Uşaq-idman klubları yaradılacaq

 

Uşaq və gənclərin fiziki-mənəvi inkişafı üçün 2020-ci ilə kimi təhsil müəssisələrinə gedən bütün uşaqlar bədən tərbiyəsi və idmana cəlb olunacaq

Ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən siyasətin nəticəsi olaraq qarşıya qoyulan hədəflərin miqyası bir qədər də genişlənib. Əgər bir müddət əvvəl əsas məqsəd idmanı dirçəltmək, bu sahəyə daha çox insanı cəlb etmək və infrastruktur yartamaq idisə, artıq bu gün məqsədimiz dünyanın ən böyük idman yarışı olan Olimpiya Oyunlarını qəbul etməkdir. Ölkə daxilində idmanın inkişafı ilə bağlı dövlətin həyata keçirdiyi siyasət böyük uğurların əldə edilməsinə səbəb olub.

 

Yəni, bu gün idman sahəsində böyük yeniyetmə və gənclər ordusu cəmləşib ki, bu dövlətin həyata keçirdiyi idman siyasətinin ana xəttini təşkil edir. Bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2013-2020-ci illəri əhatə edən Milli Strategiya əsas məqsəd və vəzifələri sırasında məktəbəqədər yaşlı uşaqlar arasında idmanın təbliği mühüm yer tutur. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda da məhz bu məqamlara toxunacağıq. Milli Strategiyada məktəbəqədər təhsil müəssisələrinin idman qurğuları və xüsusi avadanlıqlarla təmin edilməsi üzrə dövlət səviyyəli kompleks proqramın hazırlanması, məktəbəqədər yaşlı uşaqların yaşı, sağlamlıq vəziyyəti və inkişaf səviyyəsi nəzərə alınmaqla onların hərtərəfli inkişafını təmin edə bilən elmi cəhətdən əsaslandırılmış fiziki tərbiyə proqramı və normativlərinin hazırlanması və 2015-ci ildən başlayaraq məktəbəqədər təhsil müəssisələrində tətbiqi nəzərdə tutulub. Buna əsasən, məktəbəqədər yaşlı uşaqların bədən tərbiyəsi və idman vasitələrindən də istifadə olunmaqla 6-10 saat həcmində həftəlik hərəkət rejimini təmin edən müasir sanitar-epidemoloji qaydalar və normaların işlənib hazırlanması və 2015-ci ildən başlayaraq məktəbəqədər təhsil müəssisələrində tətbiq edilməsi planlaşdırılır. Bu sahə üzrə müvafiq ali təhsil müəssisələrində mütəxəssislərin hazırlanması və xüsusi təyinatla məktəbəqədər təhsil və uşaq müəssisələrində aylıq əmək haqqı orta məktəblərdəki bədən tərbiyəsi müəllimlərinin əmək haqqı səviyyəsində müəyyən edilməklə fiziki tərbiyə üzrə pedaqoq ştat vahidləri təsdiqlənəcək. Məktəbəqədər yaşlı uşaqların, o cümlədən məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqların bədən tərbiyəsi və idmanla məşğulluğu məsələləri üzrə ixtisaslaşdırılmış məsləhət mərkəzləri təşkil ediləcək, məktəbəqədər təhsil müəssisələrinə gedən uşaqların 2020-ci ilə kimi hamısının fiziki tərbiyə proqramına uyğun olaraq bədən tərbiyəsi və idmanla məşğulluğa cəlb olunması təmin ediləcək. Analoji tədbirlərin şagirdlər və tələbələr arasında keçirilməsi də nəzərdə tutulub. Belə ki, fiziki tərbiyə təhsilinin məcburi forması kimi bədən tərbiyə dərslərinin həftəlik saatının şagird və tələbələr üçün həftəlik minimum həcmdə təmin edilməsi nəzərdə tutulr. Həftə ərzində orta məktəb şagirdlərinin ən azı 6 saat, tələbələrin isə 8 saat həcmində bədən tərbiyəsi və idmanla məşğulluğuna şərait yaradılacaq, təhsil müəssisələrində bədən tərbiyəsi dərslərinin müasir tələblər və normativlər səviyyəsində, təhsil alan uşaq və gənclərin maraqları, yaşı və sağlamlıq vəziyyətləri nəzərə alınmaqla təşkili üçün bu sahədə yeni effektiv metodüsullardan istifadə ediləcək. Bunun üçün təhsil müəssisələrində işləyən bədən tərbiyəsi müəllimlərinin, təlimatçı və digər mütəxəssislərin peşə səviyyələri mütəmadi olaraq təkmilləşdiriləcək, onların fəaliyyətlərini stimullaşdıran mexanizmlərin müəyyən ediləcək.

