“Saf rənglər”
Dünyanın ən böyük sərvəti uşaqlardır. Çünki uşaqlar bu günün elçiləri, sabahın alimi, həkimi, rəssamı, memarı, heykəltəraşı, bəstəkarı, müğənnisi, şairi, hüquqşünası-bir sözlə dünyanın gələcək idarəçiləridirlər. Təbiətin dəyişməz qanunauyğunluğudur ki, zaman keçdikcə nəsillər dəyişər, dünyanın idarəçiliyi yeni-yeni nəsillərə həvalə edilər. Lakin bu öhdəliyin doğru şəkildə icra edilməsi, xalqına, millətinə, ən əsası dünyaya yararlı övlad yetişmələri üçün onların təhsili çox önəmlidir. Uşaqların sağlam, cəmiyyətə yararlı, savadlı, nümunəvi yetişməsi bütün bəşəriyyəti düşündürən önəmli şərtdir. Bu məqsədlə 1923-cü ildə İsveçrənin Cenevrə şəhərində toplanan qırx ölkənin nümayəndə heyəti Uşaqların Beynəlxalq Müdafiəsi Birliyini yaratdılar.
1950-ci il 1 iyun tarixində BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqları ilə bağlı bir təkliflər elə həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə yazıldı. Həmin gün demək olar ki, bütün ölkələrdə uşaqların bayramı kimi qeyd olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli sərəncamına əsasən növbəti il, yəni 2009-cu il “Uşaq ili” kimi qeyd olunub. Uşaqların dəyərini bilən, onların hər kiçik əməlinə dəyər verən, qiymətləndirən xalq, sağlam bir nəslin yetişməsi üçün təməl qoymuş olur.
Birləşmiş Millətlər Təşkilatının 1959-cu ildə uşaq haqları bildirişinin I bəndində “Heç bir uşaq irq, rəng, cinsiyyət, dil, din ayrıseçkiliyinə təbii ki, tutulmaz” deyilir. Bu humanist addımdan irəli gələrək ötən il ilk dəfə olaraq Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksinin və Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin nəzdində fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə dünya uşaqlarını bir araya toplayaraq “Saf rənglər” I Beynəlxalq Uşaq Yaradıcılıq sərgisi keçirilib. 31 may tarixindən 7 iyuna qədər davam edən festival Rəssamlıq Akademiyasının Muzey-sərgi kompleksinin zallarında keçirilib.
Azərbaycanda ilk dəfə olaraq keçirilən uşaq yaradıcılıq festivalı uşaq yaradıcılıq kollektivlərinin həyatında vacib hadisə olmaqla yanaşı, məktəbə qədər və məktəb yaşlı uşaqların tərbiyəsinin estetik səviyyəsinin qalxmasına da imkan yaradıb.
Festival çərçivəsində master-klasslar və xeyriyyə satışı da keçirilib. Əldə olunan gəlir isə təsviri sənətlə məşğul olan Daun sindromlu uşaqların yardım fonduna dəstək üçün verilib. Beynəlxalq festival Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Muzey-Sərgi Kompleksi, Misirin Azərbaycandakı səfirliyi nəzdində Mədəniyyət Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Gazelli Art House” , “Esmiralda” uşaq studiyasının təşkilatçılığı ilə reallaşdırılıb.
Festivalın təşəbbüskarı kimi çıxış etmiş Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-sərgi kompleksi qısa müddət ərzində bir çox məktəb, qalereya və studiyalardan müsbət rəylər alıb. Festivalın keçirilməsində Bakıdakı Misir Mədəniyyət Mərkəzindən, həmçinin “Esmiralda” uşaq yaradıcılıq studiyası, “Gazelli Art House”, Rəssamlıq İttifaqı nəzdində fəaliyyət göstərən İnna Kostinanın “Yeddi Əlvan Kəpənək” studiyası, Səttar Bəhlulzadə adına Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən “Günəş” rəsm dərnəyi və “İstedad” təsviri sənət kurslarından fəal iştirak olub. Həmin müddətdə festivalın təntənəli açılış və bağlanış mərasimlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Muzey-Sərgi Kompleksinin, Misirin Azərbaycandakı səfirliyi nəzdində Mədəniyyət Mərkəzinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və xarici səfirliklərin nümayəndələrinin iştirakı ilə Rostropoviç adına musiqi məktəbi şagirdlərinin konserti keçirilib. Qeyd edək ki, festivalın açılışında Misir Ərəb Respublikasının Mədəniyyət nazirinin müavini xanım Kamilla Sübhi də iştirak edib.
