“Yaxın gələcəkdə daha böyük uğurlara nail
olacağıq”
Təranə Əliyeva: “Mütləq
təhsilli və kifayət qədər professional
ifaçı olmalısan ki, Azərbaycan mədəniyyətini
dünyada layiqincə təmsil edə biləsən”
Müsahibimiz Respublikanın Əməkdar artisti, Azərbaycan Milli
Konservatoriyasının dosenti, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Təranə
Əliyevadır:
- Təranə
xanım, yeni nəşrdən
çıxmış “Qanun məktəbi”
adlı kitabınız haqqında nə deyə bilərsiniz?
- Uzun əsrlik tarixə malik olan qanun sənəti, şairlərimizin şeirlərində, yazıçılarımızın əsərlərində geniş vəsf olunub. Miniatür sənət əsərlərində qanun alətinin gözəl təsvirləri verilib. Nizami Gəncəvinin əsərlərinə olan illüstrasiyalarda qanun sənəti geniş şəkildə işlədilib. Məsələn, rəsm əsərlərində saray məclislərində qanun ifa edən xanım rəsmləri öz əksini tapıb. Miniatür rəsm əsərlərində, milli musiqi alətlərimizlə yanaşı, qanun alətinin də saray həyatında yeri öz əksini tapır.
Çox əsrlik tarixə malik olan qanun sənətində müəyyən zaman kəsiyində hər bir sənətdə olduğu kimi durğunluq dövrü olub. Tarixdə qanun ifaçılarımızdan birinin adını çəkə bilərəm. Şah İsmayıl Xətainin nəvəsi Zəhirəddin Bəhram Mirzənin oğlu Xorasan hakimi olmuş İbrahim Mirzə Əbülfət çox gözəl qanun ifaçısı olub.
Keçən əsrin əvvəllərində isə Məşədi Cəmil Əmirov Türkiyəyə gedərək musiqi dünyamızda unudulan, ud və qanun alətlərini Azərbaycana yenidən gətirdi. Bununla da o, qanun alətində yeni ab-hava yaratdı. Məşədi Cəmil Əmirov öz dövründə bu alətlərlə konsertlərdə çıxış edib, musiqi ictimaiyyətinə töhfə verdi. O, həmçinin, qanun alətində Bayatı-Şiraz muğamının mahir ifaçısı olub.
1959-cu ildə Moskvada Azərbaycan 10 günlüyü keçiriləndə, tədbirin ilk günü Asiya Tağıyevanın ifasında Bayatı-Şiraz muğamı ilə başlandı. 1959-cu ildə görkəmli bəstəkar Səid Rüstəmov yaratdığı Xalq Çalğı Alətləri Orkestrinə qanun alətini də daxil edib. O dövrdə Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblı, “Dan ulduzu” İnstrumental Ansamblı yarandıqda qanun aləti də ansambllarda iştirak etməyə başladı. 1963-1964-cü illərdə musiqi məktəblərində qanun sinifləri açıldı. Üçpilləli təhsil sistemi başlandı. Artıq, 1983-cü ildən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında qanun aləti ali pillədə də tədris olunmağa başladı. Hal-hazırda qanun üçpilləli təhsil sistemində tədris olunur.
Bu gün Azərbaycan Milli Konservatoriyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Naxçıvan Dövlət Konservatoriyasında, Azərbaycan Dövlət Pedaqoji Universitetində də qanun ixtisası tədris olunur. Bölgələrimiz olan Gəncədə, Lənkəranda musiqi kolleclərində də tədris aparılır.
1963-1964-cü illərdən qanun tədris olunduğuna baxmayaraq, son zamanlara qədər qanun məktəbi dərsliyi yox idi. O zaman qanun müəllimləri, ifaçıları öz təcrübələrinə əsaslanaraq, qanun alətini tədris edirdilər.
