“Ailə mühiti uşaq üçün ilk məktəbdir”
Nailə İbadova: “Müəllim və valideynlər
müəyyən tapşırıq sistemi
ilə uşaqları həvəsləndirməklə, onlarda müsbət keyfiyyətlər tərbiyə
edə bilərlər”
Uşaq və gənclərin mənəvi
inkişafında, tərbiyəsində və kamilləşməsində
müəllimlərin rolu əvəzsizdir.
Elə, müsahibimiz Nailə İbadova da Ümid Tədris Mərkəzinin müəlliməsi
olaraq şagirdlərə bu
mənəvi keyfiyyətləri aşılayır.
Xatırladaq ki, N. İbadova
1986-cı ildə Sumqayıt şəhərində anandan olub. 2004-cü ildə
Sumqayıt şəhərində 24 saylı orta
məktəbi bitirib. Şamaxı Müəllimlər
İnstitutunun məzundur.
- Ümid
Tədris Mərkəzi nə vaxtdan fəaliyyət
göstərir və məramı nədən ibarətdir?
- Ümid Tədris Mərkəzi 2010-cu ildən fəaliyyət göstərir. Burada 1 məktəbəqədər hazırlıq, 2 ibtidai sinif hazırlığı, 3 abituriyent hazırlığı, 4 kompüter hazırlığı, 5 magistr hazırlığı, 6 texnikum hazırlığı, 7 xarici dil hazırlığı tədris olunur. Məramımız savadlı və intellektual gənclərin yetişdirilməsi və cəmiyyətə sağlam fikirli, sağlam düşüncəli gəncləri inteqrasiya etməkdir. Bunun üçün biz şagirdlərin gündəlik dərs davamiyyətini ciddi şəkildə təqib edirik. Abituriyentlərin ev çalışmalarına xüsusi proqram vasitəsilə ciddi şəkildə nəzarət edirik, gündəlik dərs hazırlığı aşağı olan şagirdlərin valideynləri ilə əlaqə saxlayaraq hər ay abituriyentlər və onların valideynləri ilə iclaslar keçirilir. Abituriyentlərin düzgün ixtisas seçimində onlara yaxından köməklik göstərilir.
- Uşaqların mənəvi inkişafında tədrisin nə kimi rolu var?
- Uşaqları şəxsiyyət kimi formalaşdırmaq, sahib olduğu qabiliyyətlərini gözəl bir məcraya salmaq, özünə, ailəsinə və insanlığa faydalı hala gətirmək, gələcəyə savadlı və sağlam düşüncəli bir nəsil yetişdirməkdə tədrisin rolu vacibdir.
- Ümumiyyətlə, bu gün şagirdlərin təhsil səviyyəsi bir müəllimə olaraq sizi qane edirmi?
- Bu gün şagirdlərimizin kitab oxumağa meyli az olsa da , yüksək şəkildə informasiya qəbuletmə və başqalarına ötürmə qabiliyyətləri yüksəkdir. Ümumiyyətlə, hər insan özünə bir məqsəd təyin etməli, hədəfini seçməli və nəticə ala bilmək üçün ciddi şəkildə çalışmalıdır. Ümumiyyətlə, insan başqaları ilə deyil, özü ilə yarışmalıdır. Təhsilin məqsədi doğru məlumat əldə etmək və yaxşı davranışlar qazanmaqdır. Müvəffəqiyyət, əxlaqı və doğru olanı əldə edə bilmək, ətrafına, ailəsinə və ölkəsinə faydalı biri ola bilməkdir. Mən inanıram ki, indiki şagirdlərimizdə bu belə də olacaq. Sadəcə olaraq onlara düzgün təhsil vermək və onları doğru yola yönəltmək biz müəllimlərin üzərinə düşür. Müəllimlər də şagirdləri təhsildən usandırmamalı, onların təhsilə, məktəbə marağını artırmalıdır.
- Uşaqlara
mənəvi inkişaf baxımdan
hansı yardımlar göstərirsiz?
