“Dünya miqyasında
tanınmış iqtisadçı kimi
yetişmək istəyirəm”
Heydər Abdullayev: “Prezidentin gənclərə
göstərdiyi qayğıya görə Ərzurumda bizlərə
həsəd hissi ilə baxırlar”
Qəzetimizin
xaricdə təhsil alan gənclərlə
bağlı layihəsi çərçivəsində
növbəti müsahibi Türkiyənin
Ərzurum Universitetinin Menecment
və İdarəetmə fakültəsinin tələbəsi
Heydər Abdullayevdir:
-Mən 1996-
cı ildə Salyan şəhərində
anadan olmuşam.
2013-cü ildə 2-ci ixtisas qrupu üzrə müvəffəqiyyətlə
imtahan verərək Atatürk
adına Ərzurum Dövlət Universitetinin
tələbəsi olmuşam. Erkən
yaşlarımdan qardaş Türkiyə
Cümhuriyyətinə, ümumiyyətlə türk
xalqları tarixi və mədəniyyətinə
olan böyük
marağıma görə, bu ölkədə
təhsil almaq qərarına gəlmişdim.
Ona görə də böyük
həvəslə Atatürk adına
Ərzurum Dövlət Universitetinin Menecment və İdarəetmə fakültəsinə
daxil oldum. Hazırda
II kursda təhsil alıram.
- Təhsil
aldığınız ixtisasla
bağlı hazırda hansı yeni biliklər
əldə etmək imkanı yaranıb?
- Təhsil aldığım ixtisasla bağlı olaraq istehsalın idarə edilməsinin keyfiyyətcə yeni, daha səmərəli, bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq yeni idarəetmə metodlarını öyrənməyə çox gözəl şərait yaranıb. Deməliyəm ki, bu baxımdan qardaş ölkənin iqtisadiyyatının bir çox xüsusiyyətləri, detalları ölkəmizin müvafiq strukturlarına uyğun gəldiyindən həmin sahələrə daha çox diqqət yetirirəm. Bu ilin aprel ayında Polşanın Krakov, mayında isə İstanbul Universitetlərinin müəllim kollektivi nümayəndələri təhsil aldığım Ərzurum Universitetində olub, müvafiq ixtisasların və fənlərin daha səmərəli tədrisi, onların incəliklərinin tələbələrə çatdırılması üçün uyğun tədris metodlarının işlənib hazırlanmasından ötrü təcrübə mübadiləsi ediblər. Şübhəsiz ki, belə görüşlərin, təcrübə mübadilələrinin keçirilməsi nəticə etibarı ilə biz tələbələrin də dünyagörüşünün, bilik və səriştələrinin artırılmasında mühüm rol oynayır.
-Ərzurum
Universitetində təhsil alan azərbaycanlı
tələbələr öz təhsili ilə
fərqlənə bilirmi?
- Oradakı azərbaycanlı tələbələrlə çox səmimi və isti münasibətlərim var. Deməliyəm ki, ilk vaxtlardan onlar Azərbaycandan gəldiyimi biləndən sonra mənə qarşı çox doğma və yaxın münasibət bəsləyir, darıxmağa qoymur, dərslərimdə, bir çox hallarda lazımi kitabları tapmaqda və seminarlara hazırlaşmaqda çox kömək edirdilər. Onların təcrübələrini indi də həvəslə öyrənirəm. Qeyd etməliyəm ki, oradakı tələbələrimiz öz təfəkkür və çalışqanlıqları ilə yaxşı mənada çox fərqlənir və Vətənimizin ad-sanını daim yüksəklərə qaldırmağa çalışırlar.
Düzü, dərslərimin çoxluğundan diaspor təşkilatlarına, onların keçirdikləri tədbirlərə qatılmağa o qədər də vaxtım olmur. Lakin gələcəkdə əgər imkan olarsa diaspor təşkilatlarında iştirak etmək, Vətənimizi, xalqımızı xaricdə daha çox tanıtdırmaq imkanından istifadə etmək arzusundayam.
Boş vaxtlarımız o qədər çox olmasa da, imkan tapan kimi oradakı tələbələrimizlə birlikdə müxtəlif idman növləri-futbol, voleybol, basketbol, tennis, güləş və s. kimi idman növləri üzrə yarışlar keçiririk. Həm də bu yarışlarda bacardığımız qədər respublikamızın şərəfini uca tutmağa çalışır, ölkəmizdə idmanın müxtəlif növlərinin kifayət qədər inkişaf etdiyini sübut etməyə çalışırıq.
