“Gənc nəslin fiziki-mənəvi
inkişafında hər birimiz məsuliyyət
daşıyırıq”
Saməddin Nəsirov:
“Biz elə etməliyik ki,
uşaq və yeniyetmələri kitabxanalara cəlb edə bilək. Bu yolla gənc nəsli mənfi
vərdişlərdən qoruya bilərik”
“Nə qədər
çox gənc nəsil nümayəndəsini
kitabxanaya cəlb edə, kitabı onlara sevdirə bilsək, o
qədər çox mənəvi cəhətdən
sağlam böyüyən nəsil yetişdirmiş olarıq. Quba
MKS bu sahədə əzmlə
çalışmağa davam edəcək”
Layihə çərçivəsində müsahibimiz Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirovdur. O, qəzetimizə müsahibəsində gənc nəslin mənəvi inkişafında kitabxanaların oynadığı rol barədə məlumat verməklə yanaşı, rəhbərlik etdiyi MKS-in bu sahədə həyata keçirdiyi tədbirlərə də toxundu:
- Müasir dövrümüzdə gənc nəslin fiziki-mənəvi inkişafı çox böyük əhəmiyyət kəsb edir. İndi dünya elədir ki, qloballaşma ilə əlaqədar indiki nəsil çoxlu informasiya bolluğuna düşüblər. Bu informasiyaların yaxşısı kimi pisi də çoxdur. Uşaqlarımız hələ erkən yaşdan internet, kompüter istifadəçisinə çevrildiyindən bu informasiyalarla tez tanış olurlar. Ona görə də uşaqlarımızın fiziki-mənəvi baxımdan sağlam böyüməsi, milli-mənəvi dəyərlərimizi bilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması çox aktualdır. Gənc nəslin fiziki-mənəvi inkişafında hər birimiz məsuliyyət daşıyırıq. Hər birimiz çalışdığımız sahədə bu məsələni həmişə diqqətdə saxlamalıyıq. Biz kitabxanaçılar məsuliyyətimizi yaxşı anlayırıq. İl ərzində Quba MKS-ə daxil olan kitabxana şəbəkəsində uşaq və yeniyetmələrlə bağlı xeyli tədbir həyata keçiririk. Ümumiyyətlə tədbirlərimizdə gənc nəslin iştirakına həmişə şərait yaradırıq. Bu yaxınlarda mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin oxu zalında masa keçirildi. Tədbirdə şəhər 1,2,3,4,5,6,7 saylı tam orta məktəblərinin kitabxanaçıları, Quba Dövlət İqtisad Kollecinin, Peşə liseyinin, Quba uşaq musiqi məktəbinin, Quba incəsənət məktəbinin, habelə Quba Tibb kollecinin kitabxana işçiləri, mərkəzi kitabxananın işçiləri, kitabxananın fəal oxucuları və başqaları iştirak edirdilər. Tədbirdə qeyd edildi ki, ölkəmizdə həyata keçirilən köklü islahatlar təhsil sisteminin hərtərəfli inkişafı üçün də əsaslı zəmin hazırlayıb, məktəb kitabxanalarının, habelə kütləvi kitabxanaların maddi - texniki bazası yenilənib, dərslik və kitab fondu zənginləşdirilib. Gənc nəslin elmə, kitaba həvəslənməsi üçün müasir maddi-texniki baza və zəngin kitab fondunun olması vacibdir. Tədbirdə Təhsil Şbəsinin metodisti Rahid Seyidməmmədov “Şagirdlərdə mütaliəyə maraq yaratmaq üçün məktəb kitabxanaları nə edə bilər?” mövzusunda geniş məruzə ilə çıxış etdi. Daha sonra “Məktəb kitabxanaları həyata giriş qapısıdır” mövzusunda mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Mehriban Məmmədova məruzə etdi. MKS - nin Komplektləşdirmə və kitabişləmə şöbəsinin müdiri Nazbəhər Məmmədova isə elektron kataloq və elektron kartoteka haqqındakı yeniliklər barədə ətraflı məlumat verdi. Tədbirdə kitabxanaçılardan Quba Dövlət Sosial İqtisad kollecinin kitabxanaçısı Leyla Hüseynova, Heydər Əliyev Mərkəzinin kitabxanaçısı Könül Allahverdiyeva, şəhər 1 və 2 saylı tam orta məktəblərin kitabxanaçıları Sədaqət Abdullayeva, Bəyim Abdullayeva və başqaları öz iş fəaliyyətləri haqqında danışdılar. Bu tədbirdə gənc nəsildə kitaba həvəs oyadılmasının yolları araşdırıldı. Biz elə etməliyik ki, uşaq və yeniyetmələri kitabxanalara cəlb edə bilək. Bu yolla gənc nəsli mənfi vərdişlər qoruya bilərik.
