“Təhsil aldığım illərdə
Bakı hər zaman mənə Təbrizi
xatırladırdı”
Müsahibimiz Təbriz Kamera
Orkestrinin bədii rəhbəri və baş dirijoru Abraham Cavaddır:
Abraham Cavad Həsən oğlu 1980-ci ildə Güney Azərbaycanın Təbriz şəhərində anadan olub. Təbrizdə musiqi məktəbi olmadığı üçün, təhsilini xüsusi olaraq almaq məcburiyyətində idi. Çətin ictimai vəziyyətdə öyrəndiyi qarmon və piano alətləri, həmçinin, Azərbaycan muğamları və musiqi nəzəriyyəsi onda akademik musiqi həvəsini daha da artırdı. Təbrizdə Azərbaycan musiqi və mədəniyyətini unutdurmağa çalışan bir basqıya qarşı mədəni bir mübariz kimi dirəniş göstərdi və Bakı Musiqi Akademiyasında təhsil almağa qərar verdi. 2007-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsində təhsil almağa başladı.
Ceyhun Allahverdiyev (ixtisas), Arif Məlikov (alətşünaslıq), Aliyə Məmmədova və Aydın Əzimov (polifoniya), Lalə Mehdiyeva (qarmoniya), Arzu Məmmədova (Orkestrasiyon), Gülnarə Məmmədova (Partitur qəraəti) təhsil illərinin müəllimləri oldular. 2012-ci ilin mayında təhsilini “Babək” simfonik poema adlı diplom işi ilə əla qiymətlə yekunlaşdırdı.
2010-cu ildə “Gənc istedadlı bəstəkarlar”
adlı kitabda 3 preludu
(fortepiano üçün)
çap olundu. 2013-cü ildə
İran Gənc musiqi festivalında fəxri diploma layiq görülüb. Həmçinin, İran Fəcr beynəlxalq festivalında
yaylılar üçün
yazdığı kvartet
birinci yerə layiq görülüb.
Hazırda Təbriz Kamera
Orkestrinin banisi və həmçinin dirijoru olaraq fəaliyyət göstərir.
Fortepiano üçün 14 prelud,
fortepiano üçün variasiyalar,
skripka və fortepiano üçün pyeslər,
fortepiano üçün sonata, skripka və fortepiano üçün sonatina, 3
hissəli yaylı kvartet, “Babək” simfonik poema və böyük orkestr üçün rəqs silsiləsi və bir neçə
mahnısı var.
-Cavad müəllim Azərbaycan musiqisinə dərindən yiyələnməyinizə
səbəb nə oldu?
- Mədəniyyətimizi və
ən əsası musiqi mədəniyyətimizi
qorumaq boynumuzun borcudur. Musiqimizin ruhundakı dərin
izlərə nəzər
etsək, o, kökümüzə
bağlı olan bir məsələdir.
Məncə, musiqini modernliyə doğru yönəldən
əsrimizdə heç
bir bəstəkar qloballaşmaq istedadı və həvəsinə dayanaraq, tamamilə öz musiqi köklərindən ayrılmamalıdır. Əgər
musiqimizdə nəyəsə
nail oluruqsa, bunu əsasən, musiqi kökümüzü qoruyan
ölməz bəstəkarlarımıza
borcluyuq. Musiqinin kökünü qorumaq bir milləti
qorumaq deməkdir.
- “Babək” simfonik
poema əsərini yazarkən hansı duyğulardan ilham aldınız?
- Sanki Babəkin apardığı
mübarizəni addım-addım
yaşayırdım. Hərəkatın dirçəlişi, qəhrəmanlıq
zirvəsi və igidlərin son nəfəsinə
qədər sürən
azadlıq coşqusunu
hiss edib, eşidirdim.
