“Bizdə uşaq pyesləri
demək olar ki,
yazılmır”
Arzu Soltan: “Belə olmasaydı ,
teatrlarımızın repertuarları əcnəbi cizgi filmlərinin
personajlarının baş qəhrəman olduğu
tamaşalarla dolmazdı”
Uşaq və gənclərin mənəvi
inkişafında mədəniyyətin, incəsənətin böyük rolu var. Hələ kiçik
yaşlarından izlədikləri tamaşalar
uşaqların yaddaşlarına həkk olunur,
özlərini həmin əsərlərin qəhrəmanlarına
bənzədirlər. Bu tamaşaların ərsəyə
gəlməsində ssenarilərin də böyük
rolu var. Layihə
çərçivəsində növbəti müsahibimiz
Bakı Uşaq Teatrının ədəbi
hissə müdiri, jurnalist
və ssenarist Arzu
Soltandır:
-Uşaqların mənəvi inkişafında mədəniyyətin, o cümlədən teatrın rolunu yüksək qiymətləndirirəm. Dünən küçədə bir yeniyetmə oğlan gördüm. Saçlarını süni şəkildə yuxarı qaldırıb xoruz pipiyinə bənzətmişdi, bir də ətrafdakıların diqqətini çəkən qəribə yerişi var idi. Elə bu vaxt yaxınlıqdakı kənd təsərrüfatı malları mağazasının qarşısındakı satılıq xoruzlardan biri banladı. Oğlanın yerişi ilə bu səs effekti o qədər üst-üstə düşdü ki, çox maraqlı mənzərə yarandı… Mən əminəm ki, o yeniyetməni uşaq vaxtı teatra aparan olmayıb. Təəssüf ki, ətrafındakıların yalnız görüntüsünü kortəbii şəkildə yamsılayan bu nəsil teatrdan, incəsənətdən uzaq düşmüş nəsildir. Xoşlarına gələn, gözə yaxşı görünən nə varsa, mənasını, məğzini, alt qatını öyrənmədən təkrarlayırlar. Çox güman ki, öyrənməyin gərəkliyindən də xəbərdar deyillər. Hegel mədəniyyətə insanın yaratdığı ikinci təbiət deyirdi.
Məncə, bu ikinci təbiət olmasa, insan birinci təbiətdə mövcud olan başqa canlılardan fərqlənməz. İnsanı insan edən mədəniyyətdir və bu mədəniyyət onda ana bətninə düşdüyü gündən yaranmağa başlayır. Təsadüfi deyil ki, mədəniyyət (julture) sözünün latın dilindən tərcüməsi becərmək, bəsləmək, yaxşılaşdırmaq deməkdir. Teatr isə, incəsənətin başqa növləri kimi insan hisslərini təsvir edən vasitədir. Uşaqların mənəvi inkişafında hisslərin təsviri rol oynamazmı? İnsan sevincini, kədərini, təəccübünü, heyranlığını, ağrısını, coşqusunu anlamağı, paylaşmağı, yaşamağı necə öyrənir? Müxtəlif vasitələrlə. Bu vasitələrin içərisində ən mükəmməli incəsət, o cümlədən də teatrdır. Bu baxımdan teatrın imkanları böyükdür. Çünki uşaqlar həmişə gördüklərini oxuduqlarından daha yaxşı mənimsəyirlər.
- Bu gün uşaq teatrlarında ssenarilərlə bağlı mövcud vəziyyəti necə dəyərləndirirsiniz?
