“Uşaqlar üçün Azərbaycan
dilində cizgi filmlərinin sayı yetərincə
olmalıdır”
Esmira
Kazımova:“Nitq inkişafının ləngliyinin aradan
qaldırılmasında valideynlər daha çox maraqlı
olmalıdırlar”
Uşaqların mənəvi inkişafına ən ağır zərbəni nitq qüsuru vurur. Bu problem çox zaman insanın nəinki mənəvi inkişafının, ümumiyyətlə, cəmiyyətlə əlaqəsinin qarşısını alır. Nitq İnkişaf Mərkəzi isə belə uşaqlarda qüsurların aradan qaldırılması istiqamətində fəaliyyət göstərir. Xatırladaq ki, Nitq İnkişaf Mərkəzi bu il fəaliyyətə başlayıb. Mərkəzin rəhbəri Esmira Kazımova qəzetimizə müsahibəsində dedi ki, əsas istiqamətləri defektoloq-loqopedlər üçün maarifləndirici seminarlar, kurslar təşkil etmək və nitqi qüsurlu uşaqlarla defektoloji-loqopedik məşğələlər aparmaqdır:
- Nitq İnkişaf Mərkəzi nitqi qüsurlu uşaqlar üçün nəzərdə tutulub. İstənilən reabilitasion məşğələ nitq inkişafına yönəldilib. Mərkəzimizin mütəxəssisləri tərəfindən valideynlərə xüsusi loqopedik masaj öyrədilir. Bunun üçün valideynlər zond və masajı öyrətmək üçün öyrədici disklərlə təmin olunur. Mərkəzimizdə qəbul pulsuzdur. Uşağın hərtərəfli yoxlanışı pulsuz həyata keçirilir. Hər bir uşaq üçün xüsusi proqram tutulur. Bu proqramın tutulmasında valideynin də istəyi nəzərə alınır. Proqram iki aydan bir dəyişilir.
- Uşaq və gənclərin
fiziki və mənəvi inkişafı məsələlərinə
dövlət tərəfindən nə dərəcədə
diqqət göstərilir?
-
Hal-hazırda diqqət hiss olunur. Belə ki, Heydər
Əliyev Fondunun sədri Mehriban xanım Əliyevanın
köməkliyi ilə çoxlu sayda mərkəzlər
tikilib. Amma əskikliklər hələ də
var. Bu, danılmazdır. Əsas əskikliklərdən
biri mütəxəssis
çatışmazlığıdır. Həmçinin
bu sahədə olan ixtisaslı kadrlar dövlətin maliyyə
dəstəyi ilə xarici ölkələrdə staj
keçsələr daha yaxşı olar. Çünki
ildən-ilə yeni metodlar yaranır.
- Nitq qüsuru gendən gəlmədir,
yoxsa sonradan qazanılma?
- Həm
irsi, həm də sonradan qazanılma ola bilər.
Amma hər iki halda erkən müdaxilə
vacibdir. Əsas da bilmək lazımdır
ki, nitq qüsuru nə ilə bağlıdır. Yəni periferik aparatı, yoxsa mərkəzi nitq
aparatı ilə bağlı olması nəzərdə
tutulur. Nitq qüsuru mərkəzi nitq
aparatı ilə bağlıdırsa mütləq bu zaman
nevropatoloqun da müdaxiləsi vacibdir.
- Nitq
inkişafının geriliyinin yaranma səbəbləri
hansılardır?
- Nitq əsas
psixi funksiyalardan biri olub, əsas kommunikativ funksiyadır. Ancaq insana məxsusdur. Ünsiyyət
vasitəsilə insanın şüuru inkişaf edir və zənginləşir.
Müasir dövrdə uşaqların çoxu
ünsiyyətdən qaçır. Çünki
hazırkı dövr texnika dövrüdür. Televiziya, kompyuter, internet inkişaf etdiyi
üçün uşaqları cəlb edir. Uşaqlar televizora baxır və fikri tamamilə orda
olur. Əksər hallarda bu zaman uşaqlarda
ikidillilik yaranır.
Nitq ilkin yaş dövrlərində əmələ gələn
lazımi funksiyadır. Nitqin inkişafı bir neçə faktordan
asılıdır: uşağın özünün
xüsusiyyətindən, sosial mühitdən, cinsindən
(qızlar oğlanlara nisbətən daha tez
danışmağa meyillidirlər), valideynlərlə
ünsiyyətdən, fizioloji xüsusiyyətdən və s.