2011-ci ildə elmi iş yazdığım zaman qanunu geniş tətbiq etdim. Dissertasiyamda qanun alətinin quruluşu, kökü haqqında, həm pedaqoji tərəfini, həm də qanun üçün yazılan əsərlərin təhlilini etdim. “Qanun məktəbi” kitabının ərsəyə çıxması fikri öz həllini nəhayət ki, tapdı. “Qanun məktəbi” kitabının yeniliyi ondan ibarətdir ki, I sinif şagirdi qanun aləti haqqında məlumatı kitaba baxarkən, onda necə ifa etməyi öyrənə bilər. Kitabda həmçinin, sadə əsərlərdən tutmuş mürəkkəb əsərlərə qədər, bütün siniflər üçün işlənmiş çalışmalar, qammalar, etüdlər, pyeslər öz əksini tapıb. Qanun ixtisası üzrə ilk dəfə olaraq, sağ və sol əllərin işarələrlə göstərilişini məhz bu kitabda qeyd etdim. Qanun aləti üçün işlədiyim əsərlərdə və qanun aləti üçün yazılan əsərlərdə əllərin düzgün istiqamətlərini işarələrlə qeyd etdim. Bu, qanun məktəbi üçün böyük bir yenilikdir. Çünki bu günə qədər qanun aləti üçün belə bir dərslik işlənməyib. Uzun illərə dayanan təcrübəmə əsaslanaraq, mən bu kitabı tərtib etdim. Azərbaycan qanun ifaçılığının gələcəyi üçün bu işə başladımsa, gələcəkdə hər hansı bir qanun ifaçısı bu işi davam etdirəcək.
- Bir
dövr var idi ki, qanun
sinfinə çox az şagird qəbul olurdu. Bu gün qanun
sinfinə tələbat varmı?
- Hazırda Azərbaycanda çoxlu sayda qanun ifaçıları var. Həm qadın, həm də kişi ifaçıları yetişir. Əsasən də bunu bilmək vacibdir ki, Azərbaycanda qanun sənətini qadın ifaçıları inkişaf etdirib. Çünki kişi ifaçılar sadəcə məktəb səviyyəsində təhsil alırlar. Həvəskar olaraq da, bu alətdə ifa edirlər. Lakin qadın ifaçıları professional şəkildə bu sənətə yiyələnərək, sənəti inkişaf etdirirlər. Hazırda Azərbaycan Milli Konservatoriyasında-kafedramızda mənimlə bərabər daha bir neçə müəllim qanun dərsini tədris edirlər. Həmin kolleqalarım da vaxtilə, mənim tələbələrim olublar. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də tələbəm Samirə Əliyeva dərs deyir. Musiqi məktəblərində qanun ixtisası üzrə dərs deyən müəllimələrin əksəriyyəti mənim tələbələrimdir. Bülbül adına orta ixtisas musiqi məktəbində də kifayət qədər şagird qanun ixtisası üzrə təhsil alır.
Hazırda qanun ifaçılarından ibarət “İnci” ansamblına da rəhbərlik edirəm. Bu ansamblda qanun ifaçılarının sayını 10-15 nəfərə qədər artırmaq olar. Lakin mən 5-7 nəfərlə ansamblın fəaliyyətini davam etdirirəm. Çünki bu sənət professionallığı tələb edir. Ansamblın tərkibində də qanun üzrə ən yaxşı ifaçıları toplamışam. Deyə bilərəm ki, bu gün kifayət qədər qanun ifaçıları yetişir. Qeyd edim ki, qastrol səfərlərində, dövlət tədbirlərində iştirak edilən zaman mütləq ali təhsil vacibdir. Çünki kamera orkestri, kiçik tərkibli simfonik orkestr üçün yazılan əsərlərin bir çoxunu qanun aləti üçün işləyib xarici səfərlərdə ifa edirik. Mütləq təhsilli və kifayət qədər professional ifaçı olmalıdır ki, Azərbaycan mədəniyyətini dünyada layiqincə təmsil edə biləsən.
2000-2003-cü illərdə Amerikada dünya şöhrətli violonçel ustası Yo-Yo-Manın “İpək yolu” layihəsində ansamblda çıxış etmişəm. Bu layihə ilə dünyanın bir çox ölkələrində Qərblə Şərq musiqisinin sintezini göstərdik. Qərb musiqi alətləri ilə Şərq musiqi alətləri olan tar, kamança, qanun və başqa alətlərin birgə çıxışı hər kəsi valeh etdi.