- Təkcə uşaq teatrında deyil, ümumiyyətlə ssenarilərlə bağlı mövcud vəziyyəti deyim. Bu yaxınlarda yeni film çəkmək istəyən bir rejissor mənimlə görüşmək istədi. Söhbət əsnasında məlum oldu ki, filmin çəkilişi üçün bir çox işlər görülüb. Filmi çəkəcək heyət artıq məlumdur. Aktyorlar seçilib. Hətta filmin premyerası üçün yer də danışılıb. Çəkilişə start vermək istəyəndə isə məlum olub ki, bu, mümkün deyil. Çünki filmin ssenarisi yoxdur... Və o rejissor yalnız onda başa düşüb ki, ssenarisiz film çəkə bilməyəcək. Məndən ssenari yazmağımı istəməyə gəlib. Yəni, bu gün Azərbaycanda ssenarinin əhəmiyyəti kifayət qədər başa düşülmür. Təbii ki, bunu hamıya aid etmək olmaz. Bu daha çox film, serial sahəsində belədir. Teatrlarda vəziyyət bir qədər fərqlidir. Ən azından mövcud əsərlərə müraciət etmək, klassik yazıçıları səhnələşdirmək olur. Amma bu gün ssenarilər, peşəkar ssenari yazanlar azdır. Əvvəllər yazıçılar pyesləri yazıb kitab halında çap etdirirdilər. Bu pyeslərin tamaşaya qoyulub-qoyulmaması isə sonrakı mərhələ idi. Amma indi heç kim sifarişsiz ssenari yazmır. Çünki nə onu kitab kimi çap eləyən var, nə də belə kitabları oxuyan. Uşaq pyesləri demək olar ki, yazılmır. Belə olmasaydı , teatrlarımızın repertuarları əcnəbi cizgi filmlərinin personajlarının baş qəhrəman olduğu tamaşalar ilə dolmazdı.
- Bir
çox xarici ölkələrdə
qastrol səfərlərində olursunuz. Bu gün
Azərbaycan uşaq teatrları ilə
hansı fərqi görürsünüz?
- Bütün dünyada təlim prosesində teatrın imkanlarından geniş istifadə olunur. Məsələn, Türkiyədə bələdiyyələrin məktəblilər üçün təşkil etdiyi pulsuz tamaşalar olur. Şagirdlər azı həftədə bir dəfə tamaşaya baxırlar. Demək olar ki, tədris proqramının bir hissəsi kimi. Bizdə isə məktəblilərin tamaşalara cəlb olunması belə, problemə çevrilib. Mən 3 il Bakının mərkəzinə yaxın bir qəsəbədə kitabxana direktoru işləmişəm. Qəsəbədə elə məktəblilər, yuxarı sinif şagirdləri var idi ki, ömründə teatrda olmamışdılar, heç bir tamaşaya baxmamışdılar.
-Qələmə aldığınız ssenarilər əsasən hansı mövzuları əhatə edir və uşaqlara nələri aşılamağa çalışırsınız?
- Yaş qrupundan asılı olaraq müxtəlif mövzuları əhatə etməyə çalışıram. 1991-ci ildə səhnələşdirilmiş ilk tamaşam “Uşaq olmaq istəmirəm” adlanırdı və 20 Yanvar hadisələrinin ildönümündə baş verənlərə etiraz cəhdi idi.
Daha sonra məsələn, azyaşlılar üçün “Hər kəs olduğu kimi gözəldir” adlı tamaşamda fiziki cəhətdən qüsurlu uşaqların yaşıdları ilə eyni tutulması, “Fidan və qoğal”da böyüklərə hörmət, “Şapalaqsız gün”də uşaq hüquqlarının müdafiəsi kimi məsələlərə toxunulub.
Zaman keçdikcə, yalnız azyaşlılar üçün deyil, çox yaşlı uşaqlar üçün də tamaşalar hazırlamaq zərurəti yarandı. Yəni hamı üçün. Çünki Bakı Uşaq Teatrının bədii rəhbəri-direktoru İntiqam-Soltan demişkən, hər kəs öz yaşında uşaqdır. Və ingilislərin belə bir deyimi var: “Uşaqlarınızı tərbiyə etməyin, onlar onsuz da sizə oxşayacaqlar. Özünüzü tərbiyə edin”.
