“Gənc özünü
millətin və dövlətin bir üzvü hesab etməlidir”
Faiq Ələkbərov: “Gənc öz maraqlarından millət və dövlət
üçün güzəştə
getməyə hazır olmalıdır”
Gənclərin
dövlətçilik şüurunun inkişaf etdirilməsi ilə bağlı
layihə çərçivəsində AMEA Fəlsəfə
və Hüquq İnstitutunun
böyük elmi işçisi, fəlsəfə doktoru, dosent Faiq Ələkbərovun fikirlərini öyrəndik.
Azərbaycan xalqının kifayət qədər dövlətçilik ənənələrinə malik olduğunu və bunu bütün gənc nəslin bilməli olduğunu deyən alimin fikrincə, son iki əsrin böyük bir dövrünü çar Rusiyası imperiyasının tərkibində yaşamağımız müstəqillik təcrübəmizi azaldıb: “Eyni zamanda gənc bir dövlətin, xüsusən də gənc əhalisi arasında milli dövlətçilik şüurunun formalaşması prosesi başa çatmadığına görə, qlobal ideyaların təsirinə daha çox məruz qalan ölkə halına gəlmişdik. Bu baxımdan milli ideyaların, yoxsa beynəlmiləl ideyaların hansının vacibliyi məsələsində ictimai şüurda bəzən hələ də qeyri-müəyyənliklər var. Xüsusən də bəzi gənclərin şüuru ilə bağlı bunu demək mümkündür. Yaxud sovet nəsli ilə yeni - müstəqillik nəsli arasında varislik məsələsi daha mürəkkəbdir. Sovet nəslinin bir çoxunda pafoslu «beynəlmiləlçilik» bərqərar olduğu üçün, onlar milli ideyalara münasibətdə «kommunizm» yanaşmasından qurtula bilmir. Əvəzində sovet nəsilinin övladları olan yeni nəslin əksəriyyəti milli ideyaları tam dərk edə bilməydiyi üçün beynəlmiləl ideyalara münasibətdə «modernləşmək» xəstəliyinə tutulur. Belə bir şəraitdə, sovet nəsli ilə həmin yeni nəsil arasında uzlaşdırma tapmaq heç də asan məsələ deyil. Bu mənada, milli şüurun formalaşması prosesi də mürəkkəbliyi ilə diqqəti cəlb edir. Ona görə də bəzi sahələrdə ciddi addımlar atılmadan milli şüurun yox yerdən formalaşmasını gözləmək doğru olmazdı.
Qeyd edim ki, milli-mənəvi dəyərlərə sahib çıxılması və yaşadılmasının vacibliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də dəfələrlə səsləndirilib. 2012-ci il mayın 25-də 28 May - Respublika Günü münasibətilə çıxış edən İlham Əliyev bəyan edib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi bir hadisə olub. Dövlət başçısına görə, Azərbaycan xalqı və dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Bugünkü müstəqil Azərbaycan da Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Prezidentin fikrincə, yeni nəsil də həmin dövrdə yarananan dövlətçilik ənənələrinə sadiq qalmalı, milli-mənəvi dəyərlərimizi qorumalıdır: «Azərbaycan xalqı və Azərbaycan islam dünyasının ayrılmaz parçasıdır. Bu, bizim tariximizdir, bu günümüzdür, ənənəmizdir, milli identifkasiyamızdır. Biz milli dəyərlərimizə çox sadiqik və bu dəyərlər bizim üçün hər şeydən üstündür. Dəfələrlə demişəm və şadam ki, gənc nəsil də milli ruhda böyüyür, milli ruhda tərbiyə alır. Biz Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərini, ənənələrini qorumalıyıq, təbliğ etməliyik. Hər bir Azərbaycan gənci, hər bir Azərbaycan uşağı bu əhval-ruhiyyədə böyüməlidir».
Bu mənada, hazırda milli dövlətçilik şüurunun formalaşmasında çox vacib olan milli mədəniyyət və milli tarix şüurunun öyrənilməsinə böyük ehtiyac var. Hər bir millətin varlığı və gələcəyi onun tarixi (dövlətçilik ənənələri, qəhrəmanların obrazı, hökmdarların şəxsiyyəti və s. ) və mədəniyyət (adət-ənənələr, törələr, alimlərin-şairlərin elmi və ədəbi əsərləri və s.) şüurunun səviyyəsi ilə bağlıdır”.
