Turizm cəmiyyətin mədəni səviyyəsinin
yüksəlməsinə xidmət edir
“Uşaq
və Yeniyetmələrə Dəstək” İctimai
Birliyi olaraq məktəbli
və abituriyentlərin aktual məsələsi
olan peşə və ixtisas
seçiminə dəstək göstərməyi
özümüzə borc bildik.
Hər kəs peşə və ixtisas seçimi edərkən təhsilini bitirdikdən
sonra həmin sahə üzrə işlə
təminolunma məqamlarına diqqət edir.
Burada seçilən sahənin
inkişafının prioritetliyi və sahə
üzrə kadr potensialına ehtiyac əsas məqamlardan biridir.
Bu vacib məqamlara
diqqət edərək apardığımız
araşdırmalar nəticəsində onlar
üçün ölkənin prioritet və kadr tələbatı
duyulan sektorlarından olan
turizm haqqında dolğun
məlumat toplamağa
çalışdıq.
Turizm
dünyada perspektivinə görə qeyri-neft sektorunda
aparıcı mövqedə dayanan və dünya miqyasında
sürətlə inkişaf edən biznes sahəsidir.
Dünya Turizm Təşkilatı (DTT) cari ilin təkcə may –avqust aylarında xarici ölkələrə 460 milyondan çox turist gedəcəyini nəzərə alaraq, 2014-cü il turistlərin sayının 4-4,5 faiz artaraq 2010-2020-ci illərə dair verilən uzunmüddətli proqnozdan 0,2-0,7 faiz çox olduğunu qeyd edir. Turizm dünyanın bir sıra ölkələrində iqtisadiyyatın inkişafını müəyyənləşdirən sahə olaraq inkişaf edir, büdcənin formalaşmasında müstəsna rol oynayır, bu da əhalinin məşğulluğunu təmin etməklə yanaşı ölkələrarası münasibətlərin genişlənməsinə gətirib çıxarır. Dünya ölkələri üzrə ümummilli məhsulun 10 faizi, ixracın isə 8 faizi beynəlxalq turizmin payına düşür. Dünyada əməkqabiliyyətli əhalinin 8,1 faizi turizm sektorunda və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur.
Müstəqilliyini 23 ildir əldə etdiyinə baxmayaraq, dünya miqyasında özünü müasir, güclü ölkə, eyni zamanda çox etibarlı tərəfdaş və etibarlı dost kimi tanıdan, son illər iqtisadi inkişaf templərinə görə dünyada ön sırada olan Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir. Prezident İlham Əliyev bir neçə mühüm sahə ilə yanaşı, Azərbaycanda turizmin inkişafını da qeyri-neft sektorunun əsas sahələrindən biri elan edib.
Turizm sivilizasiyanın inkişaf göstəricisi olmaqla, cəmiyyətin sağlamlığına, onun mədəni səviyyəsinin və dünyagörüşünün yüksəlməsinə xidmət edir. Məhz bu səbəbdən dünyanın əksər ölkələrində turizm sahəsi dövlət tərəfindən dəstəklənir. Bununla bərabər, gündən-günə sürətlə inkişaf edən turizm sənayesi yüksək ixtisaslı kadrların və ciddi peşə hazırlığının olmasını tələb edir. Ölkəmizdə də iqtisadiyyatımızın neft amilindən asılılığının azaldılmasına xidmət edən qeyri-neft sektorunun inkişafı turizm sahəsinin tərəqqisi ilə də müşayiət olunur. Ümumdünya Turizm Təşkilatının hesablamalarına görə, Azərbaycana gələn hər turistin orta hesabla 600-700 dollar xərclədiyini nəzərə alsaq, turist axınından ölkəyə böyük gəlir gətirdiyini görmək mümkündür. Sovet dövründə Azərbaycanda turizmin olmadığını nəzərə alsaq turizmin inkişafına dair iki dövlət proqramının təsdiq olunması, 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan edilməsi müasir dövlət siyasətinin turizmə verdiyi böyük töhfəsi kimi qeyd etməliyik. Bundan əlavə mütəmadi olaraq dünyanın CNN, “National Geographic”, NBC, “Discovery” və digər bu kimi aparıcı televiziya efirindən tamaşaçıları Azərbaycanı ziyarət etməyə dəvət edən video-roliklərlə ölkəmizin turizm potensialının xaricdə təbliği, müxtəlif ölkələrdən olan media-struktur nümayəndələri üçün Azərbaycan üzrə məlumatlandırma turlarının təşkilini də milli turizmimizin inkişafı üçün atılan addım kimi göstərmək olar. 2001-ci ildən ölkəmiz dünyanın 20 ölkəsində keçirilən müxtəlif turizm sərgilərində iştirak edir ki, buradakı stendlərdə də Azərbaycan barədə müxtəlif dillərdə 25 növdən çox məlumatlandırma bukletləri yayılır.
