“Dövlətin gənclərə
qayğısı çox səmərəli
bəhrəsini verəcək”
Hüseyn Cavadzadə: “Biz istəyirik
ki, gənclər bu gün bizim üçün qurulan yeni Azərbaycan
naminə doğru yolda addımlasınlar”
Gənclərin hər
bir düşünülmüş
addımı onların fiziki, mənəvi,
intellektual inkişafına xidmət edir. Elə, “Addım” Gənclər Təşkilatı
da ətrafına məhz belə
düşüncəli gəncləri toplayıb. Qeyd edək ki, “Addım” Gənclər Təşkilatı
2013-cü ildə Hüseyn Cavadzadə,
Ülkər Qasımova və Eldar
Qasımov tərəfindən təsis olunub.
Ölkənin ən aktual gənclər
qurumlarından biri sayılan
“Addım”ın siyasi bitərəfliyi ona daha çox
gəncləri cəlb edir. “Addım”ın sədri Hüseyn
Cavadzadə isə 1986-cı ildə Bakı şəhərində
ziyalı ailəsində anadan olub. İlk olaraq Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində, daha
sonra İFASC-da təhsil
alıb. 2003-cü ildən BMT-nin "Gənclik
və Sülh Forumu”nda 1-ci yerə layiq görülüb.
2009-cu ildən Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində müəllim kimi çalışır. WAF - beynəlxalq mədəniyyət
təşkilatının Azərbaycan nümayəndəsidir.
Sənətşünaslıq elmləri namizədidir.
-Doğru
yolda olan gəncləri
nə dərəcədə öz ətrafınıza
yığa bilibsiz?
- Ən birincisi, gənc olaraq kiçik də olsa nələrsə edə bilərik. Milyonlarla kilometr yol bir
addımdan başlayır. Hər addım
atdıqca bu yol daha da
qısalır.
Bu gün bizim gənclərin həyatı
təkcə əyləncə
və təhsil deyil. Bir çox fərqli
istiqamətlər var. Bu yaxınlarda
hörmətli akademik
Ramiz Mehdiyev gənclərin təhsil səviyyəsi ilə bağlı fikir və narahatçılığını
bildirdi. Mən onun
fikirlərini çox
önəmli sayıram.
Hesab edirəm ki, gənclik üçün
təhsil, vətənpərvərlik
çox əhəmiyyətlidir.
Məncə, bu gün Azərbaycan gəncliyi bir neçə hissəyə bölünüb.
Onların arasında çox
bacarıqlı, çalışqan
və işgüzar gənclər var. Eyni zamanda vaxtını səmərəli istifadə
etməyən gənclər
də var. Bundan başqa müəyyən
yad təsirlər altına düşən gənclərə də rast gəlinir. Biz də istəmirik
ki, gənclərimiz kənar və mənfi təsirlərə
məruz qalsınlar.
Biz istəyirik ki, onlar bu
gün bizim üçün qurulan yeni Azərbaycan naminə doğru yolda addımlasınlar.
Mənə elə gəlir
ki, “Addım” bu gün Azərbaycanda
yeganə təşkilatdır
ki, bu gün
o gəncləri bir bayraq, bir xəritə,
bir konsepsiya üzrə çalışmağa,
istiqamətlənməyə sövq edir. Gənclik insanın ən məsuliyyətli və emosional dönəmidir.
Hələ ötən əsrin
əvvəllərində “Füyuzat”
jurnalında yazılırdı
ki, gənclər istənilən xalqın ictimai missiyasını öz üzərinə götürən xalq qəhrəmanlarıdır. Yəni bir çox kreativ addımları gənclər atırlar.
Cəmiyyətin sabahı sırf
gənclərə bağlıdır.
Hesab edirəm ki, Azərbaycanın çox
sağlam gəncliyi
var. Azərbaycan Respublikasının
onlar üçün
yaratdığı sərhədsiz
inkişaf yolları
var.
- Gənclərimiz
vaxtdan nə dərəcədə səmərəli
istifadə edirlər?
- Azərbaycan özü respublika olaraq gəncdir. Bir çox ictimai
məsələlər var
ki, hələ formalaşır. Bu gün gənclərimiz beynəlxalq forum və konfranslarda iştirak edir, Azərbaycan həqiqətlərini dünyaya
çatdırırlar. Dövlətin gənclərə qayğısı çox
səmərəli bəhrəsini
verəcək.