Biz məqsədi uşaqların gələcək inkişafına xidmət etmək olan, amma böyüklər üçün nəzərdə tutulmuş tamaşalar da hazırlamağa başladıq. “Qalan ömrün ilk günü” xəstəliklərə qarşı diqqətli olmağa çağırır. Özünün düçar olduğu vərəm xəstəliyinin müalicəsinə ciddi yanaşmayan ata nəticədə xəstəliyi övladına keçirir və doğma övladının ölümünə səbəb olur. Tamaşa Beynəlxalq Qızıl Xaç Komitəsinin sifarişi ilə hazırlanmışdı və lentə alınıb ingiliscə alt yazılarla bir sıra xarici təşkilatlara göndərilmişdi.
“Xaşxaşın göz yaşı” Azərbaycanda narkomaniya və QİCS xəstəliyi ilə mübarizə mövzusunda hazırlanmış ilk maarifləndirici tamaşadır. Tamaşa 2010-cu ildə Avropa Şurasının narkotiklərlə mübarizə üzrə Pampidou Qrupu tərəfindən narkotiklərə qarşı mübarizədə gənclərin fəal iştirakı ilə həyata keçirilən innovativ layihə olaraq tanınıb. “Məni xatırlayacaqlar” pyesim dahi Cəfər Cabbarlının qısa olsa da çox dəyərli həyat və yaradıcılıq yolunu işıqlandırır.
Ədliyyə Nazirliyinin sifarişi ilə hazırlanmış “Qeyri-adi məhkəmə” tamaşasında yenə də narkomaniyanı, alkoqolizmi və QİÇS xəstəliyini məhkəməyə vermiş insanların acınacaqlı taleyi göz önünə gətirilir. Tamaşa ən müxtəlif auditoriyalarda, eləcə də cəzaçəkmə müəssisələrində dəfələrlə nümayiş olunub.
Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanmış “ Həyatla oyun” da bu qəbildən olan maarifləndirici tamaşadır.
- Balaca
tamaşaçıların teatra
marağı hansı səviyyədədir?
- İnsanda körpəlikdən
teatra meyil tərbiyə
olunmalıdır. O zaman teatr
insanın həyatının ayrılmaz hissəsinə çevrilir. Demək istədiyim odur ki, uşağı teatra gətirən, teatrla
tanış edən olsa, uşağın
marağı yüksək səviyyədə olur.
Yox, əgər valideyn
məsələn, Yeni il
şənliyində bileti götürüb
gəlib teatrdan evə yalnız hədiyyə
aparmaq niyyətindədirsə, o uşağın marağı, dünyaya baxışı yalnız o hədiyyə səviyyəsində inkişaf edir. Məşhur bir deyim var,
teatr insanı insana insanla insanca anlatma sənətidir. Bunu bilən valideyn,
müəllim uşağı
mütləq teatra aparır.
- Onların dünyagörüşünün düzgün formalaşması,
mənəvi cəhətdən
daha da zənginləşməsi
üçün hansı
ssenarilərə daha çox ehtiyac var?
- Düşünürəm ki,
müasir dünyada insani dəyərlər sanki itməyə başlayıb. Onların əhəmiyyətini uşaqlara aşılamaq lazımdır.
-Son vaxtlar Bakı Uşaq Teatrında hansı tamaşalarınız səhnələşdirilib?
- Bu ilin mart ayında Bakı Uşaq Teatrı özünün
“Bir teatr, bir festival” layihəsi çərçivəsində “Bizim teatr” adlı
beynəlxalq festival keçirdi.
Festival üçün teatrda 15-ə yaxın müxtəlif səpkili, müxtəlif janrlı tamaşalar hazırlandı.
Onlardan ikisi “Qucaqla məni” və “Retro” mənim işim idi. Birinci tamaşada çox
ağrılı bir mövzuya, 1918-ci ilin 31
Mart hadisələrinə toxunulur.
C.Cabbarlının “Əhməd və
Qumru” hekayəsi əsasında yazmışdım
o ssenarini. İkincisi, isə
məzhəkə idi.
Ən son işimiz
yenə də Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanmış “Günahsız
günahkarlar” tamaşasıdır. Tamaşada dünyanı
narahat edən problemlərdən olan insan ticarəti məsələsinə toxunulur.