- Hazırda uşaq və yeniyetmələr ailədaxili konfliktlərdən, özünə inamsızlıqdan, həmyaşıdları ilə uyğunlaşa bilməmək, ətrafdakılara qarşı aqressiv davranış nümayiş etdirmək, ünsiyyət çatışmazlığı və s . problemlər yaşayırlar. Mən, ümumiyyətlə, uşaqların hər birinə fərdi yanaşıram. Çalışıram ki, belə problemlər yaşayan uşaqlara qarşı daha diqqətli olum, onlar məni müəllimədən əlavə, özlərinə yaxın bir insan, dost hesab eləsinlər, heç kimə deyə bilmədikləri fikirlərini mənə qorxmadan çəkinmədən deyə bilsinlər və mən də əlimdən gələn köməkliyi edirəm. Uşaqlarla tez-tez intellektual oyunlar təşkil edirəm . Ümumiyyətlə, uşaqların istər fiziki, istərsə də psixoloji inkişafında oyunun rolu böyükdür. Uşaqların yaşadıqları mənfi və müsbət hadisələr onların oyunlarında da özünü göstərir. Hətta yaşadığı sıxıntılı hadisələrdən azad olmaq üçün oyun onlar üçün “çıxış yolu” ola bilər . Oyunların uşaqlara göstərdiyi müsbət təsirlərdən biri də onların sosial inkişafının sürətləndirilməsidir . Uşaqlar oyun vasitəsilə bir-biriləri arasında ünsiyyət qurur, yeni dostlar qazanırlar. Uşaqlar həmçinin mehriban, səbirli olmaq xüsusiyyətlərini oyun vasitəsilə öyrənirlər. Valideynlər də uşaqları ilə oyun oynayaraq aralarındakı ünsiyyəti möhkəmləndirməlidir. Müəllimlər də şagirdlərə düzgün təlim verməli, öyrənmənin səmərəli yollarını öyrətməyə çalışmalıdırlar. Kiçik məktəblilər hər şeyi öyrənməyə can atırlar, bunu nəzərə alıb, şagirdlərdə mütaliə marağını artırmaq lazımdır. Kiçik məktəblilərdə ünsiyyət marağı güclüdür, bunu nəzərə alıb, uşaqları kollektiv tədbirlərə, birgə oyuna cəlb etmək lazımdır. Uşaqlar təsir altına tez düşür. Müəllimlərinə inanır , onların dediklərini yerinə yetirmək istəyir. Bundan şagirdlərin düzgün tərbiyəsində istifadə edilməlidir. İbtidai sinif şagirdləri müəllimin tapşırıqlarını böyük həvəslə yerinə yetirirlər. Müəllim və valideynlər müəyyən tapşırıq sistemi ilə uşaqları həvəsləndirməkdə onlarda müsbət keyfiyyətlər tərbiyə edə bilərlər .
- Bu
baxımdan valideynlərin üzərinə hansı məsuliyyət
düşür?
- Ailə mühiti uşaq üçün ilk məktəbdir. Uşaq danışığı valideynlərindən öyrəndiyi kimi , yaşayış əlifbasını da onlardan öyrənir. Valideynlər bilməlidirlər ki, evdəki rəftar davranışlar uşaqda dərin iz buraxır. Onlar yaşayışın, həyatın düzgün yolunu öz əməllərində övladlarına göstərməlidir. Əgər valideyn gələcəyə sağlam təfəkkürlü nəsil vermək istəyirsə, bu onun üzərinə düşən vəzifədir. Ailədə lazım və vacib olan vəzifələrdən biri də uşağa həyatda lazım olan bilikləri öyrətməkdir. Yaxşını tanımaq, doğru danışmaq , düzgün yol ilə getməyi ailədə öyrənməlidir. Uşaq əyri yola meyli olmadan sövq edilir. Uşaqlıqda insanın qavrayışı daha iti, hafizəsi daha möhkəm olur. Bu imkandan daha yaxşı istifadə olunmalıdır. Ailədə ilk növbədə valideyn övladının rəftarına, davranışına daim nəzarət etməlidir. Uşaq hadisələrin nəticəsini görməyə qadir deyil . Uşaq nəticəsi pis olan, lazımsız bir işə meyil etdikdə, onu mütləq tənbehlə, ağılla bu yoldan uzaqlaşdırmaq, düzgün təmiz işlərə marağını artırmaq lazımdır. Əgər uşaq pis iş tutarsa, onu mütləq tənbeh etmək lazımdır, yəni uşaq əmin olmalıdır ki, nalayiq hərəkətinə görə cəza alacaq. Valideynlər həm də uşaqlarının istedadını bilib, onları istiqamətləndirməyi bacarmalıdır. Əks halda uşaq həvəsdən düşər. Onda laqeydlik, tənbəllik kimi mənfi xüsusiyyətlər baş qaldırar .
- Uşaqların
tərbiyəsində hansı metodlara üstünlük verilməlidir?
- Uşaq zorakılığına qətiyyən yol verilməməlidir. Uşaqlara sevgi ilə yanaşmaq lazımdır. Uşaqların səhv fikirlərini də onlara mülayim formada basa salmaq lazımdır. Onları dinləmək, fikirlərinə hörmətlə yanaşmaq, sevgi və qayğı göstərmək lazımdır.
- Adətən
uşaqların dərsə marağının zəif
olmasında və ya bilik
əldə etməməsində müəllimləri
qınayırlar. Bu baxımdan nə edilməlidir?
