“Hədəfimiz regionda sülhə yardım etməkdir”

 

Elşad Abdullayev: “Bizim tək hədəfimiz, yaşadığımız ölkələrdə və ölkələrimizin daxil olduğu regionlarda sülhün bərqərar olunmasıdır”

Müsahibimiz Dünya Türk Gəncləri Birliyi İctimai Birliyinin baş əlaqələndiricisi Elşad Abdullayevdir:

- Elşad müəllim, Dünya Türk Gəncləri Birliyinin fəaliyyəti haqqında nə deyə bilərsiniz?

- Dünya Türk Gəncləri Birliyi 1992-ci ilin fevral ayında Tatarıstanın paytaxtı Kazan şəhərində türk dünyasından təmsil olunan bir çox gənclik təşkilatlarının nümayəndələri tərəfindən qurulan bir təşkilatdır. Bu təşkilat, Azərbaycan mərkəzli bir təşkilat deyildi. Dünya Türk Gəncləri Birliyi qurulduğu ildən 2010-cu ilə qədər qeydiyyatsız olaraq gənclər təşkilatları platforması şəklində fəaliyyət göstərib. Lakin bu platformaya üzv təşkilatların hamısı öz ölkələrində qeydiyyatlı, hüquqi şəxs olan qeyri-hökumət təşkilatlarıdır.

Hazırda Dünya Türk Gəncləri Birliyinə 18 ölkədən 36 türk xalqtopluluğunu təmsilən 42 təşkilat üzvdür. Azərbaycandan rəsmi üzv olan təşkilat Azərbaycan Respublikası Gənclik Təşkilatları Milli Şurasıdır. 2009-cu ildə Dünya Türk Gəncləri Birliyinin Krımda, Yaltada XIV qurultayı keçirilib. Bu qurultayda rəhbərlik Azərbaycana verilib. Dünya Türk Gəncləri Birliyinin sədri olaraq, III çağırış Milli Məclisin üzvü və hal-hazırda sədrimiz olan Əkrəm Abdullayev seçilib. 2010-cu ilin yanvar ayında da Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Dünya Türk Gəncləri Birliyi İctimai Birlik olaraq, qeydə alındı. Bu da o deməkdir ki, Dünya Türk Gəncləri Birliyi özübir hüquqi şəxs, həm də bir qeyri-hökumət təşkilatıdır. 2012-ci ildə Dünya Türk Gəncləri Birliyi XV qurultayını Türkiyənin İstanbul şəhərində həyata keçirib. Hal-hazırda birlik XVI qurultayına hazırlaşır.

- Dünya Türk Gəncləri Birliyinə üzv olmaq strukturu necədir?

- Dünya Türk Gəncləri Birliyinin strukturu çox sadədir. Hər türk xalqından birya bir neçə gənclik təşkilatı üzv ola bilər. Lakin səsvermə zamanı bir xalq bir səs prinsipinə görə səsvermə gerçəkləşdirilir. Ona görə bizdə 75 milyonluq Türkiyə ilə 15 minlik Şor xalqının demək olar ki, səsvermədə rolu, gücü, funksiyası eynidir. Bu da bizə görə, türk demokratik düşüncəsinin ən bariz nümunəsidir. Dünya Türk Gəncləri Birliyi 1992-ci ildən bu zamana qədər 15 qurultay, Gənclik Günləri Festivalları, 11 dəfə təşkilat rəhbərlərinin toplantılarını və saysız-hesabsız sərgilər, konfranslar, görüşlər, seminarlar həyata keçirib.

