“Ölkədə təhsil alan gənclərin
ən savadlıları xanımlardır”
Esmira Babayeva:
“Araşdırsaq görərik ki, xaricə təhsil almağa
gedənlərin çoxu oğlanlardır”
Bu gün Azərbaycan gəncliyi öz inkişafının pik nöqtəsinə çatır desək, yanılmarıq. Artıq beynəlxalq aləmdə Azərbaycanla hesablaşan böyük dövlətlərdə ali təhsil alan tələbələrimizin sayının xeyli artması ölkəmiz üçün bir sıra məsələlərdə geniş imkanlar açır. Onlar hazır kadrlar kimi ölkəyə dönür, inkişaf etmiş ölkələrdə öyrəndiklərini vətənlərində tətbiq etməyə başlayırlar. Azərbaycanın gələcəyi olan bu gənclərin xaricdə təhsilə böyük maraq göstərməsinin isə bir özəl səbəbləri var. Bunlar barədə dəfələrlə oxucularımız üçün müsahibələrdə söz açmışıq. Bəs, görəsən xaricdə təhsil almaq istəyən gənclərimizin hansı istəyi, marağı və ya özəl səbəbləri var?
Bu barədə ölkədən kənarda təhsilini davam etdirmək istəyən aktiv tələbələrimizdən biri ilə söhbət etmişik. Bu fəal xanım tələbəmizlə olan müsahibəni oxuculara təqdim edirik.
- Özünüz barədə məlumat verərdiniz.
Mən Babayeva Esmira 1993-cü ildə Ağstafa rayonunda
anadan olmuşam. 2000-ci ildə Ağstafa rayon Yenigün kənd
orta məktəbində təhsilimə başlamışam.
2006-cı ildə imtahan verərək,
Ağstafa şəhər Texniki-humanitar təmayüllü
liseyə qəbul oldum. Texniki fənlərə
daha çox maraq göstərmişəm. Bir neçə dəfə fizikadan olimpiadalarda
iştirak etmişəm. Liseyi yaxşı
qiymətlərlə bitirdim və 2011-ci ildə Azərbaycan Memarlıq
və İnşaat Universitetinin Mexanikləşdirmə və
İnformasiya Texnologiyaları fakültəsinə qəbul
oldum. Hazırda Proseslerin
avtomatlaşdırılması mühəndisliyi ixtisası
üzrə 3-cü kursda oxuyuram. Universitetimizin bir
çox tələbəsi kimi mən də bu ali
təhsil ocağının ictimai həyatında aktiv
iştirak edirəm. 2012-ci ildə Azərbaycan
Memarlıq və İnşaat Universitetinin tələbə və
magistrlərinin elmi konfransında fizika fənnindən
iştirak etmişəm. Bu konfransda nailiyyətimə
görə birinci dərəcəli diplomla mükafatlandırıldım.
- Universitetinizdə təhsilin səviyyəsi
siz qane edirmi?
- Bəli,
qane edir. Universitetimiz ölkəmizdə olan ali
təhsil ocaqları arasında ön sıralarda durur desəm,
yanılmaram. Universitetimizin bir çox Avropa
ölkələri ilə də əməkdaşlıq
müqavilələri var. Universitetdə müəllimlərin
də səviyyəsi biz tələbələri qane edir.
Rektorumuz Gülçöhrə Məmmədova
ilə sözün həqiqi mənasında fəxr edə bilərik.
O, professor, Əməkdar memar, “Akademik Palma” ordeni kavaleri, Beynəlxalq
Elmlər Akademiyasının Şərqi Avropa bölməsinin,
şərq ölkələri Beynəlxalq Memarlıq
Akademiyasının həqiqi üzvüdür, həmçinin,
“Şöhrət” ordeni ilə də təltif edilmiş bir
ziyalıdır. Belə bir insanın ali təhsil
ocağına rəhbərlik etməsi sevindirici haldır və
görünür bu səbəbdəndir ki, o daim tələbələri
ilə ünsiyyətdədir, problemlərimizi dinləyir. Rektorumuz bu yaxınlarda Türkiyədə səfərdə
oldu. Bu səfər zamanı Azərbaycan
Memarlıq və İnşaat Universiteti ilə İstanbul
Texnik Universiteti arasında ikitərəfli əməkdaşlıq
müqaviləsi də imzalandı. Yəni
qısası, bizim universitet ilbəil inkişaf edir. Universitetimizdə təhsil günü-gündən
daha da yüksək səviyyəyə qalxır və bu da
abituriyentlərimiz və əcnəbi gənclərin,
universitetlərin diqqətini özünə cəlb edir.
