“Gənc nəsli əvvəlcə
milli dəyərlərə, sonra vətəndaş cəmiyyətinə
kökləmək lazımdır”
Faiq Ələkbərov:<b> “Bu məsələdə müəllimlərin,
mətbuatın,
valideynlərin -
bütövlükdə cəmiyyətin üzərinə böyük yük düşür”
Hazırkı
dönəmdə uşaqlar və gənclərin
mənəvi inkişafını arzuolunan
istiqamətdə təmin etmək üçün
onlara hansı dəyərlərin təbliğ
edilməsi məsələsinə son dərəcədə
ciddi önəm verilməlidir. Bəzi hallarda buna barmaqarası
baxılması az sayda
da olsa,
uşaqların və gənclərin xoşagəlməz dairələrin
təsiri altına düşməsi ilə nəticələnir.
Bu barədə layihə çərçivəsində qəzetimizə fikirlərini bildirən AMEA Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru, dosent Faiq Ələkbərov qeyd edir: “Özəlliklə, bəzi uşaqların və gənclərin sözdə “dini ideyalar”, “bəşəri ideyalar” və s. adlar altında doğru yollardan azdırılması niyyəti özünü büruzə verir. Bu formada, sözdə “dini ideyalar”, “bəşəri ideyalar” adı altında müxtəlif cür təbliğatlar bəzi uşaqlar və gənclər arasında daha erkən yaşlarında başlayır ki, bununla da «beynin yuyulması» prosesi baş verir. Əlbəttə, hansısa təriqətlərin, qrupların təsiri altına düşən gənclər yetkinlik yaşına çatdıqda artıq, müstəqil düşünməyə çətinlik çəkir və şüur baxımdan asılı vəziyyətə düşür. Xüsusilə, bu zaman hansısa təriqətlərin, qrupların,qeyri-ənənəvi dini cərəyanların «şüur»larının milli və dövlətçilik şüurundan üst mövqeyə çıxarmağa çalışılması, istənilən dövlət, o cümlədən Azərbaycan kimi müstəqilliyini yenicə barpa etmiş bir dövlət üçün çox təhlükəlidir”.
“Uşaqlar və gənclər özləri üçün yeni bir dönəmi hazırlamış olurlar”
Alim düşünür ki, bu məsələdə yaşlı və gənc nəsil arasındakı düşüncə ziddiyyətləri də mühüm rol oynayır. Belə ki, nəsillər arasındakı ideoloji və sosial düşüncə ayrılığı “dini ideyalar”, “bəşəri ideyalar” və bu kimi məsələlərə münasibətdə fərqli nəticələr ortaya qoyur. Hər halda, gənc nəsil demokratiyaya, vətəndaş cəmiyyətinə, hüquqi dövlətə daha çox meyil etdiyi halda, yaşlı nəslin xeyli bir qismi onu qəbul etmir, yaxud da etmək istəmir: “Şübhəsiz, bunlar ilk növbədə ictimai şüurla, ictimai psixologiya ilə bağlıdır. Başqa sözlə, ictimai şüurun səviyyəsindən asılı olaraq demokratiyaya, vətəndaş cəmiyyətinə münasibət birmənalı deyildir. Məsələn, yaşlı nəslin bir qisminin demokratik düşüncə tərzinə antipatiyası əvəzində kommunizmə müsbət münasibətinin əsasında Sovetlər Birliyi dövrü və şəraiti, sovet ideologiyası dayanır. Bu, başqa cür də ola bilməz.
Xüsusilə, yaşlı nəslin böyük bir qisminin kommunizm dedikdə, marksizm banilərinin kommunizminə deyil, sadəcə «stalinsayağı kommunizm»ə tapınmaları ideyaya bağlılıqdan daha çox, dövrün reallıqları və gerçəklikləri ilə bağlıdır. Bu, artıq ideyaya olan könüllü sevginin təzahürü ola bilməz. Burada zorakılıq və həmin zorakılığın «sevgiyə» çevrilməsi prosesi açıq şəkildə özünü büruzə verir. Bunun da nəticəsidir ki, yaşlı nəslin xeyli qismi faktiki olaraq «kommunizmi» unuda bilmir, unuda bilmədiyi üçün də yeni dövrün tələblərinə kapitalizmin ünsürü kimi yanaşır. Bütün bunlar yaşlı nəslin əksəriyyəti üçün yalnız mənfi amillərdir.
