“Ukraynada böyüməyimə
baxmayaraq təhsilimi Azərbaycanda davam etdirmək istəyirəm”
Qəzetimizin
xaricdə təhsil alan azərbaycanlı
tələbələrlə bağlı layihəsi çərçivəsində
növbəti müsahibi Ukrayna
Krivoy Roq Milli Universitetinin Xarici dillər fakültəsinin tələbəsi
Nəzakət Hüseynovadır:
-Mən
1994-cü ildə Gəncə şəhərində anadan olmuşam. 3
yaşım olanda ailəmlə birgə
Ukraynanın Krivoy Roq
şəhərinə köçmüşük.
Ukraynada bağçaya
getmişəm, ukraynadilli məktəbdə
təhsilimi almışam. 2013-cü ildə Krivoy
Roqun Milli Universitetinə
daxil oldum. Peşə
seçimimdə heç bir
çətinlik çəkməmişəm. Məktəbdə
müəllim olacağıma 1-ci sinifdən əmin idim. Hər kim soruşsa, müəllim olacağımı deyirdim. 2013-cü ildə Ukrayna
və ingilis dilləri və ədəbiyyatı
fakültəsində təhsil aldım, az
sonra fakültəni dəyişməyə
qərar verdim. Amma
yenidən məhz müəllimlik peşəsini seçdim. Hazırda 1 kursda,
Xarici dillər fakültəsində rus və ingilis dilləri
və ədəbiyyatı üzrə təhsil alıram.
- Təhsil aldığınız ixtisasla bağlı hazırda hansı yeni biliklər əldə etmək imkanı yaranıb?
- Ukrayna məktəbində və ukraynadilli bir məktəbi bitirdiyim üçün rus dilindən o qədər də çox biliyə malik deyildim, hazırda rus dilini özüm üçün yenidən kəşf edirəm. İngilis dili və ədəbiyyatı isə mənim üçün maraqlıdır. Danışıq və fikrimi çatdırmaqda heç bir çətinliyim olmasa belə, qrammatika baxımından müəllimlərlə çox çalışıram.
-Orada
təhsil alan azərbaycanlı tələbələrlə
əlaqələriniz necədir?
- Ukraynada təhsil alan tələbələrlə əlaqəm olduqca yaxşıdır. Xaricdə yaşamağımıza baxmayaraq hər birimiz çalışırıq ki, Azərbaycanın adını yüksəldək, ən azı sinifdə və ya qrupda 2 azərbaycanlı olsa da həmin dəqiqə seçilir. Hər birimiz çalışırıq ki, ukraynalı tələbələrlə birgə olaq və ya üstün olaq, amma heç də bilik, təhsil və tərbiyə baxımından aşağı olmayaq.
Ölkəmizin tanınmasında azərbaycanlı tələbələrin böyük uğurları və nailiyyətləri var. Tələbələrin böyük əksəriyyəti Ukraynanın Bilik Akademiyasının üzvüdürlər.
Məhz Ukraynada Azərbaycan Gənclər Birliyi(UAGB) adlı təşkilat var. Krivoy Roqda bu təşkilatın fəal üzvüyəm. Bir il UAGB-in Krivoy Roqda sədr müavini olduğum zaman çox layihələr həyata keçirmişik. Tədbirlərin böyük əksəriyyəti məhz Azərbaycanla və ölkəmizin tarixi ilə bağlı olub. Milli bayramlarımızı başqa millətlərin təmsilçiləri ilə birgə keçirmişik. Onlara bizim milli adətlərimizi tanıtmaq xoşdur və xaricdə yaşayan bütün azərbaycanlıların, o cümlədən gənclərin borcudur.
- Gələcəkdə
təhsilinizi davam etdirmək niyyətiniz
varmı? Çalışmaq üçün
hansı ölkəni seçmək niyyətindəsiniz?
Ümumiyyətlə, gələcək planlarınız?
- Bilirsiniz Vətənin yerini heç bir xarici ölkə verməz. Ukraynada böyüməyimə baxmayaraq, Azərbaycan ana Vətənimdir və təhsilimi Azərbaycanda davam etdirmək istəyərdim - ən azı Azərbaycan dilini, tarixini, ədəbiyyatını yaxşı bilmirəm, istərdim tam mükəmməl bilim. Harada çalışmağıma gəldikdə isə məhz Azərbaycan məktəblərində çalışmaq istəyirəm. Mənim aldığım təhsil və Azərbaycanda verilən təhsil ayrı- ayrı təhsil proqramıyla verilir, ona görə də düşünürəm ki, Azərbaycanda aldığım təhsilimlə gənclərimizə və böyüyən uşaqlara savad, bilik verə biləcəyəm. Vaxtında ukraynalı müəllim mənim qəlbimdə necə təhsilə sevgi ocağını yaradıbsa, mən istəyərdim ki, bu ocağı da çoxsaylı azərbaycanlı şagirdlərdə yaradım.
- Boş
vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Boş vaxtımı kitaba, ailəmə, dostlarıma həsr edirəm. Dostlarımla şəhərdə gəzirik. Bacımla və qardaşımla teatra, kinoya getməyi çox sevirəm. Axşamlar kitab oxumağı çox sevirəm. “Shelter+” adlı təşkilata təmənnasız olaraq uşaq evlərində olan tələbələrlə ingilis dili dərsi keçirəm.
- Ümumiyyətlə,
gənclər ölkəmizin inkişafına hansı töhfələri
verə bilərlər?