- Ailə tərbiyəsi uşağın ictimailəşdirilməsinin bünövrəsidir. Uşağın təlimə ciddi münasibəti, valideynin uşağın marağı meyli, nə ilə məşğul olması, müvəffəqiyyəti və uğursuzluğunu bilməsindən asılıdır. Valideyn hər gün uşağın nə ilə maraqlandığını, nələri öyrəndiyini, nələrin ona sevinc gətirdiyini, nələrin kədərləndirdiyini bilməlidir. Uşaqda gümrah, şən əhval-ruhiyyənin olması onun materialı daha yaxşı qavraması və həvəslə çalışmasını təmin edir. Əksinə sıxıntı keçirən uşaq diqqətsiz olur, onun təfəkküründə ləngimə baş verir, nəticədə qavramanın effektivliyi aşağı düşür. Valideyn, müəllim uşaqla mehriban, mülayim, qayğıkeş münasibətdə olarsa, uşağın rəğbətini qazanarlar. Uşaq adətən belə valideyn və müəllimlərlə açıq ünsiyyətdən çəkinmir, onlara həvəslə sual verir, onların məsləhət və tapşırıqlarını yerinə yetirir. Belə şəraitdə bütün tərbiyəvi məqsədlərə nail olmaq asanlaşır. Əsas bir cəhətdə qeyd edilməlidir ki, valideynin məktəblə, uşağa sinifdə dərs deyən müəllimlə sıx əlaqə saxlaması müvəffəqiyyətin qazanılmasının mühüm şərtlərindən biridir. Nəhayət, uşağın fəaliyyətinin qiymətləndirilməsi məsələsinə diqqətlə yanaşmaq lazımdır. Uşaq öz əməyinin nəticəsinin qiymətləndirilməsini səbirsizliklə gözləyir. Uşağın hər hansı tapşırığı yerinə yetirməyə cəhdi həvəsləndirilməli, həm də işindəki çatışmazlıq çox incəliklə ona çatdırılmalıdır. Yeni bilik, bacarıq və vərdişlər uşaqların hamısı tərəfindən tez və asanlıqla mənimsənilmir. Belə hallarda uşaqla ehtiyatla davranmaq, narazılığı hiss etdirməmək lazımdır. Çalışmaq lazımdır ki, uşaq məşğul olduğu hər bir işdən həzz alsın. Uşağa bəzən xoşu gəlməyən, hövsələlik tələb edən işi görməyi də öyrətmək lazımdır. Uşaq çətinliyi aradan qaldırmaqdan həzz almalıdır . Müəllim və valideyn isə “Afərin! Çalışdın yaxşı yerinə yetirdin”, “Yoruldun, amma işin öhdəsindən gəldin “, -kimi sözlərlə uşağı maraqlandırmalıdır.
- Ümumiyyətlə,
uşaqlarda dərsə həvəs oyatmaq üçün
valideynlərə nə tövsiyə edərdiniz?
- Uşağın məktəbə normal hazırlanması üçün ailədə lazımi şəraitin yaradılması zəruridir. Uşaqlar üçün ayrıca otağın olmadığı ailələrdə məşğələ üçün xüsusi yer ayrılmalıdır. Ailədə məktəbə hazırlıq üzrə məşğələlər aparılmalıdır. Uşağa maraqlı nağıllar və hekayələr oxunmalıdır. Əgər valideyn hər gün öz övladı ilə qısa müddətli məşğələlər təşkil edərsə, uşağın nitqini, təfəkkürünü, yaddaşını və təxəyyülünü inkişaf etdirər, onda yaradıcılıq qabiliyyətini oyadar, təlimə meylini möhkəmləndirər.
- Valideynlərin uşaqlara ixtisas
seçimində dəstəyinə nə dərəcədə
ehtiyac var?
- Uşaqların normal təhsil
almalarında valideynin
rolu az deyil . Yaradıcılıq qabiliyyətini nümayiş
etdirmək, heç də hər bir uşağın, yeniyetmənin özünə
müyəssər olmur.
Çünki bunun üçün
şərait, yəni
məqam və səbəb lazımdır.
Ancaq çox vaxt elə olur ki,
valideynlər uşaqlarına
kömək etmək əvəzinə, onlara zorla öz hökmlərini
qəbul etdirməyə
çalışırlar və
bu da uşaqlarda
yenicə oyanmış
istedadın məhv olmasına səbəb olur. Valideynlər bəzən uşaqlarına
nə isə etməyə məcbur etdikləri üçün
onlarda yaradıcılığa
enerji qalmır. Sadəcə
uşağı qabiliyyəti
və həvəsi olan sahəyə yönəltməklə ona
kömək etmək lazımdır. Valideynlər peşənin prestijini əsas götürüb uşağı o istiqamətə
yönəltməməlidir. Valideyn uşağa məsləhət
verməli, yol göstərməli, heç
bir məcburiyyət olmamalıdır. Valideyn uşağa
sərbəstlik verməli,
hansı peşəni
seçməsi ilə
bağlı yol göstərməlidir. Müəllimlərin bu sahədə uşaqları yönləndirmələri
çox vacibdir.