Ancaq gənc nəslin, yəni sovet mühiti ilə ya çox az bağlı olanlar, ya da ümumiyyətlə bağlı olmayanların demokratiyaya, milli demokratiyaya, vətəndaş cəmiyyətinə münasibəti xeyli dərəcədə fərqlidir. Bu da onların mənəvi inkişafı ilə xeyli dərəcədə əlaqəlidir. Bunun da başlıca iki səbəbi var:
1) «Kommunizm ideologiyasından, sovet mühitindən xeyli fərqli bir şəraitdə yetişmələri və demokratiyaya və vətəndaş cəmiyyətinə keçid, yaxud demokratiya və hüquqi dövlət quruculuğu dövründə yaşamaları;
2) Azərbaycanda demokratiya və vətəndaş cəmiyyəti ənənələri, xüsusilə Azərbaycan Cümhuriyyəti dövründəki milli demokratiya və vətəndaş cəmiyyəti ideyaları ilə tanışlıq.
«Sovet kommunizmi» (sovet) ideologiyası mühitində yetişməyən, onu görməyən, ya da çox az görən faktiki olaraq təsir dairəsi az olan gənc nəslin « kommunizm» və demokratiyaya münasibəti yaşlı nəslin nümayəndəsindən xeyli dərəcədə fərqlidir. Ən azı yeni dövr nəslinin, gənclərinin düşüncəsində pis və yaxşı fərq etməz, «rus kommunizmi» xülyası və sovet beynəlmiləlçiliyi ideologiyası yoxdur. Digər tərəfdən hər bir gənc pis və yaxşı yaşadığı dövrün, mühitin, təhsilin və mədəniyyətin yetişdirməsidir. Doğrudur, yeni nəslin arasında da elələri var ki, sözün həqiqi mənasında milli dövlətçilik, vətəndaş cəmiyyəti anlayışlarını dərk etməkdə çətinlik çəkirlər. Ancaq belə gənclərin «kommunizm» haqqında da təsəvvürləri demək olar ki, yox dərəcəsindədir. Bu mənada, həmin gənclərin də təsəvvürlərinin demokratiya, milli demokratiya, vətəndaş cəmiyyəti lehinə yönəlməsi ümidi çoxdur.
İkincisi, gənc nəslin yaşlı nəsildən fərqli olaraq ibtidai və orta məktəblərdən başlayaraq ümumi şəkildə də olsa, demokratiya, milli demokratiya, vətəndaş cəmiyyəti, hüquqi dövlət anlayışlarını mənimsəmək şansları var. Özləlliklə, «Azərbaycan tarixi» , “İnsan və Cəmiyyət” və b. fənlərin vasitəsilə demokratiya, milli demokratiya, vətəndaş cəmiyyəti, hüquqi dövlət anlayışlarının Azərbaycanda təşəkkülü və inkişafını görürlər. Eyni zamanda, gənc nəslin imperiya müstəmləkəçilik mühitində və təhsilində deyil, müstəqil Azərbaycan mühitində və təhsilində bu anlayışları mənimsəməsi də vacib amillərdəndir. Məsələn, Azərbaycan Cümhuriyyəti dövründəki milli demokratlarla tanışlıq, onların ideyalarının öyrənilməsi gənc nəslin şüurunun formalaşmasında xeyli dərəcədə müsbət təsir göstərir. Gənc nəsil anlayır ki, yaxın tarixdə demokratiya, milli demokratiya, vətəndaş cəmiyyəti, hüquqi dövlət və bu kimi anlayışlara münasibətdə onların ata-babaları hansı yolu tutmuşlar! Deməli, Sovetlər Birliyi dövrünü görmüş yaşlı nəsildən fərqli olaraq gənc nəslin bu ideyaları müqayisə etmək şansları da var.