Böyüyün nitqi uşaq üçün çox
vacibdir. Nitqin inkişafının ləngliyi -
uşağın nitqinin digər uşaqların nitqinə nisbətən
gecikməsidir. Nitqin inkişafının ləngliyi
(NİL) zamanı uşaq danışa bilir, amma
yaşıdlarına nisbətən nitqində geriləmə
olur. Xüsusi ilə də qeyd etmək
lazımdır ki, nitqin ləngliyi ümumi psixikaya da təsirsiz
ötüşməyə bilməz. Bu
zaman uşaq ətrafdakı insanlarla ünsiyyətdən
qaçır və ya çətinlik çəkir,
emosiyaların əmələ gəlməsində və
formalaşmasında gecikmə müşahidə olunur, hətta
davranışa da mənfi təsir göstərir.
Nitqin ləngiməsi
bu zamanlar yaranır: 1. Uşaqla danışmayanda uşaq
öz dilində danışır, valideyn isə fikir vermir. Uşaq isə öz ampluasında davam edir. 2.Travma, doğuş zamanı baş beynin zədələnməsi
nəticəsində, həmçinin sonradan xəstəliklərin
olması. 3. Uşağın eşitməsində problemlər
olanda. Nitqin inkişafında ləngliyi
uşağın 3-4 yaş aralarında müəyyən etmək
olar. Amma bu diaqnozu qoymaq üçün
nevropatoloqun, psixoloqun və loqopedin rəyi üst-üstə
düşməlidir. Bu zaman loqopedlə
yanaşı psixoloqun işi vacib sayılır. İkilikdə daha gözəl effekt alınır.
Nitqin ləngiməsi zamanı əsasən bu problemlər
ortaya çıxır: nitqin hərtərəfli pozuntusu,
deyilişi zamanı səs pozuntusu, qrammatik cəhətdən
düzgün olmayan deyiliş, lüğət
ehtiyatının zəifliyi, tempin və ahəngin pozuntusu,
deyilən müraciəti anlamaması.
- Uşaqlarda nitqin inkişafı əsasən
hansı mərhələni əhatə edir?
- İnsan dünyaya gələrkən nitqi özü ilə
hazır şəkildə gətirmir. Uşağın psixi
inkişafında nitq çox böyük rol oynayır. Tərbiyə işi düzgün təşkil
edildikdə onun nitqinin inkişafı əsasən 4 mərhələni
əhatə edir.
Birinci mərhələ nitqin inkişafının
hazırlıq mərhələsidir. Bu, uşağın
anadan olduğu gündən 1 yaşa qədər olan
dövrü əhatə edir. İkinci mərhələ
şifahi nitqin inkişafı mərhələsidir -1
yaşdan 3 yaşa qədər olan dövrdür. Üçüncü mərhələ şifahi
nitqin zənginləşməsi mərhələsidir-3
yaşdan 7 yaşa qədər olan dövrüdür. Dördüncü mərhələ isə nitqin təkmilləşməsi
və yazılı nitqin inkişafı mərhələsidir-7
yaşdan sonrakı dövrüdür.
Nitq, uşaq dünyaya gəldiyi gündən etibarən
tədricən ünsiyyət vasitəsi kimi inkişaf edir və
başqalarının emosional vəziyyəti, uşaq tərəfindən
onun mimikası jest və pantomimikaları vasitəsilə
anlaşılır.
3
yaşlı uşağın nitqində 1000-1500, 4
yaşlının nitqində 1600-1926, 5 yaşlı
uşağın nitqində isə 2500-3000-ə yaxın
söz ehtiyatı olur. Ona görə də istər
valideynlər, istərsə də tərbiyəçi müəllimlər
uşaqlara geniş izahatlı, düzgün tələffüz
qaydalarını elə öyrətməlidirlər ki,
onların nitqi inkişaf edib məktəb təlimi
üçün zəruri olan səviyyəyə
çatmasına müsbət təsir göstərsin.
- Belə uşaqlarda hansı psixoloji
problemlər müşahidə olunur?
-
Çox zaman nitq qüsurları uşaqlarda kompleks,
özünəinamsızlıq da yaradır. Bu
xüsusiyyətlərə görə uşaqlar məktəbə
və bağçaya getmək istəmirlər. Elə psixika var ki, nitqi geri salır. Elə qüsurlu nitq var ki, psixikanı geri salır.
Yəni uşağın nitqində qüsur
varsa və ya ümumiyyətlə, nitq yoxdursa,
uşağın psixoloji aləminə təsir edir. Belə ki, nitq vasitəsi ilə uşaq ünsiyyətə
girir, lüğət ehtiyatı artır, təsəvvürlər
formalaşır. Nitqdə ləngimə
varsa, bu xüsusiyyətlər də ləngiyir. Amma psixoloji olaraq uşaqda ləngimə varsa, onun
nitqinə mənfi təsirsiz ötüşməyə bilməz.
