“Türkiyə universitetləri ilə ortaq layihələrdə iştirak edirik

 

Aygül Hacıyeva: “Türkiyə gənclərinə Azərbaycanın elm, təhsil, mədəni-tarixi hadisələri haqqında məlumatlar çatdırmaq mərkəzimizin əsas fəaliyyət proqramına daxildir”

 

Müsahibimiz Bakı Slavyan Universiteti Türkiyə Araşdırmaları Mərkəzinin müdiri, Türkologiya kafedrasının dosenti, Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmalar şöbəsinin böyük elmi işçisi Aygül Hacıyevadır:

- Aygül xanım, Türkiyə Araşdırmaları Mərkəzi fəaliyyətində hansı işlərə imza atıb?

- Müsahibəmi ümummilli lider Heydər Əliyevin Bakı Slavyan Universiteti haqqında bu sözləri ilə başlamaq istərdim: “Bu universitetin böyük gələcəyi, böyük perspektivləri var... Biz bu universitetə çox böyük ümidlər bəsləyirik”. Ulu öndərimizin uzaqgörənliklə dediyi bu sözlər uzun illərdir ki, özünü doğrultmaqdadır. Bu gün Bakı Slavyan Universiteti unikal təhsil və mədəniyyət mərkəzi olaraq, yalnız slavyan xalqlarının deyil, Avropa və Şərq xalqlarının da mənəvi dəyərlərini tədqiq edir. Nizamnaməsində yalnız tədris, təhsil məsələləri ilə məhdudlaşmayan Bakı Slavyan Universiteti tələbələrə dünyaya daha geniş prizmadan baxmaq vərdişlərini aşılayır.

Verdiyiniz suala gəlincə, ona cavab vermədən öncə, Bakı Slavyan Universiteti Türkiyə Araşdırmaları Mərkəzinin yaradılmasına qısa ekskurs etmək istərdim. Türkiyə Araşdırmaları Mərkəzi Bakı Slavyan Universiteti ilə Türkiyə Cümhuriyyəti Başbakanlık DilTarix Yüksək Qurumu, Atatürk Kültür Mərkəzinin maddi və mənəvi dəstəkləri, birgə səyi və əməkdaşlığı sayəsində 3 may 2004-cü ildə yaranıb. Mərkəzin açılmasında əsas məqsəd Türkiyəni Azərbaycanda və Universitetimizin əməkdaşlıq etdiyi digər ölkələrdə ən doğru şəkildə təqdim etmək, eyni zamanda Türkiyə və türk dünyası ilə maraqlanan insanları, onların araşdırmalarını Türkiyə ictimaiyyətinə yaxından tanıtmaqdır. Əsas məqsədimiz, universitetdə mövcud olan digər mərkəzlərlə əlaqələr yaradaraq, elmi konfranslar keçirmək, müxtəlif sahələrdə Türkiyəni, türk dili və ədəbiyyatını, onun tarixini, mədəniyyətini hərtərəfli tanıtmaqdır. Türkiyə universitetləri ilə ortaq layihələrdə iştirak etməklə bərabər, eyni zamanda Türkiyə gəncliyinə Azərbaycanın elm, təhsil, mədəni-tarixi hadisələri haqqında məlumatlar çatdırmaq mərkəzin əsas fəaliyyət proqramına daxildir. Bu sahədə bir sıra işlər görülməkdədir. Belə ki, Türkiyə Araşdırmaları Mərkəzində il ərzində hər iki ölkənin milli ənənəvi bayramları ilə əlaqədar olaraq müxtəlif tədbirlər, Türkiyənin dövlət, elm və mədəniyyət nümayəndələri ilə görüşlər, elmi konfranslar keçirilir. Hazırda müntəzəm olaraq elmi seminarlar, müxtəlif aktual mövzulara həsr olunmuş dəyirmi masalar və Türkiyənin qabaqcıl universitetlərindən dəvət olunan professor və müəllimlərin bizim tələbələr üçün ustad dərsləri təşkil olunur.

Türkiyə Araşdırmaları Mərkəzi 1000-ə yaxın elmi-kütləvi vəsaiti olan kitabxanamüasir texniki avadanlıqlarla, internet resursları ilə təchiz olunub. Universitetin Türkiyə və Balkan ölkələri üzrə təhsil alan tələbələri Türkiyə və onun dünya sistemindəki yeri, eləcə də Türkiyə-Azərbaycan tarixiinkişaf perspektivləri ilə maraqlananlar bu imkanlardan hərtərəfli və məqsədəuyğun şəkildə istifadə etməkdədirlər.