Dünya Türk Gəncləri Birliyinin yarandığı gündən ən əsas məqsədi, türk dünyası gəncləri arasında həm müxtəlif sahələr üzrə, həm də maraqlar və prinsiplər əsasında, insanlar arasında əməkdaşlığı bərqərar etmək və gücləndirməkdir. Dünya Türk Gəncləri Birliyinin vaxtilə qurucuları olan insanlar o zaman gənc olmalarına baxmayaraq, bu gün artıq xeyli yaşlı insanlardır. 45, 50, 55, 60 yaşlarında olan insanlarımız, Dünya Türk Gəncləri Birliyinin Makedoniyada 2007-ci ildə keçirilən XIII qurultayında alınan bir qərarla, Türk Xalqları Konqresini yaradıb və fəaliyyətlərini orada davam etdirirlər. Ona görə bizim təşkilatda gənclik hər zaman dəyişir. Gənclik yaşından çıxan insanlar fəaliyyətlərini başqa platformalarda davam etdirirlər. Onların yerlərinə isə təşkilatın daxilindən və ya xaricindən gənclər gəlir.

Təşkilatımız məqsədinə çatmaq üçün çətinliklərlə də qarşılaşır. Əfsuslar olsun ki, Dünya Türk Gəncləri Birliyini bütün dünya dövlətləri və dövlətlərarası orqanları tərəfindən fəaliyyətinin rəğbətlə qarşılandığını deyə bilməyəcəyəm. Çünki nəticədə türk dünyasının məsələlərindən biri türk xalqlarının dilini, mədəniyyətini, öz milli identifikasiyasının qorunması məsələsidir. Bu da öz növbəsində bir çox hallarda siyasi problemlərlə üz-üzə qalan xalqların problemi kimi görünür. Misal olaraq bir çox türk xalqlarının adını çəkmək olar - türkmənlər, qaqauzlar, Qaraçaylar, uygurlar, Nogaylar, Kipr, Kosova və Ahıska türkləri, Krım tatarları və sair. Biz dəfələrlə Dünya Türk Gəncləri Birliyi toplantılarında müxtəlif səpkili bəyanatlar, çağırışlar, etiraz aktlarını qəbul etmişik. Bunlardan bəziləri, buya digər türk dövləti olmayan dövlətdə yaşayan türk xalqlarının torpaqadminstrativ bölgü haqları, yaxud, bəzi türk xalqlarının dillərini, etnikya dini özünəməxsusluğun qorunması üçün yaşanan problemlərə diqqətin çəkilməsidir.

Biz çalışırıq ki, fəaliyyətimizdə sosial sahələr üzrə çərçivə qoymayaq. Dünya Türk Gəncləri Birliyi qurultaylarında bir neçə komissiya üzrə işlər aparır. Bu komissiyalar iqtisadiyyat komissiyası, dil-ədəbiyyat komissiyası, idman və gənclik komissiyası, din komissiyası, ekologiya komissiyası və əlbəttə ki, siyasət komissiyasıdır. Bu komissiyalarüçün lazımdır? Qurultayın keçirildiyi 4-5 gün ərzində musiqi festivalı, müxtəlif səhnə ifası və təqdimatı ilə yanaşı, biz həm də gəncliyi narahat edən sahələr üzrə bütün problemləri sinifləndirib komissiyalara ayıraraq qurultay iştirakçılarının və nümayəndələrinin bu komissiyalarda işləməsini təmin edirik.

Məsələn, 1998-ci ildə Qazaxıstanda keçirdiyimiz VIII Qurultay vaxtı, bir günlük beynəlxalq konfrans da təşkil etdik. Konfrans, Aral gölünün ekoloji fəlakəti və bölgə ölkələrinə olan təsiri probleminə həsr edildi. 2000-ci ildə Bakıda keçirdiyimiz X Qurultayımızda Qarabağdan didərgin düşmüş yüz minlərlə insanımızın taleyi ilə əlaqədar dəfələrlə müraciətlər etmişik. Yeri gəlmişkən, qeyd edim ki, Xocalı soyqırımı və torpaqlarımızın ermənilər tərəfindən işğalı daim birliyimizin gündəliyindədir. 2004-cü ildə Rumıniyada keçirdiyimiz XI qurultayımızda Qaqauz xalqlarının, Tatar xalqlarının, bəzi ölkələrin Avropaya inteqrasiya etdiyi zaman onlara azlıq haqlarının tanınması məsələsini ortaya qoyduq. 1999-cu ildə IX qurultayımız Çuvaşiyada Çeboksarıda keçiriləndə isə, Volqaboyunda yaşayan türk xalqlarının - tatarların, başqırdların, çuvaşların və başqa xalqların öz ana dillərində təhsil imkanlarının artırılmasını həyata keçirmək məsələsinin vacibliyini bildirdik. Məsələn, sadəcə Tatarıstanın xaricdə iqtisadi nümayəndəliyini açmaq imkanı var. Ancaq Çuvaş Respublikası ilə Başqırdıstan Respublikasına da bu haqqın tanınması mövzusunda simpoziumlar keçirdik.