Britaniyanın “Euromonitor International” strateji
bazar araşdırmaları
şirkətinin analitikləri
son illərdə paytaxt
Bakıya turist axının artdığını
bildirir. Bakı dünyanın ən
çox ziyarət edilən 100 şəhərləri
sırasında 96-cı olaraq
Vaşinqton, Melburn,
Rio-de-Janeyro, Frankfurt və
San-Paulo ilə qonşuluqda
qərarlaşıb. Paytaxtda irimiqyaslı
turizm layihələrinin
nəticəsində bu
gün Bakı dünyanın ən gözəl şəhərlərindən
biridir. Paytaxt ilə yanaşı,
indi bu prosesə
regionlar da cəlb olunub. Turizm inkişaf etməklə bərabər regionların
da siması dəyişir. Bölgələrdə yeni aeroportlar, beynəlxalq hava limanları tikilib. Yeni magistral avtomobil yolları tikilir, dəmir yolları müasirləşdirilir. Son
bir neçə ildə dünyanın ən məşhur otel brendləri Azərbaycana gəlib, ölkədə çoxsaylı
beşulduzlu otellər
istifadəyə verilib.
Təməli 2009-cu ilin
sentyabrında Prezident
İlham Əliyevin iştirakı ilə qoyulan və Azərbaycan tarixində
ilk dağ-xizək kurortu
olan Qusar rayonundakı (Avropada ən iri) “Şahdağ”
Qış-Yay Turizm İstirahət Kompleksi, Qəbələdəki “Tufan”
Dağ-Xizək Qış-Yay
İstirahət kompleksi
Azərbaycanın turizmin
inkişafı sahəsində
əldə olunan uğurların miqyasını
göstərir. Dünya Turizm
Təşkilatının Baş
direktoru Taleb Rifai Azərbaycana üç dəfə səfər edib, hər gəlişi zamanı ölkəmizdə
çox böyük inkişaf proseslərinin şahidi olduğunu xüsusi məmnunluqla qeyd edir. Dünya Turizm Təşkilatının prezident
və ölkə başçılarının nitqindən
götürülmüş sitatların dərc etdiyi qızıl kitabda Azərbaycanın “Qızıl Kitab” hərəkatına ilk qoşulan
26 ölkədən biri
olduğu bildirilir, ölkəmizdə turizmin
inkişaf etdirilməsi
ilə bağlı bütün şəraitin
mövcud olduğu qeyd edilir, Prezident
İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət xüsusi vurğulanır.
Dünyada Azərbaycan kimi neft və qaz
hesabına varlanan ölkələrin daha sonra maliyyə və turizm mərkəzləri kimi inkişaf etdiyi məlumdur. Şərqlə Qərbin qovşağında
yerləşən Azərbaycan
həm gözəlliyi,
həm tarixi siması, həm də müasirliyi ilə fərqlənir.
