“Ölkəmizi tanıyaq” aksiyası
şagirdlərin vətənpərvərlik ruhunda
tərbiyəsində böyük rol oynayır
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Sabunçu və Suraxanı rayonlarından olan iştirakçıları respublikamızın şimal-qərb bölgəsinə ekskursiya ediblər. Məktəblilər Zaqatala rayonunun tarixi məkanları ilə tanış olub, şəhərin görməli yerlərini gəziblər. Tur-aksiya iştirakçılarının “Qızılgüllər diyarı” kimi tanınan Zaqatala ilə ilk tanışlığı xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkını ziyarətlə başlanıb. Məktəblilər əvvəlcə ulu öndərin parkda ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, xatirə şəkilləri çəkdiriblər. Tur-aksiyanın iştirakçıları parkın ərazisində yerləşən Heydər Əliyev Mərkəzinin qarşısında Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən mehribanlıqla qarşılanıb. Məktəblilərə Zaqatala rayonunun tarixi, coğrafi mövqeyi, mədəniyyəti, iqtisadiyyatı barədə qısa məlumat verilib. Diqqətə çatdırılıb ki, 1947-ci ildə salınan bu parkın ərazisi 13 hektardır. Burada 27 ağac növü vardır. 2008 və 2012-ci illərdə aparılan yenidənqurma işlərindən sonra park müasir görkəm alıb. Ulu öndərin abidəsinin ucaldıldığı park rayon əhalisinin, eləcə də qonaqların ən sevimli istirahət yeridir. Məktəblilər Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən zəngin ekspozisiya ilə tanış olublar. Sonra tur-aksiya iştirakçıları bu ərazidə inşa edilən və yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan Heydər Əliyev Mərkəzinin yeni binasına baxıblar. Yeni mərkəzin bənzərsiz arxitekturası məktəblilərin çox xoşuna gəlib. Şəhər stadionu ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, Zaqatalanın “Simurq” futbol komandası ölkə birinciliyinin ev oyunlarını bu meydançada keçirir. Zaqatala Tarix-Mədəniyyət Qoruğu ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub. Məlumat verilib ki, qoruq 1804-1830-cu illərdə inşa edilən Zaqatala qalasında yerləşir. Çar hakimiyyəti tərəfindən Zaqatalaya sürgün edilmiş “Potyomkin” zirehli gəmisinin inqilabçı matrosları vaxtilə məhz bu qalada məhbus kimi saxlanılıb. Diqqətə çatdırılıb ki, qalanın ümumi sahəsi 11,5 hektar, qala divarlarının uzunluğu 3 min, eni 1,5, hündürlüyü isə 3-5 metrdir. 3 giriş qapısı olan qalanın daxilində müxtəlif məqsədlər üçün tikilmiş 15 yerli əhəmiyyətli tarixi abidə vardır. Tur-aksiya iştirakçıları qalanın ərazisini gəzib, xatirə şəkilləri çəkdiriblər. Zaqatalaya səfərləri çərçivəsində Sabunçu və Suraxanı məktəbliləri, həmçinin rayon tarix-diyarşünaslıq muzeyi ilə tanış olublar. Sonra ekskursiya iştirakçıları yenidən qurulan Heydər Əliyev prospekti ilə piyada hərəkət edərək Zaqatala şəhərinin tarixi mərkəzinə - Dədə Qorqud meydanına gəliblər. Zaqatalanın tarixi məkanları ilə tanışlıq Sabunçu və Suraxanı məktəblilərinin ürəyincə olub.
“Bu
aksiya uşaqların bölgələrimizdəki
inkişaf prosesləri ilə yaxından
tanış olmaları, doğma Vətənimizin
hər qarışına dərindən bələd
olmaları üçün geniş imkan yaradır”
Tur-aksiyanın iştirakçısı olan Suraxanı Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Yeganə Rəhimova deyib ki, bu aksiya uşaqların bölgələrimizdəki inkişaf prosesləri ilə yaxından tanış olmaları, doğma Vətənimizin hər qarışına dərindən bələd olmaları üçün geniş imkan yaradır. Tur-aksiyanın yüksək səviyyədə keçirilməsini təmin etmək üçün İcra Hakimiyyətində xüsusi qərargahın yaradıldığını, qərargahın işinə təhsil, mədəniyyət sahələri üzrə təcrübəli mütəxəssislərin cəlb edildiyini diqqətə çatdıran Y.Rəhimova deyib: “Dövlətimizin başçısı bu layihə ilə gənclərimizə böyük önəm verdiyini, onlardan gələcəyimizin təminatçısı kimi çox şeylər umduğunu bir daha göstərir. Prezidentimizin tapşırığına uyğun olaraq, bu layihənin uğurla həyata keçirilməsi üçün çox gözəl şərait yaradılıb. Məktəblilər hər cür rahatlığı olan xüsusi avtobuslarla yeni salınan yüksək keyfiyyətli magistral avtomobil yolları ilə hərəkət edir, ən yüksək standartlara uyğun otellərdə qalırlar. Ekskursiya günlərində məktəblilərin asudə vaxtlarının mənalı və səmərəli keçməsi də diqqət mərkəzində saxlanılır, onlar üçün əyləncəli proqramlar, intellektual oyunlar, müsabiqələr, idman yarışları təşkil olunur”.