Bundan başqa, universitetimiz təkcə təhsil
işləri ilə deyil, səliqə-sahman və
görünüşünə görə də dəyişir.
Bu yaxınlarda təmir işləri də
aparılıb və bu da təbii ki universitetə ayaq qoyan tələbələrin
ürəyincədir. İnanıram ki,
yaxın gələcəkdə AzMİU daha da irəli gedəcək.
-Universitetinizin inkişafından
danışdınız. Bəs özünüz necə,
universitetinizin ictimai həyatında fəal iştirak
edirsinizmi?
-
Yuxarıda qeyd etdiyim konfransda iştirakçı olmuşam. Bundan başqa universitetimizin ictimai həyatında
aktiv olmağa da çalışıram. Universitetimizin
Tələbə Həmkarlar İttifaqının fəal
üzvüyəm. Fəal tələbələrimizdən
olan, Tələbə Həmkarlar İttifaqı Komitəsinin(THİK) sədr müavini,
İnşaat mühəndisliyi fakültəsinin tələbəsi
Şıxəmmədov Rafael ilə birgə işlərimiz də
olur. Biz tələbələrimizin də dəstək
və iştirakı ilə əlillər, kimsəsiz
uşaqlar, Qocalar evini vaxtaşırı ziyarət edirik.
THİK-nın dəstəyi ilə maddi durumu zəif
olan tələbələrə müəyyən köməkliklər
də olur. Bunlar arasında təqaüdün
artırılması, təhsilhaqqı ödənişində
kömək və universitetin maddi yardım fondundan tələbəyə
dəstək də var. Görünür bu aktivlik səbəbindəndir
ki, artıq öz bacarıq və potensilımı məhdud
çərçivədə ortaya qoymaq istəmir, bir qədər
geniş meydana çıxmaq istəyirəm və bu
xüsusda xaricdə oxumağa maraq yaranıb.
-Xaricdə təhsil almaq
marağı sizdə haradan yaranıb? Bu işdə sizə
xaricdə təhsil alan gənclərimiz
stimul olurlarmı?
- Əlbəttə, onların fəaliyyəti ən
yaxşı stimuldur. Ətrafımda bir çox fəal tələbələr,
magistrlər var. Eləcə də, xaricdə təhsil alan tələbələrlə də əlaqələrim
var. Onlarla təhsil mövzusunda çoxlu maraqlı söhbətlərimiz
olur. Xaricdə təhsil alan
yaxınlarıma baxdıqca, başqa bir ölkədə təhsil
almağa məndə də həvəs yaranır. Həmçinin, son dövrlərdə sizin
portalınız vasitəsilə yayaımlanan xüsusi
müsahibələri də oxuduqca, onların fəaliyyəti
ilə yaxından maraqlandıqca, məndə olan həvəs
birə-beş artır. Hazırda bakalavr təhsilindəyəm
və 3-cü kursda oxuyuram. Çalışacağam
magistraturaya da qəbul olum. Magistraturanı
AzMİU-da oxumaq istəyərdim. Daha sonra
isə Türkiyədə təhsilimi davam etdirmək kimi
planlarım var.
-Bir tələbə kimi fikirlərinizi
bilmək maraqlı olardı. Gənclərimiz
onlar üçün ölkədə yaradılmış
imkanlardan maksimal dərəcədə faydalanırlarmı?
-Çox
vacib bir məqama toxundunuz. Əslində bu
imkanlardan yararlanmırlar. Gəlin prosesləri
diqqətlə araşdıraq. Son on ildə
dövlət biz gənclər üçün nə qədər
imkanlar açıb. Bunlar arasından idman sahəsindən
tutmuş, təhsil, iş imkanları, siyasi proseslərə
qatılmaq üçün geniş arena və s. qeyd edə
bilərik. Məni isə hazırda idman və
ya siyasi məsələlər deyil, konkret olaraq xaricdə təhsil
almaq maraqlandırır. Bu mənada gənclərimiz
üçün yaradılmış imkanlara baxanda, bundan
maksimal dərəcədə yararlanmadığımız qənaətindəyəm.
