İndoneziya məktəblərində “Azərbaycan Günüqeyd olunur

 

Hər il "High-Scobe" məktəbəqədərki beynəlxalq tədris müəssisəsində keçirilən beynəlxalq günlərdə bu il "Azərbaycan Günü" də ilk dəfə yer alıb. İndoneziya Respublikasında beynəlxalq münasibətlər və siyasi elmlər üzrə magistr təhsilini davam etdirən tələbəmiz Elmar İskəndərovun verdiyi xəbərə görə, uşaqlar Azərbaycan dilində danışmağı, saymağı, özlərini təqdim etməyi öyrənirlər. Bir həftə davam edəcək beynəlxalq günlərdə Amerika, Çin, Koreya, Yaponiya, Fransa ilə yanaşı “Azərbaycan Günü” də qeyd olunacaq: “İndoneziya məktəblərində və universitetlərində hər il keçirilən beynəlxalq günlərdə və mədəniyyət gecələrində Azərbaycanı daim təmsil etməyə çalışırıq. Nəzərə alsaq ki, Azərbaycan İndoneziyada yeni-yeni tanınmağa başlayır, bu kimi tədbirlərin tez-tez keçirilməsi vacibdir. Burada məqsəd istər məktəblilərə, istərsə də tələbələrə, həmçinin də ümumilikdə İndoneziyada gənc nəslə Azərbaycan haqqında biliklər və sevgi aşılamaqdır. Qeyd edək ki, bu kimi beynəlxalq tədbirlərdə adətən yerli televiziya kanalları da iştirak edib reportaj hazırlayırlar. Qarşıda duran vəzifələrdən biri isə İndoneziyanın bir neçə aparıcı universitetlərinin kitabxanalarına Azərbaycan həqiqətləri haqqında, mövcud siyasi durum, iqtisadi inkişaf, Dağlıq Qarabağın işğalı haqqında kitabların təqdim edilərək yerləşdirilməsidir. Qeyd olunan kitabları Cakartadakı səfirliyimiz vasitəsilə əldə etmişik, universitetlərlə danışıqlar aparıram tezliklə istəyimizə nail olacağıq”.

 

Tural Tağıyev

Palitra.-2014.-21 noyabr.-S.7.