Azərbaycanın 7000-dək mühafizə olunan yerli, ölkə və dünya əhəmiyyətli tarixi
abidə, mədəniyyət
və cəlbedici təbiəti var. 11 iqlim qurşağından 8-i Azərbaycandadır,
demək ki, ölkədə turizmi inkişaf etdirmək olar. Ümumi səylər nəticəsində
bu sektor ölkə iqtisadiyyatında
aparıcı sahələrdən
birinə çevrilə
bilər. Avropa və
Dünya çempionatları,
“Eurovision 2012” kimi müsabiqə
və turnirlər bizə ölkəmizi qonaqlara, turistlərə və dünya ictimaiyyətinə hərtərəfli
şəkildə təqdim
etməyə imkan yaradır.
Ölkədə turizm sektorundakı kadr ehtiyacını, eyni zamanda bu sektoru aparıcı sahəyə çevirmək üçün 2006-cı ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılmış ilk ikili diplom ilə təltif edən Azərbaycan Turizm İnstitutu fəaliyyət göstərir. İnstitutda hazırda yeddi kafedra – “Turizm biznesinin təşkili və texnologiyası”, “Turizmdə menecment və marketinq”, “Turizmdə informasiya texnologiyaları”, “İctimai fənlər”, “Turizmin linqvistik təminatı”, “İqtisadiyyat” və “İngilis dili” kafedraları mövcuddur. ATİ-də 11 ixtisas üzrə təhsil tədris olunur. Yarandığı gündən tədrisin təşkilini Boloniya prosesi standartları əsasında quran ATİ TQDK-nın 2007-ci il üçün Azərbaycanın ali məktəblərinin reytinq sıralamasında respublika üzrə üçüncü yerə, 2008-ci ilin göstəricilərinə əsasən 7-ci yerə, 2009-cu ilin göstəricilərinə əsasən isə 5-ci yerə layiq görülüb. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ATİ ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında “Turizm təhsili sahəsində beynəlxalq əməkdaşlıq müqaviləsi” və Akademik Müqavilə şərtlərinə əsasən I kursun sonunda IELTS proqramı üzrə 6 baldan yuxarı nəticə göstərən tələbələr 4 illik bakalavr təhsili müddətinin sonunda həm ATİ-nin, həm də Krems Tətbiqi Elmlər Universitetinin diplomlarını əldə edəcəklər. İki diplom almış tələbələr IMC Universitetinin magistrantı olmaq şansı ilə bərabər dünyanın istənilən ölkəsində işlə təmin olunmaq imkanı əldə edirlər. Elmi və ictimai fəaliyyətində gənc olduğu qədər də aktiv olan ATİ istər ölkə, istərsə də beynəlxalq səviyyədə bir çox konfransların iştirakçısı və təşkilatçısı, Avropa İttifaqının “Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi” proqramının qalibi olub. Proqram çərçivəsində ATİ Yunanıstan, Fransa, Latviya, Bolqarıstan, İtaliya, Portuqaliya və Niderlandın on altı ali təhsil müəssisəsi ilə mübadilə proqramı həyata keçirir. ATİ tələbələrə təhsil aldıqları dövrdə qazandıqları nəzəri bilik və bacarıqları praktikada tətbiq etmək üçün xarici ölkələrin ali təhsil müəssisələri, səfirliklər və beynəlxalq təşkilatlarla, həmçinin turizm sektorunda fəaliyyət göstərən dövlət və qeyri-dövlət təşkilatları ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası hüdudlarından kənarda təcrübə imkanı yaradır. ERASMUS MUNDUS proqramı çərçivəsində 5 tələbə müxtəlif xarici ölkələrdə təhsilini davam etdirir. Bundan əlavə, ATİ-nin nəzdində yaradılan Bakı Turizm Peşə