- Ümumiyyətlə,
“Addım”ın rəhbəri
olaraq necə düşünürsüz, gənclər
səmərəli addım
atmağa meyillidirmi?
- Təbii ki, bəli. Bütün dünyada “atalar və oğullar” problemi var. Mən baxmayaraq ki, oğul yaşındayam, amma erkən iş təcrübəm hər iki tərəfi
başa düşməyə
imkan verir. Gəncləri düzgün yolda
addımlamağa sövq
etmək vacibdir.
Gənclərlə mübarizə aparmaq,
onları əzmək
lazım deyil. Sadəcə
onlara yol göstərmək və meydan vermək lazımdır. Dünyanın heç bir yerində 18 yaşında
gəncə qrant vermirlər ki, gedib ideyasını həyata keçirsin.
Amma bu gün Azərbaycanda
Prezident yanında Gənclər Fondu fərdi qrant müsabiqəsi də elan edir. Bu, gənclər üçün
çox böyük şansdır. Bu gün Azərbaycanda Gənclər və İdman Nazirliyi gənclər üçün
saysız-hesabsız işlər
görür. Dövlətə və cəmiyyətə faydalı olan hər hansı layihəni keçirmək
istəyən gənclərin
üz tutası ünvanı var. Sadəcə
yaxşı mütaliə
etmək lazımdır.
Özümüzlə bərabər, Azərbaycan
üçün də
çalışmalıyıq. Çünki biz onun bir parçasıyıq.
- “Addım”
olaraq gənclərin mənəvi inkişafı
istiqamətində hansı
layihələr həyata
keçirirsiz?
- İstənilən layihənin
pasportunda onun məqsəd və vəzifələri yazılır. Mən hər bir layihəyə
start verəndə birinci
özümə sual verirəm ki, bu layihədən gənclər necə yararlanacaqlar. Gənclərin həm dünyəvi
baxışlarının, həm
ictimai fəaliyyətlərinin,
həm gələcək
karyeralarının inkişafı
üçün müxtəlif
aspektlərdə layihələrimiz
olur. 4-5 festival keçirmişik. Saysız-hesabsız sərgi, treninq və təlimlərimiz olub. “Addım”,
eləcə də Azərbaycan mədəniyyətini
ölkə hüdudlarından
kənarda təmsil olunması missiyasını
öz üzərinə
götürüb. Belə ki,
məhz “Addım”ın
dəstəyi ilə ölkəmiz 30-a yaxın
beynəlxalq festival və
forumlarda təmsil olunub və qalibiyyət qazanıb.
Hesab edirəm ki, bunların hamısı gənclərin səmərəli
məşğuliyyətini özündə birləşdirib.
Çünki orta statistik
məlumatlara görə
bu layihələrə
100-150 min gənc cəlb
olunub. Hər dəfə də bu say artır.
Biz o gənclərə öz fəaliyyətimizlə
səmərəli olmağa
çalışırıq. Ən maraqlı tərəfi odur ki, “Addım”a
gənclər sadəcə
vaxtlarını boş
keçirməyə və
ya əyləncə naminə gəlmirlər.
Mən çox əminliklə bunu deyirəm. Hətta xaricdən bizə qoşulanlar var. “Addım”a hər
gələn yeni üzvlə özüm ilkin söhbət edirəm. Sözün əsl mənasında
mən beyinlər görürəm. Çox
sevinirəm və özümüzü çox
güclü hiss edirik.
-9 Noyabr-Dövlət
Bayrağı Günü
ilə bağlı çox fərqli bir müsabiqə elan etmişdiniz. Bu müsabiqənin nəticəsi necə oldu?
- Bəli, “Addım”ın təşkilatçılığı ilə ölkəmizdə
ilk dəfə olaraq “Walpaper”lər (elektron divar kağızları) müsabiqəsi gerçəkləşdi.
Qeyd etdiyim kimi biz fəaliyyətimiz dövründə saysız
bundan da böyük, regional, beynəlxalq
və s. layihələr
etmişik. Amma bu layihəni
mən xüsusi əhəmiyyətli sayıram.
Çünki istənilən dövlət
bayramlarında insanların
internetdə əldə
etdikləri bayraq fotolarının sayı barmaqla sayılacaq qədər idi. İndiki elektronika tərəqqisi dövründə isə bu çox vacibdir.