Bu əsəri yazmaq
üçün Bəzz
qalasına getdim. Saatlarla yazmaq
istədiyim musiqinin səhnələrini beynimdə
canlandırdım. Musiqinin müəmmalı
girişində xalqın
şübhələri, qorxuları
əks olunur. Sanki yüksək bir dağın üfüqündə sehrli
bir doğuşu izləyirdilər. Artıq
əsərin əsas mövzusunda qaynayan vulkanın hər yerə səpələnən
od şəlaləsi
heç kimin gözündən yayınmırdı.
-Vətən sevgisi bəstəkar üçün
sənətində nə
ilə tərənnüm
olunur?
- Vətən mənim üçün həsrət
deməkdir. Musiqi isə qanad.
Buna görə də ikisi bir-birinə
sıx bağlıdır.
Vətənmi musiqini anladır,
yoxsa musiqimi onu? Ayırd etmək olmaz.
Sənətkar əslində musiqi
dünyası ilə iki qapıdan bağlantı qurur. Bu qapılardan biri
xalqa sənətini təqdim etmək, xalqınla ünsiyyət qurmaq yoluna açılır.
O biri qapı isə mənəvi dünyanda aydınlığa
və daxili aləmində yüksəliş
yoluna açılır.
-O taylı ,
bu taylı Azərbaycana həsr etdiyiniz əsər olsaydı necə adlandırardınız?
- Bu sual heç də bir çox
cavaba məxsus sual deyil. Mənim üçün
ikiyə bölünmüş
Azərbaycanın yalnız
bir-birinə olan həsrəti var. Əgər
mən Quzey və Güney Azərbaycana olan duyğularımı əsərimdə
qeyd edirəmsə, əsərimin adını
“Həsrət” qoyardım.
-Bakıda təhsil aldığınız illərdə
Təbrizin nəfəsini
duya bilirdinizmi?
- Əlbəttə ki! Quzey Azərbaycanın harasında
olsam da, Təbrizin, ən əsası Güney Azərbaycanın nəfəsini
duyurdum. Təhsil aldığım
illərdə Bakı
hər zaman mənə Təbrizi xatırladırdı.
- Siz Təbriz Kamera Orkestrinin rəhbəri və baş dirijorusunuz. Bu orkestrin fəaliyyəti Təbrizdə necə qarşılandı? Bu orkestrin fəaliyyəti haqqında söhbət açmağınızı istəyirik.
- Təbriz Kamera
Orkestri bir ildir ki, davamlı
olaraq fəaliyyət göstərir. Orkestrin yaranması və
ilk konserti çox böyük həvəslə
qarşılandı. Bu
orkestr müstəqildir
və onun yaranma məqsədi Azərbaycan və dünya klassik musiqisini Təbrizdə tanıtmaqdır. Təbrizdə akademik musiqi məktəbi olmadığı
üçün ifaçılar
2014-cü ilin yanvar ayında səhnələşən
ilk konsertdə təqdirəlayiq
bir uğura nail oldular.
Allahın köməkliyi ilə Təbriz Kamera Orkestrinin önündə
uzun bir yol var. Düşünürəm
ki, bizim potensialımız çoxdur,
gələcəyimizi aydın
görürəm. Mən bir
təbrizli olaraq, üstümə düşən
mədəni məsuliyyəti
bütün gücümlə
yerinə yetirməyə
çalışacağam. Arzu edirəm Təbriz klassik musiqisi layiq olduğu səviyyəyə çatsın.
- Yaradıcılığınızı başqa hansı istiqamətlərdə görmək
istərdiniz?
- Mənim gələcəyimizə
böyük ümidlərim
var. Ən böyük
niyyətlərimdən biri
də Təbrizdə musiqi məktəblərinin
və Konservatoriyanın
açılmasına nail olmaqdır.
Bu musiqi ocaqlarında bəstəkarlıq üzrə
təhsil alan
gənclərin əsərlərinin
bizim orkestrdə səslənməsi ən
böyük arzularımdan
biridir. Son nəfəsimə
qədər ictimai xadim kimi mədəniyyətimizə
xidmət etməyi və bu yolda
irəliləməyi arzu
edirəm.
Xəyalə
GÜNƏŞ
Palitra.-2014.-30 may.-S.13.