Belə ki, uşaq, deyilən müraciəti
anlamırsa, onun nitqində, lüğət ehtiyatında
qüsurlar olacaq. Buna görə də uşaqla
defektoloji-loqopedik iş aparılarkən mütləq
uşağın psixoloji səviyyəsi, bacarığı,
yaşı, diqqəti və aktivliyi nəzərə alınmalıdır.
- Siz uşaqlarda nitqin
inkişafı üçün hansı işlər
görürsünüz?
- İlk etapda uşağın artikulyar
aparatı-lüğət ehtiyatı yoxlanılmalı və
nevropatoloqun rəyi nəzərə alınmalıdır. Sonra məşğələlərə
başlamaq lazımdır. Bu zaman loqopedik masajdan,
artikulyar gimnastikalardan və s. istifadə olunur. Amma
hər problemə fərdi yanaşılmalıdır.
- Hər
halda bu baxımdan valideynlərin də üzərinə
iş düşür...
-
Sözsüz. Valideyn uşaqda nitq qüsurunu hiss etdiyi an mütləq mütəxəssisə
müraciət etməlidir. Valideyn özü də
uşaqla evdə çalışmalıdır. Loqopedin verdiyi tapşırığı təkrar
etməlidir. Ən əsas da valideyn
özü evdə səlis, rəvanlı nitqə
üstünlük verməlidir. Uşağı
ikidilliliyə məcbur etməməlidir. Uşaq,
yaşına və psixoloji durumuna uyğun yüklənməlidir.
Nitq inkişafının ləngliyinin aradan
qaldırılmasında valideynlər daha çox maraqlı
olmalıdırlar. Yəni onlar mütəxəssislərin
tapşırıqlarını evdə mütləq etməli,
uşaqla sıx ünsiyyət qurmalı, uşağı
televizor, kompyuterdən uzaqlaşdırmalıdırlar. Ən əsası da uşağı bağçaya
qoymaq da bu işdə sizə yaxından yardım edər.
- Nitqin inkişafı
üçün hansı maarifləndirici tədbirlər həyata
keçirirsiniz?
- Azərbaycanın
müxtəlif bölgələrində defektoloq-loqopedlər
üçün seminarlar keçirilir, maarifləndirici
kitabların satışını təşkil edir, televiziya
verilişlərində çıxışlar edilir və s.
- Regionlardakı ailələrə də
hər hansı dəstək göstərə bilirsinizmi?
-
Regionlardan mərkəzimizə çoxlu sayda müraciətlər
olur. Çünki regionlarda mərkəzlər
demək olar ki, yox səviyyəsindədir. Biz o uşaqlarla işləməkdənsə,
regionlarda olan müəllimlərin maariflənməsinə
üstünlük veririk. Çünki biz
5-10 uşağa müvəqqəti olaraq yardım edə bilərik.
O regionda qalan müəllimə isə çoxlu sayda
uşağa kömək edə bilər.
Ailələrlə də profilaktik məsləhətlər
veririk. Hər ailənin də imkanı çatmır ki,
evini atıb bura gəlsin. Maddi vəziyyəti
də nəzərə almaq lazımdır.
- Bu baxımdan yetərincə maarifləndirici
əyani vəsaitlər varmı?
- Təəssüf
ki, yoxdur. Mən özüm institutda oxuyanda fənnimizə
aid cəmi bir kitab var idi. O da yarımçıq idi. İndi olsa-olsa maksimum 10 kitab olar. Tələbələrin və biz mütəxəssislərin
əsas şikayəti də elə budur. Məncə, bu
iş dövlət səviyyəsində həll
olunmalıdır.
- Nitq
qüsurlu uşaqların əqli və fiziki inkişafı
üçün hansı tədbirlərin görülməsinə
ehtiyac?
- İlkin olaraq valideynlər maariflənməlidir. Uşaq
poliklinikalarında inkişaf terapevtləri, psixoloq, loqopedlər
fəaliyyət göstərməlidir. Düzdür,
bunlar var, amma yetərli sayda deyillər.
Ən əsas da bu uşaqlar üçün Azərbaycan
dilində cizgi filmlərinin sayı yetərincə olmalı və
xüsusi kanal olmalıdır. Çünki fikir versək
əksər uşaqlarımız erkən yaşlarında rus
və ya türk dilində danışırlar. Bu da uşağın ikidilli olmasına gətirib
çıxarır. Təəssüf ki,
bu zaman uşaq heç bir dildə düzgün danışa
bilmir. Nitqi aydın olmur.
Bu
uşaqlar üçün çox az sayda
təhsil ocaqları var. Ən əsas da bu uşaqlarla erkən
reabilitasiya işinə başlamaq lazımdır.
Fuad Hüseynzadə
Palitra.-2014.-27 may.-S.11.