Bizə təqdim olunan 100-ə yaxın işdən ən yaxşı 22-sini müsabiqəyə daxil edib yayımladıq və indi istifadəçilərin
22 yeni “walpaper”i var. Bu
bizim üçün
əhəmiyyətlidir. Xatırladım ki, Dövlət
Bayrağı Günü
qaliblərin təntənəli
mükafatlandırma mərasimini
keçirdik. Tədbirdə gənclərin və ulduzların iştirakı
ilə sürpriz aksiyalar da oldu.
- Bu istiqamətdə
gələcəkdə hansı
layihələr keçirməyi
düşünürsüz?
- Biz Azərbaycanda, ümumiyyətlə, dünyada ilk olaraq tütün əleyhinə “No smoking” film festivalını etmişik. Bu il festival beynəlxalq çərçivəyə keçməlidir. Buna çox ciddi hazırlıqlarımız gedir. Ötən il “Sağlam həyat” festivalı təşkil etdik. Bu il “Ekologika” adlı çox böyük bir layihəyə start veriləcək. Bu, adından da görünür ki, ekologiya deyil, ekologikadır. Yəni logik bir işdir. Ekologiya ilə bağlı bir çox işlər var ki, onu dövlət təşkilatları həyata keçirməlidir. Amma elə işlər var ki, hər birimiz edə bilərik. Məsələn, biz ekoloji tərbiyəni insanlara aşılamaq istəyirik. Təmizlik də elə mənəvi tərbiyədən irəli gəlir.
Daha sonra Xocalı faciəsi ilə bağlı çox böyük layihəmiz var. Bildiyimiz kimi BMT hər il noyabrın son həftəsini yol qəzalarına həsr edir. Bizim bununla bağlı “Road safetly” layihəmiz var. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, “ASAN xidmət” və “Addım”ın birgə layihəsidir. Dekabr ayında Əlillər Günü ilə bağlı layihəmiz olacaq. Gənc Tamaşaçılar Teatrında “Antinarkomaniya” tamaşamız səhnəyə qoyulacaq. Noyabrın 23-də “Azərbaycanlı istedadlı gənclərə dəstək” layihəsi çərçivəsində Norveçdə yaşayan həmvətənimiz Şervin Nəcəfpurun “Atropatena” adlı moda sərgisini təşkil edəcəyik. Yəni, qrafik kifayət qədər doludur. Bundan da başqa dekabr ayında gənclərin səmərəli məşğuliyyəti üçün “Addım klub” fəaliyyətə başlayacaq. Bu klub həftənin bütün günləri gənclərin üzünə açıq olacaq. Tam olaraq ödənişsiz burda onlar xarici dil kursları, film nümayişləri, ictimai xadimlərlə görüşlər, təlimlər və s. təşkil olunacaq. Hesab edirəm ki, bu çox yaxşıdır. Əgər sən “Addım”ın üzvüsənsə və boş vaxtını səmərəli keçirmək istəyirsənsə, bizim klubdan yararlanmaq olar.
-Sizə könüllü fəaliyyət göstərmək
istəyən gənclər qoşulurmu?
- Biz layihələrimizdə
heç vaxt könüllü gənclərlə
bağlı narahatçılıq çəkməmişik.
Hətta könüllü mövsümü
seçimlərimiz də olub. Bu da təşkilata olan maraqdan irəli gəlir.
Çünki “Addım”ın öz konsepsiyasından doğan
ictimai üslubu, gənclərlə
işləmə mexanizmi var.
Biz gənclərlə görüşlər
keçiririk, qeydiyyat
günlərində onlarla söhbətlərimiz
olur. Artıq onları ictimai
fəal kimi yetişdirmişik.
Hamı eyni dildə danışır. Özümüzün bir növ danışıq kodumuz
var. Artıq bu
qısa müddət ərzində “Addım”çılar
formalaşıb. Bu gün
QHT sektorunda müasirliyi
və innovativliyi ilə seçilən
“Addım” gənclərin inandığı bir
brendə çevrilib. Ümumiyyətlə,
istənilən istiqamətə insanı addım aparır. Ona görə də sağlam
addım atmaq lazımdır. Hər kəsə
uğurlu addımlar arzu
edirəm.
Fuad Hüseynzadə
Palitra.-2014.-19 noyabr.-s.11.