İndi çox az ölkələr var ki,
dövlət öz hesabına gəncləri başqa ölkələrdə
oxumağa göndərir. Belə bir şəraitin
olduğu halda, hələ də bir çox gənclərimizin
oyun zallarında, kafelərdə vaxt keçirib, öz
potensiallarından istifadə etməmələrini görmək
təsiredicidir. Hər şeyi dövlət
etməməlidir. İmkan açır,
şərait üçün konkret işlər görür,
qalır gənclərin özlərinə ki, addım
atsınlar. Daha dövlət gedib onları
parklardan, oyun zallarından və ya başqa əyləncə
yerlərindən məcburi qaydada çıxarıb gətirən
deyil. Amma vəziyyət faiciəvi hal da
almayıb. Əksinə, son illərdə
inanılmaz dərəcədə xaricdə təhsil
almağa gedən gənclər ordusu yaranıb. Bir
sözlə, məşhur bir el deyimi ilə desək “Hər kəs
özünə edir, nə edirsə...”. Bu imkanlardan yararlananlar oxuyub, gələcəyini
qurur, tənbəllik edən və ya elmə maraq göstərməyib,
vaxt keçirənlər isə gələcəkdə
çox güman ki, potensiallarını ortaya
qoymadıqları üçün peşman olacaqlar. Ölkə başçısı da bu işdə
çox həssas davranır. O da bu məsələləri
diqqətdə saxlayır. Təkcə son
günlərdə yaşanan bir maraqlı məqamı misal
kimi deyim. Vyetnama səfər edərkən, Prezident orada
çıxışı zamanı belə bir təkliflə
qarşı tərəfin diqqətini çəkdi ki, hələ
sovet dönəmində Vyetnamdan Bakıya xeyli tələbələr
gəlirdi və onlar burada təhsil alıb, öz ölkələri
üçün savadlı kadr kimi yetişirdilər. Eləcə də bizdən Vyetnama hazır azərbaycanlı
kadrlar da gedirdilər. Bu ənənəni
bərpa etmək lazımdır və universitetlər
arasında əməkdaşlıq inkişaf etdirilməli, gənclərimiz
burada təhsil almalı, eləcə də əksinə.
Bütün bunları ona görə qeyd etdim
ki, əksər dövlət başçıları bu tip məsələləri
nazirlərinin, məmurlarının öhdəsinə
buraxdığı halda Prezident İlham Əliyev bu həssas
sahəni öz diqqətində saxlayır. Təbii ki, belə olan halda biz gənclər də
sevinirik. Əminəm ki, hələki kənardan izlədiyim
bu, xaricdə təhsil alan gənclər
bir neçə il sonra Azərbaycan üçün çox
vacib, savadlı kadrlar kimi fəaliyyət göstərəcəklər.
-Sosial
şəbəkələrdə də aktivsiniz. Sizin təhsil aldığınız sahəyə
aidiyyəti olduğu üçün sosial şəbəkələrin
gənclərimizin həyatında oynadığı rol barədə
də söz açardınız.
