Xava Dolev: “Azərbaycan
musiqisi Şərq musiqisinin anasıdır”
İsrailli müğənni Xava xanım Dolev ölkəmizdə qonaqdır. Xava xanım
İsraildə Azərbaycan
dilində oxuyan yeganə tanınmış
müğənnidir. O, Azərbaycan dilini bilmir. Amma Azərbaycanca oxuyanda
elə bilirsən ki, azərbaycanlıdır.
Qeyd edək ki, X. Dolev Dərbənddə doğulub. 17 yaşında İsrailə
köçüb və
elə bu ölkədə də musiqi təhsili alıb. Hazırda, İsraildə populyar
müğənnilərdən biridir. Bu günə
kimi 7 albomu işıq üzü görüb. Azərbaycan mədəniyyətini
tanıdır.
- Necə oldu ki, siz
Azərbaycan mahnılarını
oxumağa başladınız?
- Bizim ailədə hamı incəsənət
adamıdır. Mənim babam
Avdalimov Abraam Dağıstanın Xalq artistidir. Babam da Azərbaycanca
mahnılar oxuyub.
O, Azərbaycanı çox
sevirdi. Sanki Azərbaycan
mədəniyyəti ilə
yaşayırdı. Mən balaca
olanda babamın Azərbaycan dilində oxuduğu mahnıları dinləyirdim. Demək olar
ki, bu mahnılarla
böyümüşəm. Buna görə də
uşaqlıqdan Azərbaycanın
korifey müğənnilərinə
və onların oxuduğu mahnılara sevgim olub. Onlar bu mahnıları necə oxuyubsa, mən də dinlədikdən sonra eləcə ifa edirdim. O mahnılar sanki mənim canıma, qanıma hopub. Mən Azərbaycanı və Azərbaycan musiqilərini çox sevirəm. Mən babamın Azərbaycan
mədəniyyətinə olan
bu sevgisini davam etdirirəm. İsraildə Azərbaycan mədəniyyətini
tanıdıram.
- Ən çox sevdiyiniz Azərbaycan mahnısı
hansıdır?
- Mənim üçün Azərbaycanın bütün
mahnıları gözəldir.
Amma onların arasında ən çox oxuduğum “Girdim yarın bağçasına” mahnısıdır
(Mahnıdan bir parça ifa edir ). Bundan başqa “Tut ağacı”, “Sevəcəyəm”
və s. adını çəkmək olar.
- Azərbaycanca albomunuz varmı?
- Azərbaycanca albom çıxarmağı planlaşdırırıq.
Elə Bakıya da bu məqsədlə gəlmişəm. Müğənni Nazim Pişiyari (Faytonçu Nazim) ilə birgə albom üzərində işləyirik. Bu albomda dağ yəhudiləri və Azərbaycan musiqiləri yer alacaq. Fürsətdən istifadə edib
Nazim müəllimə
təşəkkür edirəm.
- İsraildə
Azərbaycan mahnılarına
maraq necədir?
- İsraildə keçirilən
konsertlərdə, bayramlarda
və s. tədbirlərdə
Azərbaycan musiqilərini
də ifa edirəm. İsraillilər, xüsusən də
Dağıstan və Azərbaycandan köçən
yəhudilər Azərbaycan
mahnılarını böyük
maraqla dinləyirlər.
Mən bu mahnıları ürəkdən, məhəbbətlə
oxuyuram. Azərbaycan musiqisi
Şərq musiqisinin anasıdır. Ən böyük
arzum budur ki, Azərbaycanda nəinki məni tanısınlar, həm də sevsinlər. Bir daha deyirəm, mən
Azərbaycanı çox sevirəm.
Fuad Hüseynzadə
Palitra.-2014.-23 may.-S.6.