Məqsəd insanların gözünü
açmaq, o cinayətin
qurbanlarına çevrilmələrinin
qarşısını almaqdır.
Tamaşa gənclər arasında populyar olan mafiya
oyunu üzərində
qurulub.
-Xarici səfərləriniz barədə
nə deyərdiniz?
- Səfərlərim də ən müxtəlif layihələrlə bağlı olur. Məsələn, İsveçdə, Polşada, İngiltərədə, Fransada, ABŞ-da, Monqolustanda jurnalist olaraq təcrübə proqramlarına qatılmışam. Təlimçi-ekspert olaraq gənc jurnalistlər üçün layihə ilə bağlı Gürcüstanın, Litvanın, Avstriyanın müxtəlif şəhərlərində olmuşam. İtaliyada, İspaniyada, Rumıniyada, Makedoniyada, Bosniyada, Hindistanda, Türkiyədə elmi konfranslarda araşdırmaçı kimi çıxış etmişəm. Nəhayət, Norveçdə, Polşada, Rusiyada, Türkiyənin müxtəlif şəhərlərində qastrollarda, teatr festivallarında, mədəniyyət menecerləri üçün layihələrdə iştirak etmişəm.
Müxtəlif mədəniyyətləri öyrənmək mənim üçün həmişə maraqlıdır. Getdiyim hər yerdə mütləq imkan tapıb heç olmasa bir teatr tamaşasına baxmağa çalışıram. Həyat devizim budur ki, öyrənmək üçün hər fürsəti dəyərləndirmək lazımdır.
-«Azərbaycan
dastanları» adlı audiokitab
hazırlanmışdı. Hazırda belə bir
layihə nəzərdə tutulurmu?
- “Azərbaycan dastanları” audiokitablarını mən kitabxana direktoru olarkən həyata keçirdiyim layihə çərçivəsində hazırlamışdım. Yenə də Bakı Uşaq Teatrına arxalanaraq. Daha sonra biz, teatrda “Azərbaycan nağılları” audiokitabları da hazırladıq. Bir neçə nağılımızı səsləndirib tirajladıq. Özü də bu sadəcə səsləndirmə deyildi. Bunlara audiokitab deyil, audiotamaşa demək daha uyğun olardı. Çünki nağıldakı hər personajı ayrı aktyor səsləndirir. Musiqi, küləyin, yağışın səsi və başqa effektlərdən geniş istifadə olunub.
Yəni, bu sahədə təcrübəmiz kifayət qədərdir və dəstək verən olsa, biz bu işi davam etdirə bilərik. Çünki audiokitablar müasir dövrümüzdə çox işə yarayır. Görmə qabiliyyəti zəif olanlar, kitab oxumağa həvəsi çatmayanlar, avtomobil idarə edənlər bundan yararlana bilirlər.
-Hazırda
hansı yeni ssenarilər üzərində
çalışırsınız?
- S.S.Axundovun “Qaraca qız” hekayəsi əsasında “Ağca-Qaraca” pyesini yazmışam. Burada da insanların dilindən, dinindən, dərisinin rəngindən asılı olmayaraq bərabərliyinə hörmət olunmasını istəmişəm.
Teatrda cari işlər də çox olur. Yəni konkret
tədbirlərlə, bayramlarla
və s. bağlı.
Uşaqlar üçün serial çəkilməsi
ilə bağlı bir layihəmiz var. Dəstək gözləyirik.
Bir də seriallar, filmlər üçün
ssenari sifarişlərim
var. Hazırda “Space”TV-də
yayımlanan “Həyat
varsa” serialında ssenari qrupunun rəhbəri kimi çalışıram. Başqa bir
neçə layihələr
də var ki, efirə çıxanda tamaşaçılar
görəcəklər. Hərçənd ki, çox az
tamaşaçı ssenarini
kimin yazdığına
fikir verir...
Nigar Abdullayeva
Palitra.-2014.-14 noyabr.-11.