- Siz
bu gün dövlətin
gənclər siyasəti, onlara göstərilən
diqqət və qayğı ilə bağlı nə deyərdiniz?
- Hesab edirəm ki, hazırda ölkəmizin, xüsusilə başda Prezidentimiz İlham Əliyevin gənclərlə bağlı yeritdiyi siyasət ən xoş sözlərə, ən yüksək səviyyədə təriflərə layiqdir. Deməliyəm ki, mənimlə bərabər Ərzurumda bir çox postsovet, eləcə də digər ölkələrin nümayəndələri təhsil alırlar. Tam səmimiyyətlə demək istərdim ki, onlar bizim vəziyyətimizə, xüsusilə Prezidentimizin gənclərə göstərdiyi qayğıya görə bizlərə, biz azərbaycanlılara böyük həsəd hissi ilə baxırlar. Xüsusilə idmançılarımızın müxtəlif beynəlxalq idman yarışlarında - dünya çempionatlarında, Olimpiya Oyunlarında müvəffəqiyyət qazanmaları ölkəmizdə Prezidentimiz tərəfindən idmana, gənclərə necə böyük qayğı göstərməsi haqqında yuxarıda dediklərimizi bir daha əyani şəkildə sübut edir.
-Gələcəkdə
təhsilinizi davam etdirmək niyyətiniz
varmı və çalışmaq üçün
hansı ölkəni seçmək niyyətindəsiniz?
- İnşallah, gələcəkdə mütləq magistraturaya daxil olmaq, Vətənimiz, xalqımız üçün yüksək səviyyəli, dünya miqyasında tanınmış iqtisadçı - mütəxəssis kimi yetişmək istərdim. Qismət olarsa, Kembric Universitetinin magistraturasında oxumaq ən böyük arzumdur. Gələcəkdə müstəqillik yollarında inamlı addımlarla irəliləyən, iqtisadi inkişafına görə dünyanın ən aparıcı ölkələrinin belə həsəd hissi ilə izlədikləri respublikamızın iqtisadiyyatına öz layiqli töhfəmi vermək istərdim.
-Boş
vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Boş vaxtlarımda
mütaliə ilə məşğul oluram.
Xüsusilə tarixi romanlara meylim daha çoxdur. Asudə vaxtlarımda
idmanla da həvəslə məşğul
oluram. Daha çox boks
idman növünə
meyilliyəm. İmkanım daxilində trenajorla, güllə atıcılığı
ilə də məşğul olmaq istərdim. Hesab edirəm ki,
müasir dünyanın
yüksək səviyyəli
mütəxəssisi hökmən
hərtərəfli inkişaf
etmiş şəxsiyyət
olmalıdır.
- Ümumiyyətlə,
gənclər ölkəmizin
inkişafına hansı
töhfələri verə
bilərlər?
- Gənclər hər bir ölkədə olduğu kimi Azərbaycanda da dövlətimiz üçün
böyük əhəmiyyət
kəsb edirlər. Xüsusilə xaricdə təhsil alan
tələbələrimiz bu
işdə daha önəmli rol oynayırlar. Avropanın inkişaf etmiş
ölkələrində oxuyan
gənclər ölkəmiz
üçün elmin,
təhsilin inkişafına
daha böyük töhfələr verə
bilərlər. Həmin ölkələrin
təhsilində olan uğurları ölkəmizin
təhsil sisteminə tətbiq etməklə bu sahədə daha çox fərqlənmək imkanına
malikdirlər. Doğma Azərbaycanımızda
gənclərin inkişaf
etməsi üçün
hər cür şərait yaradılıb
və biz gənclər
də bundan məharətlə istifadə
etməliyik. Təsadüfi
deyil ki, bu barədə möhtərəm Prezidentimiz
çıxışlarından birində deyib: “Müasir dünyada hər şeyi elm, bilik, savad həll
edir”.
- Sizin təhsil aldığınız
sahə ölkəmiz
üçün nə
dərəcədə önəmlidir?
Siz bir gənc kadr
kimi bu istiqamətdə
fəaliyyətinizi necə
qurmaq istərdiniz?