məktəbinə 9-cu və 11-ci sinifləri bitirmiş, yaşından asılı olmayan şəxslər qəbul edilir. Azərbaycan və rus dillərində keçirilən, təhsil müddəti bir il olan Turizm agenti, Mehmanxanada qeydiyyatçı, Bələdçi (turizm növü üzrə), Milli park bələdçisi, Dağ – xizək turizm növü üzrə bələdçi, Kompüter operatoru, Aşpaz , Qənnadçı, Şirniyyatçı, Barmen-ofisiant, Mühasib, Xəzinədar (Bank işi), Bərbər ixtisasları üzrə kadrlar hazırlanır. Həmçinin Qəbələdə yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində, respublikada fəaliyyət göstərən Turizm və Otelçilik üzrə ilk Peşə Tədris Mərkəzində 14 yaşından yuxarı hər kəsə güzəştli şərtlərlə təhsil almaq imkanı yaradır. Turizm və otelçilik üzrə peşə ixtisaslı kadrların hazırlanması və regionda bu sahənin inkişafına yardım etmək məqsədilə Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi müxtəlif kurslar və Barmen-bufetçi, ofisiant, aşpaz, qənnadçı, otel nəzarətçisi, ekskursavod, qid-bələdçi, turist səfərlərinin təşkili üzrə sifarişlərin qəbulu agenti, otel xidməti, kastelyanşa, qapıçı, otel administratoru, mühasib, fərdi kompüter operatoru ixtisaslarını tədris edir.
Bütün bunları nəzərə
alaraq qeyd etmək olar ki, ölkəmizdə
turizm sahəsində köklü
islahatlar gedir.
Hazırda bütün Avropa
2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarına cəlb edilir,
oyunlara həvəsləndirilir, yayım
şirkətləri və KİV üçün
xüsusi təqdimat keçirilir.
Turizm sahəsinin
əsas göstəriclərindən biri kimi də yüksək tolerantlıq və
qonaqpərvərlik mədəniyyətini qeyd
etsək yanılmarıq. Çünki turizm elə bir sahədir ki, onu cəlbedici etmək
üçün həm yüksək səviyyəli
infrastruktur, həm də xidmət göstərən
adamlarda xüsusi turizm mədəniyyəti tələb edir. Turizm sektorunun
prioritet sahə olduğunu
və bu sektorun
inkişafının bütün sahələrə
təsir göstərdiyini nəzərə alsaq,
hər bir kəs turizm
sektorunun inkişafında maraqlı
olmalıdır. Eyni zamanda biz buna bir vətəndaş kimi diqqət etməliyik, çünki
ölkəmizə gələn turistlərə yüksək mədəniyyət,
tolerant və qonaqpərvər münasibət
onlarda ölkəmiz, mədəniyyət
və tariximiz haqqında yüksək fikir formalaşdırmaqla Azərbaycanı təbliğ
etmiş oluruq.
Qarşıdan gələn “Bakı 2015” Avropa
Oyunları zamanı ölkəmizə təşrif buyuran turistlərə yüksək xidmət və
mədəniyyət nümayiş etdirməklə
turizmin inkişafına çox
böyük təkan vermiş
olarıq. Media və kütləvi informasiya
vasitələrinin nümayəndələri ölkənin turizm potensialının təbliği, daxili turizm mədəniyyətinin
populyarlaşdırılması sahəsinin inkişafına
xidmət edə biləcək ekspert rəylərinin
toplanması və ölkə ictimaiyyətinin maariflənməsinə
kiçik bir dəstək vermiş olarsa,
gələcək nəslimiz olan
uşaqların bu gəlirli və geniş sektordan
faydalanmaları üçün Azərbaycan
turizminə və eyni zamanda
dövlətin inkişafına töhfə vermiş
olar. Çünki turizm mədəniyyətdir, turizm
tarixdir, turizm təbliğatdır,
turizm iqtisadiyyatdır.
Fərhad Abdulov
Palitra.-2014.-25 noyabr.-S.15.