“C.Məmmədquluzadə və Ə.Hüseynzadə Azərbaycanın türk dünyasına bəxş etdiyi qoşa zirvələrdir”

 

Bugünlərdə Qazaxıstanın paytaxtı Astana şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə “Türk dünyası: Böyük şəxsiyyətlərin irsimövzusunda elmi konfrans keçirilib. Beynəlxalq forum Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 2013-cü ildə Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin III sammitində irəli sürdüyü təşəbbüs əsasında gerçəkləşib. AMEA-nın vitse-prezidentinin köməkçisi Ağahüseyn Şükürovun verdiyi məlumata görə, nüfuzlu elmi tədbirdə Azərbaycan, Türkiyə, Polşa, Rusiya, ABŞ, Yaponiya, Monqolıstan, Qırğızıstan və Özbəkistandan dəvət olunmuş alimlər və ictimai xadimlər iştirak ediblər.

Konfransın gündəliyinə böyük Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyi, ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin doğumunun 130 illiyi, türk dünyasının birlik rəmzinə çevrilmiş İsmayıl bəy Qaspıralının vəfat etməsinin 100 illiyi və eləcə də qazax xalqının görkəmli ictimai-siyasi xadimləri Turar Rıskılovun və Sultan bəy Kojanovun 120 illik yubileyləri münasibətilə mövzular salınıb. Beynəlxalq elmi konfransda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezident, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli və AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli təmsil ediblər.

Beynəlxalq Türk Akademiyasının prezidenti, tarix elmləri doktoru, professor Darxan Kıdırəli akademiyanın yaranması tarixinə toxunaraq 2009-cu il 3 oktyabrda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısında bu istiqamətdə qəbul edilən Naxçıvan Bəyannaməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Türk Akademiyasının rəsmi olaraq 25 may 2010-cu ildə açıldığını diqqətə çatdıran prezident Darxan Kıdırəli az zaman içərisində mühüm işlərin görüldüyünü bildirib. TİKA-nın Qazaxıstan təmsilçisi Əli Öztürk beynəlxalq konfransın türk xalqlarının birliyinə, inteqrasiya prosesinin genişlənməsinə xidmət etdiyinə əminliyini bildirib.

2009-cu ildə qəbul edilmiş Naxçıvan Bəyannaməsindən danışan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Böyük mütəfəkkir Əli bəy Hüseynzadə və müasirlikmövzusunda məruzə edib. Böyük düşüncə adamının anadan olmasının 150 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin 21 yanvar 2014-cü ildə ədəbi-tarixi əhəmiyyətli sərəncam imzaladığını və ölkədə bu istiqamətdə yüksək səviyyəli tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran məruzəçi böyük mütəfəkkir haqqında aşağıdakı fikirləri diqqət mərkəzinə çəkib: “Əli bəy Hüseynzadə Azərbaycan ədəbi-ictimai fikrinin Türk dünyasına bəxş elədiyi görkəmli ədəbi simalardan biridir. Birincisi, Əli bəy Hüseynzadə türkologiya baxımından Türkiyədə, türk dünyasında böyük yeri olan Ziya Gökalp tərəfindən böyük müəllim kimi qiymətləndirilən, türk dünyasının ümumi problemlərini elmi-fəlsəfi cəhətdən, nəzəri dərinliyi etibarilə əks etdirməyi bacaran nadir simalardan biridir. İkincisi, Azərbaycanda türkologiyanı həm kulturoloji baxımdan, həm ədəbiyyat və sənət istiqamətində Əli bəy Hüseynzadə qədər geniş əhatə edən ikinci böyük bir şəxsiyyət göstərmək çətindir. Fikrimcə, Əli bəy Hüseynzadənin fəlsəfi baxışlarını, ictimai-siyasi görüşlərini, həm də ədəbiyyat düşüncəsini mükəmməl şəkildə ifadə edən ”Siyasəti-fürusət” (“At oynatmaq siyasəti”) əsəri Azərbaycan ictimai fikri tarixində, bütövlükdə türk dünyasında böyük Mirzə Fətəli Axundzadənin “Kəmalüddövlə məktubları” ilə müqayisə oluna bilinən möhtəşəm sənət əsəridir”. Akademik İsa Həbibbəyli məruzəsində Cəlil Məmmədquluzadə və Əlibəy Hüseynzadə, “Molla Nəsrəddin” və “Füyuzat” jurnalları məsələsinə də aydınlıq gətirib, adları çəkilən böyük şəxsiyyətləri Azərbaycanın türk dünyasına bəxş etdiyi qoşa zirvələr kimi təqdim edib.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli “Məhəmməd Əmin Rəsulzadənin ədəbi-ictimai fəaliyyəti” mövzusunda məruzə edib.

Konfransda İsmayıl bəy Qaspıralı nəslinin gənc nümayəndəsi Gülnarə Yusif qızı Seyidvaniyeva, Qırğızıstan EA-nın vitse-prezidenti, akademik Əbdülcan Əhmədəliyev, ABŞ-dakı Miçiqan Universitetinin professoru Timur Qocaoğlu, Monqolustan Milli Elmlər Akademiyasının professoru Kutmetxan Müxamadili, L.N.Qumilyov adına Avroasiya Dövlət Universitetinin rektoru, professor Erlan Sadıqov, Süleyman Dəmirəl adına Universitetin professoru İlyas Əytimbet, Polşadakı Adam Mitskeviç adına Universitetin professoru Henrix Yankovski, Monqolustan Arxiv agentliyinin baş mütəxəssisi, professor Çuluun Daşdavaa, L.N.Qumilyov adına Avroasiya Dövlət Universitetinin professoru Koyşığara Salqaraylı, Xoca Əhməd Yasəvi adına Beynəlxalq Kazax-Türk Universitetinin nümayəndəsi Nevzet Şimşek, L.N.Qumilyov adına Avroasiya Dövlət Universitetinin prorektoru, professor Dixan Kamzabəyli, Egey Universitetinin professoru Fikrət Türkmən və b. çıxış edərək türk dünyasının problemlərindən və inkişaf meyillərindən danışıb, mülahizə və qənaətlərini bildiriblər.

Üç gün davam edən beynəlxalq elmi tədbirin plenar iclasları SülhDostluq Sarayında, L.N.Qumilyov adına Avroasiya Dövlət Universitetinin konfrans zalında keçirilib.

 

Nigar Abdullayeva

Palitra.-2014.-6 noyabr.-S.6.