Simpoziumların sonunda yekun sənədlər təşkil olunub, adı keçən ölkələrin prezidentlərinə, Parlamentlərinə, UNESCO-ya, BMT-yə, ATƏT-in əlaqədar qurumlarına və bir çox aidiyyəti orqanlara göndərildi.

Biz, İctimai Birlik olaraq problemləri əlbəttə ki, həll edə bilmərik. Biz bunu bilirik. Lakin problemlərə cəmiyyətin və ictimai kateqoriyadan olan maraqlı dairələrin diqqətini cəlb edə bilərik. Ən azında bunu bacararıq.

Məsələn, Şimali Qafqazda Qaraçay-Balkar türk qardaşlarımızın bir problemi var. Onlar hər nə qədər problemlərini Moskvaya, mərkəzə yazsalar da, bəlkə də onları dinləyənlər az olur. Ancaq bizim qurultaylarımızda onlardan iştirak edən nümayəndələr təklif edirlər ki, birbizim adımızdan mərkəzə xahiş göndərək. Bizbunu hansısa ölkənin daxili işlərinə qarışacaq şəkildə qətiyyən etmirik. Biz sadəcə qurultaydan təkliflər şəklində, xahişlər şəklində, məktub vasitəsilə yazıb göndəririk. Sadəcə bunu bütün qurultay etdiyi üçün məktubu qəbul edən tərəf də görür ki, bu problem artıq həllini tələb edən bir məsələdir. İnsanlar görürlər ki, problemin həll olunması bölgə xalqlarının qardaşlığı və bir-biri ilə əməkdaşlıq etməsi üçün müsbət bir haldır, ona görə də müraciətlər edilir. Belə olan halda həmin müraciətə ciddi yanaşırlar.

Yaxud, Noqay xalqının əkin sahələri ilə bağlı bir problemləri var idi. Yanlış bölgü ilə bəzən əkin sahələri, bəzən də otlaq sahələri onların əllərindən alınmışdı. Yəni, bu sırf noqaylara qarşı olan bir hal deyildi. Sadəcə onların kompakt yaşadığı bölgələr bu vəziyyətdə qalmışdı. 2012-ci ildə keçirilən XV qurultayda iştirak etdikləri zaman təklif etdilər ki, müraciət formasındakı məktubu biz qəbul edib, Rusiya Federasiyasının prezidentinə və aidiyyəti orqanlarına göndərək. Biz bunu etdikdən sonra demək olar ki, bu məsələ həll olundu. Bu məsələyə də çox ciddi yanaşdılar.

18 ölkədən türk xalqları birliyimizdə təmsil olunur. Bu ölkələri sadalamaq heç də çətin deyil. Bu Çindən başlayaraq, Uyğur xalqı, bütün Mərkəzi Asiya, Əfqanıstan, Rusiyanın bütün türk xalqları, İran, İraq, Suriya, əlbəttə ki, Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti və Avropanın bir çox ölkələrindən - Moldovadan qaqauzlar, Ukraynadan Krım tatarları, Rumıniya, Makedoniya, Bolqarıstan, Yunanıstan, Polşa tatarları və s. Bizim hətta üzvlərimiz arasında Litvadan karaimlər var. Bir nüansı da qeyd etmək istərdim ki, biz dünyada yeganə təşkilatıq ki, bütün konfesiyalar təmsil olunur. Buddizmdən Şamanizmə qədər, İslamdan Xristianlığa qədər, Yəhudilikdən Göy Tanrıçılığa qədər və Amerikan Şamanizmi dediyimiz görüşlər belə təmsil olunur.

