Unudulmaz sənətkar
Naxçıvan Dövlət Universitetində “İlyas Əfəndiyev -100: İşıqlı sənət” mövzusunda elmi konfrans keçirilib. Tarix-filologiya fakültəsinin təşkil etdiyi konfransı universitetin rektoru, professor Saleh Məhərrəmov giriş sözü ilə açaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında 16 yanvar 2014-cü il tarixdə imzaladığı sərəncamın görkəmli yazıçı-dramaturqun bədii irsinin öyrənilməsi, bütövlükdə Azərbaycan ədəbiyyatının təbliği baxımından əhəmiyyətindən, İlyas Əfəndiyevin çağdaş Azərbaycan bədii nəsrinin və dramaturgiyasının inkişafındakı xidmətlərindən danışıb. Rektor, öz üslubu ilə hər zaman fərqlənən, xalqımızın söz xəzinəsinə dəyərli töhfələr verən İlyas Əfəndiyev kimi böyük sənətkarların heç zaman unudulmayacağını, seviə-sevilə mütaliə olunacağını vurğulayıb. Filologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Əzimli yazıçının ömür və sənət yolu ilə bağlı ətraflı məruzə edərək bildirib ki, 1914-cü il may ayının 28-də Qaryagində (indiki Füzuli şəhəri) anadan olmuş İlyas Əfəndiyev uşaqlıq və yeniyetməlik çağlarından ədəbiyyata sonsuz maraq göstərib. O, ailəsi sovet hakimiyyəti dövründə, 30-cu illər repressiyasına məruz qaldığına görə 1934 -cü ildə daxil olduğu Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində ali təhsil ala bilməyib, 1938-ci ildə APİ-nin coğrafiya fakültəsinin qiyabi şöbəsini qurtarıb rayonda pedaqoji fəaliyyətlə məşğul olub. Ali məktəbdə Bəkir Çobanzadə, Əli Sultanlı kimi müəllimlərdən dərs alan yazıçı 30-cu illərin sonlarında ədəbiyyata gəlib və bir-birinin ardınca hekayələr yazmağa başlayıb. Bu illərdə İ.Əfəndiyevin imzası dövri mətbuat səhifələrində tez-tez görünüb. 1943-cü ildə yazıçının M.Hüseynlə birlikdə qələmə aldığı, mövzusu Böyük Vətən müharibəsindən götürülmüş "İntizar" pyesi İ.Əfəndiyevin Azərbaycan Milli Teatrı ilə 50 ildən çox bir müddətdə davam etmiş sıx yaradıcılıq əməkdaşlığının əsasını qoymuşdu. İ.Əfəndiyev ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaradıb. Azərbaycan nəsrinin yüksək bədii-estetik səviyyəli nümunələri kimi şöhrət qazanmış "Körpüsalanlar", "Dağlar arxasında üç dost", "Sarıköynəklə Valehin nağılı" , "Geriyə baxma, qoca", "Üçatılan" kimi povest və romanları, "İşıqlı yollar", "Bahar suları", "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən", "Mənim günahım", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Mahnı dağlarda qaldı", "Büllur sarayda”, "Bizim qəribə taleyimiz", "Sevgililərin cəhənnəmdə vüsalı" kimi məşhur pyeslərin müəllifi olmaqla Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan, sevilən sənətkarlardan birinə çevrilib. O, 1960-cı ildə “Əməkdar İncəsənət xadimi” fəxri adına, 1971-ci ildə “Qırmızı əmək Bayrağı” ordeninə, 1972-ci ildə Respublika Dövlət mükafatına, 1979-cu ildə “Xalq yazıçısı” fəxri adına layiq görülüb. 1994-cü ildə isə ədəbiyyatın inkişafındakı xidmətlərini nəzərə alan müstəqil Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yazıçını "Şöhrət" ordeni ilə təltif edib. Respublikamızın sənət adamları arasında İ.Əfəndiyev birinci sənətkar idi ki, həmin ordenlə mükafatlandırılmışdı. Zəngin yaradıcılıq yolu keçmiş sənətkarımız 1996-cı il oktyabr ayının 3-də Bakı şəhərində dünyasını dəyişmiş və Fəxri xiyabanda dəfn olunub. Onun zəngin ədəbi yaradıcılığı bu gün də sənət məktəbi rolunu oynamaqdadır. Konfransda filologiya elmləri doktoru, professor Sədaqət Həsənova “İlyas Əfəndiyevin əsərlərində dil və üslub məsələləri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Arifə Zeynalova “İlyas Əfəndiyevin əsərlərində frazeoloji vahidlərin işlənmə məqamları” mövzusunda məruzələr edərək İlyas Əfəndiyev yaradıcılığından, onun əsərlərinin Azərbaycan ədəbiyyatında, Azərbaycan ədəbi dilinin inkişafında, zənginləşməsindəki böyük rolundan bəhs ediblər. Filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazov “İlyas Əfəndiyevin tarixi dramları” adlı məruzəsində onun "Xurşidbanu Natəvan", "Şeyx Xiyabani", "Hökmdar və qızı" dramlarında Azərbaycan tarixinin real bədii inikasından, tarixi şəxsiyyətlərin parlaq simalarının canlandırılmasından danışıb. Konfransda yazıçı-dramaturqun həyat və fəaliyyətini əks etdirən slaydlar nümayiş etdirilib.
Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri
Palitra.-2014.-28 may.-S.12.