Alimin fikrincə, milli mədəniyyət dedikdə, bir millətə məxsus olan adət-ənənələr, milli özünəməxsusluqlar, milli mentalitet və əxlaqi dəyərlərin ümumiliyi başa düşülür: “Milli mədəniyyətə daxil olan bu faktorlar milli şüurun formalaşmasına bu və ya digər dərəcədə təsir göstərir. Mədəniyyət ilk növbədə, adət-ənənələrlə, törələrlə bağlıdır. Hər hansı ulus-millət törələrdən, adət-ənənələrdən uzaqlaşdıqca özgələşir. Bu özgələşmə dərinləşdikcə törələr və adət-ənənələr getgedə tamamilə unudulur. Milli şüurun əsasını təşkil edən törələr unudulduqda qan-nəsil birliyinin də mahiyyəti itir. Bir növ keçmişini görə bilməyən, yalnız bu günü ilə yaşayan və sabahını başqaları müəyyənləşdirən amorf bir topluma çevrilir. Burada keçmiş dedikdə, milli yaddaşı - tarix şüurunu və törələri (adət-ənənələri) bir yerdə nəzərdə tuturuq. Özgələşən, yaxud da milli yaddaşından uzaqlaşdırılan millət və onun gəncləri üçün üçün bunların heç bir mənası yoxdur. Onun şüurunda yalnız bu gün var. Bu günlə yaşamaq yalnız törələrə, adət-ənənələrə laqeydlik deyil, həm də gələcəyi görə bilməməkdir. Bir növ, «praqmatist» olmaq düşüncəsi altında başqalarının ovu olmaqdır.
Halbuki ingilis-amerikan praqmatizmi mahiyyət etibarilə bu günlə yaşamaqdan çox, bu günün problemlərini zəmanənin tələblərinə uyğun şəkildə həll etməkdir. Ancaq bunu «həyata bağlılıq» kimi dərk edən cəmiyyətlərin şüurunda günün problemlərini zəmanənin tələblərinə uyğun şəkildə həll etmək deyil, özünü taleyin axarına buraxmaqdır. Bu taleyin axarı «Allaha təvəkkül» mənasında öz «təsbitini» gücləndirməklə, «palaza bürün elnən sürün» kimi mahiyyət alır. Artıq insan ətrafında baş verən proseslərə müstəqil düşüncədən daha çox, başqaları necə mən də elə «prinsipi» ilə yanaşır. Belə bir vəziyyətdə olan insan və həmin insanların ümumiliyi olan cəmiyyət özünü dərk etməkdə çətinlik çəkir”.
Özəlliklə, tarixi və mədəniyyət şüuru baxımından milli dövlətçilik yaddaşı olmayan bəzi gənclərin xeyli qismi özünə özünün deyil, başqalarının, yad millətlərin gözü ilə baxırlar: “Bütün bunlar onlarda natamamlıq, yarımçıqlıq kompleksi yaradır. Hətta, bəzən özgələşmə prosesi o dərəcəyə gəlib çatır ki, başqa millətlərin aydınlarının onun tarixi, mədəniyyəti, adət-ənənələri ilə bağlı verdiyi bilgilərə möhtac qalır. Şübhəsiz, başqa millətlərin aydınlarının bilgiləri də çox vaxt təhrif olunmuş şəkildə çatdırılır. Bu təhrif olunmuş bilgilərlə həmin gənclərdə milli özünüdərk daha da mürəkkəbləşir. Biz bunu, 19-cu əsrin ortalarında çar Rusiyasının Şimali Azərbaycan türkləri üzərində apardığı müstəmləkəçilik siyasəti nümunəsində görmüşük”.
Ümumiyyətlə, bütün türksoylu millətlər, o cümlədən Azərbaycan xalqı və onun gəncləri 19-cu yüzildə milli yaddaşın bərpasına çalışarkən yad millətlərin tarixi, mədəni, fəlsəfi və s. bilgilərinin təsiri altında olublar: “Buna səbəb də, artıq həmin dövrdə türk tarixi, mədəni, fəlsəfi və s. abidələrin əsasən, yad millətlərin əllərində olması idi. Ötən yüzilliklərdə Osmanlı, Səfəvi kimi türk sülalələrinin başçılarının diqqətsizliyi, biganəliyi nəticəsində bizə aid abidələr yad millətlərin, xüsusilə rusların, almanların, fransızların, ingilislərin əllərinə keçmişdi. Onlar bu abidələri bir çox hallarda satın alıblar. Gəncliyimiz bütün bu tarixi irsimiz və abidələrimizdən ətraflı xəbərdar olmalıdır. Beləliklə, bir tərəfdən Osmanlı və Səfəvi arxivlərindən bir çox sənədlər, digər tərəfdən əhalidə olan qiymətli abidələr müxtəlif vasitələrlə əcnəbilərin əlinə keçib. Bununla da, bir tərəfdən abidələrimizə sahib çıxa bilməmişik, digər tərəfdən dünyaya bəyan etməyə başladıq ki, türklərin başı at belində zəfərlər əldə etməyə qarışdığı üçün tarix yazmağa vaxtı olmayıb. Fikrimizcə, burada daha çox məntiqə uyğun gələn türklərin tarix yazmağa vaxtları olmaması deyil, yazdıqları və yaratdıqları mədəni və tarixi abidələri qoruya bilməməsidir.