Çünki türk xalqı çox konfesiyalı xalqdır və bu məsələdə isə biz tolerantlığa üstünlük veririk.

- Dünyada türk gənclərinin əsas hədəfi nədir? Regional prosesləri izlədikdə hədəfi nədə görürlər?

- Əslində bizim tək hədəfimiz var. Bir cümlə ilə desək, yaşadığımız ölkələrdə və ölkələrimizin daxil olduğu regionlarda sülhün bərqərar olunmasıdır. Bizim bütün fəaliyyətimiz o hədəfə çatmağın bir pilləsidir. Biz əgər dini tolerantlıqdan danışaraq deyiriksə ki, tolerantlıq həm də təşkilatımızın içindədir, əlbəttə ki, bu demək deyil ki, tolerantlıq bir hədəfdir. Bəs nə üçün biz bunu vacib görürük? Çünki tolerantlıqla dostluq var olduqca, sülhü bərqərar etmək mümkündür. Yaxud da siyasi görüşlər. Mən siyasi görüşlərdən onu deyə bilərəm ki, bizim üzvümüz olan təşkilatların bəziləri öz ölkələrində kommunistdir. Bəziləri liberal, bəziləri isə öz ölkələrində milliyətçi qruplardandır. Solçuluq var, sağçılıq, milli təəssübkeşlik var. Biz onların siyasi tərəflərinin təşkilatımızda dominant hala gəlməsini istəmirik. Buna ehtiyac da yoxdur. Biz onun qarşısını almırıq. Çünki onlar tədbirlərə gələndə daha çox türk kimliyi ilə, türk olma şüuru ilə iştirak edirlər. O, siyasi tərəfini öz ölkəsində qoyur gəlir. Ancaq söhbətlərində bilirik ki, bu hansı siyasi yolun tərəfdarıdır. Bəlkə də o yol onun öz ölkəsində ən doğru yoldur. Buna görə də siyasi vicdan azadlığına da böyük hörmətimiz var. Bu da əslində bir hədəf deyil. Siyasi plüralizm yolu ilə siyasi sahəyə çıxa biləcək təlatüm dalğalarının qarşısının alına biləcəyinə inanırıq. Bu da sülhün bərqərar olunmasıdır.

Yaxud da eyni millətdən olan nümayəndələr var. Məsələn, tatarlar. Rumıniya tatarları, Polşa tatarları, Tatarıstan, Krım tatarları bir araya gələndə bu gün Dünya Tatar Hərəkatında onların baxışları, onların yeri tamam fərqlidir. Lakin onlar Dünya Tatar Hərəkatında olan fikir ayrılıqlarını qurultaya gələndə unudurlar. Çünki burada bizi birləşdirən bir ad var: Türk! Ola bilər ki, tatarların içində gedən proseslərə eyni şəkildə baxmırsan, lakin sən onu münaqişə halına da çevirmirsən. Şübhəsiz ki, fərqli baxış hər kəsin haqqıdır. Yəni, sülh deyəndə burada həmçinin, xalqlararası sülhdən söz açılır.

Bütün sahələrin sülhünü təmin etmək üçün o sahələrdə insanların dialoqunu təmin etmək lazımdır. Çünki bəzən insan tanımadığının düşmənidir.

Hədəfimiz də ölkənin və ölkənin daxil olduğu regionun sülh içində yaşaması prosesinə yardım etməkdir.

(ardı var)

Xəyalə GÜNƏŞ

Palitra.-2014.-6 noyabr.-S.13.