-Bəli, bu belədir, mən də bir çox gənclər kimi sosial şəbəkələrdə aktivlik göstərirəm. Biz bəzən gənclərimizin çoxunun sosial şəbəkələrə aludə olmağından şikayətlənirik. Amma unutmayaq ki, bizdə sosial şəbəkələr son 6-7 ildə aktiv şəkildə istifadə olunur. Avropa, Amerika artıq bu aktivliyi bizdən əvvəl göstəriblər. Bunun bir sıra müsbət cəhətləri var. Sadəcə olaraq sosial şəbəkələrdə çox vaxt keçirmək lazım deyil. Biz bunu problem olaraq araşdırmalıyıq, bundan istifadə etməni pisləməli deyilik. Təsəvvür edin ki, illər öncə ispan dilini bilən hər hansı bir amerikalı gənc sosial şəbəkələr vasitəsilə xeyli ispaniyalı gənclə əlaqələr qurub öz mədəniyyətini, xalqını, dövlətini təbliğ edib, onlarda real təsəvvür yaradanda, biz bu virtual həyadan kənar idik. Zənnimcə, biz də burada aktiv olmalı və öz problemlərimizi düzgün formada sosial şəbəkələrə daşıyıb, aktiv fəaliyyət göstərməliyik. Məsələn, tələbələrin ayrıca bir sosial şəbəkədə birləşib səhifələr yaratması və ya “Facebook” vasitəsilə hansısa tədbir təşkil etməsinin nəyi pisdir? Dəfələrlə olub ki, tələbələr sosial şəbəkələrdə kitab təqdimatlarının olduğunu görüb, dəvətli olub, gedib imzalı kitablar əldə ediblər. Qısası, sosial şəbəkələr həyatımıza daxil olub, sadəcə olaraq kimisi onu mənfi istiqamətə yönləndirib, kimisi isə öz maraq və məqsədləri üçün yönləndirib.
-Bəs, siz xaricdə
təhsil almaq imkanlarından yararlana bilməsəniz, hansı
planlarınız olacaq?
-Düzü, gənclər plan qurmurlar. Yəni, biz çox vaxt sonranı düşünmürük. Bunu müdriklər edir ki, bu da yaşlaşdıqca mümkün olur. Sadəcə biz ya xəyal qururuq, ya da bu xəyalı reallaşdırmaq üçün müəyyən cəhdlər edirik. Hələlik isə xaricdə təhsil almaq mənim üçün xəyal olaraq qalır. Bir təəssüfedici hal da hələlik bizdə qalır ki, bu da xanımlarımızın dar çərçivədə saxlanmasıdır. Biz bu kompleksləri yarıb, keçməliyik. Bəlkə də araşdırsanız görərsiniz ki, xaricə təhsil almağa gedənlərin çoxu oğlanlardır. Halbuki əminəm ki, ölkədə təhsil alan gənclərin ən savadlıları xanımlardırlar. Bunu orta məktəbdə də görmüşəm, ali məktəbdə də. Deməyim odur ki, belə olan halda əla oxuyan xanımlarımızın çoxunu xaricdə deyil, elə öz ölkəmizdə görürük. Görünür, bu da bayaq qeyd etdiyim bəzi komplekslər və ya valideyn nəzarətinin həddindən artıq ciddi olmasından irəli gəlir. Əslində mən də onun tərəfdarıyam ki, nadir xalqlarda olan valideyn istiqanlılığı, qayğısının bizdə daha çox olması qalsın, yaşasın. Amma bəzən risk etməyə, gənci nəzarətindən bir qədər kənar buraxmağa dəyər. Axı, bu sərbəstlik sonda onun gələcəyini parlaq edəcək. Gəncləri lazımsız, əyləncəli, təhlükəli işlərin ardı ilə göndərmirik. Konkretləşdirsəm fikrimi, əgər xaricdə təhsil almaq istəyim baş tutmasa, yenə də ölkəmizdə aktiv həyata qatılmağı, öz sahəm üzrə İnformasiya Texnologiyaları Nazirliyində çalışmağı düşünürəm.
-Sonda bizə arzu
və ya təklifiniz varmı?
-Əgər bir neçə il əvvəl hər hansı bir tələbədən soruşsaydın ki, sən mətbuata müsahibə verərsənmi? O, bunu zarafat kimi anlayardı. Artıq indi gənclərimiz də mətbuata daşınır, tələbələrimizin fəaliyyətləri ilə maraqlanırsınız. Bu çox əladır. Əvvəllər medianı zəbt etmiş lazımsız şou məlumatları və ya yalan siyasi xəbərləri daha maraqlı sosial- iqtisadi məlumatlar və ya müsahibələr əvəzləyir. Bu mənada, bu işdə deyərdim ki, bir ilkə imza atan kollektivinizə dərin təşəkkürümü bildirirəm və işlərinizdə uğurlar arzu edirəm. Bir tələbə kimi isə hələlik təklifim yoxdur.
Tural
Tağıyev
Palitra.-2014.-27 may.-S.6.