Universitetimizdə imza atdığımız layihələr haqqında isə onu deyərdim ki, həyata keçirilən layihələrdən biri Bakı Slavyan Universiteti və Türkiyə Universitetlərinin birgə imza atdıqları müqavilələr əsasında tələbələrimizin türk dili və ədəbiyyatını, Türkiyənin tarixini, türk xalqının həyat və məişətini, mədəniyyətini öyrənmək məqsədilə Türkiyəyə göndərilməsidir. Qohum dilləri öyrənmək çox asandır - deyə, yanlış düşünənlər çoxdur, amma bu, təbii ki, belə deyil. Onu deyim ki, bir dili öyrənmək üçün onu həm də hiss etmək lazımdır. Bunun üçün isə öyrənilən dili yaşadan ölkədə olmaq, bu ortamda ən az bir ay müddətində yaşamaq, dilin ruhunun hiss edilməsi üçün mütləqdir. Əminəm ki, universitet rəhbərliyinin böyük ümidlər bəslədikləri bu müqavilələr artıq öz töhfələrini verməkdədir. Bu ənənəni 2013-cü ilin mart ayında imza atdığımız “Mevlana Değişim Programı”nda da davam etdiririk. Belə ki, ötən ilin noyabr-dekabr aylarında bu proqram çərçivəsində Qazi Universitetinin Ədəbiyyat fakültəsində dərslər vermişəm. Nəzərinizə çatdırım ki, “Mevlana Değişim Programı” Türkiyənin yurd içində təhsil verən ali təhsil müəssisələri ilə xaricdə təhsil verən ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini həyata keçirir. Proqramın fəaliyyətindən Türkiyənin Qazi Universitetində bir il müddətində bəhrələnən tələbələrimiz geri dönərək, hazırda doğma universitetlərdə təhsillərini davam etdirməkdədirlər. Eləcə də, qarşılıqlı olaraq, Qazi Universitetinin tələbə-müəllim heyəti universitetimizdə olub, bu proqramda iştirak ediblər.

- Elmi araşdırmalarınızda ən çox hansı sahələrə üstünlük verirsiniz?

- Elmi araşdırmalara gəlincə, ümumiyyətlə, dil tarixi sahəsi ilə daha çox maraqlanıram. Hazırda “Ruhi Bağdadi “Divanı”nın dili” adlı doktorluq dissertasiyası üzərində işimi tamamlamaq üzrəyəm. Bununla belə, türk dillərinin leksikologiyası, morfologiyası və sintaksisi məsələləri haqqında yazılan elmi əsərləri, monoqrafiyaları mütəmadi olaraq diqqətlə izləyirəm. Təbii ki, bu barədə yetərli məlumat almaq üçün təkcə internet saytları, kitabxanalar kifayət etmir. O zaman köməyimizə qardaş türkdilli ölkələrlə universitetimizin qurduğu işgüzar əlaqələr gəlir. Bütün türk dünyası üçün önəmli əhəmiyyət daşıyan Türk Dil Qurumu və Vəqfinin zəngin resurslarından istifadə edirəm. Türkiyə Cümhuriyyətinin müxtəlif şəhərlərində türk dilləri və ədəbiyyatı məsələlərinə həsr olunmuş simpozium, konfrans və konqreslərdə də iştirak etmək elmi araşdırmaların geniş sahələrdə aparılmasına böyük yardım edir.

- Həyata keçirdiyiniz layihələrdə diqqət etdiyiniz xüsusiyyət hansılardır?

