin xəzinədir.

-Yeni nəsil bəstəkarların yaradıcılığına müraciət edirsiniz?

- Düzünü desəm gənc bəstəkarların yaradıcılıqlarından məlumatım yoxdur. Elə bir musiqi ilə tanış olmadım ki, onu repertuarımıza daxil edək. Müraciət edən belə, yoxdur. Əgər olsa, məmnuniyyətlə dinləyib, həmin mahnı üzərində çalışarıq. Hazırda Tahir Əkbər, Mehriban Əhmədova ilə çalışırıq. Onların mahnılarını repertuarımıza daxil edirik.

-Pedaqoq olaraq, tar sənətinə gənclərin diqqətini necə qiymətləndirirsiniz?

- Gənclərimiz milli ruhda inkişaf edirlər. Ancaq tarın ifa yolunu dəyişiblər. Tar sənətinin yolu Hacı Məmmədovun sənətidir. Ustadım Əkrəm Məmmədov bu yolun davamçısıdır. Çalışıram ustadımın mənə öyrətdiklərini mən tələbələrimə ötürə bilim. Müəllimin borcudur ki, bildiyini öyrətsin. Tar xalqımızın milli musiqi alətidir. Mədəniyyətimizin əvəzsiz inciləri sırasındadır. Mən ömrümün bu çağını yaşadığıma görə tara borcluyam.

- Gülarə Əliyeva yaddaşınızda necə qalıb?

- Mənim Gülarə xanımla bağlı olan təəssüratlarım çoxdur. Gülarə xanım son dərəcə kübar bir qadın idi. Böyük fitri istedada malik idi. Güclü piano ifaçısı idi. Bütün insani cəhətlər Gülarə xanıma məxsus idi. Düşünürəm ki, Gülarə xanım kimi olmaq çox çətindir. Ansamblın bütün heyətinə ana qayğısı, nəvazişi göstərirdi. Onun kimi musiqiçi bu gün tapılmaz.

-Ansamblın fəaliyyətində hansı işlər görülür xarici səfərlər

gözlənilir?

- 2013-cü ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Gülarə Əliyevanın 80 illik yubileyini dövlət səviyyəsində keçirdik. Yubiley çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə ansamblın audio diski işıq üzü gördü. Ansamblın keçmiş rəhbəri, Əməkdar incəsənət xadimi Həsənağa Qurbanov vəfatından əvvəl Gülarə xanım haqqında kitab hazırlayırdı. Ömür vəfa etmədiyi üçün bu kitab yarımçıq qaldı. Mən Həsənağa müəllimin əlyazmalarını tapdım, tamamladım Bizim Gülarə Əliyevaadlı kitabı nəşr etdik. Dövlət səviyyəli tədbirlərdə Elza İbrahimovanın, Şəfiqə Axundovanın 90 illik, Mirzə Babayevin 100 illik yubileyində bizim ansamblın müşayiəti ilə konsertlər təşkil olundu.

Ansamblın xarici səfərləri də gözlənilir. Təkliflər olunur. Ansamblın heyəti də səfər çərçivəsində xüsusi hazırlıq görür. “Dan ulduzuinstrumental ansamblının uğuru tək mənim uğurum deyil, bütün ansamblın üzvlərinin uğurudur.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2014.-23 may.-S.13.