Elşad Qoca: “İndi kəndimizə ancaq
yuxularımda gedə bilirəm”
Müsahibimiz yazıçı,
publisist, tərcüməçi və tədqiqatçı
jurnalist Elşad Qocadır. Onunla redaksiyamızda
görüşdük. Yaradıcılığı kimi həyat
yolu da maraqlıdır. O, 1959-cu il may ayının 2-də
indiki Ermənistan Yuxarı Körpülü kəndində,
müəllim ailəsində anadan olub. Orta təhsilini
canından artıq sevdiyi doğma Körpülüdə
alıb. Ali jurnalist təhsilini isə Bakıda tamamlayıb. Hərbi
xidmətini piyada qoşunları zabiti və hərbi jurnalist
kimi Sibirdə, Uralda və Altayda başa vurub. Bir müddət
mətbuatda çalışıb. Yeddi kitab müəllifidir.
Əsərləri rus və özbək dillərinə tərcümə
edilib. Xüsusi xidmət orqanlarının fəaliyyətindən
bəhs edən bir neçə sənədli filmlərdə
çəkilib. Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliklərinin üzvüdür. Tale onu ölkəmizin
Milli Təhlükəsizlik orqanlarına gətirib və uzun
illər orada işləyib. Hazırda MTN-in ehtiyatda olan
polkovnikidir. Qarabağ müharibəsi veteranıdır.
-Elşad müəllim,
bəlkə söhbətimizə bayaqdan adını tez-tez
çəkdiyiniz doğma Yuxarı Körpülü kəndindən
başlayaq?
- Görünür yaşla bağlıdır, qızım. Yaşın üstünə yaş gəldikcə, insan böyüdüyü, boya-başa çatdığı doğma yerləri axtarır. Ancaq çox təəssüflər olsun ki, mənim kəndim, elim-obam işğal olunub. İyirmi beş ildir ki, o yerlərə həsrətik. O yerlər üçün burnumun ucu göynəyir. Körpülünün dağı, dərəsi, meşəsi, bulaqları, təmiz havası vardı. Axırıncı dəfə kəndə 1989-cu ilin noyabr ayının 29-da getmişəm. Elə həmin gün kəndimiz işğal olundu. Həyətdə mərhum anamla rastlaşdıq, atam da çölə çıxdı. Baxışlarından hiss etdim ki, məni gözləyirlər. Nə mümkündürsə götürüb kənddən çıxdıq. İnana bilmirdim ki, artıq Körpülünü itirmişik, bir daha bu yerlərə qayıda bilməyəcəyik.
İndi ancaq yuxularımda gedib-gələ bilirəm doğma Körpülümüzə. Elə, atam da, anam da, bacım da, böyük qardaşım da Körpülü deyə-deyə dünyalarını dəyişdilər. Evimiz, həyətimiz az qala hər gecə yuxuma girir. Mərhum atamın min bir zəhmətlə ərsəyə gətirdiyi meyvə bağları üçün darıxıram. İndi də o meyvələrin dadını axtarıram. Bağımızda çoxlu meyvələr var idi: alma, armud, gavalı, heyva, tut, calaq zoğal, badam, şaftalı. İnanın, iyun ayından noyabrın əvvəllərinədək bağımızda müxtəlif növ şaftalı olurdu. Kənd əhli şaftalının dilini yaxşı bilirdi.
Moskvada, Xarkovda, Tiflisdə, İrəvanda, Batumidə, Soçidə, Krımda, Odessada və bir çox şəhərlərdə Körpülü şaftalısı satılırdı. Maraqlı burasıdır ki, digər regionlardan gələn meyvə satanlar da mallarını Körpülü şaftalısı adı ilə satışa çıxarırdılar. Həm də onların çoxu Körpülü kəndinin harada yerləşdiyini belə, bilmirdilər. Bu gün Borçalıda, Qarayazıda, Qazaxda, Gəncədə, Xaçmazda, Şəmkirdə, Tovuzda, Ağstafada, Samuxda, Göygöldə və s. yerlərdə Körpülü şaftalısı yetişdirilir. Maştağada Lətif kişinin şaftalı bağı aləmə səs salıb.
Dostlarım, tələbə yoldaşlarım Sovetlər dönəmində dəfələrlə kəndimizdə qonaq olublar. Çünki kəndimizdə yaşamaq üçün bütün infrastruktur vardı. Həyətlərə həm içməli, həm də axar su kranları çəkilmişdi.
