Gəncləri mənfi vərdişlərdən
qorumaq üçün
idmanın potensialından istifadə olunmalıdır
İdman gənc nəslin fiziki-mənəvi
baxımdan sağlam böyüməsi, Vətəni, dövləti,
bayrağı sevməsi, vətənpərvərlik ruhunda tərbiyə
almasında böyük rol oynayır
Son illər ölkəmizin əldə etdiyi böyük uğurlar və nailiyyətlər Azərbaycanın dünyadakı müsbət imicini bir qədər də möhkəmləndirib. Müstəqillik əldə etdikdən sonra keçən zaman kəsiyində böyük inkişaf yolu keçən Azərbaycan bu gün dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevrilib. Müstəqillik tarixi qısa olsa da, ölkəmizin bu illər ərzində qət etdiyi yol kifayət qədər böyükdür . Bu inkişafın içində idman sahəsinin xüsusi rolu var.
Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu məqamlara toxunacağıq. Qeyd edək ki, idman sağlam nəslin formalaşması, fiziki və mənəvi sağlamlıq baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, ölkənin inkişaf göstəricisi kimi də qəbul edilir. Məsələ ondadır ki, idmanın geniş yayılması, kütləviləşməsi, ətrafına daha çox insanı cəlb etməsi üçün maddi-texniki bazanın olması şərtdir. Müasir bazanın yaradılması idmanın ətrafına daha çox sayda uşaq və yeniyetmələri cəlb etmək deməkdir. Müasir gəncləri mənfi vərdişlərdən uzaq saxlamaq üçün idmanın potensialından maksimum dərəcədə istifadə olunmalıdır. İdman gənc nəslin fiziki-mənəvi baxımdan sağlam böyüməsi, Vətəni, dövləti, bayrağı sevməsi, vətənpərvərlik ruhunda tərbiyə almasında böyük rol oynayır. Bu işləri həyata keçirmək üçün isə mütləq idman infrastrukturu olmalıdır. Bu, həm də idmançıların hazırlıq keçməsi və beynəlxalq miqyasda ölkəni layiqincə təmsil etməsi üçün əsas şərtdir. Maddi-texniki baza olmadan idmanı inkişaf etdirmək sadəcə olaraq mümkün deyil. Müasir idman qurğularının, müasir infrastrukturun yaradılması üçün dövlətin maliyyə-iqtisadi durumunun yüksək səviyyədə olması lazımdır. Bu baxımdan Azərbaycanda idmanın inkişaf göstəricisi ilə dövlətin ümumi inkişaf göstəricisi arasında paralellik var. İqtisadi cəhətdən inkişaf etmiş Azərbaycan dövləti möhkəm iqtisadi təməllərə malikdir. İqtisadi cəhətdən kifayət qədər güclü və inkişaf etmiş dövlət olan Azərbaycanda bu inkişafdan bütün sahələrə, o cümlədən idman sektoruna da xüsusi pay düşür. Azərbaycan dövləti idmanın inkişafını xüsusi diqqətdə saxlayaraq bu sahədə böyük dəyişikliklərin əldə edilməsinə nail olub.
Nüfuzlu beynəlxalq yarışların Bakıda keçirilməsi daha çox sayda uşaq və yeniyetmənin idmana cəlb olunmasında böyük rol oynayır
Azərbaycan Prezidenti İlham Əliyev həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi idmanın inkişafını yüksək səviyyədə dəstəkləyərək bu sahədə böyük və möhkəm maddi-texniki bazanın yaradılmasına nail olub. Respublikamızın demək olar ki, hər bir bölgəsinin idman qurğuları, müasir idman infrastrukturu, o cümlədən Olimpiya İdman Kompleksləri ilə əhatə olunması idmanın inkişafı üçün möhkəm təməl yaradıb. Ötən illər ərzində dövlət başçısının rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət və planlı şəkildə həyata keçirilən işlər Azərbaycanı dünyanın inkişaf etmiş idman ölkələrindən birinə çevirib. «İdman ölkəsi» sözlərinin arxasında inkişaf etmiş dövlət, idman ətrafında birləşən böyük potensiala malik olan fiziki və mənəvi cəhətdən sağlam yeniyetmə və gənclər ordusu və müasir idman infrastrukturu dayanır. Azərbaycan bu şərtlərin hər birinə cavab verdiyi üçün dünyanın və Avropanın ən nüfuzlu idman ölkələrindən biri sayılır.