“Tur-aksiya
məktəblilərin dünyagörüşünün
zənginləşməsinə və vətənpərvərlik
hissinin artmasına müsbət təsir
göstərir”
Tur-aksiyanın iştirakçısı, Yeni Günəşli qəsəbəsindəki 278 nömrəli tam orta məktəbin X sinif şagirdi Fatimə İsmayılova deyib ki, “Ölkəmizi tanıyaq” layihəsində iştirak etdiyimizə görə qürur hissi keçiririk: “Ölkəmizin dilbər guşələrindən olan Şəki, Qax və Zaqatalaya ekskursiya mənim və yoldaşlarımın həyatında böyük hadisədir. Bizə bu imkanı yaradan Prezident İlham Əliyevə Suraxanı məktəbliləri adından dərin minnətdarlığımı bildiririk”. Tur-aksiyanın məktəblilərin dünyagörüşünün zənginləşməsinə, həmçinin vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini vurğulayan layihə iştirakçısı daha sonra deyib: “Bu aksiya bizə imkan verdi ki, Azərbaycanın müxtəlif regionlarındakı məşhur tarixi abidələrlə, qədim yaşayış məskənləri ilə tanış olaq. Ekskursiya zamanı biz ən ucqar rayonlarımızın belə necə sürətlə inkişaf etdiyinin canlı şahidi olduq”. Ekskursiyanın yüksək səviyyədə təşkil olunduğunu vurğulayan F. İsmayılova belə layihələrin davamlı olmasını arzuladığını bildirib.
“Tur-aksiya
yeniyetmələrin doğma Vətəni
hərtərəfli tanımaları üçün
yaradılmış gözəl imkandır”
“Ölkəmizi tanıyaq” devizi altında təşkil edilən bu maarifləndirici tur-aksiya yeniyetmə və gənclər üçün əvəzolunmaz bir tədbirdir, onların doğma Vətəni hərtərəfli tanımaları üçün yaradılmış gözəl imkandır. Xəzər rayonundakı Buzovna qəsəbəsi 26 saylı orta məktəbin direktoru Natiq Səmədov qeyd edib ki, bu səfərlər şagirdlərin bölgələrlə tanışlığı, qədim tariximizin, adət-ənənələrimizin öyrənilməsi, mədəniyyət abidələrimizin ziyarət olunması, turizm mərkəzləri və digər gəzməli-görməli yerlərlə tanışlığı baxımından mühüm əhəmiyyətə malikdir. Rayonlara səfərlər zamanı şagirdlərin mənalı istirahəti, əylənməsi, ən əsası isə maariflənməsi üçün lazımi şərait yaradılır. “Prezident İlham Əliyevin tapşırığına əsasən orta məktəblərin IX-XI sinif şagirdlərinə Azərbaycanın bölgələrini gəzmək imkanının yaradılması və bu gözəl təşəbbüsün uğurla reallaşdırılması hamının ürəyincədir. Tur-aksiyada iştirak edən şagirdlərə vətənpərvərlik hissləri aşılanır, Azərbaycanın bölgələri barədə geniş maarifləndirmə işləri aparılır. Bu da yeniyetmələrin dünyagörüşünün artmasına öz müsbət təsirini göstərir” - deyə N.Səmədov əlavə edib.
Şagirdlərə
Azərbaycanın milli adət-ənənələrini
əks etdirən videoçarx göstərilib
Maarifləndirici tur-aksiyada iştirak edən Bakının Nərimanov və
Qaradağ rayonlarının məktəbliləri
Bərdə və Tərtərə rayonlarında olublar. Tərtər şəhərinin
girişindəki Dövlət Bayrağı Meydanında
qonaqları rayon ictimaiyyətinin nümayəndələri
mehribanlıqla qarşılayıblar. Bayraq
Meydanı ilə tanış olan
şagirdlərə məlumat verilib ki, bayraq dirəyinin hündürlüyü 65 metrdir.
Dövlət bayrağı Tərtərin bir
çox yerindən aydın görünür. Düşmən
tapdağı altında olan
torpaqlarımızın yaxınlığında yerləşən
möhtəşəm meydanda Azərbaycanın
Dövlət Bayrağının dalğalanması qürurverici haldır. Sonra
Tərtər şəhərinin mərkəzinə ekskursiya edən məktəblilər Heydər
Əliyev parkında gəziblər, Heydər Əliyev Mərkəzində
ulu öndərin həyat və fəaliyyətini
əks etdirən ekspozisiyalarla
tanış olublar. Rayon
mədəniyyət evində tərtərli uşaqların
ifasında təqdim olunan mahnılar ekskursiya iştirakçılarına xoş ovqat bəxş edib. Sonra Gənclər Mərkəzinə gələn
şagirdlər buradakı gənclər kafesində çay içib,
tir-atıcılıq otağında hədəfə atəş
açmaq üzrə məharətlərini
göstəriblər, 3D kinozalında Azərbaycanın milli adət-ənənələrini əks
etdirən videoçarxa baxıblar.
Anar Miriyev
Palitra.-2014.-15 noyabr.-S.11.