Mədəniyyət klubu, xəstəxana, ikimərtəbəli orta məktəb binası, uşaq bağçası, gündəlik tələbat və sənaye malları mağazaları, yeməkxana, kənd və məktəb kitabxanaları kəndə xüsusi gözəllik verirdi. Təəssüf ki, indi körpülülər pərən-pərən düşüblər. Azərbaycanımızın az qala hər yerində Körpülü yaşayır. Hətta, Berlində, Moskvada, Sankt-Peterburqda, Yekaterinburqda, Donetskdə, Barnaulda da az deyillər.
Bu yaxınlarda mənə bir toy diski göndərdilər: Moskvada Körpülü toyu. Bu zarafat deyil. Moskvada yüz əlliyədək Körpülü yaşayır. Aralarında dövlət işçiləri, jurnalistlər, müəllimlər, həkimlər, professorlar, elmlər doktoru, namizədlər, iş adamları və s. var.
- Məktəbə
də bu kənddə getmisiniz? Ümumiyyətlə, o günləri
necə xatırlayırsınız?
- 1966-cı il sentyabr ayının 1-də məktəbin
birinci sinfinə qəbul oldum. Özünü tərifləmək
olmasın, həm əla oxumuşam, həm də məktəbin
demək olar ki, bütün tədbirlərində iştirak
etmişəm. Mənim də daxil olduğum futbol komandamız daim rayon
birinciliyinin qalibi olurdu. Məktəbdə fəaliyyət göstərən
dram dərnəyi ildə iki-üç tamaşa
hazırlayıb, kəndin mədəniyyət sarayında
göstərirdi. Səkkizinci sinifdə
oxuyanda İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı”
pyesinin tamaşasını hazırladıq. Mən Qaçaq Bahadır rolunda
çıxış edirdim. İnanın,
tamaşa böyük uğurla keçdi. Zal
tamam dolmuşdu. Kənd sakinlərinin
xahişi ilə həmin tamaşanı bir neçə dəfə
oynadıq. Elə istedadlı uşaqlar
vardı ki. Hələ çalıb-oxuyanları
demirəm. Hər bayramda konsertlər
keçirilirdi. Ətrafdakı erməni kəndləri
bu çal-çağıra məəttəl qalıb,
paxıllıq edirdilər.
Məktəb
və kəndin kitabxanaları az qala məbədə
çevrilmişdi. Anam həm də məktəb
kitabxanasında işlədiyindən hər şey gözlərim
qarşısında baş verirdi. Bir məsələni
də qeyd etmək istəyirəm ki, uşaqlıq dostum alim
İlqar Zeynalovla hər iki kitabxanada olan kitabları demək
olar ki, oxumuşuq. İlqarın anası
da kənd kitabxanasında işləyirdi. Bəzən
bir-birimizlə gizlindən kitab mübadiləsi edirdik. Burada çoxlu sayda kitablar vardı. Təzə kitablar gələndə kitabxanada aləm
bir-birinə dəyirdi. Bəzən əməlli-başlı
növbə yaranırdı, hamı bu kitabları birinci oxumaq
istəyirdi. Tez-tez ayrı-ayrı
tanınmış yazıçıların əsərlərinin
müzakirəsi keçirilirdi. Yaxşı
yadımdadır ki, görkəmli yazıçılardan
İsmayıl Şıxlının, Nəriman Süleymanovun,
Qulu Xəlilovun əsərlərinin müzakirəsində
qızğın çıxışlar olurdu. Müzakirənin sonunda həmin
yazıçılara şagirdlərin
çıxışları əsasında məktub
yazılırdı və onlar məktəbə cavab məktubu
göndərəndə yenidən növbə
yaranırdı, hamı oxumaq istəyirdi. Sonra
yazıçının məktubları əziz və qiymətli
hədiyyə kimi kitabxananın görümlü yerinə
qoyulurdu. Bax, belə bir mühit vardı
Körpülü kəndində.
- Doğma Körpülüyə nə
vaxtsa qayıdacağınıza ümid edirsinizmi?
- Əlbəttə. Ancaq bunun üçün birinci
növbədə Qarabağ və onun ətraf rayonları
işğaldan azad olunmalıdır. Olunacaq da. Mən Ali Baş Komandanımıza inanıram və
onun apardığı qətiyyətli siyasət nəticəsində
biz bu mübarizədən üzüağ
çıxacağıq. Sonra bizim Ermənistanda
itirdiklərimiz gündəmə gələcək. İnanın, o gün gələcək.
- İlk yazılarınız nə
vaxt işıq üzü görüb, bəlkə bir az da bu barədə danışaq?