Valideynlərlə yanaşı müəllimlər
də ixtisas seçimində uşaqları
istiqamətləndirməlidir. Onların biliyi, gücü hansı ixtisasa çatırsa, o fənn üzrə biliyə yiyələnsə daha yaxşıdır. Ailə ilə
məktəb bu işdə paralel şəkildə işləməlidir.
Müəllimlər uşaqdan çox
valideynlərlə məsləhətləşməlidir.
Çünki müəllim uşağın
nəyə qadir olduğunu valideyndən daha yaxşı bilir. Hər bir uşağın daxili imkanları nəyə çatırsa
valideyn və müəllim uşağı
həmin yönə istiqamətləndirməlidir .
- Uşaqların
şəxsi keyfiyyətlərinin
üzə çıxmasında
hansı metodlara üstünlük verilir?
- Uşaq onu sevəni sevməyi bacarır və onu yalnız məhəbbətlə tərbiyə etmək olar. Uşaqların məktəbəqədər vaxtlarından biz ona insan və vətəndaş olmaq üçün kömək edəcək xarakter xüsusiyyətlər təlqin etməliyik. Biz elə bir ictimai inkişaf dövründə yaşayırıq ki, əxlaq və mənəviyyat məsələləri ən başlıca problemdir. Əgər biz bu problemləri saymasaq, o halda müasirliyin başlıca vəzifəsini -yeni insan tərbiyəsi vəzifəsini həll edə bilmərik. Vətəndaş və vətənpərvəri şəxsiyyətin əsasını təşkil edən möhkəm əxlaqi özül olmadan tərbiyə etmək olmaz. Uşaqda xeyirxahlıq tərbiyə etmək, ona həm düşünməyi, həm həssaslığı, həm də mərhəmətli olmağı öyrətmək deməkdir.
- Müəllimlər
hansı keyfiyyətləri ilə şagirdlərə
nümunə olmalıdır?
- Biz azad,
müasir ölkədə
yaşayırıq. Şagirdlərimiz də müasirdir.
Şagirdlə sərt, yüksək səs tonu
ilə danışmaq düzgün deyil. Onlar müəllimi qəddar
görmək istəmir, əksinə daha mülayim, qayğıkeş pedaqoq
şagirdin rəğbətini, məhəbbətini
qazanır. Müəllim yüksək əqidə, məslək
sahibi, müəllim-vətəndaş
olmalıdır. O, xalqın, Vətənin problemləri ilə
yaşamalı, gəncliyi də bu ruhda yetişdirməlidir. Müəllim
yüksək mədəniyyətə və mənəviyyata malik olmalıdır. O, özündə zahiri və daxili mədəniyyəti,
nəcib əxlaqi keyfiyyətləri (düzlük,
ədalətlilik, xeyirxahlıq, humanizm,
sadəlik və b.) cəmləşdirməlidir.
Müəllim tərbiyə işinə özündən
başlamalıdır, çünki
özündə olmayan keyfiyyəti
başqalarına vermək olmaz. Müəllim
dərin biliyə malik olmalıdır. Bilik müəllimin əsas silahıdır. Zəif
müəllim zəif də şagird, tələbə
yetişdirər. Müəllim fənnini, peşəsini və
uşaqları sevməlidir. L. N. Tolstoya
görə, öz işini
sevən müəllim yaxşı müəllimdir, bununla yanaşı uşaqları və fənnini
sevən müəllim isə əla müəllimdir. Müəllim
yüksək nüfuz sahibi
və uşaqlara nümunə
olmalıdır. Dərin bilik, mədənilik,
mənəviyyat nümunəsi olan müəllimin
nüfuzu da yüksək
olur. Nüfuzu qazanmaq çətin, itirmək isə
asandır: yersiz hərəkət, ədalətsiz
münasibət, ehtiyatsız söz müəllimi
nüfuzdan sala bilər.
Buna görə də, hər bir müəllim sözlərinə və hərəkətlərinə
məsuliyyətlə yanaşmalı, öz
nüfuzunun keşiyində
durmalıdır. Pedaqoji qabiliyyətlər
insana hazır verilmir;
onları gündəlik fəaliyyətdə, gərgin əməklə
qazanmaq olar.
Fuad Hüseynzadə
Palitra.-2014.-13 noyabr.-S.11.