Sərginin təşkili üçün dəstək olan bir sıra müəssisə və təşkilatlarla birgə Azərbaycanda uşaq yaradıcılığının, o cümlədən müxtəlif ölkə və mədəniyyətlərə aid olan uşaqların geniş ünsiyyət perspektivlərini dəstəkləməyə çağırış idi. Bu sərgidə iştirak edərək, gənc rəssamların işlərini əldə etmək ölkəmizdə incəsənətin inkişafına imkan yaratmaqla Daun sindromlu uşaqlara cəmiyyətin qayğısını hiss etmək imkanı verdi.
Dünyada bir uşaq qəmgin olduğu müddətdə bəşəriyyətdə bütün kəşf və yeniliklər dəyərdə olmur. Uşaqları sevindirmək, onların yaradıcılıq yolunda atdıqları ilk addımda dəstək olmaq, özünə inam və güvən artırmaq yolunda düşünülmüş bu festival artıq ənənə halını alaraq hər il Rəssamlıq Akademiyası bu öhdəliyi öz üzərinə götürüb.
Bu il növbəti dəfə Rəssamlıq Akademiyasının Muzey-Sərgi kompleksi 2014-cü il 23 may - 5 iyun tarixində “Saf rənglər” II Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalına ev sahibliyi edir. Festivalda iştirak edən hər bir studiya və ayrı-ayrı iştirakçılar öz bədii meyarları və estetik üstünlüklərini rəhbər tutaraq sərgi üçün ən parlaq nailiyyətlərini nümayiş etdirən işlərini təqdim ediblər.
Festival komitəsi öz iştirakçılarına tematik və yaradıcı fəaliyyətin bir sıra istiqamətləri üzrə yaradıcılıq qabiliyyətinin inkişafı, uşaq və yeniyetmələrdə konstruktiv düşüncə və təcrübi vərdişlərin formalaşdırılması üçün müsabiqə proqramı təklif edib. Müsabiqə mövzusuna əsasən “Azərbaycan - 2015-ci ilk Avropa Olimpiya oyunlarının ev sahibidir” və “Mənim ölkəmin suveniri” adlı mövzular üzrə hər bir iştirakçı öz bacarıqlarını nümayiş etdirməyə çalışıb.
Festival təşkilatçıları inanırlar ki, birinci mövzu
xarici iştirakçılarda Azərbaycana,
onun tarixinə, mədəniyyətinə,
müasir nailiyyətlərinə, dünya idman arenasında
qazandığı uğurlara xüsusi maraq oyadacaq. İkinci mövzu öz
orijinallığını, öz mədəniyyətini
təsviri sənət dili ilə ifadə
etməyə gözəl imkan
yaradır. O cümlədən, festival
təşkilatçıları növbəti nominasiya
üçün kağız gəmicik - kiçik qrup (3-6 yaş arası), kağız ilan
- orta və böyük
qrupları (7, 12 və 13-17 yaş
arası) üzrə kollektiv işləyərək
bu nominasiyaya
qatılmağı vacib bilinib.
Həmçinin hər bir
iştirakçı və studiya mexaniki oyuncaq və transformer orta yaş qrupu (7-12 yaş arası), multimedia,
animasiya və installyasiya
böyük yaş qrupu (12-17 yaş
arası), bütün yaş
qrupları tullantılardan yığılmış predmet miniatürdə əl işi
üzrə iştirak edir.
Festivalın xeyriyyəçilik ənənəsinə uyğun olaraq əlil uşaqlara kömək məqsədilə
eksponatların satışı həyata keçirir.
Artıq ənənəvi hal üzrə
keçirilən festival üçün
təşkilat komitəsi növbəti - 2015-ci il üçün “Sərhədsiz
idman” və “Təhlükəsiz dünya. Gələcəyin şəhəri”
mövzusunu üzrə “Saf
rənglər” II Beynəlxalq uşaq və
gənc rəsm yaradıcılığı
festivalının müsabiqəsini elan edib. Uşaqlar bu günün sabahı,
sabahın ümidləridirlər. Bu kimi tədbirlər, sərgilər
uşaqların ən yaxşı şəkildə yüksək
dünyagörüşə, sağlam
düşüncəyə sahib
olmalarını təmin edib, onların
formalaşmasına təsir edəcək böyük
mədəni nailiyyətlərdir .
Səkinə
ZEYNALOVA
Sənətşünas,
rəssam
Palitra.-2014.-24 may.-S.15.