- Mənim təhsil aldığım sahə ölkəmiz üçün
böyük əhəmiyyət
kəsb edir. Belə ki, istər menecmentlikdə, istərsə
də idarəetmədə
kadr azlığı özünü qabarıq
şəkildə göstərir.
Təsadüfi deyil ki, bu barədə yaxınlarda Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev də özünəməxsus uzaqgörənlik
və prinsipiallıqla
bəhs edib. Düşünürəm ki,
yenə biz gənclərin
öhdəsinə böyük
iş düşür.
Təhsil sahəsində uğur
qazanmaqla biz, kadr azlığı problemini həll edə bilərik. Gələcəkdə bu sahədə
daha böyük nailiyyətlər qazanmaq üçün mənim də öz planlarım var. Hesab edirəm ki, nə qədər qəribə səslənsə
də daha çox savadlı kadrlarla işləmək lazımdır. Yaşı ötmüş
bəzi kadrların sayını azaltmaq isə artıq zamanın tələbidir.
-Hazırda Təhsil
Nazirliyi tərəfindən
2015-2020-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə yeni Dövlət Proqramı hazırlanır. Bu Dövlət
Proqramında bəzi yeniliklər olacaq. Belə ki, yeni
proqramda bakalavriatdan sonrakı səviyyələrdə
təhsil alan,
elm sahəsində çalışan
gənclərə üstünlük
veriləcək. Siz bu sahədə hansı təkliflərlə çıxış
etmək istərdiniz?
- İlk növbədə
bakalavrdan sonra elm sahəsində çalışacaq
gənclərin mənzillə,
kifayət qədər
yüksək əməkhaqqı
ilə təmin olunmalarını təklif
etmək istərdim. Belə ki,
yalnız bu yolla gənclər arasında elmə, elmi tədqiqatlara meyil yaratmaq olar. Hazırda dünya miqyasında
ən yüksək səviyyədə inkişaf
etmiş ölkələrin
keçdikləri yola
nəzər salsaq onların da əvvəlcə gənclərə,
gənc mütəxəssislərə
qayğı göstərməklə
belə nailiyyətlərə
imza atmalarının şahidi olarıq.
-Ərzurumun Azərbaycanla
oxşar və fərqli cəhətləri
barədə deyərdiniz. Hansı maraqlı,
görməli yerləri
var?
- Hazırda Ərzurum şəhərində özümü
o qədər də qərib hiss etmirəm. Belə ki, ölkələrimiz arasında dil və din birliyinin, eləcə də oxşar adət - ənənələrin olması
mənə orada özümü tam rahat və evdəki kimi hiss etməyə imkan verir. Lakin deməliyəm ki, orada din amili özünü daha qabarıq şəkildə
göstərir. Təhsil
aldığım Ərzurum
şəhərində bir
neçə maraqlı,
diqqəti cəlb edəcək yerlər var.
Belə ki, Ərzurumun Ilıca qəsəbəsində qeyri-adi
bir hamam var. Suyu yerin dərinliklərindən
çıxan bu hamamın qəribəliyi
ondadır ki, yel, mədə - bağırsaq, oynaq, öd - kisəsi xəstəliklərindən əziyyət
çəkən insanlar
bu hamamda bir neçə dəfə çimdikdən
sonra əhvallarında
çox böyük irəliləyiş olduğunu,
xəstəliyin sağalmasını
bildirirlər. Ərzurumun qeyri
- adi yerlərindən
biri də Tortum şəlaləsidir.
Ərzurumun Uzundərə qəsəbəsindəki
bu şəlalə Tortum çayının üzərində, Tortum gölünün sonunda yerləşir. 48 metr hündürlükdən
axıb tökülən
bu şəlalə öz əzəməti və gözəlliyi ilə ona baxanları
valeh edir. Bu baxımdan təsadüfi deyil ki, hər
il xarici
ölkələrdən bu
şəlaləyə baxmaq
üçün çoxlu
turistlər gəlirlər.
Yeri gəlmişkən, bu şəlalə 1952 - 1960 - cı
illərdə Uzundərə
qəsəbəsi sakinlərinin
elektrik enerjisinə olan tələbatını
artıqlaması ilə
ödəyib. Belə gözəl
məkanları olan bir şəhərdə təhsil almaq mənim üçün də maraqlıdır.
Nigar Abdullayeva
Palitra.-2014.-25 noyabr.-S.6.