- Başqa
hansı tədbirləri təşkil edirsiniz?
- Rayon MKS-nin Qırmızı Qəsəbə kitabxanasında qəsəbə 2 saylı əsas məktəbin müəllim və şagirdləri ilə görüş keçirdik. Tədbir məktəbliləri kitabxanaya cəlb etmək məqsədi daşıyırdı. Kitabxananın filial müdiri Leyla Məmmədova bildirdi ki, kitab bilik mənbəyidir, ancaq bilik insana nicat verir, ancaq bilik insanı ürəkdən sevməyi, onun zəhmətinə hörmət etməyi öyrədir, ruhən qüvvətli, namuslu və ağıllı adam edir. Sonra məktəbin dil - ədəbiyyat müəllimi Nərgiz Sultanova, kitabxanaçı Zərifə Məmmədova “Kitab böyük zəhmətin, tədqiqatın və gələcəyə yönəlmiş fikrin məhsuludur” mövzusunda çıxış etdilər və daima kitabxana ilə sıx təmasda olmağı şagirdlərə tövsiyə etdilər. Sonda tədbir iştirakçıları yeni nəşrlərlə tanış oldular. Qırmızı Qəsəbə kitabxanasında yəhudi şairi, Simax Şeydanın yaradıcılığına həsr olunmuş “Ömür səhifələri” mövzusunda poeziya axşamı keçirdik. Filial müdiri Leyla Məmmədova “Simax Şeyda arayan-axtaran, tapan, təbliğ edən sənətkardır” mövzusunda geniş məruzə ilə çıxış etdi. Sonra tədbiri iştirakçılarından Qırmızı Qəsəbə 2 saylı tam orta məktəbinin rus dili müəlliməsi Zümrüd Cılğamlı, “Birlik egunstvo” qəzetinin əməkdaşı Sevinc Məmmədova və başqaları şairin həyat və yaradıcılığından, ən gözəl əsərlərinin qədim Nizami yurduna, ulu Azərbaycan elinə, səfalı təbiətinə, vətənpərvər insanlarına həsr etməsindən söhbət açdılar. Sonda məktəb şagirdləri şairin şeirlərini söylədilər. Güləzi kənd kitabxanasında Məhəmməd Füzulinin anadan olmasının 520 illiyi ilə əlaqədar “Gəl alma qəlbimi məndən, nəsibim qəm olar, canan!” başlığı altında tədbir keçirdik. Tədbirin iştirakçıları arasında Güləzi kənd klubunun kollektivi və kənd tam orta məktəbinin müəllim və şagirdləri də yer almışdı. Güləzi kənd tam orta məktəbinin direktor müavini, dil-ədəbiyyat müəlliməsi Gülqədəm Məhərrəmova bildirdi ki, Fizuli klassik şeir mədəniyyətinə dərindən yiyələnmiş bir sənətkar idi. O, əruzun sirlərinin incəliklərinə qədər bələd idi. Füzuli yalnız böyük şair deyil, həm də dövrünün böyük alimi idi. Daha sonra kitabxananın filial müdiri Müsənnif Mustafayev, klub müdiri Ofelya Mikayılova Məhəmməd Füizulinin 520 - illiyi ilə əlaqədar geniş məruzə ilə çıxış edərək bildirdilər ki, Füzuli dühası elə bir işıq mənbəyidir ki, onun şöləsi və nuru həmişə ətrafa şəfəq saçacaq, çox düşüncələri parladacaq, qəlbləri