- İlk yazılarım hələ orta məktəbdə
oxuyanda nəşr olunub. “Sovet Ermənistanı”, “Azərbaycan gəncləri”,
“Azərbaycan pioneri” qəzetlərində, “Pioner” (indiki
“Günəş”) jurnalında işıq üzü
görüb. Tələbəlik illərində
ayrı-ayrı qəzet və jurnallarda, əsasən də
Azərbaycan radiosunda daha çox çıxış edirdim.
Keçmiş Sovet Ordusunda işlədiyim
zamanlarda da işimi davam etdirirdim. Bakıya
qayıtdıqdan sonra müxtəlif mətbuat orqanlarında
çalışdım. Lakin ilk ciddi bədii
yazılarımı tanınmış uşaq
yazıcısı Nəriman Süleymanov bəyəndikdən
sonra rəhbərlik etdiyi “Pioner” jurnalında dərc etdi.
Beləliklə, yolum açıldı, müxtəlif
qəzet-jurnallarda, almanaxlarda bədii və publisistik
yazılarla çıxış etməyə başladım.
Kinostudiyanın Dublyaj şöbəsi ilə əməkdaşlıq
etdim. Bir sıra bədii və sənədli
filmləri dilimizə tərcümə etdim. Kitab məsələsi
isə bir az gecikdi. Sovetlər
dönəmində “Gənclik” nəşriyyatının
tematik planına mənim də kitabım
salınmışdı. Lakin bu baş
tutmadı. “Oğlum mənim, arxam mənim”
adlı ilk kitabım müstəqillik dövründə
çapdan çıxdı. Şükür
Allaha, bu gecikmələr elə bir problem yaratmadı və hər
şey axarına düşdü. Düzdü,
mən artıq o illərdə milli təhlükəsizlik
orqanlarında xidmət edirdim.
- Yeri gəlmişkən, Milli Təhlükəsizlik
Orqanlarında işlədiyiniz dövrlərdə
yaradıcılıqla məşğul ola
bilirdinizmi?
- Əlbəttə, imkan olduqca bədii-publisistik
yazılar yazıb, tərcümələr edirdim. Döyüş
və sərhəd bölgələrindən
yazdığım materialları toplasam bəlkə də
beş-altı kitaba sığmaz. Bu
materialların əksəriyyəti “Sərhəd” qəzetində
dərc olunub. İşlərin gedişində
yaranmış fürsət mənim yaradıcılıq
imkanlarımı bir az da artırdı. Belə ki, 90-cı illərin sonlarında nazirlikdə
müstəqil təhlükəsizlik orqanlarının fəaliyyətinin
araşdırılması ilə əlaqədar tədqiqat
işlərinin aparılması üçün işçi
qrupu yaradıldı. Xoşbəxtlikdən
məni də o qrupun tərkibinə daxil etmişdilər.
Bu mənə MTN və DİN-in arxivlərində, eləcə
də Dövlət arxivində araşdırma aparmaq imkanı
verdi. Beləliklə, arxiv
materialları əsasında respublika mətbuatında,
televiziya və radioda vaxtaşırı çıxış
etməyə başladım.
Müstəqil təhlükəsizlik orqanlarının fəaliyyəti
ilə əlaqədar olaraq “Azərbaycan təhlükəsizlik
və xüsusi xidmət orqanları (1918-1920)”, “Tariximiz,
taleyimiz” və “Azərbaycan xüsusi xidmətləri”
kitablarını yazdım. Eyni zamanda, ötən
əsrin 1920-1950-ci illərində repressiyaya məruz
qalmış milli Azərbaycan ziyalılarının taleyi və
təşkilatlarının fəaliyyətinə dair onlarla
publisistik yazılar işıq üzü gördü.
Yaxşı xatırlayıram, arxiv materiallarına əsasən,
ilk yazım azərbaycanlı əsirlər barədə idi. Həmin
yazı dövri mətbuatda çox yaxşı
qarşılandı. Bəlkə də
yüzlərlə güllələnmiş və ya uzun müddətə
sürgünə göndərilmiş insanların şəxsi
işlərini vərəqləmişəm. Elə, bunun nəticəsi olaraq, “Cəllad
etirafı” və “Sibir dərsi” adlı irihəcmli publisistik
kitablarım çap olundu. Bu kitablarda 1920-1950-ci illərdə
qırmızı bolşevik terrorunun qurbanı olmuş
onlarla milli ruhlu ziyalılarımızın, o cümlədən,
tanınmış nəsillərdən Mehmandarovlar,
Şıxlinskilər, Şahtaxtinskilər,
Topçubaşovlar, Şamxorskilər, Aşurbəyovlar,
Makinskilər, Usubbəyovlar və digərlərinin istintaq
materialları araşdırılır və onların acı
taleyi göstərilir. Hələ, işləniləsi
xeyli materiallarım var.