Ümumuyyətlə, bu cür ziddiyyətlərin mövcudluğu, üstəlik modernləşmə, postmodernləşmə və vətəndaş cəmiyyəti ideyalarının da yayıldığı bir dövrdə gənc nəslin milli şüurunun formalaşması prosesinin mümkün qədər “dini ideyaların” “bəşəri ideyaların” və s. təsirindən kənarda həyata keçirilməsi heç də asan deyil. Ən azı ona görə ki, cəmiyyətin bir qismi, xüsusilə də bəzi gənclər və yeniyetmələr gerilikçi düşüncədən tamamilə qurtulub milli demokratiyaya, vətəndaş cəmiyyətinə uyğunlaşmadığı bir dövrdə, bu cür ideyaların da təsirinə məruz qalır. Bu isə, istər-istəməz gənc nəsil arasında milli şüurun formalaşması və təkmilləşməsi prosesini ləngidir”.
Alimin fikrincə, milli şüurun formalaşması prosesinin başa çatmaması fonunda, buna alternativ olaraq Azərbaycan cəmiyyətində kənar “dini ideyalar”, “bəşəri ideyalar” və bu cür qeyri-milli şüur formaları toplumun ayrı-ayrı təbəqələrinə bu və ya digər dərəcədə təsir göstərir. Hər halda milli şüuru tam formalaşmayan toplum istər-istəməz alternativ ideyalara az-çox məruz qalırlar. Bu, xüsusilə gənc bir dövlət üçün çox incə məsələdir: “Fikrimizcə, bütün bunların fonunda gənc nəsli demokratiyaya, vətəndaş cəmiyyətinə, hüquqi dövlətə hazırlamaq prosesi son dərəcə önəmlidir. Bu məsələləri həyata keçirərkən milli-mənəvi dəyərlərı heç bir zaman gözardı etməməliyik. Uşaqlar və gənclər milli-dini dəyərləri dərk etmədən demokratiya, vətəndaş cəmiyyəti, hüquqi dövlət kimi anlayışlara özü kimi baxa bilməz. Yəni gənclərin bu anlayışlara milli bir baxışı olmalıdır. Gənclər milli-dini dəyərləri tam mənimsəməyə hazır olmadan, “demokratiya və vətəndaş cəmiyyətinə hazırıq” demək yanlışlıq olardı. Başqa sözlə, vaxtından əvvəl bu cür hökmlər çıxarmaq doğru deyildir. Vaxtilə Sovetlər Birliyi dönəmində də kommunizm haqqında da eyni hökmlər çıxarılmışdı. Ancaq sonra məlum oldu ki, nəinki biz kommunizm dövründə yaşamamışıq, əksinə həmin dövr hərbi diktatura rejimindən başqa bir şey olmayıb.
Doğrudur, biz razılaşırıq ki, demokratiya, o cümlədən vətəndaş cəmiyyəti və kommunizm fərqli ideyalardır. Ona görə də, bunların arasında bərabərlik işarəsi qoymaq yanlışdır. Ancaq məsələyə daha obyektiv və elmi yöndən yanaşsaq, görərik ki, istənilən müsbət ideya belə, vaxtında və müəyyən təkamül əsasında tətbiq olunmursa, o, cəmiyyətə zərər verir. Bu mənada, kommunizm özünün mənfi cəhətlərinə baxmayaraq, müəyyən təkamüldən sonra həyata keçirilsəydi, eyni zamanda Rusiya imperiya maraqlarının alətinə çevrilməsəydi,vəziyyət müəyyən qədər fərqli ola bilərdi. Bir sözlə, istənilən halda formallıq və qanunların kağız üzərində qalması nə kommunizm, nə demokratiya, nə də vətəndaş cəmiyyətinin mahiyyəti ilə bağlı deyildir. Özəlliklə, uydurma kommunizm dövrünü yaşamış xalqların, yenidən uydurma vətəndaş cəmiyyəti, yaxud da uydurma demokratiya dövrünü yaşamasının nə mənası var?
Demək istədiyimiz əsas məsələ odur ki, gənc nəslin şüurunu əvvəlcə milli-dini dəyərlərə, daha sonra demokratiyaya,
vətəndaş cəmiyyətinə kökləmək, onun əsl mahiyyətini çatdırmaq
lazımdır. Bu məsələdə
müəllimlərin, mətbuatın, valideynlərin
bütövlükdə cəmiyyətin üzərinə böyük yük düşür. Uşaqlar
və gənclər məhz bu amillər arasında
yetişərək, özləri üçün
yeni bir dönəmi
hazırlamış olurlar”...
İlkin AĞAYEV
Palitra.-2014.-25 noyabr.-S.11.