Fikrimi belə izah edim ki, dünyanın hansı ölkəsində olursansa, danışıq dili bilməsən də, ancaq musiqi dili ilə sən qarşındakını başa düşə bilərsən. Bütün xalqları mədəniyyət və mədəniyyətin qolu olan musiqi dünyası bir araya gətirə bilər.
- Türkiyə qanunu ilə Azərbaycan qanunu
arasındakı fərqi necə izah edərdiniz?
- Qanun aləti deyəndə həm Azərbaycan qanunu, həm Türkiyə qanunu, həmçinin, ərəb qanunu nəzərdə tutulur. Çünki qanun deyəndə bütün Şərq ölkələrinin musiqi mədəniyyəti xatırlanır. Yəni, qanun Şərq mədəniyyətinə xas olan musiqi alətidir. Lakin Azərbaycan qanunu türk, ərəb və İran alətlərindən nizamlayıcılarının sayına görə fərqli xüsusiyyətdədir. 1920-ci ildən sonra Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Avropa sisteminə keçdik. Milli alətlərimizdə olan 4/1 tonlardan istifadə etmədik. Biz 4/1 tonları ancaq muğamlarımızda istifadə edirik. Ancaq Üzeyir Hacıbəyli bizim xalqın not savadının inkişafı üçün Avropa sistemindən yararlanmağa yönəltdi. Bununla da biz muğamımızı və xalq sənətimizi dünyaya tanıda bilmək hüququna sahib olduq.
Bizim qanun alətində nizamlayıcıların sayı 4-ə qədərdirsə, ərəb və türk qanunlarında isə 8-13-ə qədər olur. Hər millətin öz melizmləri var. Həmin melizmlər 4/1 tonla ifadə olunur. Bizim qanun aləti də başqa xalqların qanun alətindən nizamlayıcıların sayına görə fərqlənir.
- Bir çox simli alətlərin ifaçıları öz alətlərindən başqa digər alətlərdə də ifa etməyi bacarırlar. Məsələn, tarzən həm saz, həm də ud alətində ifa etməyi bacarır. Bəs, qanun ifaçısı da arfa alətində ifa edə bilərmi? Qanun aləti ilə arfa aləti arasında hansı oxşar cəhətlər var?
- Arfa aləti də qanun alətinin nəslindən hesab olunur. Arfa aləti də fortepiano aləti kimi 5 oktavaya yaxın diapazona malikdir. Qanun aləti isə 3 oktava yarım diapazon həcminə malikdir. Həmçinin, arfa alətində səslərin zilləşməsi və bəmləşməsi nizamlayıcı pedallar vasitəsilə icra olunur. Lakin qanunda sol tərəfdə yerləşən nizamlayıcılar vasitəsilə yerinə yetirilir. Mən hər zaman demişəm ki, qanun ifaçısı mühəndis olmalıdır. 2-3 xanə əvvəldən hansı nizamlayıcını lazım olan məqamda işlədəcəyini bilməlidir. Qanunla arfa arasındakı oxşar cəhətlər bu alətlərin ən çox tembr yaxınlığından ibarətdir. Lakin qanun icrasından arfa icrasına keçmək üçün böyük həvəs, zaman və səbir lazımdır. Çünki bu alətin icrası fortepiano alətinə yaxındır.
- Təranə
xanım, qanun sənətinə daha hansı töhfələri vermək
arzusundasınız?
- Arzum budur
ki, qanun
ifaçılığı, qanun sənəti
daima zirvələrdə olsun.
Bilirsiniz ki, tar alətimiz UNESCO-nun Qeyri-maddi mədəni irs
siyahısına daxil edilib.
Ən böyük arzumdur
ki, bizim qanun sənətimiz də o
zirvələrə sahib olsun.
Biz də sənətimizlə öz sözümüzü
deyə bilək. Şükürlər olsun
ki, bizim qanun sənəti son 10 ildə
çox inkişaf edib. Düşünürəm ki, yaxın gələcəkdə daha böyük uğurlara nail
olacağıq.
Xəyalə
GÜNƏŞ
Palitra.-2014.-21 noyabr.-S.13.