- Gənclər hər bir ölkənin və millətin gələcəyidir, bunu unutmamalıyıq. Harada yaşamağımıza baxmayaraq çalışırıq ki, qaldığımız yerdə Azərbaycanı tanıdaq. Mən oxuduğum məktəbdə azərbaycanlı tələbə çox olduğu üçün hətta Azərbaycan milli günü keçirirlər və məhz bu 1 günün içində məktəbin tələbələri Azərbaycan adətləri, milli mətbəxi, ədəbiyyatı, rəqslə və digər şeylərlə tanış olurlar. Gənclər ölkəmizin inkişafında böyük töhfələr verə bilər. Bu gün bizim millətimiz deyir ki, məsələn, xaricdə həkimlər daha güclüdür. Gənc həkim düşünməlidir ki, nəyi səhv edir və necə etməlidir ki, xaricdəki kimi güclü olsun? Həmin gənc çalışmalıdır ki, ölkəyə yaxşı biliyi, savadı ilə dəstək, kömək olsun.
- Son
vaxtlar müxtəlif sahələrdə xarici dilə daha çox üstünlük
verilir. Siz seçdiyiniz ixtisasda özünüzü necə görürsünüz,
hansı sahədə çalışmaq niyyətindəsiniz?
- Xarici dillərə, ədəbiyyata meylim çox olduğundan təhsilimdə çətinlik çəkmirəm. Aldığım təhsildən başqa istəyirəm ki, öz ana dilimi də olduqca mükəmməl bilim. Fikrimi çətinlik çəkmədən çatdıra bilim. Müəllimdən uca zirvə olmadığından mən də müəllim olacağam. Uşaqlıqda hətta oyuncaqlarımı bir sıraya düzürdüm, onlara dərs keçirdim. Bacımın təhsilə meyli olmadığından həmişə ona kömək edirdim , hətta evdə şagird və müəllim oynayırdıq. Ona dərs deyirdim, indi isə bacım iqtisadçıdır, onu həmişə öz tələbəm saymışam. Onun uğurlarına sevinirəm. Arzum müəllim olmaq, məktəbdə işləmək, öz bildiklərimi şagirdlərimə çatdırmaqdır. Çox istəyirəm ki, ölkəmizin fəxr etdiyi bir vətəndaşlar yetişdirim, istəyirəm ki, mənim şagirdlərim ölkəmizə böyük xeyir versin. Hətta qocalanda belə, hansısa tələbəmi görəndə sevinim və qürurla düşünüm ki, bu uşaq mənim tələbəm olub və mən bu insana dərs demişəm. Müəllim öz şagirdinin uğurlarını görəndə qürur duyduğu kimi istəyirəm şagirdlərim və şagirdin valideyni öz müəllimi ilə qürur duysun.
-Xarici dil insanlar üçün
hansı imkanlar açır?
- “Nə qədər
dil bilsən, o qədər də sən insansan” - Siseron deyib. XXI əsrdə xarici dilsiz sağa-sola tərpənmək olmur.
Xaricə getmək istəsən
belə, bir Azərbaycan və türk diliylə kifayətlənə bilməzsən.
Ona görə də öz ana dilindən
başqa dil bilmək yaxşıdır,
ən azı istədiyin ölkənin qapıları üzünə
açıq olar.
Adi şirkətdə işləyəndə
belə xaricdən qonaq gələndə tərcüməçi tutmaqdansa,
özün sərbəst
danışmağın yaxşı
olar, ən azı qarşıladığın
qonağı təəccübləndirə
bilərsən ki, onların dilində fikrini çatdıra bilirsən.
-Bu gün ölkəmizdə çoxsaylı
beynəlxalq tədbirlər
keçirilir, yaxud xaricdə müxtəlif tədbirlərdə təmsil
olunur. Bunun üçün ölkəmizin gənc tərcüməçi kadrlara
da ehtiyacı var. Siz bununla bağlı
nə deyərdiniz?
- Bilirsiz, tərcüməci
olduqca çoxdur, sadəcə təəssüf
ki, əksəriyyəti
məktəb və universitet bazasıyla kifayətlənir. İnsan inteqrasiya
və inkişaf etməlidir, söz bazası bol olmalıdır. İngilis və
rus dilləri müəllimi olmağıma
baxmayaraq, tərcüməni
də tamamilə asan edə bilirəm,
fikrimi də sərbəst çatdırmağı
bacarıram. Bizim gənclər
sadəcə anlamalıdır
ki, təhsil, elm və savad universitetin
binasının kənarında
da var. İnkişaf etməlidirlər və yalnız onda gənc, savadlı tərcüməçilər çoxalacaq.
- Gələcək
planlarınız nədir,
hansısa layihələrdə
iştirak etmək niyyətiniz varmı?
- İlk öncə
diplomumu alım, valideynimin və birinci müəlliməmin
gözündə sevinc
görüm. İstəyirəm
ki, onlar fəxr etsinlər ki, mən ali məktəbi bitirmişəm. Gələcəkdə istəyirəm ki,
xarici dillər mərkəzi açım.
İmkanından asılı olmayaraq
uşaqlar xarici dilləri öyrənsin.
İstəyirəm mənim kimi
müəllimlik savadı
olan gənclər bizim uşaq evlərində olan uşaqlarla, əlavə olaraq xarici dillərlə
məşğul olsunlar.
İstəyirəm xaricdə belə
mərkəzlər açım
və hətta orada Azərbaycan dili keçsinlər.
-Ümumiyyətlə,
yaşadığınız ölkə ilə bağlı nə deyərdiniz? Azərbaycanla oxşar və
fərqli cəhətləri
varmı?
- Bilirsiniz, ilk
baxışdan Ukrayna adi
ölkədir, yaşadığım şəhər, adi şəhərdir, çünki
Vətənin yerini heç
bir ölkə verməz. Buranın yerli milləti olduqca mehriban, xoş üzlüdür. Azərbaycan kimi
qonaqpərvərdirlər.
Nigar Abdullayeva