Doqquz ay ərzində 120 respublika miqyaslı və 32 beynəlxalq yarış keçirilib
Azərbaycanda idmanın inkişafı dövlət tərəfindən dəstəklənir və məhz dövlət tərəfindən həyata keçirilən siyasət nəticəsində belə müasir baza yaradıla bilib. Bu bazaların və müasir infrastrukturun yaradılmasının məntiqi nəticəsidir ki, ölkəmizdə bir-birinin ardınca müxtəlif beynəlxalq yarışlar keçirilir. Gənclər və idman nazirinin müavini İntiqam Babayev bu yaxınlarda verdiyi açıqlamada bildirib ki, Azərbaycanda il ərzində 40-dan 50-dək müxtəlif səviyyədə beynəlxalq tədbir keçirilir. Onun sözlərinə görə, idman siyasəti Azərbaycanın prioritetlərindən biridir: "Təkcə cari ilin doqquz ayı ərzində ölkədə 120 respublika miqyaslı və 32 beynəlxalq yarış keçirilib". Nazir müavini qeyd edib ki, əgər 1992-ci ildə azərbaycanlı idmançılar beynəlxalq yarışlarda 23, 2002-ci ildə 175 medal qazanmışdılarsa, 2013-cü ildə bu göstərici 782-yə çatıb. Ölkəmizdə keçirilən beynəlxalq yarışların sayının artması, qazanılan medal sayındakı artım ölkəmizdə idmanın inkişafını göstərir. Eyni zamanda idmanın ətrafında gənclər ordusunun cəmləşdiyini ortaya qoyur. Nüfuzlu beynəlxalq yarışların Bakıda keçirilməsi daha çox sayda uşaq və yeniyetmənin idmana cəlb olunmasında böyük rol oynayır. Necə ki, olimpiya çempionlarımızın məşğul olduğu idman növlərinə kütləvi axın olur, eləcə də beynəlxalq yarışlar idmanın gənclər arasında təbliğatında mühüm əhəmiyyət kəsb edir. Elə bir neçə gün əvvəl Bakıda keçirilən “Blancpain Sprint” seriyasından “Baku World Challenge” avtomobil yarışı da ölkəmizdə idmanın təbliğatı və ölkəmizin dünyada təbliğ olunması istiqamətində mühüm rol oynadı. Avtomobil yarışına dünyada böyük maraq var. Belə bir yarışın ölkəmizdə keçirilməsi və yarışın dünyanın nüfuzlu kanalları ilə yayımlanması Azərbaycanın təbliğatı işinə böyük töhfə oldu. Təkcə bir faktı qeyd edəki ki, “Baku World Challenge” dünyanın 175-dək ölkəsinin televiziya kanalında canlı nümayiş olundu. Yarışda 15 beynəlxalq komanda 30 avtomobillə mübarizə aparıb. Avtoralli Xəzər dənizi boyunca uzanan və Dövlət Bayrağı Meydanının ətrafında dövrə yaradan, yeni təmir olunan 4 kilometrlik dairə üzrə keçirilib. Uşaq və yeniyetmələrin idmana cəlb olunmasında müşhüm rol oynayan daha bir yarış Hövsan Olimpiya İdman Kompleksində baş tutub. Gənclər arasında güləş üzrə “Hünər meydanı” açıq respublika seçim turnirində ölkəmizin gənc və perspektivli güləşçiləri mübarizə aparıb. Turnirdə 1995-1997-ci il təvəllüdlü güləşçilər mübarizə aparıblar. Bu isə güləş idman növünün gələcəyinin etibarlı əllərdə olduğunu təsdiqləyir. Bir neçə gündən sonra isə Moskvada Avropa Millətlər Kuboku turniri başlayacaq. Yarışlarda yığmamızın idman şərəfini 30 güləşçi qoruyacaq.
Mübarizə əvvəlcə qadın güləşçilər arasında keçiriləcək. Bu mübarizədə yığmamız baş məşqçi Semyon Çterev, böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında mübarizə aparacaq. Heyətdə Ayan Məmmədova (48 kq), Patimat Baqomedova (53 kq), Solmaz Həşimzadə, Alyona Kolesnik (hər ikisi 55 kq), İrina Netreba (58 kq), Nataliya Şinişin (60 kq), Elmira Qəmbərova (63 kq), Nadya Sementsova (69 kq), Səbirə Əliyeva və Gözəl Zutova (75 kq) yer alıblar.
Sərbəst güləş yığmamız isə turnirdə baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında çıxış edəcək. Sərbəst güləş üzrə yarışlarda Azərbaycanı Mahmud Məhəmmədov, Mircəlal Həsənzadə (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Nurməhəmməd Hacıyev, Aleksandr Qostiyev (hər ikisi 86 kq), Aslanbek Alborov (97 kq) və Aslan Dzebişov (125 kq) təmsil edəcəklər.
Baş məşqçi Cəmşid
Xeyrabadi və məşqçi Akiv Əliyevin rəhbərliyi altında
mübarizə aparacaq yunan-Roma
güləş yığmasının heyətinə 10
idmançının adı daxil edilib. Yunan-Roma güləşi yarışlarında Rövşən
Bayramov, Elman Muxtarov (hər ikisi 59 kq), Kamran Məmmədov
(66 kq), Azad Əliyev
(71 kq), Rüstəm Əliyev (75 kq), Elvin Mürsəliyev
(80 kq), Rafiq Hüseynov, Şəhriyar Məmmədov (hər
ikisi 85 kq), Araz Həsənov (98 kq) və
Sabah Şəriəti (130 kq) mübarizə aparacaqlar.
Görüşlərin idarə olunmasında
beynəlxalq dərəcəli hakim Qərib
Əliyev də iştirak edəcək.
Əksəriyyəti gənc nəsil nümayəndəsi olan bu
idmançılarımızın qazanacağı qələbə
uşaq və yeniyetmələrin idmana, güləşə cəlb olunması üçün əlavə stimul
olacaq.
Anar Miriyev
Palitra.-2014.-5 noyabr.-S.11.