öz hərarəti ilə isidəcək.. Füzuli lirikasında məhəbbət mövzusu mərkəzi yer tutur. Məhəmməd Füzuli şerlərinə qol - qanad verib, onu qitələrdən - qitələrə, ölkələrdən ölkələrə gəzdirib. Məhəmməd Füzuli son dərəcə mürəkkəb, eyni zamanda şərəfli bir həyat və yaradıcılıq yolu keçmişdir. O, həmişə doğma xalqı ilə bağlı olmuş, onun səadət, tərəqqisi və mədəni inkişafı üçün qüvvə və bacarığını heç bir vaxt əsirgəməyib. Məhz buna görə də oxucular bu gün də onun əsərlərini sevə - sevə oxuyurlar. Sonra məktəb şagirdlərindən Roman Ramazanov “Gəl, alma qəlbimi məndən, nəsibim qəm olar, canan!” qəzəlini, Arzu Seyidbalayeva “Məni candan usandırdı, cəfadan yar usanmazmı” qəzəlini söylədilər. Şəmsiyyə Fətəliyeva isə “Məndə məcnundan füzün aşiqlik istedadı var” qəzəlini söylədi. Gültəpə kənd kitabxanasında isə böyük alim, şair Abbasqulu Ağa Bakıxanovun 220 illiyi münasibətilə tədbir keçirildi. Şairin həyat və yaradıcılığı haqqında Gültəpə kənd ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Çiçək Həsənova məlumat verdi. Sonra tədbir iştirakçılarından Həsənova Gülnar şairin “Gülüstani - İrəm” əsərindən parçalar söylədi. Zeynalova Nübar, İsayev Elnur, Şıxbalayev Xəqani, Kərimov Rizvan, Zeynalov Nicat, Əzimoğlu Kənan və başqaları şairin “Gülüstani - İrəm” və “Qanuni Qütsi” əsərlərindən parçalar söylədilər. Qeyd etdiyim tədbirlərin hər birində məktəblilər iştirak edib.
- Bu
tədbirlərin gənc nəslə təsirini necə dəyərləndirirsiniz?
- Çox müsbət. Mən
il ərzində keçirdiyimiz
tədbirlərin sadəcə bir neçəsini
qeyd edim. İl ərzində bu səpkili
tədbirlərimizin sayı kifayət qədər çox olur. Bu tədbirlərin hər birində yeniyetmələrin,
gənclərin iştirakına çalışırıq.
Tədbirlərimizə qatılan gənc nəsil nümayəndələri
sadəcə tamaşaçı olmurlar.
Tədbirlərimizi elə təşkil edirik
ki, məktəb şagirdləri də onun bir parçası olsunlar. Bu yolla
onların mənəvi dünyasının zənginləşməsinə,
kitab oxumağa
maraqlarının artmasına çalışırıq. Quba rayon Mərkəzləzdirilmiş
Kitabxana Sisteminin
üzvləri arasında çoxlu gənc
nümayəndələr var.
Uşaqların, yeniyetmələrin kitabxanalara
cəlb edilməsi çox aktualdır. Nə
qədər çox gənc nəsil
nümayəndəsini kitabxanaya cəlb edə,
kitabı onlara sevdirə bilsək, o qədər çox mənəvi
cəhətdən sağlam böyüyən
nəsil yetişdirmiş olarıq. Quba MKS bu sahədə əzmlə
çalışmağa davam edəcək.
Anar Miriyev
Palitra.-2014.-4 noyabr.-S.11.