- Bakı Slavyan Universitetinin Türkiyə universitetləri ilə həyata keçirdiyi birgə layihələrin gerçəkləşdirilməsi üçün bir sıra işlər görülməkdədir. Hər iki dövlətin universitetləri arasında əməkdaşlığın müxtəlif istiqamətləri, birgə görülən işlərin nəticələri müntəzəm olaraq müzakirə edilir. Bunun üçün dünyanın müxtəlif regionlarında, o cümlədən, Avropada yaşayan türklərin müasir dövrdəki vəziyyəti, onların problemləri, türk xalqları üçün ortaq olan milli-mənəvi dəyərlər öyrənilir, onların qarşısında duran vəzifələr müəyyənləşdirilir, bu barədə fikir mübadiləsi aparılır. İki qardaş dövlət arasında elm, mədəniyyət və təhsil əlaqələrini daha da inkişaf etdirmək, möhkəmləndirmək məqsədi ilə Bakı Slavyan Universiteti və Türkiyə universitetləri arasında mütəmadi olaraq əməkdaşlıq müqavilələrinin imzalanmasına böyük diqqət verilir. Hər iki dövlətin universitetləri arasında təhsil, elm, elmi-tədqiqat, ortaq elmi layihələr, tələbə və müəllim mübadiləsi, eləcə də təhsil və elm sahəsində, başqa qarşılıqlı maraq doğuran sahələrdə birgə tədbirlərin həyata keçirilməsi üçün bu cür əməkdaşlıq müqavilələrinin müstəsna əhəmiyyəti vardır. Onu da qeyd edim ki, belə müqavilələrdən ən möhtəşəmi 28 aprel 2010-cu ildə Türkiyənin Milli İstiqlal Savaşının qəhrəmanı Kazım Karabəkir Vəqfinin Bakı Slavyan Universiteti Türkiyə Araşdırmaları Mərkəzində “Kazım Karabekir Paşa” guşəsinin açılması oldu. Bu guşənin açılması isə Bakı Slavyan Universiteti və Vəqf arasında elmi-mədəni əlaqələr üzrə birgə əməkdaşlıq müqaviləsinin imzalanmasına vəsilə oldu. Bu tarixi müqavilənin imzalanmasında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri, Əməkdar elm xadimi, akademik Kamal Abdullayev, Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev, Universitetin xarici əlaqələr üzrə prorektoru, millət vəkili, professor Sahibə xanım Qafarova, Kazım Karabəkir Paşanın qızı Hayat Karabekir Feyzioğlu, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, ATƏT-in Bakı ofisinin o zamankı sədri Bilge Cankorel, Kazım Karabəkir Paşanın nəvəsi İclal Cankorel, Türkiyə Səfirliyi Təhsil Müşaviri, Mədəniyyət müşaviri, Hərbi Attaşe, TUSİAB, TİKA Bakı ofisinin rəhbərləri, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Əməkdar elm xadimi, akademik T. Hacıyev, millət vəkili professor Jalə Əliyeva, yazıçı Güllü Məmmədova, AMEA-nın Elmi işlər üzrə direktor müavini, professor Məhəbbət xanım Mirzəliyeva, Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, dosent Şəkər Orucova, Qafqaz Universitetinin əməkdaşları və s. elm adamları iştirak edirdi.

Qarşıda bir sıra layihələrin də həyata keçirilməsi nəzərdə tutulur. Bu qısa zaman kəsiyində həyata keçirdiyimiz layihələrdə əsasən tələbələrin öyrəndikləri ölkəni görmələri üçün təcrübə praktikasına böyük önəm verirəm. Bu, tələbələrin maraq göstərdikləri qardaş ölkənin elmi-mədəni, iqtisadi-siyasi həyatı ilə daha yaxından tanış olmaq imkanını verən ən gözəl vasitədir.

- Elmi fəaliyyətinizə nəzər salsaq, araşdırmalarınızda türk dillərinin zənginliyi haqqında hansı qənaətdəsiniz?

- Türk dillərinin zənginliyi, saflığı və təmizliyinə ən böyük qiyməti verən türk dilinin ilk ensiklopediyasının müəllifi Mahmud Kaşğarlı olmuşdur. O, XI əsrdə “açıq və doğru” və “bozuk” dillərini bir-biri ilə qarşı-qarşıya qoyaraq türk dillərini “ən açıq və doğru dil” məfhumu ilə adlandırıb, türklərin dilininfarslara qarışmayan və yabançı ölkələrə gedib-gəlməyən kimsələrin diliolduğu qənaətinə gəldikdən sonra “Divan”ı haqqında verdiyi məlumatda yazıb: “Türk dilinə sonradan girmiş olan kəlmələri yazmadım”. Bu sözlər dövrünün ilk böyük türkoloqunun türk dilinin möhtəşəmliyinə verdiyi ən böyük qiymətin bariz nümunəsidir.

 

(ardı gələn sayımızda)

Xəyalə GÜNƏŞ

Palitra.-2014.-27 noyabr.-S.13.