Bu mənada, türklərə ulu əcdadlarının yazdıqları və yaratdıqları abidələrin başqalarının vasitəsilə çatdırılmasının «kəşf» və «yenilik» mahiyyəti daşıması təsadüfi olmayıb. Bunu, «tarixi zəfərlərə başımız qarışdığı üçün yazmağa vaxtımız olmadı» deyərək, özünə təsəlli verən türklər yalnız sonralar anlayacaq (ancaq hələ də, anlamayanlar var) ki, yad millətlərin türk mədəniyyəti və tarixi ilə bağlı «kəşf»ləri onların xeyrindən çox zərərinə işləmişdir. İlk dövrlərdə bunu, anlamayan türklər Avropa alimlərinin (Radlov, Vamberi, Marr və b.) türk mədəniyyəti və türk tarixi ilə bağlı araşdırmalarını maraqla qarşılayıb, indinin özündə də bir çox müəlliflərin də yazdığı kimi, özlərini yenidən «kəşf» ediblər”.
Maraqlıdır ki, 19-cu yüzildən etibarən türklər özlərini Avropa alimlərinin sayəsində «kəşf» edir, bununla da üzünü milli yaddaşın bərpasından çox müasirləşmək adı altında Qərb mədəniyyətinə tuturdu: “Fikrimizcə, bu çox ziddiyyətli haldır. Bu, indi də bir çox gənclərin meyil etdiyi məsələdir. Əgər türklər doğrudan da Avropa alimlərinin sayəsində özlərini yenidən kəşf etdilərsə, bəs nədən Avropa alimləri sayəsində «kəşf» edilmiş mədəniyyətlərinə sahib çıxmaq əvəzinə, daha çox avropalaşmaqla uğraşdılar və hazırda da uğraşmaqda davam edirlər. Bizcə, burada başlıca məsələ türk mədəniyyəti və tarixi abidələrini kəşf edən Aropa alimlərinin və ideoloqlarının bu ad altında türklərə təsir göstərə bilməsidir. Belə ki, Avropa ideoloqları və alimləri türk mədəniyyətini və tarixi abidələrini avropasayağı şəkildə türklərə çatdırmaqla, türk milli şüurunda geçmişin bərpasından çox, qərbləşmək şüurunu təlqin etməyə çalışıblar”.
Alimin fikrincə, hər
hansı toplumda fərdin
azadlığı millət və dövlətin
azadlığından üstün tutularsa, həmin cəmiyyətin milli və siyasi
varlığı gec-tez təhlükə
altına düşmüş olacaq: “Azərbaycan gəncləri də bunu bilməlidir. Çünki
fərd özünü daha
çox azad hiss etdikcə, mənsub olduğu
millət və dövlətə bağlılığı azalacaq. Bu mənada,
insanın azadlığının millət və dövlətin
azadlığı ilə müqayisə edilməsi, onların
qarşı-qarşıya qoyulması doğru
deyildir. Fərd, xüsusən
də hər bir gənc həmişə özünü millətin və dövlətin
bir üzvü hesab etməli, müəyyən mənada öz maraqlarından millət və dövlət
üçün güzəştə
getməyə hazır olmalıdır. Yəni bütün hallarda millət
və dövlət naminə güzəştə gedən bir tərəf varsa, o da fərd
olmalıdır. Yalnız bu halda həmin millət və dövlət milli və siyasi
varlığını qoruyub yaşada bilər. Çünki
millətin varlığı fərdin varlığından daha dəyərlidir. Fərd özünü
millət və dövlət naminə qurban
verməyə hazır olmalıdır. Yalnız bu şüura malik cəmiyyətlərdə millət və
dövlət həmişə var olur. Ancaq hansı cəmiyyətdə
ayrı-ayrı fərdlər öz
maraqlarını millət və dövlət maraqlarından üstün tutub bunu sınırsız insan
azadlığı ilə izah edirlərsə
onların gələcək varlıqları şübhə
altındadır”.
İlkin AĞAYEV
Palitra.-2014.-12 noyabr.-S.11.