Şagird və tələbələrin maraq göstərdikləri idman növləri üzrə daima məşğul ola bilmələrinə imkan yaradılması məqsədilə 2016-cı ilə kimi bütün təhsil müəssisələrində, müəssisənin strukturunda uşaq-idmanidman klubları yaradılacaq. Bu tipli klublar uşaq və gənclərin fiziki-mənəvi inkişafında böyük rol oynayacaq. Digər tərəfdən şagird və tələbələr kütləvi surətdə tədris ili ərzində və tətil günlərində bədən tərbiyəsi və idmanla məşğulluğa cəlb ediləcək. Bu işləri reallaşdırmaq üçün tələbə idmanının inkişafı üzrə Dövlət Proqramının 2015-ci ildə qəbulu nəzərdə tutulub. Buna əsasən, bədən tərbiyəsi və idmanın inkişafı üzrə təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndiriləcək, təhsil müəssisələrinin istifadəsində olan idman qurğuları və obyektlərinin dövlət reyestri aparılacaq və pasportlaşdırılacaq, təhsil müəssisələrində inşa və əsaslı təmir ediləcək idman qurğuları və obyektlərinin ünvanlı siyahısı hazırlanacaq. 2020-ci ilə kimi ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrində müasir idman qurğuları və obyektlərinin fəaliyyətinə nail olunacaq. Tələbələrin respublika universiadasının Təhsil nazirliyi, Gənclər və İdman nazirliyiMilli Olimpiya Komitəsi səviyyəsində iki ildə bir dəfə geniş proqram üzrə yüksək səviyyəli təşkili, iki ildə bir dəfə isə məktəblilərin ümumrespublika spartakiadasının keçirilməsi nəzərdə tutulub. Əhalinin digər yaş qrupları arasında da bu həyata keçiriləcək. Bədən tərbiyəsi və idmanın insan həyatında və cəmiyyətdə xüsusi rol oynaması və sosial-iqtisadi inkişafın ən vacib sahələrindən biri olması barədə ölkədə aparılan təbliğat və təşviqat işləri genişləndiriləcək. Belə ki, gənclərin, orta və yaşlı insanların bədən tərbiyəsi və idmanla məşğul ola bilmələri üçün yaşayış yerlərində, təhsil müəssisələrində, idarə və təşkilatlarda şərait yaradılacaq. Bu məqsədlə əhalinin maraq və sağlamlıq səviyyələri nəzərə alınmaqla mənzil - istismar idarələrində, müəssisə və təşkilatların, istehsal sahələrində sağlamlıq - idman qrupları, sağlamlıq zonaları və idman növləri üzrə idman bölmələrinin fəaliyyətlərini təmin edən müvafiq strukturlar tərəfindən maliyyələşdirilən idman yönümlü qurumlar yaradılacaq. İdarə və təşkilatlarda, xüsusən istehsal müəssisələrində istehsalat gimnastikasının tətbiq edilməsi üzrə əməli tədbirlərin planlaşdırılması və həyata keçirilməsi. İstehsal sahələrinin spesifikasına uyğun olan fiziki hərəkətlər kompleksləri və normativlərinin müasir elmi texnologiyalar əsasında yeni nümunələrinin hazırlanması və müvafiq sahələrə rəsmi qaydada tövsiyyə edilməsi, 2015-ci ilə qədər istehsalat gimnastikasının bütün sahələrdə gü rejimində məcburi tədbir kimi tətbiqinin təmin edilməsi planlaşdırılır. 2016-cı ilə kimi bütün nazirliklər, komitə və şirkətlərdə, idarə və müəssisələrdə ictimai əsaslarla fəaliyyət göstərəcək Bədən tərbiyəsi və idman şuraları yaradılacaq. Əhalinin müxtəlif yaş qrupları ilə işləmək üçün kadrlar hazırlanacaq,müxtəlif yaş qrupları üzrə bədən tərbiyəsi və idmanla məşğul olanlar üçün onların maraq və sağlamlıq səviyyələrinə uyğun bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin sayı artırılacaq. 2015-ci ildən başlayaraq hər iki ildə bir dəfə üç yaş qrupu üzrə (18-35, 36-50, 50 və yuxarı) Respublika Sağlamlıq Spartakiadalarının təşkil ediləcək. Görülən işlər nəticəsində 2020-ci ilə kimi ölkədə təhsil alan və işləyən vətəndaşların 30%-nin, yaşlı əhalinin isə 20%-nin bədən tərbiyəsi və idmanla məşğulluğa cəlb olunması təmin ediləcək.

 

Fuad Hüseynzadə

Palira.-2014.-28 may.-S.11.