- Bəs, bugünkü
yaradıcılığınızı hansı istiqamətdə
qurmusunuz?
-
Sözün düzü, bu gün daha çox publisistikaya
üstünlük verirəm. Bu janr məni daha
çox özünə cəlb edir. Həm də bunda
özümü rahat hiss edirəm. Tərcümələrim də
az deyil. Ara-sıra nəsrlə
də məşğul oluram. Son aylar
ayrı-ayrı saytlarla əməkdaşlıq edirəm.
1918-1920-ci
illərdə öz milli dövlətçiliyini bərpa
etmiş Azərbaycan Xalq Cümhuriyyətinin kəşfiyyat və
əks-kəşfiyyat orqanlarında
çalışmış kornet Ağalarovun, yesaul Yusupovun,
polkovnik İrza bəy Hacıbəylinskinin, Məmmədbağır
və Nağı bəy Şeyxzamanov qardaşlarının,
Ələkbər xan Şahsuvarovun, Məmmədtağı
Dadaşovun, Əli Razi Şamçızadənin və
başqalarının, eləcə də Azərbaycandan kənarda
fəaliyyət göstərən ilk kəşfiyyatçılarımız
polkovnik Məmməd bəy Əliyev və Şahzadə Məmmədin
fəaliyyəti, eləcə də həmin illər Azərbaycan-Gürcüstan
hərbi əməkdaşlığı barədə silsilə
tarixi-publisistik yazılarımı oxucuların ixtiyarına
vermişəm. Böyük sənətkarlarımız
Nəsibə Zeynalova, Şövkət Ələkbərova və
Süleyman Ələsgərov barədə xatirələrimi
qələmə almışam.
- Gənclik dövrünüzdə mətbuat
həyatı bu gün xatirinizdə necə qalıb?
- Mən BDU-nu bitirdikdən sonra bir müddət Sovet Ordusunda xidmət etdim. Burada da qələmi yerə qoymadım. Hərbi qəzetlərlə əməkdaşlıq etdim. İndi o qəzet yazılarını səliqə ilə saxlayıram. Bakıya qayıtdıqdan sonra bir müddət müxtəlif redaksiyalarda çalışdım. Ancaq xatirimdə “Pioner”, indiki “Günəş” jurnalı və “Səhər” qəzeti daha çox qalıb. İlk dəfə Balakən rayonunda xidməti ezamiyyətdə olmuşam, maraqlı materiallar hazırlamışam. Xüsusən də “Pioner” jurnalında gözəl yaradıcı mühit vardı. Jurnalın baş redaktoru mərhum Nəriman Süleymanov əməkdaşların rahat işləmələri üçün hər cür şəraiti yaratmışdı. Həmin illəri mətbuat həyatımın ən gözəl günləri sayıram.
- Bəs, gənclik
dövrünüzün mətbuat həyatı ilə indiki
dövrün mətbuatı arasında fərqi nədə
görürsünüz?
- O vaxtlar mətbuatda daha çox peşəkar jurnalistlər işləyirdi. Hər sözə, hər cümləyə fikir verilirdi. Təsadüfi materialların işıq üzü görməsi mümkün deyildi. Sanballı yazılar dərc olunurdu, ona görə də qəzet-jurnallar oxunurdu. Mətbuatda özünəməxsus məktəb yaratmış jurnalistlərin yazıları oxucular tərəfindən izlənilirdi. Həmin dövrlərdə yalnız texnologiya geri qalırdı. Bu gün bunu söyləmək olmaz. İndi kompüter əsridir. Artıq, jurnalistlər rahat işləyə bilirlər. Eyni zamanda, əldə edilmiş informasiya bir saniyədən sonra dünyanın bütün aparıcı qəzetlərinə və informasiya agentliklərinə ötürülür. Mən keçmiş mətbuatı peşəkarlıq, müasir mətbuatı isə operativlik baxımından üstün sayıram.
- Elşad müəllim,
qəzetimizin oxucularına nə arzulayardınız?
- Maşallah, qəzetinizin maraqlı və
yaradıcı kollektivi var. Tanışlıqdan məmnun
oldum. Gündəlik qəzetin buraxılması elə də
asan məsələ deyil. Bu böyük əziyyət və
güc tələb edir. Bu yolda qəzetin bütün əməkdaşlarına
yaradıcılıq uğurları arzulayıram.
Xəyalə GÜNƏŞ
Palitra.-2014.-19 noyabr.-S.13.